Asim Mollazadə

Deputat: “Azərbaycan xanımına əl qaldıran mütləq cəzalandırılmalıdır”

1038
(Yenilənib 20:56 07.11.2018)
“Erkən nikahların qarşısını almaq, qızların təhsilini təmin etmək lazımdır”

BAKI, 7 noyabr — Sputnik. "Avropa ölkələrində əhalinin 60-70 faizinin yaşı 50-dən artıqdır. Azərbaycan əhalisinin isə böyük əksəriyyəti gənclərdir. Məhz bu, Azərbaycana imkan verir ki, biz dövlət başçısının ifadə etdiyi strategiyanı əsas götürərək, "qara qızılı" "insan qızılı"na çevirək. Belə etsək, Azərbaycan dövləti çox güclənər".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə parlamentdə keçirilən "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O, bu səbəbdən də büdcədə Gənclər Fonduna ayrılan vəsaitin artımını müsbət qiymətləndirib. Deputat deyib ki, gəncliyin kreativ, ağıllı, güclü və sağlam olması üçün dövlət tərəfindən müvafiq işlə görülür. Lakin bu istiqamətdə ayrılan vəsaitlərin səmərəli olması üçün ölkədə təhsil və səhiyyə sisteminin təxirəsalınmaz islahatları həyata keçirilməlidir.

"İcbarı tibbi sığorta ilə bağlı pilot layihələr göstərir ki, biz sovet səhiyyə sisteminin imitasiyasından real müasir səhiyyə sisteminin formalaşmasına keçməliyik. Əks halda biz gəncliyimizi sağlam yetişdirə bilməyəcəyik, dövlət tərəfindən ayrılan vəsaitlər nə təhsil, nə də səhiyyə sahəsində öz səmərəsini verəcək" – deyə Mollazadə bildirib.

Millət vəkili büdcədə müdafiə xərclərinin artırılmasını müsbət qiymətləndirib. Qeyd edib ki, Azərbaycan müharibə şəraitində olduğu üçün bütün güc ölkənin ərazi bütövlüyünün bərpasına səfərbər edilməlidir. Eyni zamanda Azərbaycan xaricdən gələn təhlükələrə də hazır olmalıdır.

"Təəssüf ki, döyüş təkcə müharibə meydanında getmir. Azərbaycana qarşı olan cəbhə bölgəsi demək olar ki, bütün dünyanı əhatə edir. Ölkəmizə qarşı informasiya müharibəsi, xalqımıza qarşı böhtan kampaniyası aparılır. Silahlı qüvvələrin bu istiqamətdə səfərbərliyi diplomatik sistemin bu çağırışlara və təhlükələrə hazırlığı ilə müşayiət olunmalıdır. Lakin ölkəmizin diplomatik korpusunun maliyyə imkanları məhdudlaşıb. Dünyanın bir sıra önəmli bölgələrində bizim səfirliklərimiz bağlanıb. Mövcud diplomatik nümayəndəliklərimizdə isə bu səfərbərlik ruhu görünmür" – deyən Mollazadə bu istiqamətdə müvafiq addımların atılmasının vacibliyini bildirib.

Millət vəkili şəhid ailələrinə və müharibə əlillərinə diqqətin artırılması zərurətinə də toxunub: "Döyüşə gedən hər bir əsgər bilməlidir ki, o, yaralansa, şəhid olsa, dövlət onun, ailəsinin arxasında duracaq. Dövlət başçısı hər zaman şəhid ailələrinə, müharibə əlillərinə öz qayğı və diqqətini göstərib, bu istiqamətdə çox işlər görülüb. Lakin son vaxtlar bəzi şəhid ailələri ilə bağlı yaranmış problemlər tezliklə öz həllini tapmalıdır. Biz bütün dünyaya nümayiş etdirməliyik ki, Azərbaycan dövləti öz əsgərinin və onun ailəsinin arxasında durur".

Asim Mollazadə qaçqın və məcburi köçkünlərlə bağlı məsələyə də toxunub. "Azərbaycan dünyaya göstərdi ki, 1 milyon qaçqına öz dəstəyini verə bilib. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində çox iş görülüb. Lakin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin işləri çox çətindir. Çünki köçkünlər bütün ölkəyə səpələnib və onların problemlərini Komitənin balaca aparatı ilə həll etmək olmaz. Bu Komitənin işlərini gücləndirmək üçün müvafiq vəsaitləri tapmaq lazımdır"- deputat deyib.

