Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi, polis mayoru Jalə Nəsibova

Yeni şəxsiyyət vəsiqələrinin özəlliyi köhnələrin taleyi necə olacaq Rəis izah edir

24332
(Yenilənib 17:18 15.11.2018)
Jalə Nəsibova: "Yeni nəsil şəxsiyyət vəsiqələri 6 dövlət qurumunun məlumatları əsasında hazırlanır"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 16 noyabr - Sputnik. Cari il sentyabrın 1-dən etibarən Azərbaycan vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb. Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstündür.

Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdirilib. Yeni nəsil vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edir.

Amma son zamanlar yeni nəsil şəxsiyyət vəsiqəsinin bəzi qurumlar tərəfindən oxunulmaması, 3 gün müddətinə verilməməsi, çiplərdə problemlərin olması ilə bağlı iddialar irəli sürülüb.

Sputnik Azərbaycan-ın əməkdaşı bütün deyilənlərə aydınlıq gətirmək məqsədilə Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi, polis mayoru Jalə Nəsibova ilə həmsöhbət olub.

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi, polis mayoru Jalə Nəsibova
© Sputnik / Irade CELIL
Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi, polis mayoru Jalə Nəsibova

- Jalə xanım, yeni şəxsiyyət vəsiqələrinin çipində yerləşdirilən məlumatların oxunmasının mümkünsüzlüyü barədə müəyyən iddialar səsləndi. Bu məsələ araşdırıldımı, nəticəsi necə oldu?

- Bəli, araşdırıldı. Qeyd edim ki, bu layihə dəfələrlə təxirə salınmışdı. Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilk dəfə 5 il öncə nəzərdə tutulmuşdu. Məsələ təxirə salındığı üçün müvafiq qurumlarda hazırlıq sonrakı dövrlərə təxirə salındı. Hazırda yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunmadığı qurumlarda proqram yenilənməlidir. Şəxsiyyət vəsiqəsinin çipində göstərilən məlumatların oxunması üçün nəzərdə tutulmuş xüsusi fayllar sentyabr ayından Daxili İşlər Nazirliyinin, eləcə də Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytlarında yerləşdirilərək istifadə qaydası barədə ətraflı məlumat verilib. Təəssüf ki, əksər istifadəçilər elektron şəxsiyyət vəsiqəsi məlumatlarının oxunması üçün zəruri tədbirlərin görülməsinə nədənsə təşəbbüs göstərmir. Nəticədə onlara həmin sənədlə müraciət edən vətəndaşlara xidmət göstərə bilmədiklərinə görə sonuncuların haqlı narazılığına şərait yaradırlar.

Hüquqi və fiziki şəxslər həmin faylları Daxili İşlər NazirliyininBaş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəsmi internet saytlarında yerləşdirilmiş və linklərindən yükləyərək istifadəçi təşkilatın (fiziki və hüquqi şəxsin) istifadə etdiyi proqram təminatına inteqrasiya etməklə vəsiqə sahibi barədə məlumatları xüsusi qurğu olan "çip rider" vasitəsilə oxuya və zərurət olduqda eksport edə bilərlər.

Bununla əlaqədar, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi olaraq aidiyyatı orqanlara, o cümlədən mülkiyyət növündən, təyinatından və idarəetmə formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatlara, bank-maliyyə qurumlarına, digər hüquqi və fiziki şəxslərə bir daha müraciət edirik. Onları yeni nəsil şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında (çipdə) yerləşdirilmiş məlumatların oxunması, həmçinin vətəndaş məmnunluğunun təmin edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırırıq. Qeyd edim ki, bir sıra qurumlar, xüsusən bank sektoru artıq bu problemi özlərində həll edib.

- Sizcə, əslində, problem nədən qaynaqlanır?

- Əvvəllər şəxsiyyət vəsiqləri AZE seriyası ilə idi. İndi isə AA seriyası ilədir. Yenilənmə olmadığı üçün seriyalar üst-üstə düşmür və vəsiqə oxunmur. Amma vəsiqə çap olunubsa, keyfiyyət nəzarətindən keçibsə, deməli, işlək vəziyyətdədir. Əgər vəsiqə çap edilibsə, deməli heç bir problem yoxdur. Bu zaman "vəsiqə işləmir, çipdə problem var" fikirləri əsassızdır.

- Yeni şəxsiyyət vəsiqələrinin verilməsi zamanı vətəndaşların müxtəlif problemlər yaşadığı iddiaları ortaya atılıb. Məsələn, yeni şəxsiyyət vəsiqələrinin 3 gün müddətinə verilmədiyini söyləyənlər də var...

