Azərbaycan Respublikasının prezidenti İlham Əliyev

İlham Əliyev Azərbaycan dili ilə bağlı mühüm fərman imzaladı

1501
“Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılır

BAKI, 1 noyabr — Sputnik. Prezident İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan-ın xəbərinə görə, fərmanda deyilir ki, Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlamış, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli Qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.

Müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir.

Fərmana əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaratmaq; “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirmək; Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlayıb bir ay müddətində təsdiq etmək; Monitorinq Mərkəzinin nizamnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq etmək; Monitorinq Mərkəzinin strukturunu, işçilərinin say həddini və əməkhaqqı fondunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq etmək; Monitorinq Mərkəzinin fəaliyyətinin təşkili ilə bağlı müvafiq yer ayrılmasını və zəruri maddi-texniki təminat məsələlərini həll etmək; kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

1501
Teqlər:
Azərbaycan dili, fərman, Prezident İlham Əliyev
Əlaqədar
İlham Əliyev vacib fərman imzaladı
"Prezidentin yeni fərmanı ciddi nəticələr doğuracaq"
Prezident vacib fərman imzaladı
Prezident nazirliklə bağlı mühüm fərman imzaladı
Yerevanda epdimioloji vəziyyət

Ermənistanda koronavirusa yoluxanların sayı 40 minə yaxınlaşır

1
(Yenilənib 13:29 06.08.2020)
Gürcüstanda isə daha 9 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1206-ya çatıb.

BAKI, 6 avqust — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 39819-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 233 nəfər artıb.

Ermənistanda son gündə daha 2 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 772-yə çatıb. Xəstəlikdən sağalanların sayı 31556 olub. Hazırda bu ölkədə 7263 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 9 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1206-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 18,8 milyonu keçib, 707 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

1
Karantin zamanı nişan mərasimi, arxiv şəkli

Karantin rejimini pozaraq nişan edənlər aşkarlanıb

3
(Yenilənib 13:25 06.08.2020)
Hər birinin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

BAKI, 6 avqust — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tədbirləri davam etdirirlər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun məlumatına istinadla xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinə rayonun Təyyarə meydanı adlanan ərazisində yaşayan İ.Əlizadənin xüsusi karantin rejiminin qaydalarını pozaraq gizli şəkildə qızına nişan mərasimi keçirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları dərhal sözügedən ünvana gəliblər. Məclisin təşkilatçısı və orada iştirak edən 4 nəfər Rayon Polis Şöbəsinə dəvət edilib. Şöbədə və onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Hər birinin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

3
Manat, arxiv şəkli

Əmanətlərin Sığortalanması Fondu bağlanmış 4 bankdakı əmanətlərlə bağlı açıqlama yayıb

0
(Yenilənib 14:11 06.08.2020)
"Atabank" ASC, "AG Bank" ASC və "NBC Bank" ASC-də təshih tədbirlərinin tətbiq edildiyi müddət ərzində qəbul edilmiş əmanətlərin ödənişi qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin müvafiq şərhinə uyğun olaraq həll ediləcək

BAKI, 6 avqust — Sputnik. Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Atabank" ASC, "Amrahbank" ASC, "AG Bank" ASC və "NBC Bank" ASC-nin 17,9 min əmanətçisinə qorunan əmanətlər üzrə 6 avqust 2020-ci il tarixinə "Kapital Bank" ASC və "Azərbaycan Beynəlxalq Bankı" ASC vasitəsilə 402,3 milyon manat kompensasiya ödəyib. Bu barədə Əmanətlərin Sığortalanması Fondundan Sputnik Azərbaycan-a məlumat verilib.

Ləğv prosesində olan "Atabank" ASC-nin 7,6 min əmanətçisinə 170,8 milyon manat, "Amrahbank" ASC-nin 5,1 min əmanətçisinə 121,7 milyon manat kompensasiya ödənilib. Qeyd edilən banklar üzrə kompensasiyaların ödənilməsinə 01 iyun 2020-ci il tarixdən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Kapital Bank" ASC-nin adlı debet kartları və "Xəzri" sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

Ləğv prosesində olan "AG Bank" ASC-nin 2,3 min əmanətçisinə 29,8 milyon manat, "NBC Bank" ASC-nin 2,9 min əmanətçisinə 80 milyon manat kompensasiya ödənilib. Adı çəkilən banklar üzrə kompensasiyaların ödənilməsinə 16 iyun 2020-ci il tarixdən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

"Əmanətlərin sığoratalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edəcək.

Həmçinin, "Atabank" ASC, "AG Bank" ASC və "NBC Bank" ASC-də təshih tədbirlərinin tətbiq edildiyi müddət ərzində qəbul edilmiş əmanətlərin ödənişi qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin müvafiq şərhinə uyğun olaraq həll ediləcək.

0