Allahşükür Paşazadə

Şeyxülislam təyyarə olayları Abel Məhərrəmovla münasibətlərdən danışdı

485
(Yenilənib 12:49 26.11.2018)
“Bu işə Abel müəllimin oğlunu, qardaşlarını qarışdırmaq mən elə bilirəm ki, çox böyük haqsızlıqdır”

BAKI, 26 noyabr — Sputnik. “Mən açığı bir şey baş verdiyini görməmişəm. Bəzi adamların da Şeyxülislam haqda düşüncələri qəribədir. Mən bu cür səfərlər olanda evdə hazırlaşıram, məlumat verirlər ki, təyyarə hazırdır, uça bilərik. Ondan sonra mən də gəlirəm, təyyarəyə minib yola düşürük. Təyyarədə mənim və digər səfər iştirakçılarının geyimləri, şəxsi əşyaları olan çantalar olur. Bir də bizim heyətdə olan çəkiliş qrupunun avadanlıqları”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsində deyib.

Noyabrın əvvəlində Madriddə keçirilən tədbirlə bağlı BDU-nun keçmiş rektoru Abel Məhərrəmovla bağlı, xüsusən də təyyarədə şərab aparılması, bundan başqa hoteldə qalmaqalla bağlı yazılanlar barəsində danışan şeyx qeyd edib ki, bəzi adamların da Şeyxülislam haqda düşüncələri qəribədir: “Qəti şəkildə deyirəm ki, belə bir məsələ olmayıb, bu, yalandır. Nəyəsə görə bunu yazırlar, deyirlər. Yəqin ki, düşmənçilik məqsədi ilə edirlər. Axı dövlət var, dövlətin sərhəd, gömrük xidməti var, media var. İspaniya böyük bir dövlətdir, ciddi nəzarət sistemi var. Hətta biz ora gedəndə sərhəddə ayaqqabılarımıza qədər yoxlayırlar. Necə oldu ki, bu qədər yükü oradan keçirdilər? Bütün bunlar necə ola bilər?”

“Elə başa düşürəm ki, bütün bunlar quraşdırmadır. Təyyarənin gecikməsi normal hadisədir, çarter reyslər də bir qayda olaraq yubanır. Mən o zaman soruşmuram ki, təyyarə niyə ləngiyir? Digər tərəfdən, mən nə Abel müəllimin, nə də heyətdə olan digər şəxslərin içki içdiyini görməmişəm” - deyə Allahşükür Paşazadə bildirib.

Şeyxülislam qeyd edib ki, tədbir yüksək səviyyəli bir konfrans olub: “260 nəfərdən çox nüfuzlu qonaq vardı. Orada mən də, Siyavuş müəllim də, Abel müəllim də çıxış etdi. Axırda da prezident həzrətlərinin məktubu oxundu. Burda bəzi şeylər yazırlar, mən Bakıya gələndən sonra oxudum. Guya məni nömrədən çıxarıb dəvət ediblər. Belə şey olmayıb”.

A.Paşazadə bildirib ki, hoteldə qalarkən nümayəndə heyətinin üzvləri adətən foyedə oturub çay içirdilər.

“Bir dəfə məni də dəvət etdilər, oturub çay içdik. Səhəri gün nümayəndə heyəti ilə birlikdə Əli bəyin evində qonaq olduq, səmimi şəraitdə söhbətlər oldu, orada Abel Məhərrəmov da, Siyavuş Novruzov da gözəl çıxışlar etdilər, beynəlxalq konfransın yüksək səviyyədə təşkilində roluna görə Əli bəyi təbrik etdilər. Çox gözəl münasibət oldu. Heç bir başqa söhbət olmayıb. Ölkəmizin İspaniyadakı səfiri — Abel müəllimin oğlu Anar Məhərrəmov da orada bizimlə birgə idi. Anar müəllim bizim ötən illərdə İspaniyada keçirdiyimiz konfranslarda da iştirak edib. Mən keçən il İspaniyada konfransdan sonra Bakıya qayıdanda prezident cənabları ilə görüşümüz oldu və mən orada səfirimizin müsbət fəaliyyətini, gördüyü işləri qeyd elədim. Prezident bundan məmnun qaldı. Biz Abel müəllimlə illərlə dostuq, münasibətimiz olub. Ona böyük hörmətim var. Uzun illər İlahiyyat Fakültəsində imtahan komissiyasının sədri olmuşam, universitetdə dərs demişəm, professor  olmuşam, birgə tədbirlər keçirmişik. O işdən azad ediləndə mən burada olmamışam, qayıdandan sonra telefon açmışam. Ancaq hələlik danışa bilməmişik, mümkündür ki, xəbərsiz olub” – deyə Şeyxülislam qeyd edib.

