Gənc rəssam Günay Məmmədli

Balaca rəssam Günayın arzuları reallaşır

3164
(Yenilənib 17:37 23.11.2018)
Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsindən gənc rəssam Günay Məmmədlinin ailəsi ilə əlaqə saxlayıblar

Nigar Məhərrəm, Musa Muradlı, Sputnik Azərbaycan.

BAKI, 21 noyabr — Sputnik. Bir neçə gün öncə Bərdədə yaşayan anadangəlmə fiziki qüsurlu olan 23 yaşlı Günay Məmmədli haqqında reportaj yayımlamışdıq. Günayın atası İsmayıl Məmmədli Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışarkən qeyd etmişdi ki, qızının ən böyük arzusu fərdi rəsm sərgisinin təşkil olunmasıdır. Ata iddia edirdi ki, onlar Günayın bu arzusunu reallaşdırmaq üçün Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovadan kömək istəyiblər. Komitə sərdi isə ailəyə vədlər versə də, sonradan heç birinə əməl etməyib.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova qeyd etdi ki, G.Məmmədli ilə bağlı komitəyə 2 müraciət daxil olub: "Müraciətlərin biri 6 mart 2017-ci il, digəri isə 13 sentyabr 2017-ci ildə edilib. Orada Günayın Ağdam Dövlət Sosial İqtisadi kollecində təhsil aldığı, sərgiylə bağlı köməyə ehtiyacı olduğu və istədiyi eşitmə aparatının adı qeyd edilmişdi. Müraciətləri nəzərə alaraq, Günay Məmmədlini yaxından tanımaq üçün onu Uşaq Problemləri üzrə şöbəyə dəvət etdik. Bu zaman onun uşaq yox, gənc olduğunu öyrəndik". 

"Buna baxmayaraq, müraciətini nəzərə alaraq Günayı "Kinder Səs"in qulaq aparatı ilə təmin etməyi təklif etdik. Çünki komitə tərəfindən bəzi uşaqlara belə aparatlar verilir. Almaniya istehsalı olan bu rəqəmsal aparatların qiyməti min manatdan yuxarıdır. Lakin qızın anası aparatı almaqdan imtina etdi. Halbuki, həmin cihazı əldə edənlər çox sevinirlər. Bu aparatın zəmanəti də var, problem yarandıqda həmin şirkətə müraciət edərək, yaranmış problemləri pulsuz aradan qaldırmaq mümkündür" – deyə C.Bağırova əlavə etdi.

Şöbə müdirinin iddiasına görə, Günayın valideyni onlardan aparatın qarşılığında pul tələb edib: "Anası "Kinder Səs"in onlara sərf etmədiyini, bahalı aparat istədiklərini dedi. Sonra bu aparatın əvəzinə onlara pul verməyimizi təklif etdi. Günayı aparatla təmin etmək üçün əlimizdən gələn köməkliyi göstərdik. Bunun üçün rəsmi qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirlikdən bizə verilən məlumatda bəlli oldu ki, Günay üçün "Asikon" aparatı təklif edilsə də, ailəsi bundan da imtina edib".

C.Bağırova Günayın sərgisinin təşkil edilməsi məsələsinə də münasibət bildirdi: "Biz Mədəniyyət Nazirliyi olmasaq da, hər zaman xüsusi qayğıya ehtiyacı olan uşaqların, qaçqın və məcburi köçkün uşaqlarına dəstək oluruq. Müəyyən tədbirlər çərçivəsində onların sərgilərini təşkil edirik. Sərgi ilə bağlı müvafiq qurumlara şifahi müraciət edəcəyimizi onlara da dedik. Hicran xanım da, yəqin ki, onlara vəd verərkən uşaqlar üçün olan tədbirləri nəzərdə tutub". 

Sputnik Azərbaycan-ın sorğusundan dərhal sonra Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsindən gənc rəssam Günay Məmmədlinin ailəsi ilə əlaqə saxlayıblar. Günayın atasının bölgə müxbirimizə dediyinə görə Komitədən onlara bildirilib ki, noyabrın 29-da Bakıdakı Beynəlxalq Muğam Mərkəzində gənc rəssamın sərgisi təşkil ediləcək. Sərgidə Günay Məmmədlinin 25 ən yaxşı əsəri nümayiş olunacaq.

