İşıqfor

Şəhərin işıqforları ilə bağlı baş verir - BNA aydınlıq gətirdi

7014
(Yenilənib 19:03 17.10.2018)
Mais Ağayev: "Bu gün səhər saatlarında yalnız cəmi bir neçə işıqforun fəaliyyəti dayanıb"

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 17 oktyabr — Sputnik. Bakı yenidən tıxacda ilişib, amma bu dəfə yüngülcə yağış yağandan sonra. Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün səhər Bakıda bir neçə işıqfor dərhal sıradan çıxıb və nəticədə pik saatlarda paytaxtın yollarında tıxac daha da artıb.

Bakıda tıxac, arxiv şəkli
© Sputnik / Fuad Hasanov

Qeyd edək ki, bu mənzərə hər il payızın başlanğıcında müşahidə olunur. Azacıq yağıntı düşən kimi, yollarda nəqliyyatın sıxlığı yaranır. Nəqliyyat strukturlarının bu problemlərin üzərində işlədiklərinə dair çoxsaylı bəyanatlarına baxmayaraq, onlar azalmaq bilmir ki, bilmir.

Nəticədə, məsələn, təkcə oktyabrın 17-də paytaxtın Ziya Bünyadov prospekti istiqamətində avtomobil sahibləri tıxacda 1 saata yaxın vaxt itiriblər. Heç bir yeri suyun basmadığına baxmayaraq, yağışın islatdığı asfaltın üzəri palçıqla örtülüb. 

Bundan əlavə, şəhərin mərkəzinin şərq istiqamətdən girişində (Nobel prospektindən başlayaraq), Babək prospektində, həmçinin, Sumqayıt-Bakı magistral yolunda da böyük tıxaclar müşahidə olunub.

Sputnik Azərbaycan-ın əməkdaşı Bakı Nəqliyyat Agentliyinin (BTA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayevlə əlaqə yaradaraq yaranan problemin səbəbini soruşub. Nəqliyyat qurumunun nümayəndəsi bildirib ki, bu gün saat 11:00-dan etibarən paytaxt yollarındakı tıxac aradan qalxıb.

Onun sözlərinə görə, yollardakı müşahidə kameraları yüksək avtomobil sıxlığının müşahidə edildiyi yerləri qeydə alır. Bunlar "20 yanvar" metrostansiyasının ərazisi, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi, Rəşid Behbudov küçəsi istiqamətində "28 May" küçəsi ilə Azadlıq prospektinin kəsişməsi, ASAN Xidmət Mərkəzi istiqamətində akademik Həsən Əliyev küçəsi, Türkiyə səfirliyi istiqamətində Bakıxanov küçəsi, eləcə də Cavanşir avtomobil körpüsü və Üzeyir Hacıbəyov küçəsi boyunca olan ərazilərdir.

Ağayev bəyan edib ki, adəti üzrə hər səhər Bakı küçələrində ənənəvi tıxaclar müşahidə edilir. Pik saatlarda, xüsusilə də yağışlı günlərdə sürücülər ehtiyatla getməyə çalşıdıqlarından sürəti aşağı salırlar.

"Bundan əlavə, yağışlı günlərdə digər günlərdən fərqli olaraq çox adam başqa yerə şəxsi nəqliyyat vasitəsi ilə, yaxud da taksi ilə getməyə üstünlük verir. Adi günlərdə ictimai nəqliyyata, yaxud da piyada getməyə üstünlük verən insanlar, yağışlı günlərdə daha çox taksidən istifadə edirlər. Nəticədə də avtomobil yollarında sıxlıq artır" — deyə Ağayev bildirib.

İşləməyən işıqforlara gəlincə, BNA-nın nümayəndəsi bildirib ki, bu hal ilk dəfə bu səhər qeydə alınıb: "Hazırda paytaxtda 300-dək işıqfor mövcuddur. BNA-nın sisteminə onların bəzilərində texniki problemlərin yarandığı barədə məlumat daxil olub. Həmin işıqforlarda yaranmış problemlərin qısa zamanda aradan qaldırılması üçün texniki personal dərhal ora yönəldilib. Artıq demək olar ki, bütün işıqforların fəaliyyəti bərpa edilib".

İşıqforların niyə sıradan çıxmasına gəlincə, BNA nümayəndəsi deyib ki, bunun səbəbləri müxtəlifdir: "İşıqforlar adətən qısa qapanmalar, elektrik verilişində yaranmış problemlər və texniki nasazlıqla əlaqədar olaraq normal işləmir".

"Bu gün səhər saatlarında yalnız cəmi bir neçə işıqforun fəaliyyəti dayanıb. Yağışın yağması isə texniki nasazlıqlara rəvac verən çoxsaylı problemlərdən sadəcə biridir. Yağışın işıqforları sıradan çıxardığını demək doğru deyil" — deyə BNA nümayəndəsi əlavə edib.

Bütün bunlarla yanaşı, qarşıda paytaxt sakinlərini uzun yağmurlu payız-qış mövsümü gözləyir. Və ümid edək ki, Bakı sakinləri daha uzunmüddətli tıxaclarla üzləşməyəcəklər…

7014
Teqlər:
işıqfor, Sputnik Azərbaycan, Bakı, tıxac, yağış
Əlaqədar
Bakını tıxac bürüyüb
Bu avtomobil tıxacın qənimi olacaq
Bakıda intihar tıxacı: Şəhərin bir hissəsi kilidləndi
Bakı-Sumqayıt tıxacında inləmək azmış kimi əlavə cəza da kəsildi: Maaşlardan tutulsun!
Bakı-Sumqayıt yolundakı tıxaca görə operativ qərar verildi
Bakının ən problemli yolunda dəyişiklik edilir, tıxac olmayacaq