CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Seysmoaktiv Azərbaycan: Zəlzələ, yoxsa tufanqabağı sakitlik

© AP Photo / IRWIN FEDRIANSYAH Seysmoqraf
Seysmoqraf - Sputnik Azərbaycan
Abunə olmaq
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin səlahiyyətli nümayəndəsi ölkəmizdə gözlənilən zəlzələlərlə bağlı açıqlama verib

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Son həftələr Azərbaycanda maqnitudası aşağı olan zəlzələlər barədə informasiyalar azalıb. Çoxlarına məlumdur ki, seysmik ərazilərdə fəallığın olmaması böyük zəlzələnin baş verəcəyi təhlükəsini yaradır.

Seysmoqraf. Arxiv şəkli - Sputnik Azərbaycan
Qonşu ölkədə zəlzələ olub

Rəsmi mənbələrin məlumatına görə, Azərbaycanda sonuncu yeraltı təkanlar noyabrın 5-də Lerik rayonunda qeydə alınıb. Onda seysmoqraf zəlzələnin maqnitudasını 3 bal göstərirdi.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı da öz növbəsində Azərbaycanda zəlzələlərin fəal olmamasının səbəblərini və bunun doğurduğu təhlükələri izah edib.

Onun sözlərinə görə, zəif zəlzələlər hər gün baş verir. "Sadəcə məsələ ondadır ki, beynəlxalq seysmoloji təşkilatlarla əldə olunmuş razılığa görə, yalnız maqnitudası 3 baldan yuxarı olan zəlzələlər barədə ictimaiyyətə məlumat verilməlidir. Belədə, yer səthində daim müxtəlif proseslər gedir və zəlzələ hər gün baş verir" - deyə seysmoloq bildirib.

İrəlidə baş verəcək zəlzələlərə gəlincə, Rafiqqızı qeyd edib ki, hazırda heç bir ölkə bu barədə dəqiq proqnoz verə bilməz.

Mütəxəssisin sözlərinə görə, Azərbaycan seysmik cəhətdən fəal ərazilərdən biridir. Hazırda Yer qabığındakı gərginlik bu ərazilərdə fon səviyyəsindədir.

"Əgər xırda təkanlar qeydə alınmamağa başlasa, bu, təhlükə üçün əsas verə bilər. Bu enerjinin bir yerdə toplanması deməkdir. Xoşbəxtlikdən bizdə hər gün belə kiçik təkanlar qeydə alınır" - deyə şöbə müdiri bildirib.

Onu da qeyd edək ki, son bir neçə ayda Azərbaycanın Lerik, Qəbələ, Ağsu, Qobustan və digər rayonlarında, eləcə də Xəzər dənizi akvatoriyasında zəlzələlər baş verib.

Hazırda Respublika ərazisində AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin 35 seysmik stansiyası mövcuddur. Onlar peyk əlaqəsinin köməyi ilə fəaliyyət göstərirlər. Əlavə olaraq, quruda 5 stansiyanın da qurulması planlaşdırılır.

Yeri gəlmişkən, Boulderdəki Kolorado Universitetinin və Montana Universitetinin (ABŞ) alimləri proqnozlaşdırmışdılar ki, 2018-ci ildə maqnitudası 7 baldan yuxarı olan zəlzələlərin sayı iki dəfə arta bilər. Bu, Yerin fırlanma sürətinin azalması ilə əlaqədar olacaq.

Alimlər 1900-cu ildə baş verən zəlzələləri araşdırarkən bu nəticəyə gəliblər. Seysmoaktivliyin güclənmə dövrü Yerin fırlanma sürətinin azalmasının maksimuma çatdığı vaxtdan təqribən 5 il sonra başlayır. Yerin fırlanma sürətinin sonuncu dəfə azalmasından 4,5 il ötür.

Amerikalı alimlərin dağıdıcı zəlzələlərlə bağlı hipotezini noyabr ayında İran və İraqda baş vermiş zəlzələlər də təsdiqləyir. Onların maqnitudası 7,4 bal təşkil edirdi. Yeraltı təkanlar nəticəsində 530 nəfər ölüb, 7,5 min adam isə zərər çəkib.

Xəbər lenti
0