Bununla yanaşı, Sputnik Azərbaycan-da yayımlanan reportajdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai Şuranın üzvü Zaur Quliyev də Günaya baş çəkib. İstedadlı rəssamın əsərləri ilə tanış olub, qayğıları, problemləri ilə maraqlanıb.

Ailəsinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, Z.Quliyev Günayın eşitmə cihazı ilə təmin olunması üçün bacardığı qədər yardım göstərəcəyini bildirib. Həmçinin söz verib ki, gənc rəssamın ƏƏSMN-nın əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların X ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsində iştirakına dəstək olacaq.

3164
Əlaqədar
Fiziki qüsurlu qız əsərləri ilə hər kəsi heyran qoyur
Muğam Mərkəzində Sputnik-in haqqında yazdığı fiziki qüsurlu qızın sərgisi keçiriləcək
Distant təhsil, arxiv şəkli

Mis məftilin üstündə qurulan təhsildən "qızıl" gələcəyi necə gözləyək?

4
(Yenilənib 14:01 12.08.2020)
"Şagirdlərə və müəllimlərə ucuz və ya pulsuz internet təqdim edilməlidir. Türkiyədə olduğu kimi şagirdlərə müəyyən dərs proqramlarının yükləndiyi planşetlər, netbuklar ödənişsiz və ya cüzi kreditlə verilməlidir" - təhsil eksperti

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 12 avqust — Sputnik. Bütün sahələr koronavirus pandemiyasından öz payını alsa da, etiraf etmək lazımdır ki, ən böyük zərər Azərbaycan təhsilinə dəydi.

Təhsil isə uşaqlarımızın gələcəyini təyin edəcək vasitədir. Martın 3-dən ölkədə bütün məktəblərdə təhsil dayandırıldı. Bunun əvəzində alternativ olaraq Təhsil Nazirliyi teledərsləri, virtual məktəbi yaratdı.

Yaratdı, amma bu alternativlərdən cəmiyyətin bütün sinifləri öz payını götürə bilmədi. Gəlin etiraf edək ki, ucqar kəndlərdə elektrik enerjisi və internet problemi hələ də var.

Bu bir kənara, uzaqdan təhsilə qoşulmaq üçün uşaqların telefon, planşet, kompüter kimi cihazlara ehtiyacı var ki, hər bir ailə bunu təmin edə bilmir.

Bəzi ailələrdə 2-3 uşaq məktəbdə təhsil alır. Və uşaqların eyni anda dərslərə qatılması, dərslərdə iştirak etməsi mümkün olmur.

Təhsil eksperti Qoşqar Məhərrəmovun Sputnik Azərbaycan-a dediyi kimi, bu zaman cəmiyyətdə siniflərarası uçurum dərinləcək. Əgər biz ölkədə distant təhsil vermək istəyiriksə, bunu bütün uşaqlar üçün əlçatan etmək lazımdır.

Bunun üçün isə birinci növbədə interneti əlçatan etmək lazımdır.

"UNESCO-nun statistikasına görə, pandemiya dövrü siniflər arası təhsil uçurumu meydana gətirib. Mövcud uçurumu daha da dərinləşdirib. Çünki distant təhsil daha çox varlı ailələrin övladlarına əlyetəndir. Kasıb ailələr, regionlarda və dağlıq ərazilərdə internetdən-işıqdan uzaq olan ərazilərdə yaşayan insanlar üçün distant təhsil əlyetən deyil. Yəni bu şagirdlərin onlayn təhsilə praktiki olaraq cəlb edilməsi mümkün deyil. Onların interneti ya yoxdur, ya da çox zəifdir", - deyə təhsil eksperti vurğulayır.

Onun sözlərinə görə, bəzi müəllimlərin İKT savadı da yetərli deyil. Bu müəllimlərin onlayn təhsil verməyə cəlb edilməsi də mümkünsüzdür.

"Mən hazırda regionlardayam, müəllimlərlə, şagirdlərlə danışıram. Biz nə qədər sosial mediada onlayn təhsil verən müəllimlərlə qarşılaşsaq da, acınacaqlısı budur ki, uşaqların əksəriyyəti distant təhsil keçməyib. Onların çoxu ya bu prosesə qoşula bilməyib, ya da qoşulma imkanları olmayıb. Yəni bu, müxtəlif amillərdən qaynaqlanıb", - deyən ekspertin fikrincə, əgər ölkədə distant təhsil davam edəcəksə, bunu məcburi hala gətirmək lazımdır.

