Bakıda çörək tullantıları

Kişinin çörəyinə bais olmazlar, amma bu qədər yox 300 min ton...

14532
(Yenilənib 23:19 31.10.2018)
Hər il 900 min ton çörək tullanır, bu isə, orta statistika ilə hər gün 24 milyon dilimin atılması deməkdir

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 1 noyabr — Sputnik. Məhsulların yalnız müəyyən çəkidə istehsalı qida tullantılarının artmasına səbəb olur. Bu isə qida tullantısı ilə yanaşı, həm də qazandığımız pulun bir hissəsini gərəksiz yerə israf etməkdir. Poliqonlardakı mənzərə belə tullantılar sırasında meyvə-tərəvəz və un məhsullarının, xüsusən də çörəyin daha çox olduğunu deməyə əsas verir.

"Toast brewed with bread" (Qızardılmış və dənlənmiş çörəklər) nəşrinin hazırladığı hesabata görə, bu gün dünyada da qida tullantıları sırasında çörək ön pillələrdə dayanır. Hər il 900 min ton çörək tullanır. Bu isə orta statistika ilə hər gün 24 milyon dilimin atılması deməkdir. 

© Sputnik / Nigar Meherem
Çörək bişirilməsi

Dünyada daha çox sendviç hazırlayanlar tərəfindən çörək israf olunur. Orta hesabla, bu yolla hər gün 13 min çörək dilimi israf edilir.

Böyük Britaniyada isə istehsal olunan çörəyin 34-44 faizi tullantıya gedir. Bu gün dünyada çörək tullantısına görə İngiltərə birinci yerdədir. Bu ölkədə tullantıların 29 faizi çörək və digər un məhsullarıdır.

Çörək tullantısının qarşısını almaq üçün nə etməliyik?

Çörək tullantısının qarşısını almaq üçün bir çox ölkələrdə təbliğat xarakterli sosial çarxlar yayımlanır. Bu sosial çarxlarda artıq çörəkdən necə istifadə edilməsi göstərilir. Hətta qurumuş çörəklərin sıyıqlara əlavə edilməsi, qızardılaraq yeyilməsi, suxarı halına salınması, yaxud da qırıntı halına salınaraq makaron və bu kimi xörəklərin üzərinə tökülməsi təklif olunur.

Bakıda çörək tullantıları
© Sputnik / Nigar Meherem
Bakıda çörək tullantıları

İngiltərədə isə hər həftənin çərşənbə günü 100 kökədən ibarət istifadəyə yararsız çörək suxarı halına salındıqdan sonra açıq satışa çıxarılır. Bu yolla istehsalçılar, ən azı, 10 kiloluq çörəyi xilas edəcəklərini düşünürlər. (https://www.theguardian.com/food/2018/oct/05/using-their-loaf-baker-reuses-leftovers-to-make-waste-bread)

Qida sahəsi üzrə ekspertlər isə istehlakçılara marketdən yalnız yemək istədikləri qidaları almağı və aldıqlarını yeməyi tövsiyə edirlər.

Bakılı Həşim…

Hər kəsin Həşim kimi tanıdığı yaşlı bir kişi paytaxt küçələrində çörək qırıntıları toplamaqla məşğuldur. Uzun illərdir onu tanıyan məhəllə sakini Qadir Məlikov Sputnik Azərbaycan-a onun haqqında danışır: "Həşim laldır, heç kimi yoxdur. Bakı kəndlərinin birində qalır. O da çörək pulunu bu cür qazanır".

"Həşim hər gün səhər tezdən arabası ilə məhəllələri dolaşaraq quru çörəkləri yığır. Sonra isə onları Bakı kəndlərində sataraq pul qazanır. Quru çörək yığılmış torbanın birini 1-2 manata satır" — Məlikov deyir.

İldə 300 min ton buğda hədər gedir

Azərbaycanda illik olaraq nə qədər çörək tullantısının olduğunu öyrənmək istədik. Lakin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən (DSK) Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirildi ki, ölkəmizdə belə bir statistika aparılmır.