- Yeni nəsil şəxsiyyət vəsiqələri 6 dövlət qurumunun məlumatları əsasında hazırlanır. Çap zamanı da vəsiqələr bir neçə mərhələdən keçir. Bu mərhələlərdən biri də elektron imza sertifikatlarının çipə yapışdırılmasıdır. Vəsiqələrin çapı zamanı aidiyyatı qurumlara sorğular göndərilir və bu sorğuların cavabının gəlməsi bir qədər vaxt aparır. Sistem hələ yenidir. Yeni nəsil şəxsiyyət vəsiqəsinin qısa müddətə verilməsində istisnalar edilmədiyi üçün köhnə nümunəli şəxsiyyət vəsiqələri də müəyyən müddət paralel verilib.

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi, polis mayoru Jalə Nəsibova
© Sputnik / Irade CELIL
Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi, polis mayoru Jalə Nəsibova

Bu gün artıq bütün ölkə ərazisində zəruri infrasturuktur hazırdır və verilir. Ancaq bu, o demək deyil ki, köhnə nümunəli vəsiqələr qüvvədə olmayacaq. Onlar tam etibarlılıq müddəti bitənə qədər qüvvədə olacaq və yararlı hesab ediləcək.

- Belə problemlərin yaranması vətəndaşlarda yeni texnoloji sistemə, elektron məlumat bazamıza etibarı azaltmır ki?

- Bu sistemdən keçməyən şəxslər bu proses haqqında güvənsiz ola bilər. Şəxsiyyət vəsiqəsinin verilməsi prosesində iştirak edən hər bir şəxs yeni sistemin üstünlüyünün nədən ibarət olduğunu görür. İlk öncə sənədlər elektron şəkildə yığılır, inteqrasiya edilmiş məlumatlar əsasında əlavə sənəd tələb edilmədən, vətəndaşın əlindəki şəxsiyyət vəsiqəsi yoxlanılır. Bu zaman ekranda ərizə-anket forması çıxır. Bu, avtomatik olaraq proqram təminatı vasitəsilə doldurulur. Vətəndaş üçün bu, işin asanlaşdırılması deməkdir. Sonra nikah haqqında məlumatlar əldə edilir. Burada vətəndaşın ailə üzvləri, övladları, həyat yoldaşı barədə məlumatlar çıxır. Və vətəndaşdan bu prosesdə əlavə heç bir sənəd tələb edilmir. Sistem mükəmməl şəkildə təşkil edilib. Biometrik şəxsiyyət vəsiqəsinin əsas üstünlüyü ondan ibarətdir ki, bu zaman biometrik üz cizgiləri, barmaq izi götürülür. Qeyd edək ki, 15 yaşa qədər uşaqların barmaq izi götürülür. Vətəndaşa yeni nəsil şəxsiyyət vəsiqəsi ilə birlikdə Pin-puk kodlar da verilir.

- Ümumiyyətlə, hansı zərurət şəxsiyyət vəsiqələrinin görünüşünü, mahiyyətini və təyinatını dəyişməyə səbəb oldu?

- Elektron daşıyıcı (çip) olan şəxsiyyət vəsiqəsinin üstünlüyü onun Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına uyğun hazırlanması, ən əsası isə elektron daşıyıcının olmasıdır. Həmin çipdə vətəndaşın əsas anket məlumatlarından əlavə valideynlərinin, həyat yoldaşının, uşaqlarının soyadı, adı və elektron imzası da yerləşdirilir. Bu əsasda isə, "Elektron hökümət" portalı vasitəsilə bir çox elektron xidmətdən yararlanmaq mümkündür. Gələcəkdə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə edilə bilər.

Eyni zamanda, vətəndaşın yaşayış yeri, hərbi vəzifəsi və ailə vəziyyəti kimi dəyişə bilən məlumatlar artıq sənədin üzərində deyil, çipin daxilində yerləşdiriləcək. Bu da həmin məlumatların vəsiqə dəyişdirilmədən elektron daşıyıcıda yenilənməsi imkanını yaradır. Hazırda əl-barmaq izlərinin də çipə daxil edilməsi məsələsinə baxılır.

Vətəndaşın ərizə-anketindəki məlumatları ondan əlavə sənəd tələb edilmədən 6 dövlət qurumunun (Ədliyyə, Səhiyyə və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Dövlət Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətləri, Əmlak Məsələləri Dövlət Komitəsi) "Giriş-çıxış və qeydiyyat" İAMAS-da toplanılan məlumatları əsasında yoxlanılır.

Yeni nəsil elektron şəxsiyyət vəsiqəsi hazırlandığı vaxtdan 10 il müddətinə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsi almaq istəyən vətəndaşların qəbulu şəhər, rayon polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarında və "ASAN xidmət" mərkəzlərində baş tutacaq. Çapı isə DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 10 regional şöbəsində - Bakı, Gəncə, Şəki, Lənkəran, Şirvan, Naxçıvan, Quba, Göyçay, Bərdə, Şamaxı şəhər rayonları, 5 saylı Bakı və Gəncə "ASAN xidmət" mərkəzlərində keçiriləcək.

- Köhnə şəxsiyyət vəsiqəsi ilə bağlı nə kimi şikayətlər daxil olurdu?