Bunun üçün isə müəllimləri İKT savadı artırmağa cəlb etmək, televiziyada olan teledərslərin sayını artırmaq, həmin dərslərin sosial platformalara yüklənməsini artırmaq gərəkdir.

Ekspert bildirir ki, müəllimlərin virtiual məktəb platformasından istifadəsi də icbari hala gətirilməlidir: "Şagirdlərə və müəllimlərə ucuz və ya pulsuz internet təqdim edilməlidir. Türkiyədə olduğu kimi şagirdlərə müəyyən dərs proqramlarının yükləndiyi planşetlər, netbuklar ödənişsiz və ya cüzi kreditlə verilməlidir. Belə olarsa distant təhsili hamıya əlyetən etmək olar. Təhsildə sosial ədaləti ancaq belə bərqərar etmək olar".

Q.Məhərrəmov hesab edir ki, distant təhsil indiki vəziyyətdə sosial bərabərsizliyi ancaq dərinləşdirə bilər.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün fikrincə, nəzərdə tutulan təhsil formasının təminatı üçün öncə ölkə üzrə keyfiyyətli internet infrastrukturu olan ərazilər müəyyən olunmalıdır.

Belə ki, regionlarda keyfiyyətli internet təminatı üçün hökumət ciddi addımlar atmalı, bu məqsədlə dövlət proqramı hazırlanmalıdır. Bura investisiyalar ayrılmalıdır.

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) dövlət və özəl provayderlərin şəbəkəsinin əhatə dairəsi, mobil operatorların 3G və 4G stansiyalarının əraziləri haqqında məlumatı Təhsil Nazirliyinə təqdim etməlidir. Daha sonra isə NRYTN qarşıdakı müddətdə təhsilin təşkili üçün zəruri olan keyfiyyətli infrastukturun inkişafı məqsədilə "DeltaTelekom" və "AzərTelecom" magistral provayderlərin ölkədaxili infrastrukturundan, özəl və dövlət provayderlərinin imkanlarından istifadə etməlidir, onlara münbit şərait yaratmalıdır. İmkan olan ərazilərdə bu provayderlərin xətti ilə internetə əlçatımlıq yaradılmalıdır", - deyə o bildirib.

Ekspertin sözlərinə görə, keyfiyyətli internetə əlçatım imkanı olan ərazilərdə distant texnologiyaların tətbiqində problemi olan müəllim və şagirdlər, tələbələr müəyyən olunmalıdır. Onların internetlə və kompüterlərlə təminatı üçün köməklik göstərilməlidir, internet paketləri təqdim olunmalıdır.

O.Gündüzün fikrincə, yalnız keyfiyyətli internet olmayan ərazilərdə teledərslərə və digər alternativlərə üstünlük verilə bilər.

Mütəxəssis əlavə edib ki, hazırda region interneti əsasən mis telefon məftili üzərində "oturan" ADSL internetidir. Bununla normal, keyfiyyətli və dayanıqlı təhsil və ya digər xidmət qurmaq mümkünsüzdür.

4
Teqlər:
planşet, internet, şagird, müəllim, orta təhsil, təhsil
Əlaqədar
Vətənimin seyrinə çağırıram elləri - Onun sayəsində dünya ölkəmizin gözəlliklərini tanıyır
Təhsillə bağlı qərar verməkdə çətinlik var
Fransalı tələbənin karantinli Bakı təcrübəsi: “Mütləq buraya ailəmlə qayıdacağam”
Təhsil Nazirliyinə 7 milyon manat vəsait ayrıldı - CƏDVƏL
Abituriyentlərə ikinci şans verildi, amma topladıqları bal aşağı olacaq
Külək istiqamətini göstərən qurğu, arxiv şəkli

Sərin külək əsəcək, bəzi rayonlara dolu yağacaq

4
(Yenilənib 13:54 12.08.2020)
Avqustun 13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir

BAKI, 12 avqust — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 29-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

13 avqustda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə avqustun 13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

4
Teqlər:
hava proqnozu