Sovet dövründə ölkədə qıtlıq vardı, çörək isə əvəzsiz bir sərvət hesab olunurdu. O dövrdə çörək almaq üçün saatlarla növbə yaranırdı. Çörəklər dilim halında, çəki ilə satıldığı üçün bu dövrdə tullantı da olmurdu.

Çörək, arxiv şəkli
© Sputnik / Vitaly Belousov
Çörək sexi

Çörək zavodlarının birində çalışan çörəkçi Dilbər Quliyeva Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində çörəklərin sovet dövründə olduğu kimi satılmasının tərəfdarı olduğunu bildirib: "Bu gün zibilliklərin önündən keçdikdə nə qədər çörəyin tullandığının şahidi oluruq. Bu mənzərəni dəyişmək üçün yaxşı olardı ki, çörək dilim halında, çəki ilə satılsın. Adətən artıq çörəyimiz olmur, olduqda isə heyvanı olanlara veririk".

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Həsən Quliyev da Sputnik Azərbaycan-a açıqlamasında çörək israfının qarşısını almaq üçün sovet təcrübəsinin tətbiqini təklif edir: "Sovet dövründə olduğu kimi, çörəyin dilim-dilim satılması daha məqsədəuyğundur. Yaxud da çörəklər dilimlənərək paket halında satılmalıdır. Bu paketlərin üzərində isə neçə nəfər üçün nəzərdə tutulması haqda məlumat əksini tapmalıdır".

Пшеничное поле. Архивное фото
© Sputnik / Artyom Kreminskiy
Buğda tarlası

H.Quliyev Dövlət Statistika Komitəsindən əldə edə bilmədiyimiz rəqəmləri də açıqlayıb: "Bu gün Azərbaycanda çörəyin 30 faizi israf olunur. Bu isə o deməkdir ki, illik olaraq 300 min ton buğda, yəni 100 min hektarlıq məhsulumuz israf olunur. 100 min hektar torpaq isə ümumi əkin ərazilərimizin beş faizini təşkil edir. Bunun üçün ən önəmli vasitə ictimai maarifləndirməni həyata keçirmək və bir sıra hüquqi addımlar atmaqdır".

821 milyon insan aclıqdan, 1.9 milyard insan artıq çəkidən əziyyət çəkir

Dünyada 821 milyon insanın xroniki aclıqdan çəkdiyini deyən H.Quliyev, buna paralel olaraq 1.9 milyard insanın artıq çəkidən əziyyət çəkdiyini, 672 milyon insanın isə obez xəstəsi (mədələrini kiçiltmək məcburiyyətində qalanlar) olduğuna diqqət çəkib: "BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə əsasən 2030-cu ilədək aclığı 0-a endirmək hədəflənir. Amma bu, real görünmür. İstehlakçı tərəfindən tullanan və israf edilən un və un məmulatları haqqında məlumatlar qeydiyyata alınmır".

Çörək
© REUTERS / Shamil Zhumatov
Çörək

"2017-ci il məlumatlarına görə 274142 ton taxıl, 30698 ton un və un məmulatları itkiyə gedib. Azərbaycanın taxılla özünü təminat səviyyəsi 66.3%, ət və ət məhsulları ilə 84.7%, süd və süd məhsulları ilə 86.1%-dir. Unla özünü təminat səviyyəsi 96%, çörəklə 99.99%-dir. Qida təhlükəsizliyi indeksində Azərbaycan dünyada 57-ci yerdədir. İrlandiya 1-ci, ABŞ 2-ci, Britaniya 3-cüdür. Azərbaycanda günlük adambaşına düşən kalori 3118 kcal, dünyada isə 2839 kcal təşkil edir" – deyə müsahibimiz qeyd edir.