- Köhnə şəxsiyyət vəsiqələrinin təkcə laminasiya problemi ilə bağlı müraciət edilirdi. Bu da şəxslərin həyat tərzi ilə bağlıdır. Aktiv həyat tərzi keçirən insanlar şəxsiyyət vəsiqəsini daim cibində saxladığı üçün bu kimi problemlə qarşılaşırdılar. Bundan başqa şikayətlər daxil olmayıb.

- Cəmiyyətdə yeni şəxsiyyət vəsiqələrin materialı ilə bağlı suallar da dolaşır. Belə ki, həmin vəsiqələrin cızılması, zədələnməsi, qabığının soyulması kimi problemlər meydana çıxa bilər. Belə olan halda bu, çipə necə təsir göstərəcək?

- Yeni nəsil şəxsiyyət vəsiqəsi adi plastik deyil, yüksək keyfiyyətli polikarbonat materialdan hazırlanmış kartdır. Onu saxtalaşdırmaq mümkün deyil. Əgər çipdə problem yaranarsa, qırılsa, vətəndaş yenidən şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etməli olacaq. Ancaq yenə də əvvəlki qayda ilə vətəndaş şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanmasına görə 10 manat əlavə cərimə ödəyəcək.

Məsələn, vətəndaş şəxsiyyət vəsiqəsini korlayıbsa və bir gün müddətinə yenisini almaq istəyirsə, 35 manat və üstəlik 10 manat dövlət rüsumu ödəməli olacaq. Oğurlandıqda isə, şəxsiyyət vəsiqəsinin verilməsi üçün əlavə rüsum tələb olunmur. Belə ki, bu halda vətəndaş polisə müraciət edib şəxsiyyət vəsiqəsinin oğurlandığını bildirməlidir. Vətəndaşın şəxsiyyət vəsiqəsi zədələnsə belə, ümumi məlumatlar bazada qalır.

- Vətəndaşlar təklif edirlər ki, Azərbaycanda da bəzi xarici ölkələrdə olduğu kimi şəxsiyyət vəsiqələri ümumvətəndaş pasportunun içində ayrıca vərəq kimi olsun.

- Bu, bizim üçün aktual məsələ deyil. Şəxsiyyət vəsiqəsini ölkədə hamı istifadə edir. Bilirsiniz ki, hər bir hüquqi addım üçün şəxsiyyət vəsiqəsinə ehtiyac var. Yəni insan doğulandan ölümün rəsmiləşdirilməsinə qədər şəxsiyyət vəsiqəsinə ehtiyac var. Məsələn, ucqar rayonlarda yaşayan vətəndaşlar var ki, onlar heç bir xarici ölkəyə getmirlər. Bu səbəbdən də şəxsiyyət vəsiqəsinin ümümvətəndaş pasportunun içində olması maddi baxımdan səmərəli deyil.

- Əgər elektron bazada bütün zəruri məlumatlar varsa, o zaman vətəndaş şəxsiyyət vəsiqəsini daim üzərində gəzdirməyə borcludurmu?

- Qeyd edim ki, bütün vətəndaşların elektron məlumatları ümumi bazada var. Bu, daha çox vətəndaşın özünə lazımdır. Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın ad-soyadı və qan qrupu yazılır. Bəzən insan həyatda hər cür ekstremal halla qarşılaşır. Məsələn, vətəndaş qəzaya düşə və yanında onu tanıyan heç kimsə olmaya bilər. Ona təcili qan köçürmək lazım olar. Bu zaman şəxsiyyət vəsiqəsi lazımdır ki, şəxs haqqında məlumat verilsin.

- Jalə xanım, yeni nəsil şəxsiyyət vəsiqələri elektron daşıyıcıya malik olduğu üçün bir qədər baha başa gəlir. Bu rüsumlara təsir edəcəkmi?

- Bununla bağlı qanunvercilikdə heç bir dəyişiklik edilməyib. Rüsumlar əvvəlki kimidir. Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 5, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 35 manat rüsum ödənməlidir.

Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının 15 yaşı tamam olmamış vətəndaşına 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 25 manat rüsum ödəniləcək. Şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə 10 iş günü müddətində verildikdə 15, 3 iş günü müddətində verildikdə 35, 1 iş günü müddətində verildikdə isə rüsum 45 manatdır.

24332
Teqlər:
DİN, rüsum, gün, pasport, şəxsiyyət vəsiqəsi, Jalə Nəsibova
Əlaqədar
Yeni şəxsiyyət vəsiqələri ilə bağlı daha bir xəbər yayıldı - RƏSMİ
Yeni şəxsiyyət vəsiqələrinin maraqlı cəhətləri açıqlandı
Yeni şəxsiyyət vəsiqələri necə verilir: Qaranlıq məqamlara aydınlıq gətirildi
Ekspert yeni şəxsiyyət vəsiqələrinin maraqlı xüsusiyyətlərini açıqladı