Qaz plitəsi

Abşeron sakinləri "qaz bombası"nın üstündə oturublar

11487
(Yenilənib 17:53 21.11.2018)
"Yanan sobanın üzərinə yemək bişirmək üçün qazan qoyursan, beş dəqiqə sonra qayıdıb görürsən ki, qaz yoxdur"

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 22 noyabr — Sputnik. Bakıda və Bakı ətrafında yerləşən mənzillərdə qazla bağlı təhlükəli vəziyyət yaranıb. Söhbət partlayış və dağılma təhlükəsindən gedir. Qaz tədarükünün azaldığını görən sakinlər Gəncə şəhərində ötən gün qaz sızması nəticəsində baş vermiş faciədən sonra xüsusilə qorxuya düşüblər.

Xatırladaq ki, noyabrın 20-də səhər saat 6 radələrində Gəncə şəhərində dördmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib. Nəticədə dördmərtəbəli binanın 1 bloku tamamilə uçub. Dörd mənzil dağılıb ki, onların da ikisində iki ailə yaşayıb. Faciə nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Xırdalan Şəhər Abşeron Gənclər Şəhərciyinin sakini Səbinə Orucova Sputnik Azərbaycan-a bildirib ki, 3 ay əvvəl nəhayət, onun yaşadığı və 8 il qabaq tikilmiş binaya da qaz verilib. Lakin ailənin sevinci uzun sürməyib. İndi onlar hər dəfə qaz sobasını alışdırarkən, ona daim nəzarət etmək məcburiyyətində qalırlar. Çünki qazın təzyiqi tez-tez azalıb-artır. Bəzənsə soba özbaşına sönür.

"Dəfələrlə olub ki, sobanın üzərinə yemək bişirmək üçün qazan qoymuşam. Amma beş dəqiqə sonra qayıdıb görmüşəm ki, qaz yoxdur. Bu, çox təhlükəlidir. Birdən ola bilər ki, qaz kəsilsin və yenidən gəlsin, soba isə açıq vəziyyətdə olsun. Biz isə, bundan xəbər tutmayaq" - deyə öz təhlükəsizliyindən narahat olan Orucova bildirib.

Qeyd etmək lazımdır ki, qadın yeni tikilmiş binanın 10-cu mərtəbəsində yaşayır. Həmin blokun aşağı mərtəbələrində yaşayan qonşularda vəziyyət daha pisdir. Hamı mənzilinə qazın gəlməməsindən şikayətçidir. Bu hal, xüsusilə səhərlər və axşamlar daha aktual olur. Ona görə də sakinlər elektrik sobalarından istifadə etməyə məcbul olurlar.

Qeyd edək ki, qaz təzyiqinin aşağı düşməsi halı təkcə Abşeronda müşahidə edilmir. Yeni Yasamal yaşayış massivində yaşayan Xalid Ağəliyev də öz "Facebook" səhifəsində evlərinə qazın gəlməməsindən narazılıq edən paylaşım edib. O, hətta mənzillərində qazın təzyiqinin necə "oynadığını" nümayiş etdirmək üçün onu telefonun kamerası ilə çəkərək sosial şəbəkədə paylaşıb.

Bununla yanaşı, Sumqayıt şəhərinin və Saray qəsəbəsinin bir çox sakinləri bildirirlər ki, artıq ötən ildən başlayaraq müntəzəm surətdə qaz kəsilir. Xətai rayonunun Yeni Əhmədli qəsəbəsinin sakinləri də bəzən bütün günü qazın kəsildiyini qeyd edirlər.

Gəncə peospekti, 27 ünvanının sakinləri artıq bir neçə ildir qazın təzyiqinin son dərəcə aşağı olmasından və vaxtaşırı kəsilməsindən şikayətçidirlər. Bina sakinləri bildirirlər ki, bir neçə il əvvəl qonşuluqda yeni 16 mərtəbəli yaşayış binası tikilib. O bina tikilib istifadəyə verilən gündən 27 saylı binanın sakinlərinin "qara" günləri başlayıb. Çünki 27-ci binada qazın təzyiqi birmənalı olaraq düşüb.

