Cümşüd Əhmədov ata yadigarı olan Moskviç 403 avtomobili ilə

Tovuz sakini vəfat etmiş atasını "ölməyə" qoymur

16652
(Yenilənib 10:03 16.10.2018)
"Anam dedi, "o maşının üstünə hər əlimi çəkəndə, elə bilirəm, atan sağdır"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 16 oktyabr — Sputnik. Tovuz rayon sakini, 60 yaşlı Cümşüd Əhmədov ata yadigarı olan qədim avtomobili hələ də saxlayır. O, hər gün 1960-cı il istehsalı olan "Moskviç 403" markalı maşını silib-təmizləyir, göz bəbəyi kimi qoruyur.

C.Əhmədov onun üçün böyük anlamı olan bu maşının tarixçəsini, xatirələrini Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə bölüşüb. Onun dediyinə görə, atası bu avtomobili alanda, o, təxminən, 10-12 yaşlarında olarmış. Atası Cəbrayıl Əhmədov isə 1983-cü ildə vəfat edib.

Cümşüd Əhmədov ata yadigarı olan Moskviç 403 avtomobili ilə
© Sputnik / İlham Mustafa
Cümşüd Əhmədov ata yadigarı olan "Moskviç 403" avtomobili ilə

"Çox böyük uşaqlıq xatirələrim var bu avtomobillə bağlı. Maşın sürməyi də bununla öyrənmişəm. Ailədə 6 uşaq olmuşuq, bu maşının içində böyümüşük, bütün ailə üzvlərimiz, uşaqlar hamısı bu maşın vasitəsilə həkimə aparılıb, xeyir işləri edilib. Atam bizi bu maşının hesabına böyüdüb" — Əhmədov danışır.

Deyir ki, özünün indiyədək bir çox avtomobili olub, lakin ehtiyac olduqca onları satıb, doğmalaşmış "Moskviç"-i isə heç vaxt satmaq fikrində olmayıb. Ona görə də, imkan düşdükcə, gələcək üçün ehtiyat hissələri yığaraq saxlayıb.

Demək olar ki, "Moskviç"-in hər işini özü gördüyünü deyən Tovuz sakini hər gün iki saatdan artıq vaxtını ona qulluğa ayırır: "Silirəm, təmizliyirəm. Həssas hissələrinə baxıram, korroziya olub-olmadığını yoxlayıram. Hər hansı nasazlığı olarsa, onu düzəltməmiş qaraja salmıram".

"Ustalar çox vaxt yaxın durmur, yaxud da başı çıxmır. Ona görə hər işini özüm görürəm. Hazırda da avtomobildən mütəmadi istifadə edirəm, evin bütün ehtiyaclarının öhdəsindən onun köməkliyilə gəlirəm" — müsahibimiz bildirir.

Yaşı yarım əsri ötmüş Moskviç 403
© Sputnik / İlham Mustafa
Yaşı yarım əsri ötmüş "Moskviç 403"

58 ilin avtomobili olmasına baxmayaraq, C.Əhmədov "Moskviç"-lə heç bir qəza keçirməyib, hətta it-pişik belə, vurmayıb. Heç bir detalı dəyişdirilməyən "Moskviç-403"-ün indiyədək sadəcə mühərrikinin xırda hissələri yenilənib. Kiçik belə, çürüməsi olmayan avtomobil ilk və son dəfə düz 30 il bundan əvvəl rənglənib.

Cümşüd Əhmədovun qulluğu nəticəsində, ömrünün altıncı onilliyini başa vurmaqda olan avtomobil yaşından xeyli cavan görünür
© Sputnik / İlham Mustafa
Cümşüd Əhmədovun qulluğu nəticəsində, "ömrünün" altıncı onilliyini başa vurmaqda olan avtomobil yaşından xeyli "cavan" görünür

Bu avtomobil həmsöhbətimiz üçün bir maşından daha çox anlam daşıyır: "O vaxt ciddi ehtiyac yarandı, maşını satmaq istədim. Bir neçə müştəri gəlmişdi. Anam onda sağ idi, soruşdu ki, "nə məsələdir, adamlar nə üçün gəlir-gedir". Dedim, maşını istəyirlər. Dedi, "bala, mən əlimi hər dəfə bu maşının üstünə qoyanda elə bilirəm, atan sağdır, ölməyib"".

"Anamın bu sözlərindən sonra o hiss mənə də keçdi. Düşünürəm ki, bu maşın nə qədər var, atam da sağdır. Hər gün ona qulluq etdikcə, atama qulluq edən kimi hiss edirəm özümü" — C.Əhmədov vurğulayır.

O, nəvələrindən birinə atasının adını verib və həmin nəvəsi böyüdükdən sonra avtomobili ona həvalə etmək arzusundadır: "Oğul nəvəmə atamın adını qoymuşam. Baxıram, o da maşına həvəslidir. Böyüyəndən sonra maşını ona həvalə etmək istəyirəm. O da öz növbəsində həm maşını yaşatsın, həm də tarixçəni davam etdirsin".

16652
Teqlər:
"Moskviç 403", yadigar, Cümşüd Əhmədov, Tovuz rayonu, maşın, sakin, ailə, ata, avtomobil
Əlaqədar
Bərdə sakini "raykom hədiyyəsi"ni - ata yadigarını satmamaqda israrlıdır
Əsrlərin yadigarının bu günkü durumu necədir?
Dahinin yadigarı "söküntü bumu"nun ortasında qalıb: Onun aqibəti necə olacaq?
"Ögey ana"mızın yadigarına beləmi sahib çıxırıq - Kədərli mənzərə