H.Quliyevin sözlərinə görə, Azərbaycanın əsas üstünlükləri qida təhlükəsizliyi proqramlarının mövcudluğu, yoxsulluq həddində əhalinin payının az olması, qida israfının azlığı, əkinçilik idxal tariflərinin aşağı olması və təchizatın yetərliliyi ilə bağlıdır.

Qənaəti bacarmalıyıq

FAO-nun (Qida və Kənd Təsərrüfatı Təşkilatı) Dayanıqlı Kənd Təsərrüfatı Proqramı üzrə əlaqələndiricisi Evald Rametsteiner Sptunik Azərbaycan-a açıqlamasında loqistikanın qurulmasının və dəyər zəncirinin idarəsinin bu məsələdə mühüm rola malik olduğunu vurğulayıb. O, qeyd edib ki, çörək tullantısının olmaması üçün marketdən öncəki və sonrakı proses analiz edilməlidir: "Yalnız bu müqayisə aparıldıqdan sonra hansı mərhələdə itki olduğu aşkarlanacaq".

Çörək yeyən uşaq
© Sputnik / Sergey Stroitelev
Çörək yeyən uşaq

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak isə çörək, qida, ümumilikdə isə məhsul tullantısının — israfın qarşısının alınması üçün maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb: "Adətən, aldığımız məhsullar, eləcə də çörək böyük paketlərdə, iri çəkidə olur. Bu səbəbdən də tullantılarımız daha çox yaranır. Tullantıların qarşısını almaq üçün alternativ çəki və ölçülərdə də məhsul istehsal edilməlidir".

"Bundan başqa, yalnız çörək, qida deyil, eləcə də, qeyri-ərzaq məhsullarının da israfına son qoymalıyıq. Əlimizdə olanlarla kifayətlənməyi bacarmalıyıq" – M.Çakmak əlavə edib.

Və gözləntilər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (QTA) Sputnik Azərbaycan-a verilən məlumatda Avropada çörək istehsalı sektoruna diqqət çəkilib: "Avropada çörək istehsalı sektoru iqtisadi baxımdan gəlirli sahələrdən biri hesab olunur. Avropa İttifaqında 2 milyondan çox insan bu sahədə çalışır. Avropada un və un məmulatlarının istehlakının 79%-ni çörək tutur. Əksər ölkələrdə isə ildə adambaşına düşən çörək istehlakının miqdarı 50 kiloqramdır".

"Ən yüksək istehlak Bolqarıstanda (təxminən, 95 kq), ən az istehlak isə İngiltərədədir (təxminən, 32 kq civarında). 2020-ci ildə artan dünya əhalisinin sayına paralel olaraq qlobal çörək bazarının 215 milyard dollara çatacağı gözlənilir" – deyə qurumun məlumatında qeyd olunub.

Лучшее фото месяца
© Sputnik / Murad Orujov
Təndirdə çörəyin hazırlanması

QTA-dan, həmçinin çörək israfının qarşısının alınması üçün bir sıra ölkələrin təcrübəsi diqqətə çatdırılıb. Bildirilib ki, İEÖ-də (inkişaf etmiş ölkələr) istehsalın tələbata müvafiq qaydada həyata keçirilməsi, rəf ömrü uzun olan keyfiyyətli çörək istehsalının artırılması, satış obyektlərində çörəklərin uyğun şərtlər altında saxlanılması, çörəyin bişirilməsi ilə satışı arasında məsafənin mümkün qədər minimuma endirilməsi, daha az qrama malik, kiçik həcmli çörək istehsalının artırılması, ictimai iaşə obyektlərində, kafe və restoranlarda dilimlənmiş və ya kiçik dəyirmi çörəklər şəklində istehlaka təqdim olunması kimi ənənələr var.

"Bu cür ölkələrdə satılmayan çörəklərin qurudularaq, daha sonralar başqa qidaların hazırlanmasında istifadə edilməsini və orta dərəcədə boyat çörəklərin aşağı qiymətə satışının həyata keçirilməsini görə bilərik" – Agentlikdən vurğulanıb.

