BAKI, 7 noyabr — Sputnik. Son günlər şəhidlərin varisləri üçün ayrılan birdəfəlik vərəsəlik pulunun ödənilməməsi iddiasına cavab olaraq bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində konfrans keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev çıxışında bir çox vərəsələrlə bağlı yanlış müraciətlərin daxil olduğunu bildirib: “Son zamanlar müxtəlif media orqanlarında şəhid ailələrinin birdəfəlik ödəniş almaqla bağlı etirazlarını eşidirik. Onların varisləri adlarının birdəfəlik ödənişlə bağlı tərtib olunan siyahıda olmadığını iddia edirdilər. Lakin həmin şəxslərlə görüşdə də bəlli olub ki, əslində onlar səhvə yol veriblər”.
“Bu cür şikayətçilərin 80 faizinin adının, əslində siyahıda olduğunu aşkarladıq. Artıq birdəfəlik ödəniş alacaq şəhidlərin vərəsələrinin siyahısını müəyyən etmişik. Bu işdə Ədliyyə Nazirliyi ilə birgə iş görmüşük” – deyə İ.İsayev əlavə edib.
Nazir müavini qeyd edib ki, şəhid olmuş 146 hərbi qulluqçu ilə bağlı birdəfəlik vəsaitin ödənilməsinə görə qərar verilib. Bu ilin sonunadək adı siyahıda olan şəxslərin varislərinin bir hissəsi, növbəti ilin sonunadək isə qalan hissəsinin vəsaiti ödəniləcək. Artıq bu məsələ ilə bağlı gələn ilin büdcəsində də vəsait ayrılıb.
İ.İsayev birdəfəlik müavinətlə bağlı 200-dən artıq şikayətin daxil olduğunu deyib: “90-cı illərdə birdəfəlik vərəsəlik haqqı alan şəhid varisləri tərəfindən də yenidən şikayət daxil olub. Onlar o zamanlar ayrılan vəsaitin indiki ilə müqayisədə az olduğunu əsas gətirərək, artırılmış vəsaitin onlara da şamil edilməsini istəyirlər. Bu cür və müxtəlif müraciətlər daxil olub”.
Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Himalay Məmişov isə çıxışında təkrar müraciətlər haqda danışıb: “Artıq həmin şəxslərin də siyahısını hazırlamışıq. Bir qrup varis bu pulu almadıqlarını iddia ediblər. Tərəfimizdən həmin şikayətlər araşdırılıb. Bəlli olub ki, həmin şəxslər birdəfəlik müavinəti alıblar”.
Qeyd edək ki, hazırda şəhid vərəsələri üçün birdəfəlik müavinətin məbləği 11 min manatdır.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.
Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.