Yunis Yolçuyev

Borcunu rəsmləri ilə ödəyən keçmiş məmur: "Bu insandan asılı olmayan bir hissdir"

10392
(Yenilənib 13:10 26.11.2018)
"Ayılanda gördüm ki, uşaqlarım böyüyüb"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. İnsanın hər hansı bir sahəyə mənəvi bağlılığı əvvəl-axır büruzə verir və daxildən gələn tələbatın təsirilə müəyyən bir formada üzə çıxır. Mingəçevir sakini olan Yunis Yolçuyev də rəssamlığa bağlılığını uzun illər çalışdığı məmur vəzifələrinin ağırlıq və məsuliyyətinə qurban vermiş olsa da, təqaüdə çıxdıqdan sonra rahatlığını rəsm çəkməkdə tapıb. Onun çəkdiyi rəsmlərin mövzusunun hamısını isə, demək olar, Mingəçevir etüdləri tutur. Həvəskar rəssam bununla özünün illərdir yığılıb qalmış borcunu ödədiyini düşünür.

Bu borcun isə maraqlı tarixçəsini həvəskar rəssam Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə bölüşüb.

Yunis Yolçuyev
© Sputnik / İlham Mustafa
Yunis Yolçuyev

Zərdab rayonunun Qaravəlli kəndində doğulan Yunis Yolçuyev kiçik yaşlarından rəsm çəkmək qabiliyyəti ilə seçilib. Şagird yoldaşları, müəllimləri Yunisin rəssam olacağına inanıblar. Lakin gəncliyində verdiyi qərarla o, sonrakı həyatını tikinti və istehsalla bağlayıb. Dayısının məsləhətilə 21 yaşında Mingəçevirə üz tutan Y.Yolçuyev 1977-ci ildə Politexnik texnikumuna daxil olub. Həmçinin ölkəmizdə o dövrün ən böyük layihələrindən olan İES-in tikintisində işə başlayıb.

Y.Yolçuyev o günləri belə xatırlayır: “Mingəçevir SES-də mühəndis işləyən dayım ilk olaraq məni istəyim üzrə təşkilatın rəssamının yanına apardı. Rəssam məni yoxlayandan sonra yanında köməkçi kimi işləməyi təklif etdi. Alacağım maaşın 100 manat olacağını öyrənəndən təklifi qəbul etmədim. Həmin dövrdə mən təhsil almalı, özümə ev-eşik qurmalı, eyni zamanda ailəyə kömək etməliydim. Buna görə traktorçuluğu seçdim".

Yunis Yolçuyevin əsərləri
© Sputnik / İlham Mustafa
Yunis Yolçuyevin əsərləri

Y.Yolçuyev az müddət sonra bacarığı, işgüzarlığı və təhsili sayəsində əksəriyyəti gənclərdən ibarət olan tikintidə komsomol gənclər katibi seçilib. Daha sonra təşkilatın həmkarlar ittifaqının katibi, müstəqillik illərində müəssisə rəhbəri, Mingəçevir şəhər icra hakimiyyətinin müavini və şöbə rəisi kimi fəaliyyət göstərib. Təqaüdə çıxdıqdan sonra isə "borcunu" ödəmək üçün rəsm çəkməyə başladığını söyləyib.

"İşin çoxluğundan uzun illər rəsm çəkməyə imkan tapmırdım. Təsəvvür edin, ailəyə ayırmağa belə, vaxtım olmurdu. Ayılanda isə gördüm ki, artıq uşaqlar böyüyüb, məktəbi bitirirlər" - deyir müsahibimiz.

Təxminən 10 il qabaq, yəni təqaüdə çıxdıqdan sonra isə yenidən fırçanı əlinə götürüb: “Bir sahəni sevdinsə, ona tələbatı həmişə hiss edirsən. Bəzən elə mənzərələrlə qarşılaşıram ki, sanki “gəl, məni çək, məni təsvirə et” deyir. Bu, elə bir tələbatdır ki, gecə yatdığın yerdə səni yuxudan qaldırır ki, "dur, filan yerdə rəngi düz vurmamısan, onu dəyiş". Bu hallar fikirləşirəm ki, insandan asılı olmayan bir hissdir".

Həvəskar rəssamın əksər rəsmlərinin ana xəttini Mingəçevir mənzərələri tutur. Bu şəhərin onun üçün ən gözəl məkan olduğunu söyləyir: “Mingəçevir elə gözəl yerdir ki, az-çox duyğulu insan burada nəyinsə yanından biganə keçə bilmir. Hara baxırsan, bir-birindən gözəl, fərqli mənzərələr görürsən. Dəniz qırağı ilə uzanan boz qayalar belə, məni o qədər valeh edir ki, onların çərçivəsindən çıxa bilmirəm. Dəniz məni özünə daha çox bağlayır. Mingəçevir dənizinin zümrüd rənginə çalan suyu dünyanın heç bir gölünün, dənizinin suyuna bənzəmir. Bunları təsvir etməyi sevirəm".

Y.Yolçuyev, eyni zamanda bu gün nail olduğu hər şeyə görə, ömrünün 42 ilinin keçirdiyi bu şəhərə özünü borclu sayır: “Bir insan yaxşılıq edəndə, əyilib ona azı 10 dəfə “sağ ol” deyirik. Mənim həyatımda bütün qazandıqlarım Mingəçevirlə bağlıdır. Son 40-45 illik həyatımda nə varsa, hamısını Mingəçevir verib mənə. Fikirləşirəm ki, bu gün şəhərimizi vəsf edə bilirəmsə, öz borcumu ödəmiş oluram. Bu, mənim mənəvi borcumdur".

Bir oğlu, üç qızı, səkkiz nəvəsi olan Y.Yolçuyev bu gün dönüb geriyə baxdıqda, boş yerə yaşamadığına, şərəfli ömür yolu keçdiyinə görə özünü xoşbəxt sayır.

10392
Teqlər:
rəsm, borc, Mingəçevir, rəssam
Əlaqədar
Ömründə bir əsərini də satmayan 66 yaşlı rəssam: Minlərlə manat pulu geri qaytarıb
Rus rəssam həyat yoldaşı ilə Bakıya gələrək sənət xəzinəsi ilə geri qayıdıb
Müqəddəs kitabın surələrinə dair onlarla əsər çəkmiş rəssam
Astaralı rəssam “Quran”ın hər surəsinə aid tablo çəkməyi öhdəsinə götürüb
Balaca rəssam Günayın arzuları reallaşır