Avtomobillər

Bakıda qanunsuz kütləvi yığım: Etiraz edənlər təhdid olunur

11461
(Yenilənib 16:02 04.12.2018)
"Sürücülərdən kimin haqq yığdığı, niyə yığdığı, kimin hədələdiyi müəyyən edilməlidir"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 5 dekabr — Sputnik. Bu gün şəhərin bütün küçələrində parklama yerlərində xüsusi forma geyinmiş şəxslər dayanır. Həmin naməlum şəxslər parklama yerində avtomobil saxlayan hər kəsdən dayanacaq haqqı tələb edirlər. Bu da azmış kimi, tələb etdikləri haqqı ödəmək istəməyən sürücüləri cərimə ediləcəkləri ilə hədələyirlər.

Məlumdur ki, artıq Dövlət Yol Polisinin Bakı şəhərində dayanma-durmaya görə hər hansı bir cərimə yazmağa səlahiyyəti yoxdur. Prezidentin müvafiq sərəncamı ilə parklama xidmətinə və dayanma-durma ilə bağlı qayda pozuntularına nəzarət Bakı Nəqliyyat Agentliyinə (BNA) verilib. O zaman belə bir sual ortaya çıxır ki, bu gün parklama yerlərində "peyda olmuş" həmin şəxslər kimlərdir?

Yol-nəqliyyat eksperti Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, həmin şəxslər var ki, əyinlərinə xüsusi jilet geyinib, əllərində də aparat tutaraq sürücüləri polislə hədələyirlər: "Çünki parklama yerləri ilə bağlı bu məsələ hələ də tam olaraq öz həllini tapmayıb. Xüsusi sistem formalaşmayana qədər də bu məsələ həll edilməyəcək".

Ekspert qeyd edib ki, hazırda bəzi ərazilərdə hələ də sürücülərdən haqq tələb edən şəxslər Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarıdır: "Çünki daha əvvəl nəzarəti həmin qurum həyata keçirirdi. Düşünürəm ki, hüquq mühafizə orqanları artıq bu məsələni nəzarətə götürməlidir. Söhbət kiminsə 20-50 qəpik və ya 1 manat yığmasından getmir. Söhbət hər axşam kimlərinsə stolunun üzərinə yığılan 10 minlərdən gedir. Məncə, bu məsələ aydınlaşdırılmalıdır".

"Sürücülərdən kimin haqq yığdığı, niyə yığdığı, kimin hədələdiyi müəyyən edilməlidir. Hesab edirəm ki, Bakı Nəqliyyat Agentliyi özü də bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməlidir. Çünki hazırda səlahiyyət bu qurumdadır, baxmayaraq ki, o, hələ işin icrasına başlamayıb. Elə ona görə də, sürücülərə hədə-qorxu gələn bu şəxslərin kimliyi hamı üçün maraqlıdır" - deyə Muradlı əlavə edib.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq onlar tərəfindən paytaxt ərazisində dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin görülməsinə başlanılıb: "Xüsusi proqram təminatı olan planşetlər vasitəsilə əməkdaşlarımız gün ərzində paytaxtın müxtəlif ərazilərində, xüsusən də hərəkətin xaotik olduğu yerlərdə bu təbirləri həyata keçirirlər. Əsas diqqət nəqliyyat vasitəsinin ikinci və ya üçüncü cərgədə, piyada səkisinin üzərində və ya avtobus dayanacağı məntəqəsində park edilməsinə verilir. İlk növbədə bu cür xətalara yol verən sürücülərə qarşı inzibati tənbeh tədbiri görülür".

Qurum sözçüsünün sözlərinə görə, cərimə məbləğləri hələ ki, dəyişilməyib. Ağayev BNA əməkdaşlarının fərqlənməsi üçün geyim forması ilə bağlı hazırda iş aparıldığını da bildirib. Həmçinin qeyd edib ki, BNA əməkdaşların hər birində onların qurumun rəsmi nümayəndələri olduğunu təsdiqləyən sənədlər var.

Şəhərin müxtəlif küçələrində parklama yerlərində "parkovşik" fəaliyyətinə gəldikdə isə, M.Ağayev bildirib ki, sürücülərdən qanunsuz pul tələb edən, haqq ödənilmədiyi təqdirdə cərimələnəcəkləri ilə təhdid edən şəxslər BNA əməkdaşları deyil: "Bu səlahiyyət prezidentin sərəncamı ilə Bakı Nəqliyyat Agentliyinə verilsə də, müəyyən texniki işlər görüldüyü üçün hələ ki, bu işin icrasına başlamamışıq".

