İnam İnşaat 555 şirkətinin tikdiyi ev

Binəqədidə qalmaqal yaşanır: Tikinti şirkəti "haqlıyam" deyir, sakinlər isə ittiham edir

9952
(Yenilənib 18:01 22.10.2018)
Sakinlər deyirlər ki, evləri yaşamaq üçün yararsız vəziyyətə düşüb

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Binəqədi rayonu Faiq Rüstəmov küçəsinin bir qrup sakini yollarının "İnam İnşaat 555" tikinti şirkəti tərəfindən bağlanmasına etiraz edir.

Sakinlər iddia edirlər ki, adıçəkilən şirkəti tikinti qaydalarını pozaraq, onların həyatını təhlükə altına alır. Onlar bu barədə aidiyyatı qurumlara məlumat verdiklərini də bildirirlər: "Bütün qurumlara şikayət etmişik. Binanın inşa edən şəxslərdən biri olan Nazim adlı şəxs bizə dedi ki, "hara istəyirsiz, şikayət edin, 15 il həbs yataram, amma sizin sözünüzü saymayacam". Dünən Binəqədi İcra Hakimiyyətinin nümayəndəsi gəlib işi dayandırdı. O gedən kimi işi yenidən başladılar".

Şikayətçi sakinlər
© Sputnik / Irade CELIL
Şikayətçi sakinlər

Faiq Rüstəmov küçəsinin sakinin Yusif Mehrəliyevə isə daha çox zərər dəyib. Belə ki, şirkət ona məxsus fərdi evi demək olar ki, yarasız hala salıb. Şirkət tərəfindən qazılan bünövrə Mehrəliyevin evinin divarlarını uçmaq təhlükəsi ilə qarşı-qarşıya qoyub.

Y.Mehrəliyevin sözlərinə görə, evi yaşamaq üçün təhlükəli vəziyyətə düşüb: "Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evə baxış keçirmişdi. Bizə bildirdilər ki, “köçün, burada yaşamaq təhlükəlidir, evin divarları hər an uça bilər”. Amma biz evimizi qoyub hara gedə bilərik ki?"

İnam İnşaat 555 şirkəti
© Sputnik / Irade CELIL
"İnam İnşaat 555" şirkəti

Şikayətçi Tahir Dadıyev isə bildirir ki, əgər ərazidə yeni 16 mərtəbəli bina tikilsə, onların evləri və həyatları təhlükə qarşısında qalacaq: "Maraqlısı budur ki, biz bu şəxslərə etirazımızı bildirəndə, deyirlər ki, "gedin, kimə istəyirsiniz, şikayət edin”. Yəni bizi saymırlar. Vəziyyət çox təhlükəlidir. Biz burada qorxa-qorxa yaşayırıq. Uşaqlarımız səs-küydən yata bilmir".

Binəqədi rayonu Faiq Rüstəmov küçəsindəki vəziyyət
© Sputnik / Irade CELIL
Binəqədi rayonu Faiq Rüstəmov küçəsindəki vəziyyət

Yaxınlıqda yaşayan Tural Qarazadə də qeyd edir ki, şirkət uzun müddətdir yaxınlıqda bina tikintisini davam etdirir. Tikinti zamanı bir neçə evə zərər dəyib. Ancaq şirkət buna əhəmiyyət vermir.

Sakin Ramil Məmmədli də ərazini sakinlər üçün təhlükəli hesab edir. Onu da qeyd edir ki,  tikinti şirkətinin bünövrə qazdığı ərazidən F.Rüstəmov küçəsinə gedən su boruları keçir. Hətta sakinlər onu da iddia edirlər ki, qazıntılar zamanı su boruları sıradan çıxıb, sonradan təmir edilib.

Şikayətçi sakinlər
© Sputnik / Irade CELIL
Şikayətçi sakinlər

"İnam İnşaat 555" MMC-dən isə Sputnik Azərbaycan-a bildirildi ki, şirkətin apardığı bütün tikinti işləri qanun çərçivəsində həyata keçirilir: "Yola keçmirik. Bizim tikinti yoldan ən az 3 metr aralıdır. Yol bizim deyil ki, biz bağlayaq. Əvvəldən çıxarışla torpağımız haradan olubsa, həmin yerdən sərhədimizi çəkmişik. İndi sakinlər düşünürlər ki, guya biz onların gələcəkdə yollarını bağlayacağıq".

Şirkətin əməkdaşından onu da öyrəndik ki, bünövrə qazılan yerdə 16 mərtəbəli bina tikiləcək: "Bütün qurumlardan icazəmiz var. Bu günə kimi heç bir təşkilat gəlib işimizi dayandırmayıb. Ola bilər ki, özümüz hansısa səbəbdən işi dayandıraq. Amma bütün gördüyümüz işlər qanun çərçivəsində olduğu üçün heç kim bizə müdaxilə etməyib. Gördüyümüz bütün işlər aidiyyatı qurumların icazəsi ilə həyata keçirilir". 

Qeyd edək ki, "İnam İnşaat 555" MMC şirkəti iki ildən çoxdur ki, Azadlıq prospekti 187 ünvanında tikinti işləri həyata keçirir. Ərazidə artıq yeni 16 mərtəbəli binanın tikintisinin son mərhələsi həyata keçirilir. Yeni qazılan bünövrə isə ikinci 16 mərtəbəli binaya aid olacaq.

Xatırladaq ki, bir neçə ay öncə Faiq Rüstəmov küçəsi 3q ünvanında yaşayan Mehrəliyevlər ailəsi də Sputnik Azərbaycan-a evlərinin tikinti şirkəti tərəfindən qəzalı vəziyyətə salınması ilə bağlı müraciət etmişdi.

9952
Teqlər:
"İnam İnşaat 555" tikinti şirkəti, Binəqədi rayonu, sakinlər, bina, qalmaqal
Əlaqədar
Yeni qərar tikinti sahəsindəki vəziyyəti kökündən dəyişəcək
Yüzdən artıq qanunsuz tikinti müəyyən edilib - RƏSMİ
Bakıda tikinti şirkətinin rəhbəri həbs edildi
Tikinti sektorunda çalışanlar üçün şad xəbər - RƏSMİ
Bakının 9 rayonunda tikinti işləri ilə bağlı tələblərə dəyişiklik edildi