14532
Teqlər:
tullantı, ton, qida, çörək, Sputnik Azərbaycan, Dünya, Azərbaycan
Əlaqədar
Marketdən çörək aldı, içindən əlcək çıxdı
Əhaliyə çörək şoku yaşadırlar — Bu da oldu
İkinci çörəyə tətbiq edilən rüsum kimləri ac qoyacaq...
Bu zavodların çörəklərindən yeməyin - SİYAHI
Azərbaycana gətirilən “ikinci çörək”də təhlükə aşkarlandı — VİDEO
Azərbaycanda universal qabiliyyət sahibi: Di gəl, çörəyi "daşdan" çıxır

"Lazım olsa, yenə gedərəm". Qazilərimizin yaraları necə sağalır - REPORTAJ

11
(Yenilənib 00:08 26.02.2021)
"Təxminən 10 gündür ki, protezlərim gətirilib. Düzü, protezlərim düşündüyümdən rahatdır. Sadəcə olaraq tez yeriyə biləcəyimi düşünürdüm, amma baxıram ki, bunun üçün zaman lazımdır, öyrəşməliyəm" - Qazi.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 26 fevral — Sputnik. Protez-Ortopedik Bərpa Mərkəzində əlilliyi olan digər şəxslərlə yanaşı, II Qarabağ müharibəsində yaralanan şəxslər də müalicə alırlar. II Qarabağ müharibəsi qazilərinin protezlə təmin olunması burada həyata keçirilir.

Sputnik Azərbaycan mərkəzə üz tutaraq qazilərdən burada göstərilən xidmətdən razı qalıb-qalmadıqlarını öyrənib, giley-güzarlarını, həm də müharibə ilə bağlı xatirələrini dinləyib.

Öncə təlim mərkəzi ilə tanış oluruq. Təlimçilər Qarabağ qazilərinə protezlə yeriməkdə yardımçı olur, onlara təlimlər keçirlər.

26 yaşlı Vasif Əliyev artıq bir neçə gündür ki, burada təlimlərə başlayıb. Təlimçilər ona protezin idarə olunmasını öyrədirlər. Beş gündür ki, protezlə gəzdiyini deyən V.Əliyev özünü rahat hiss etdiyini deyir. II Qarabağ müharibəsinə könüllü olaraq qoşulub. Heç bir psixoloji travması olmasa da, müharibədən danışmaq onun üçün çətindir: "Oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlərdə qarın boşluğundan qəlpə yarası aldım, minaatan zərbəsindən isə bir ayağımı itirdim. O hadisələri danışmaq, göz önünə gətirmək mümkün deyil... Döyüş yoldaşlarım şəhid oldular, aramızda çox sayda yaralananlar da oldu".

© Sputnik / Nigar Iskanderova
İkinci Qarabağ müharibəsi qazisi Vasif Əliyev

"Yaralanandan sonra Mərkəzi Hərbi Hospitalda müalicəmi davam etdirdim, noyabrda isə bu mərkəzə gəldim", - deyə V.Əliyev əlavə edir.

O burada yaradılan şəraitdən razı olduğunu deyir. Qeyd edək ki, ailənin tək övladı olan Vasif Əliyev müharibəyə gedənədək Biləsuvar Gömrük postunda inspektor kimi çalışıb.

Qazi Abdulla Abdullayevin otağının qapısı üzərində "Qarabağ Azərbaycandır!" yazılan bayrağımızla bəzədilib.  Vətən müharibəsi iştirakçısı olan 29 yaşlı Abdulla döyüşlərdə hər iki ayağını itirib. O, sentyabrın 21-də könüllü kimi yazılaraq 27-də döyüşə yollanıb: "Ön cəbhədə Ağdam və Ağdərə istiqamətində müdafiə mövqeyində idim. Oktyabrın 5-dəki döyüşlərdə, minaatan mərmisi düşəndə yaralandım, ayaqlarımı itirdim. Əsgər yoldaşlarımın da vəziyyəti ağır idi, komandirimiz də yaralanmışdı. Aramızda şəhid olan da oldu. Bir saat o vəziyyətdə qaldıqdan sonra bizə köməyə gəldilər. Bizi Sarıcallıdakı xəstəxanaya apardılar, sonradan Bakıya göndərildik. İki ay xəstəxanada qaldıqdan sonra bu mərkəzə yerləşdirildim".