Parkomat
© Karikatura
Parkomat

Hüquqşünas Ərşad Hüseynov da əməkdaşımızla söhbətinə məsələyə şərh verib. Onun sözlərinə görə, hazırda Bakıda parklama yerlərinin təşkili və idarə edilməsi səlahiyyəti BNA-ya məxsus olsa da, o yerlər Agentliyə təhvil verilməyib: "Küçələrdə park nəzarətçisi kimi gördüyünüz adamların kimliyi, hansı qurumu təmsil etdiyi isə aydın deyil. Çünki parklama yerlərinin aydın hüquqi statusu yoxdur. Onların siyahısı, təşkili barədə səlahiyyətli qurumun qərarı, tutumu (park yerlərinin sayı) bəlli deyil".

"Parklamaya görə ödənişin məbləği də müəyyən edilməyib. Sizdən tələb olunan və alınan pullar hamısı qanunsuzdur, hara, kimin cibinə getdiyi aydın deyil. Ödəniş etməməyə görə cərimə tələbi isə digər tərkib əlamətləri də olduqda cinayət sayıla bilər. Belə halla rastlaşanda dərhal polisin təhqiqat və istintaq bölmələrinə (DYP-yə yox) müraciət edin" - deyə hüquqşünas xəbərdarlıq edib.

Ə.Hüseynov qeyd edib ki, bu xaosa son qoyulması çox gecikir: "Parklama yerlərinin Bakı Nəqliyyat Agentliyinə təhvil verilməsi müddəti bir neçə ay əvvəl bitsə də, bu, hələ ki, baş verməyib. Təcili olaraq bu iş yekunlaşdırılmalı, qanunvericiliyə uyğun ödəniş qiymətləri və şərtləri də rəsmən təsdiqlənməklə, normal parklama təsərrüfatı yaradılmalıdır".

11461
Teqlər:
park, sürücü, avtomobil, küçə, Bakı
Əlaqədar
Məşhur şirkət yarım milyondan çox avtomobilini geri çağırır
Avtomobil həvəskarlarının nəzərinə: İki yapon modelinin qiymətləri sürətlə düşür
Azərbaycanın avtomobil bazarı bu gün
Biznes mərkəzi avtomobillərin üzərinə düşdü - VİDEO
Bakıda naməlum şəxslər gecələr bahalı avtomobillərə ziyan vururlar
Tədqiqat, arxiv şəkli

Yapon alimlər indiyədək heç kəsin görə bilmədiyini gördülər

3
(Yenilənib 01:52 04.12.2020)
Eksitonların yalnız bir tipinin - parlaq eksitonların işıqla qarşılıqlı əlaqədə olması qabiliyyəti alimlərə çoxdan məlumdur. Ancaq qara eksitonlar da mövcuddur ki, onları indiyədək müşahidə etmək mümkün olmurdu.

BAKI, 4 noyabr - Sputnik. Yapon alimlər əvvəllər müşahidə edilə bilməyən zərrəciklərin vizualizasiya metodunu aşkarlayıblar. Müəlliflərin fikrincə, bu, günəş batareyaları və işıq diodlardan tutmuş smartfon və lazerlərədək gələcək yüksək texnologiyalı qurğuların hazırlanmasında gərəkli olan ikiölçülü yarımkeçiricilərin öyrənilməsində inqilaba bərabər kəşfdir.

Sputnik Azərbaycan bildirir ki, araşdırmanın nəticələri Science jurnalında dərc olunub.

Eksitonlar - bir çox müasir texnologiyanın əsas tərkibi olan yarımkeçiricilərdə maddənin həyəcan vəziyyətini əks etdirən kvazi hissəciklərdir. İşıq elektronlara təsir edib onları daha yüksək enerji halına qaldıran zaman eksitonlar yaranır, bu zaman elektronların əvvəl olduğu enerji səviyyəsində isə dəlik əmələ gəlir.

"Dəlik - elektronun olmaması deməkdir, ona görə də onlar elektronun əksi olan yükü daşıyırlar. Əks yüklər bir-birini cəzb edir, həm elektronlar, həm də dəliklər birləşərək eksitonları əmələ gətirir, bunlar isə öz növbəsində material daxilində hərəkət edir", - Okinava Elm və Texnologiya İnstitutunun professoru, femtosaniyə spektroskopiya bölməsinin rəhbəri Keşav Dani yazır.

İri yarımkeçiricilərdə eksitonlar əmələ gəldikdən sonra saniyənin milyardda bir kəsikləri ərzində sönür. Üstəlik, onlar "kövrək" də ola bilir, bu isə həm öyrənilməsini, həm də idarəolunmasını çətinləşdirir. Ancaq təxminən on il əvvəl alimlər ikiölçülü yarımkeçiriciləri kəşf etdilər ki, bunlarda eksitonlar daha dayanıqlıdır.

"Stabil eksitonlar bu materiallara, doğrudan da unikal xüsusiyyət bəxş edir, buna görə də eksiton əsaslı yeni optik-elektron qurğuların yaradılması üçün xeyli araşdırma aparılıb, - digər müəllif, femtosaniyə spektroskopiya bölməsinin əməkdaşı doktor Jülyen Madeo qeyd edir. - Ancaq hazırda eksitonların ölçülməsi üçün standart eksperimental texnika məhduddur".

