Pulqabında manatlar, arxiv şəkli

Yeni 1 manatlıq ödənişlərin mahiyyəti bəlli oldu: Artıq örtülü heç bir mətləb qalmayacaq

9380
(Yenilənib 17:42 23.10.2018)
"Yeni qanunla bələdiyyələr də biləcək ki, kimdən vergi tələb edə bilər"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. Xəbər verdiyimiz kimi, bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı təsdiq edilib. Bu barədə qərar baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.

Yeni qərara əsasən, fiziki şəxslərin əmlak və torpaq vergisinin hesablanması və tutulması məqsədi ilə dövri olaraq sorğu əsasında hər il ən geci 1 iyul tarixinədək təqdim olunan daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının əldə edilməsi üçün bələdiyyə tərəfindən haqqında məlumat əldə edilən hər bir əmlaka və ya torpaq sahəsinə münasibətdə müvafiq dövlət qurumuna 1 (bir) manat xidmət haqqı ödənilməlidir.

Maraqlıdır, yeni qərar nə kimi müsbət nəticələr doğuracaq? Ümumiyyətlə, bu qərar vətəndaşların xeyrinə olacaq, yoxsa zərərinə? Sputnik Azərbaycan-ın əməkdaşı bu suala ekspertlərlə cavab tapmağa çalışıb.

Bələdiyyə Hüquq Komissiyasının sədri Niyaməddin Orduxanlı deyib ki, qanunvericilikdə yerli özünüidarəetmə orqanı ilə bağlı yeni qərarın təsdiq edilməsi çox müsbət haldır: "Düşünürəm ki, bu, bələdiyyələrin işinin asanlaşmasına kömək edəcək. Bu təcrübə inkişaf etmiş ölkələrin bələdiyyələrində də var. Sorğunun məbləğinin 1 manat məbləğində müəyyən olunması da çox deyil".

"Bələdiyyələr, əsasən, vətəndaşlardan torpaq və əmlak vergisi toplayır. Artıq bundan sonra bələdiyyə hər bir vətəndaşın ərazisi və ya əmlakı haqqında məlumatı elektron qaydada əldə edəcək. İstədiyi zaman da müəyyən edə biləcək ki, bələdiyyənin ərazisində yaşayan vergi ödəyicisinin bir illik ödənişi nə qədərdir" – müsahibimiz bildirib.

Hüquqşünas Elyar Həsənovun sözlərinə görə də, yeni qərar hər kəsin xeyrinədir: "Qanuna əsasən, fiziki şəxslər müvafiq əmlak vergisini, yəni əmlak və torpaq vergisini bələdiyyələrə ödəyirlər. 2013-cü ildə mən bələdiyyəyə gedib vergi ödəmək istədiyimi deyəndə, oradakılar heyrətlənmişdilər. Çünki vətəndaşların əksəriyyəti vergini ödəməkdən yayınmaq istəyir. Halbuki 2000-ci ildə qəbul edilmiş qanuna əsasən, vətəndaşlar əmlak vergisi ödəməlidir".

Hüquqşünas əlavə edib ki, hüquqi maarifləndirmə zəif olduğu üçün vətəndaşların əksəriyyəti belə bir verginin olduğunu bilmir: "Mənzil Kommunal və İstismar İdarələri də vətəndaşlardan müəyyən ödənişlər alır (kanalizasiya, zibil və digər xidmətlər üçün pul). Bu da qanunidir".

"Sadəcə vətəndaşlarda sual yaranır ki, mən Mənzil Kommunal İstismar İdarəsinə pul ödədiyim halda, bələdiyyələrə niyə pul ödəməliyəm? Halbuki onların təyinatı ayrıdır və vətəndaş bu vergiləri ödəməlidir" — ekspert vurğulayıb.

"Yeni tikilən binalarda bələdiyyələrlə problem yaranır. Belə ki, bu tikililər dövlət reysterində qeydiyyata alınmayıb. Amma bələdiyyə işçiləri gəlib həmin binalarda yaşayanlardan vergi tələb edirlər. Bu da doğru deyil. Yeni qanunla bələdiyyələr də biləcək ki, kimdən vergi tələb edə bilər" — deyə Elyar Həsənov əlavə edib.

9380
Teqlər:
hüquqşünas, ödəmə, vətəndaş, əmlak, rüsum, bələdiyyə, vergi, torpaq
Əlaqədar
Nabran bələdiyyəsinin sədri cərimələndi: Turizm bölgəsindəki zibillərə görə
Paytaxtda bələdiyyə sədri sərt cəzalandırılıb
Bələdiyyə torpaqlarının alqı-satqı qaydaları dəyişdi
Nazirlik bələdiyyə sədrini cərimələdi
Azərbaycanda bələdiyyə sədri cərimə edildi