Əlaqədar qurumlar isə, müxtəlif bəhanələrlə bu problemə əlac etməkdən yayınır. Qaz paylanmasına məsul olan "Azəriqaz" ASC vətəndaşların saysız-hesabsız şikayətlərinə standart cavablar verməklə kifayətlənir. Problem isə heç cür həllini tapmır.

"Azəriqaz" ASC-nin mətbuat katibi İbrahim Kərbəlayevin sözlərinə görə, onların təcrübəsində heç vaxt qazın təzyiqinin dərhal aşağı düşməsi halı olmayıb: "Xəbərdarlıqdan sonra xüsusi təzyiq tənzimləyici qurğular quraşdırılıb. Ona görə də qaz verilişi həmişə sabitdir".

"Əgər hansısa mənzildə belə hal müşahidə edilərsə, xəttə baxmaq üçün mütəxəssis çağırılmalıdır. Bunun üçünsə "Azəriqaz"-ın "qaynar xətt"inə - 104/185 nömrələrinə müraciət edilməlidir" - deyə Kərbəlayev əlavə edib.

11487
Teqlər:
bina, sakin, soba, Abşeron, Bakı, qaz
Əlaqədar
Qaz sayğaclarına müdaxilə edən şəxs saxlanılıb
Bakı və Abşeronun böyük hissəsində qaz olmayacaq
Komitə sədri narazılıq etdi: "Biz hər 5 ildən bir qaz çəkməli deyilik"
Qaz idarəsi ilə vətəndaş arasında heyrətamiz çəkişmə gedir

Manas Ata Dədə Qorqudun ruhu sizə kömək olsun - Qırğız ziyalılar İlham Əliyevə dua etdi

13
(Yenilənib 01:31 27.10.2020)
Qırğız ziyalılardan İlham Əliyevə dəstək: "Azərbaycan bizə türk xalqlarının totem quşunu - havaya qalxarkən qanadından yaralanan azadlıqsevər qızıl qartalı xatırladır".

BAKI, 27 oktyabr — Sputnik. "Biz, Aytmatov Əskər Çingizoviç, Osmanaliyev Kayrat Mederbekoviç, əsas vəzifəsi qırğız və türk yazıçısı Çingiz Aytmatovun yaradıcılıq və mənəvi irsinin qorunub saxlanılması və təbliği, onun humanist ideallarının təşviqi olan “Ç.Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu” İctimai Birliyinin üzvləriyik".

Sputnik Azərbaycan-ın məlumatına görə, "Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu" İctimai Birliyinin üzvlərinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub bu sətirlə başlayır.

Məktubda daha sonra deyilir:

"Biz qürur duyuruq ki, Çingiz Aytmatovun kitabları qardaş Azərbaycanda çox oxunur və sevilir, Azərbaycan xalqı onu öz yazıçısı kimi qəbul edir.

Biz ölkənizin inkişaf edən bir dövlət qurmaq istiqamətində qazandığı uğurlara, dünya miqyasında malik olduğu nüfuza sevinirik.

Bununla yanaşı, hər zaman azərbaycanlı qardaşlarımızın uzun müddətdir sağalmayan yarası - işğal olunmuş Dağlıq Qarabağ problemi ilə bağlı ağrı-acısını bölüşmüşük.

Azərbaycan bizə türk xalqlarının totem quşunu - havaya qalxarkən qanadından yaralanan azadlıqsevər qızıl qartalı xatırladır. Qızıl qartal havada qürurla yeni üfüqlərə doğru uçur, lakin yaralı qanad ona daha yüksəklərə qalxmağa və uçmağa imkan vermir.

İndi Qarabağda müharibə gedir və bütün dünya hərbi əməliyyatların gedişini narahatlıqla izləyir.

Azərbaycan Ordusu yüksək döyüş ruhu, döyüş qabiliyyəti və qalib gəlmək əzmi nümayiş etdirir.