Eksitonların yalnız bir tipinin - parlaq eksitonların işıqla qarşılıqlı əlaqədə olması qabiliyyəti alimlərə çoxdan məlumdur. Ancaq qara eksitonlar da mövcuddur ki, onları indiyədək müşahidə etmək mümkün olmurdu.

Qara eksitonlarda elektronların impulsu parlaq eksitonlardakı elektronların impulsundan və əlaqədə olduqları dəliklərin hərəkət anından fərqlənir, bu isə onlara işığı udmağa imkan vermir.

"Bilirdik ki, onlar var, amma birbaşa görə, tədqiq edə bilmədiyimizdən materialın optik-elektron xüsusiyyətlərinə nə dərəcədə təsir etdiyini bilmirdik", - Madeo bildirib. 

Qara eksitonları vizuallaşdırmaq üçün alimlər əvvəllər əlaqəsiz elektronları öyrənmək üçün istifadə etdikləri güclü texnikanı modifikasiya ediblər.

"Tərkibi zərrəciklər olan eksitonlarda bu metodların necə işə yarayacağı aydın deyildi. Bu yanaşmanın əsaslı olub-olmadığı barədə elmi cəmiyyət böyük nəzəriyyə müzakirəsi açdı", - professor Dani qeyd edib.

Müəlliflər təxmin ediblər ki, yüksək enerjiyə malik fotonlu işıq seli ilə yarımkeçirici materialdakı eksitonlara təzyiq olunsa, fotonların enerjisi eksitonları dağıdaraq elektronları materialdan çıxara bilər. Bununla da elektronların materialdam çıxdığı istiqaməti ölçərək elektronların eksitonların tərkibi olduğu zaman malik olduğu ilkin impulsu təyin etmək mümkün olardı. Beləliklə, alimlər nəinki eksitonları görə, eləcə də qara və parlaq eksitonları bir-birindən ayıra biləcəklər.

"Bütün texniki problemləri həll edb, qurğunu qoşarkən bizim ekranda eksitonlar peyda olanda - bu, doğrudan da möhtəşəm idi", - tədqiqatda iştirak etmiş doktor Mişel Man deyib.

Alimləri bir xüsusiyyət də təəccübləndirib: onlar şahid olublar ki, materialda qara eksitonlar parlaq eksitonlardan çoxdur, üstəlik, müəyyən şərtlər daxilində, həyəcanlanmış elektronlar materialda səpələnib impulslarını dəyişən zaman eksitonlar dəyişə bilir (parlaqdan qaraya).

3
Teqlər:
elektron zərrəcik, yarımkeçirici, material, optik, elmi tədqiqat, tədqiqat, alimlər, Yaponiya

Koronavirusu blok edən üç ərzaq

11
(Yenilənib 02:05 04.12.2020)
Tədqiqatçılar həmçinin qeyd ediblər ki, yaşıl çayda Mpro-nun müxtəlif sahələri ilə qarşılıqlı əlaqədə olaraq onun təsirini neytrallaşdıran beş kimyəvi birləşmə var.

BAKI, 4 dekabr - Sputnik. Alimlər müəyyən ediblər ki, üzüm, şokolad və yaşıl çaydakı kimyəvi birləşmələr SARS-CoV-2 virusunu bloklamağa qadirdir. Sputnik Azərbaycan bildirir ki, bu barədə araşdırma Frontiers in Plant Science jurnalında dərc edilib.

Bildirilir ki, SARS-CoV-2-nin zəif yeri "əsas proteaza" olan Mpro fermentidir. Bu ferment replikasiya mexanizmində iştirak edir. O da məlumdur ki, Mpro güclü iltihabəleyhinə və antioksidant xüsusiyyətlərinə malik bitki mənşəli ərzağın müxtəlif kimyəvi birləşmələrinin təsiri ilə dəf olunur.

Şimali Karolina Universitetinin mütəxəssisləri bu cür birləşmələri üzə çıxarmaq üçün ərzaq məhsulları və bitki dərmanlarını öyrənblər. Kompüter modelləşdirməsi və laboratoriyalardakı in vitro (şüşə qabda, kolbada - red.) eksperimentləri göstərib ki, yaşıl çay və üzümdəki maddələr Mpro-nun funksiyasını uğurla dəf edir, kakao tozu və tünd şokoladdakı birləşmələr isə proteazanın aktivliyini təxminən yarıbayarı azaldır.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, yaşıl çayda Mpro-nun müxtəlif sahələri ilə qarşılıqlı əlaqədə olaraq onun təsirini neytrallaşdıran beş kimyəvi birləşmə var.

11
Teqlər:
Yaşıl çay, üzüm, şokolad, ərzaq, blok, COVID-19, epidemiya, Koronavirus
Mövzu:
Dünyanı cənginə almış bəla