Bakı-Sumqayıt yolu

Bakı-Sumqayıt yolundan yeni narazılıq var, AAYDA isə "başqa çarə yoxdur" deyir

7117
(Yenilənib 15:33 13.11.2018)
"Yəni, bu qədər müddətdə təmir işləri aparılmasına baxnayaraq, sanki həmin ərazini kimsə görməyib"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 13 noyabr — Sputnik. Yay boyunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı–Sumqayıt yolunda təmir işləri aparıldı. Həftələrlə davam edən cansıxıcı tıxaclara, o yolda yaranmış mənzərənin paytaxtın digər küçələrində də hərəkəti iflic etməsinə rəğmən, hər kəs düşünürdü ki, müvəqqəti çətinlikdir və bu çətinlik müsbət nəticələrə səbəb olacaq.

Oldu da. Yəni, Bakı-Sumqayıt yolu yenidən əsaslı təmir edildi. Amma...

Hazırda sözügedən yolun Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından üzü Xırdalan dairəsi istiqamətinə qədər olan ərazisində maraqlı və xoş olmayan mənzərə müşahidə olunur. Belə ki, həmin hissədə beton arakəsmə boyunca ümumiyyətlə təmir işləri aparılmayıb.

Sputnik Azərbaycan-a müraciət edən sürücü Kamal Abbasovun sözlərinə görə, Bakı-Sumqayıt yolunun həmin hissəsində vaxtilə sökülən dəmir arakəsmənin çıxıntıları, həmçinin o çıxıntıların ətrafı ilə uzanan asfalt üzərindəki yarıqlar hələ də qalır.

"Orda dəmir arakəsmələr söküldükdən və yerində beton arakəsmə quraşdırıldıqdan sonra Bakı - Sumqayıt yolu təmir olundu. Yəni, bu qədər müddətdə təmir işləri aparılmasına baxnayaraq, sanki həmin ərazini kimsə görməyib. Çoxmu çətin idi oranı da abıra salmaq, asfaltlamaq? Nə qədər olmasa da, sürüclərdə narahatlıq yaradır. Üstəlik də, axı o boyda yolu, onsuz da tam təmirə bağlamışdılar" - deyir narazı sürücü.

Məsələ ilə bağlı AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Sputnik Azərbaycan-a bildirib ki, sözügedən dəmir lövhə "temperatur şovu" adlanır və körpülərin üzərində yerləşir: "Onun üzəri isə örtülməməlidir. İsti və soyuq aylarda dəmir-beton konsktruksiyalı körpülərdə istidə genişlənmə, soyuqda isə sıxılma baş verir".

Körpünün üzərindəki  bu hissə temperatur şovu adlanır
© Sputnik / Irade CELIL
Körpünün üzərindəki bu hissə "temperatur şovu" adlanır

A.Nəcəfli qeyd edib ki, "temperatur şovu" adlanan bu ərazi həmin prosesi tənzimləyir: "Çat və başqa problemlərin qarşısını alır. Əvvəllər yolun kənarında dəmirlər qalmışdı. Bununla yanaşı, çatlar və hamar olmayan yerlər vardı. Bu səbəbdən də təmir zamanı bütün qüsurlar aradan qaldırıldı. İndi həmin yol hamar və səliqəlidir. Oradan heç bir elektrik naqili keçmir. Sadəcə temperaturu tənzimləmək üçün şov qoyulub. Həmin yerə də asfalt çəkilə bilməz".

Yolda olan tıxaca gəldikdə isə, Nəcəfli deyib ki, bu yolda tıxac həmişə olacaq: "Çünki bu yol şəhərin əsas girişlərindən biridir, hamı axın edir. Nə etsən də, oradan tıxacı aradan qaldırmaq mümkün deyil".

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, Bakı-Sumqayıt yolu dəfələrlə təmir edilib: "Sonuncu təmirdən sonra, demək olar ki, yolun bütün hissələri hamarlaşdırılıb. Əvvəllər orada dəmir arakəsmələr vardı. Onları çıxardıqdan sonra yolu bir xətt böyütmüşdülər. Amma arakəsmələrin dəmir başlıqları yerdə qalmışdı. Bu da sürücülər üçün potensial təhlükə idi".

Bu tip tikiş yerləri temperatur dəyişməsi nəticəsində yaranan deformasiyaların dəmir-beton konstruksiyalara saldığı ağırlığın qarşısını almaq üçündür
© Sputnik / Irade CELIL
Bu tip "tikiş" yerləri temperatur dəyişməsi nəticəsində yaranan deformasiyaların dəmir-beton konstruksiyalara saldığı ağırlığın qarşısını almaq üçündür

Ekspert qeyd edib ki, sonuncu təmir 2-3 ay öncə edilib: "Bütün arakəsmələrin yerə birləşdirilmiş başlıqları çıxarılıb. Amma bir ərazidə dəmir "keçid" var. Əslində, onun da üzərinə asfalt təbəqəsi tökülməli idi. Amma görünür ki, bu, mümkün olmayıb. Çünki Bakı - Sumqayıt yolunun qeyd edilən ərazisi körpünün üzərinə düşür. Və həmin ərazidən yüksək gərginlikli elektrik naqilləri keçir".

7117
Teqlər:
AAYDA, təmir, tıxac, Bakı-Sumqayıt yolu, Sputnik Azərbaycan
Əlaqədar
Hətta piyadalar da ona "ilişməkdən" çəkinirlər — Bakı sakinləri yolayrıcında
Bakı yollarında təhlükəli sürücülər dolaşır
Bakı-Sumqayıt yolunda böyük tıxac yaşanır
Bakı Nəqliyyat Agentliyi etirazları əsassız sayır: Biz heç kimə qorxulu anlar yaşatmırıq