Abel Məhərrəmovun rektorluqdan azad edilməsinə münasibət bildirən A.Paşazadə deyib ki, bu prezidentin müstəsna səlahiyyətidir: “Heç kimin bu işə qarışmağa ixtiyarı yoxdur. Prezident kiməsə görə kimisə işdən azad etmir. Bu gün işdən azad edib, bəlkə gələcəkdə başqa yerdə lazım olacaq? Bu işə Abel müəllimin oğlunu, qardaşlarını qarışdırmaq mən elə bilirəm ki, çox böyük haqsızlıqdır”.

Şəxsi münasibətlər barədə danışan şeyxülislam bu tədbirdən sonra Abel Məhərrəmov, ya da Siyavuş Novruzovla aralarında heç bir soyuqluq yaranmadığını deyib: “Heç bir soyuqluqdan söhbət gedə bilməz. Mən onunla bu gün də dostam. Mən onun oğluna oğlum kimi baxıram, nəvəsinə nəvəm kimi. O da mənə qarşı elədir. Bizim aramızda heç bir problem yoxdur. Siyavuşu da oğlumdan, qardaşımdan ayırmıram. Vaxtilə onun nikahını da mən kəsmişəm. Bir böyük, ağsaqqal olaraq özümə hər zaman ondan yalnız ehtiram görmüşəm”.

 

 

485
Teqlər:
təyyarə, çaxır, açıqlama, Abel Məhərrəmov, şeyxülislam Allahşükür Paşazadə
Əlaqədar
Paşazadə: "Dedi-qodulara cavab vermək izafi vaxt itkisi olar"
Abel Məhərrəmov rektor vəzifəsindən azad edildi
Abel Məhərrəmovun vəzifəsini icra edən şəxsin adı açıqlandı
 Distant təhsil, arxiv şəkli

Nazirlik bu ərazilərdə simsiz rabitə şəbəkəsi qurur - Şagirdlərin problemi həll olunacaq

0
(Yenilənib 13:06 23.01.2021)
Hazırda Ağdamın Ayaq Qərvənd, Səfərli və Alıbəyli qəsəbələrində də internet xidmətinə tələbatının ödənilməsi üçün tədbirlər görülür.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Ağdam rayonun müharibədən əvvəl cəbhəyanı əraziləri sayılan qəsəbələrinə simsiz rabitə xətti çəkiləcək. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən cavabda bildirilir. Nazirlikdən verilən məlumata görə, 44 günlük Vətən Müharibəsi zamanı Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə xeyli ziyan dəyib. Hərbi əməliyyatlar zamanı düşmən tərəfindən Ağdam rayonuna atılmış mərmilər xətt təsərrüfatını zədələyib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən rayonun Qaradağlı, Əfətli, Mirəşelli, Mahrızlı, Çəmənli, Xındırıstan, Rzalar, Təzəkənd, Bənövşələr kəndləri və Dördyol-1, Dördyol-2, Yeni qəsəbə, Baharlı qəsəbələrində təmir-bərpa işləri həyata keçirilib, xətt təsərrüfatının bərpası və xidmətlərin təminatı qısa müddət ərzində təmin edilib. Belə ki, şəbəkənin bərpası məqsədilə 10 kilometrə yaxın zədələnmiş müxtəlif tipli kabellər dəyişdirilib, 60 ədəd dirək yeniləri ilə əvəz olunub. Eyni zamanda abunəçi xətlərinin 13 km uzunluğunda hissəsi normalara cavab verən vəziyyətə gətirilib.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Ağdam rayonunun Ayaq Qərvənd qəsəbəsində yaşayan sakinlərə genişzolaqlı internet xidmətinin göstərilməsi üçün simsiz rabitə şəbəkəsi qurulub: "Hazırda Səfərli və Alıbəyli qəsəbələrində də internet xidmətinə tələbatının ödənilməsi üçün tədbirlər görülür. Həmçinin rayon ərazisində telefon və yüksək sürətli internet xidmətinə olan tələbat nəzərə alınaraq müvafiq layihələr hazırlanır və mərhələli şəkildə icra edilir. Bütün müraciətlər qeydə alınır, sorğuda qeyd olunan və digər ərazilərin sakinlərinin telefon və internet xidmətləri ilə təminatı istiqamətində işlər davam etdirilir".