Böyük Lev Tolstoyun və Çingiz Aytmatovun ardınca müharibənin insan zəkasına və mahiyyətinə zidd fenomen olduğuna əminik. Ancaq bəzən xalq belə bir addım atmağa məcbur olur. Vətəninə, torpağına məhəbbət - bu müqəddəs hiss hər bir xalqa instinktiv səviyyədə xasdır.

Azərbaycanlılar üçün Qarabağ onları birləşdirən milli meqafikrə, müstəqil dövlət olaraq yetkinlik və məsuliyyət imtahanına, ölkəsinin suverenliyini və ərazi bütövlüyünü qorumaq əzminə çevrildi.

Uca Allahdan döyüş əməliyyatlarının ən qısa müddətdə bitməsini, danışıqlar prosesinin bərpa edilməsini və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu dərk edilərək problemin sülh yolu ilə həll olunmasını diləyirik.

Hər hansı müharibə, xüsusilə mülki əhaliyə qarşı bəşəriyyətin əsrlər boyu yaşadığı acı təcrübə əsasında aparılan müharibə qaydalara məhəl qoyulmadığı zaman qəddarlıq və insanlıqdan kənar nəticələrə gətirib çıxarır.

Müharibə cinayətlərinin bilərəkdən və soyuqqanlılıqla törədilməsi, Ermənistan ordusunun cəbhə xəttindən çox uzaqda yerləşən sülhsevər Azərbaycan şəhərlərini qəsdən bombalaması faciəvidir və dərindən pislənilməlidir. Uşaqlar da daxil olmaqla mülki şəxslərin qurban olması çox təəssüf doğurur.

Cənab Prezident, Sizə və bu hücumlar nəticəsində həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yerləri cənnət olsun. Bütün yaralıların tezliklə sağalmalarını arzu edirik.

Əminik ki, bu cür çirkin hərəkətlər Azərbaycan Ordusunun döyüş ruhunu qıra bilməyəcək, Azərbaycan xalqını qorxutmayacaq, müharibənin gedişini öz xeyrinə dəyişə bilməyəcək, əgər bu qeyri-insani hərəkətlərin məqsədi belə idisə.

Cənab Prezident, Siz dahi atanız və bütün Azərbaycan xalqının atası - Heydər Əliyevin işlərinin layiqli davamçısısınız.

İndi Azərbaycan xalqının qarşınıza qoyduğu tarixi vəzifənin - ölkənin ərazi bütövlüyünün bərpası üçün həlledici andır. Əminik ki, müdrik və uzaqgörən lider olaraq, bu missiyanı qardaş Azərbaycan xalqı naminə, bölgədə və dünyada sülhün və sabitliyin qorunması naminə, beynəlxalq hüquq və sivil vasitələr çərçivəsində danışıqlar yolu ilə layiqincə yerinə yetirməkdə uğur qazanacaqsınız. Ulu əcdadlarımız Manas Ata və Dədə Qorqudun ruhu bu nəcib işdə sizə kömək olsun".

13
Türkiyənin Hatay vilayətində İsgenderun rayon mərkəzində terror aktı

Türkiyədə terror aktı törədilib - partlayış anının dəhşət saçan görüntüləri

58
(Yenilənib 23:45 26.10.2020)
Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunun mərkəzində yerləşən Fənər prospektində güclü partlayış baş verib.

BAKI, 26 oktyabr — Sputnik. Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunun mərkəzində yerləşən Fənər prospektində güclü partlayış baş verib.

Sputnik Türkiyə xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat yayıb.

Vali deyib ki, İsgəndərunun mərkəzində Fənər küçəsində yerli vaxtla 20.30-da iki terrorçudan biri öz üzərinə bağladığı partlayıcı ilə birgə partlayış törədib və o, zərərsizləşdirilib. Digər terrorçunun isə axtarışı davam edir.

Hadisə yerinə çox sayda təhlükəsizlik, səhiyyə, fövqəladə hallar və hüquq-mühafizə işçiləri cəlb edilib.

Vali partlayışda ölənlərin olmadığını deyib. Hadisə zamanı biri polis olmaqla 3 nəfərin yaralandığı bildirilir.

58