© Sputnik / Nigar Iskanderova
İkinci Qarabağ müharibəsi qazisi Abdulla Abdullayev

Buradakı şəraitdən razılığını dilə gətirən həmsöhbətimiz ilk günlərdə ağrılarının çox olduğunu, hazırda isə özünü yaxşı hiss etdiyini deyir. O, nə zaman müharibə olarsa, yenə də gedəcəyini deyir: "Heç bir qorxum yoxdur. Nə zaman lazım olsa, gedərəm. İnsan öz evini qorumazmı?! Mən getməyim, o getməsin, bu getməsin, bəs kim getsin?! Biz getməsək, erməni gəlib evimizin içinə kimi girər. Hər zaman bu düşüncə ilə böyümüşəm. Elə qohumlarım, mən də bu düşüncə ilə gedib səfərbərlik xidmətində qeydiyyatdan keçmişik".

Anasının isə hələ də oğlunun iki ayağını itirməsindən xəbəri yoxdur: "Ailəm Mingəçevirdə yaşayır. Ailəmdə anamdan başqa hər kəsin durumumdan xəbəri var. Anam şəkər xəstəsidir, mənə baş çəkməsin deyə xəstəxanadayam, görüşə icazə yoxdur deyirəm. Ona görə də anam ayaqlarımın dizdən yuxarı kəsilməsindən xəbərsizdir, sadəcə elə bilir ki, bir ayağım qanqrena edib deyə topuqdan bir qədər yuxarı hissədən kəsiblər. Bu xəbəri öyrənəndə anamın vəziyyəti pisləşdi, koma vəziyyətinə düşdü, xəstəxanaya yerləşdirildi. Ayağı çirk vermişdi, ayağının çirkini, dırnağını çıxartdılar. Qorxuram ki, desəm, başqa bir şey olar, ona görə də ürək etmirəm".

© Sputnik / Nigar Iskanderova
İkinci Qarabağ müharibəsi iştirakçıları Protez-Ortopedik Bərpa Mərkəzində

"Təxminən 10 gündür ki, protezlərim gətirilib. Düzü, protezlərim düşündüyümdən rahatdır. Sadəcə olaraq tez yeriyə biləcəyimi düşünürdüm, amma baxıram ki, bunun üçün zaman lazımdır, öyrəşməliyəm. Həm də, hələlik yaram tam sağalmadığı üçün protezlə çox gəzib məşq edə bilmirəm", - deyə qazimiz əlavə edir. 

Noyabrın 24-də mərkəzə yerləşdirilən qazimiz yaradılan şərait və xidmətdən razılığını dilə gətirir. O, sadəcə olaraq əlilliyə görə vəsaitin az olmasından narazıdır:

"II qrup əlillik təyin edilib, lakin bu məni qane etmir. II qrupa görə əlillik müavinəti çox aşağıdır. Ona görə buradan çıxıb dərhal işləyəcəyəm. Bunadək dərman şirkətləri ilə işləyirdim, yəqin ki, artıq bu və bu tip işlərlə məşğul ola bilməyəcəyəm, oturaq işlə məşğul olacağam. Ayaqlarımın olmaması mənə heç bir kompleks yaşatmır, oturaq da olsa, bir iş tapacağam və çalışacağam ki, cəmiyyətdən uzaqlaşmayım".

Həmsöhbətimiz iki bacının tək qardaşıdır, ailəli deyil.

© Sputnik / Nigar Iskanderova
Protez-Ortopedik Bərpa Mərkəzi

Protez-Ortopedik Bərpa Mərkəzində həmçinin Bakıda evi olmayan qazilər üçün qalmağa hər cür şərait yaradılıb. Bunun üçün onların kirayə evlərdə qalmasına, hər gün xəstəxanaya gəlib-getməsinə ehtiyac qalmır.