Xatırladaq ki, Ağdam Rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ağdam rayonu üzrə təxminən 56 faizə yaxın şagird onlayn təhsilə cəlb olunub: "Müharibədən sonra müəllimlərlə şagirdlər arasında artıq bir vasitə var. Amma müəyyən qisim şagird hələ də təhsildən, müəllim təmasından kənardadır. Bunlar Ağdam rayonu ərazisindəki Səfərli, Alıbəyli, Ayaqqərvənd qəsəbələrinin şagirdləridir. Burada yaşayan şagirdlərlə təmas qurmaq mümkün deyil. Çünki bu ərazilərdə telefon xətti yoxdur. Mobil internetdən istifadə etməyə isə maddi baxımdan imkanları çatmır. Amma biz həmin qəsəbələrdə yaşayan şagirdlərlə daima əlaqə qururuq. Məktəb direktorları və sinif rəhbərləri şagirdləri teledərslərə yönəldirlər ki, onlar teledərsləri izləsinlər. Bununla belə, biz nəzərdə tutmuşuq ki, məktəblər açıldıqdan sonra onlayn dərslərə qoşula bilməyən şagirdlər üçün həmin dərslər sıxlaşdırılmış formada keçirilsin. Bunun üçün də əlavə dərs və məşğələ cədvəlləri hazırlanır".

0
Facebook, Instagram və WhatsApp tətbiqlərinin loqoları, arxiv şəkli

Nazirlikdən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

0
(Yenilənib 13:00 23.01.2021)
"İnstagram" platformasında pullu xidmət qarşılığında dələduzluq əməllərinin artması müşahidə olunur.

BAKI, 23 yanvar — Sputnik. Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib.

DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, sosial şəbəkələrdə, xüsusən "İnstagram" platformasında pullu xidmət qarşılığında dələduzluq əməllərinin artması müşahidə olunur:

"Aldatma, etibardan sui-istifadə etmək yolu ilə müxtəlif adlar altında təklif edilən xidmətlər sırasında belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesab parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izlənilməsinin mümkünlüyü ilə bağlı vədlər verir. Bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxararaq, ödənişi onlayn formada qəbul etdikdən sonra səhifələri sifarişçiyə təqdim olunmur.

Virtual məkanda yüksək əmək haqqı müqabilində işə düzəltmək adı ilə də vətəndaşlarımızı aldadan şəxslər "xidmət" göstərirlər. Onlar şəbəkədə yerləşdirdikləri elanlarla bağlı müraciət edən vətəndaşlardan anket məlumatı və qeydiyyatdan keçirmələri üçün müəyyən məbləğdə pul köçürmələrini tələb edirlər. Pullar hesaba köçürüldükdən sonra vəsaitləri çıxararaq həmin səhifələri bağlayırlar.

Çağırışları ilə diqqəti özünə cəlb edən şəxslərin profilləri onu göstərir ki, onların bu "xidmət"lərindən çox təssüf ki, istifadə edənlər də var.

Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına da bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını, fotolarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik.

Bir daha vətəndaşlarımızı sosial şəbəkələrdə ayıq-sayıq və diqqətli olmağa çağırır, bu tipli səhifələrə ödəniş etmədən öncə DİN-in təsdiq ikonlu "polisazerbaycan" adlı səhifələrinə yazaraq dələduzluq faktı ilə üzləşmədən məlumat ala bilərlər" - məlumatda qeyd edilir.

0