Mollazadə həmçinin qeyd edib ki, gənclərin inkişafı üçün təkcə dövlətdən dəstək gözləməməliyik. Bu işə iş adamları, sponsorlar cəlb edilməlidir. Bunun üçün vergi sistemində müvafiq dəyişikliklər olmalıdır: "Elm, təhsil və mədəniyyət sahəsinə töhfə verən hər bir iş adamına vergidə güzəşt edilməlidir. Bu yükü dövlətin üzərindən götürməli, iqtisadi sahədəki iş adamlarını bu istiqamətdə təşviq etmək üçün islahatları həyata keçirməliyik".

Asim Mollazadə çıxışında Azərbaycanda qadın hüquqlarına, məişət zorakılığı sahəsindəki problemlərə də toxunub: "Azərbaycan xanımları tarixən islam və türk dünyası xanımlarının lideri olub. Azərbaycan xanımına əl qaldıran mütləq cəzalandırılmalıdır. Biz ölkədə elə bir mühit yaratmalıyıq ki, qadınlara qarşı zorakılığın qarşısı alınsın. Qadınların təhsilinə diqqət yetirilməlidir. Erkən nikahların qarşısını almaq, qızların təhsilini təmin etmək üçün biz həm dövlət, həm də QHT-lərin fəaliyyətini gücləndirməliyik. Bu istiqamətdə Ombudsman Aparatı da fəaliyyətini gücləndirməlidir. Biz Azərbaycan xanımlarının islam dünyasında liderliyini qoruyub saxlaması üçün zəruri olan hər şeyi etməliyik".

1038
Teqlər:
Demokratik İslahatlar Partiyası, çıxış, deputat, Milli Məclis, Asim Mollazadə
Sarımsaq, arxiv şəkli

Təbii antibiotik zərərli imiş

14
(Yenilənib 23:40 05.12.2020)
Məlum olub ki, sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

BAKI, 5 dekabr — Sputnik. Çoxsaylı faydalı təsirləri olmasına baxmayaraq, sarımsaq aqressiv məhsul hesab edilir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə danışan həkim-dietoloq İnna Zaykina bildirib ki, çox sarımsaq yemək olmaz.

Mədə xorası xəstəliyi, pankreatit və digər xəstəliyi olan insanlar sarımsaq yeməməlidirlər. Çünki sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

Bir müddət əvvəl isə endokrinoloq Yelena Qubkina kartof bişirmə və yemək üsulları barədə danışarkən bildirmişdi ki, kartof torpaqdan və havadan zərərli maddələr yığdığı üçün onu istehlak edərkən diqqətli olmaq lazımdır. Belə ki, kartofu soyulmuş qaynatmaq və buxarda bişirmək daha faydalıdır. Belə ki, bu zaman tərəvəz maksimum miqdarda qida - kalium, natrium, B6 vitamini verir.

14
Teqlər:
allergiya, mədə-bağırsaq xəstəlikləri, simptom, xəstəlik, təbii antibiotik, zərər, sarımsaq
KİV nümayəndələrinin siluetləri

Azərbaycanlı fotoqraflar Beynəlxalq Federasiyanın fəxri adlarını aldılar

9
(Yenilənib 23:20 05.12.2020)
Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov UNESCO-nun təqdir etdiyi məşhur təşkilatın şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər

BAKI, 5 dekabr - Sputnik. Azərbaycanın "Gilavar" fotoklubunun dəstəyi ilə azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) fəxri adlarına layiq görülüblər. 

Sputnik Azərbaycan-a fotoklubun mətbuat xidmətindən verilən məlumata görə, bu, UNESCO-nun tanıdığı yeganə fototəşkilatdır. 

Onun fəxri adlarını almaq üçün fotoqraflar xüsusi qaydalara riayət etməlidirlər: FIAP-ın müxtəlif ölkələrdə keçirdiyi müsabiqələrə qatılmalıdırlar, onların fotoqrafiyaları bədii və texniki ustalıq nöqteyi-nəzərindən təqdir olunmalı və onlar mükafat qazanmalıdırlar. Bunlardan əlavə, təşkilatın bədii komissiyasının və direktorlar şurasının üzvlərinin səsləri də nəzərə alınmalıdır. 
Azərbaycanlı fotoqraflar Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər. Bu adlar ildə bir dəfə verilir. 2016-cı ildən bəri fəxri adlar alan azərbaycanlı fotoqrafların sayı artaraq yeddiyə çatıb. 

Qeyd edək ki, İlqar Cəfərov və Rəşad Mehdiyev AZƏRTAC Dövlət İnformasiya Agentliyinin fotojurnalistləridir. Onların hər ikisi İkinci Qarabağ müharibəsi zamanı cəbhəyanı və işğaldan azad olunmuş ərazilərdə çəkilişlər aparıblar.

9
Teqlər:
fəxri adlar, fotoqraf, azərbaycanlı