Qazilər burada masaja getməklə gündəlik təlimlərə də qatılırlar.

31 yaşlı Ziya Kazımov 2011-ci ildə hərbi xidmətə gedib. O, xidməti başa vurduqdan sonra müddətdən artıq xidmət göstərib. 2015-ci ildə gizir rütbəsi alaraq cəbhəyə yollanıb, Aprel döyüşlərində iştirak edib. II Qarabağ müharibəsi zamanı, sentyabrın 27-də Gülüstan kəndi istiqamətində gedən döyüşlərdə fəal iştirak edən Ziya Kazımov 28 sentyabrda minaya düşərək sağ ayağını itirib: "Artıq 15 gündür ki, bu mərkəzə yerləşmişəm. Protezlərim verilib, günün müəyyən saatlarında onu taxıram, çox rahatdır".

© Sputnik / Nigar Iskanderova
İkinci Qarabağ müharibəsi qazisi Ziya Kazımov

"Ya ölməli idim, ya da qazi olmalı idim", - deyə həmsöhbətimiz əlavə edir.

O burada müalicələrinin vaxtı-vaxtında davam etdiyini, lazım olan bütün qayğı və diqqətlə təmin olunduğunu deyir. Z.Kazımov buradan çıxdıqdan sonra öz rayonunda, Biləsuvarda səhhətinə görə yüngül bir işdə çalışmaq istəyir.

Mərkəzin baş həkimi və direktor müavini Şəmsəddin Xudaverdiyev qazilərlə bağlı mərkəzdə görülən işlərdən məlumat verib "Hazırda mərkəzimizdə II Qarabağ müharibəsi qazilərinin müalicəsi həyata keçirilir. Burada 17 qazi müalicə olunur. Bu yaxınlarda 3 qazini protezləşdirib tam həyata qaytardıq. Qazilərin mülaicə prosedurlarına start vermişik".

Ş.Xudaverdiyev lazım olan bütün avadanlıqların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Almaniyadan alındığını deyir: "Mərkəz 2019-cu ilin sonlarından əsaslı təmir olunaraq istifadəyə verilib. Təmirlə əlaqədar olaraq bütün maddi-texniki baza yenilənib və müasir tələblərə cavab verir. Mərkəz tibbi avadanlıqlarla yanaşı, eyni zamanda idman avadanlıqları ilə də tam təmin olunub".

© Sputnik / Nigar Iskanderova
Mərkəzin baş həkimi və direktor müavini Şəmsəddin Xudaverdiyev

Qeyd edək ki, Protez-Ortopedik Bərpa Mərkəzi əlilliyi olan şəxslərə protez-ortopedik bərpa xidməti göstərən istehsalat müəssisəsidir. Mərkəz müasir texnologiya əsasında əlilliyi olan şəxslər üçün protez-ortopedik məhsulların (protez, ortez, korset, ortopedik ayaqqabı) və digər reabilitasiya məmulatlarının istehsalı, xəstə və əlillərin xəstəliklərinin diaqnostikası və stasionar müalicəsi istiqamətində fəaliyyət göstərir. Müəssisə istehsalat sahəsindən və stasionar şöbədən ibarətdir. Mərkəzdə əlillər velo və kreslo arabalar, qoltuqaltı və dirsəkaltı ağaclar, əsa, eşitmə aparatları və s. ilə təmin edilirlər.

Mərkəzdə əlilliyi olan şəxslərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası, protez-ortopedik məhsulları ilə təminat, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasının həyata keçirilməsi, protez-ortopedik məmulatların tibbi-texniki və biomexaniki sınaqlarının keçirilməsi, protezləşdirmənin keyfiyyətini müəyyənləşdirmək üçün müasir metodların işlənib hazırlanması, bu sahələr üzrə mütəxəssislərin hazırlanması, protez-optopedik məhsulların istehsalında yeni konstruksiyaların, texnologiyaların və elmi nailiyyətlərin geniş tətbiq edilməsi, xəstə və əlilliyi olan şəxslərin məlumat bankının yaradılması istiqamətində işlər görülür.

Müəssisə tərəfindən xəstə və əlilliyi olan şəxslərə ambulator, stasionar və səyyar şəkildə protez-ortopedik xidmət göstərilir, reabilitasiya terapiyası, protezləşdirmə və ortezləşdirmə vasitəsi ilə əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası həyata keçirilir. Mərkəzin stasionarında bütün növ amputasiya olunmuş əlilliyi olan şəxslərin protezləşməyə hazırlanması, protezlə təmin edilmiş əlilliyi olan şəxslərə protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sütunu zədələnmiş, spinal əlilliyi olan şəxslərin reabilitasiyası, skoliozlu uşaqların reabilitasiyası, uşaqların serebral iflicinin fəsadlarının, anadangəlmə bəzi qüsur və deformasiyaların aradan qaldırılması və s. istiqamətlərdə bərpa-müalicə tədbirləri həyata keçirilir.

11
Teqlər:
reportaj, Bakı, Protez-Ortopedik Bərpa Mərkəzi, müharibə, Qarabağ, qazi
Twitter разрешил пользователям делиться твитами в Instagram и Snapchat

Sosial şəbəkədə yeni funksiya: izləmək üçün pul ödəməlisən

10
(Yenilənib 01:27 26.02.2021)
Twitter izləyiciləri üçün yeni funksiyalar yaradır: çox maraqlı kontenti pullu etmək, qrup yaratmaq və xoşunuza gəlməyən hesabları 7 gün içində səssizliyə atmaq.

BAKI, 26 fevral - Sputnik. Twitter sosial şəbəkəsində Super Follow funksiyası yaradılır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə 9To5Mac yazır. Funksiya eksklüziv kontentə görə izləyicilərdən pul almağa imlan verəcək.

​Qiymət formalaşdırılması mexanizmi dəqiqləşdirilməyib. Təqdimatın slaydlarından birində ay ərzində 4,99 dollar göstərilsə də, bu sadəcə nümunə olub. Həmçinin bu sosial şəbəkədə qrup yaratmaq imkanı da olacaq. 

Yeni funksiyanın nə vaxt işə düşəcəyi barədə şirkətdən məlumat verilməyib.

The Verge yazır ki, Twitter cümə axşamı "Analitika günü"ndə həmçinin narahat edən hesabların avtomatik bloklanması imkanını yaradacağını da bəyan edib. Yeni "təhlükəsizlik rejimində" bir keçid olacaq, oraya basdığınız təqdirdə belə yazı görəcəksiniz: "Twitter qaydalarını pozduğu güman edilən hesabları avtomatik olaraq blok edin və təhqir, ağır söz və ya nifrət dolu ifadələrdən istifadə edən hesabları səssizləşdirin".

Yeni təhlükəsizlik rejimi ilə Twitter avtomatik olaraq “təhqiramiz və ya spam xarakterli ola biləcək” hesabları aşkarlayacaq və bu hesabların yeddi gün ərzində sizin hesabınızdakı paylaşımlarla əlaqələrini məhdudlaşdıracaq.

10
Teqlər:
yeni funksiya, izləyici, Twitter
Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində, arxiv şəkli

Ruhlar ölməz, ədalət itməz - İlham Əliyevdən Xocalı paylaşımı

0
(Yenilənib 10:21 26.02.2021)
Prezident İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı rəsmi "Facebook" hesabında paylaşım edib.

BAKI, 26 fevral — Sputnik. Prezident İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib. Sputnik Azərbaycan-ın məlumatına görə, dövlət başçısının paylaşımı rəsmi "Facebook" hesabında yayımlanıb.

Qeyd edək ki, erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücuma keçiblər.

Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

0