Qaz ventili, arxiv şəkli

Qış gəlir, soyuqlar düşür, onların gözü isə hələ yoldadır

6219
(Yenilənib 17:10 14.10.2018)
İbrahim Kərbəlayev: "Sakinlər ya gözləməli, ya da öz vəsaitləri hesabına bunu çəkməlidilər"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 14 oktyabr — Sputnik. Payız-qış mövsümü yaxınlaşdıqca, evlərdə istilik problemi də üzə çıxır. Soyuqlar düşdükcə, qaz olmayan mənzillərdə yaşamaq çətinləşir. Belə olan halda, əhali evlərini təhlükəli vasitələr ilə qızdırmaq məcburiyyətində qalır.

Həm evini, həm də ailəsini təhlükəli vəziyyətə atmağa məcbur qalanların biri qismi Novxanı qəsəbəsinin Salatın Əsgərova küçəsində yaşayır. Onlar Sputnik Azərbaycan-a məktubla müraciət edərək problemlərini dilə gətiriblər:

"İllərdir bu ərazidə yaşayırıq. Evlərimizin bütün lazımı sənədlərlə, çıxarışla təmin olunmasına, yaxınlıqdakı evlərdə qaz xəttinin olmasına baxmayaraq, bizim evlərimizin qaz problemi öz həllini tapmır".

Məsələ ilə bağlı müraciət edən kənd sakini Əli Əhmədovun sözünə görə, ərazidə 40-dan çox ev var, 100-dən çox insan yaşayır, amma dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, müraciətləri cavabsız qalıb və qazla təmin olunmayıblar: "Biz 2016-cı ildə "Azəriqaz"a ərizə verdik. Dedilər ki, sizi qaz ilə təmin edəcəyik. "Azəriqaz"ın baş direktorunun əsas tikinti üzrə müavini Elman Abbasovdan bizə məktub gəldi. Məktubda yazılıb ki, Prezidentin fərmanına əsasən, 2018-ci ilədək mərhələli şəkildə qaz xətti evlərə çəkiləcək. Artıq 2018-ci ilin bitməyinə az qalıb. Yenə ərizə verdik ki, bəs bizim qazımız harada qaldı? Amma cavab yoxdur".

Sakin beş ildir burada ev tikib, yaşamağa başladığını da əlavə edib: "Evimizin də bütün lazımı sənədləri, çıxarışı var. Amma bu illər ərzində təbii qazımızın olmadığına görə qışda burada yaşamaq çox çətin olur. Təsəvvür edin, ölkənin paytaxtında odun sobası, "solyarka", qaz balonundan istifadə edirik. Odunu da tikintilərdən sınıq taxta və s. alıb istifadə edirik".

Artıq payızın gəldiyini və havaların nisbətən soyumağa başladığını deyən şikayətçi qışdakı vəziyyəti təsəvvür belə, etmək istəmədiyini deyib.

"Azəriqaz" İstehsalat Birliyinin (İB) İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayev deyib ki, məsələ ilə bağlı sakinlər yenidən müraciət etməlidirlər. Müraciət əsasında da qazlaşdırma müəyyənləşdiriləcək: "Novxanı qəsəbəsi demək olar ki, qazla təmin olunub. Amma həmin ərazidə əhalinin sayı durmadan artır, yeni fərdi yaşayış əraziləri tikilir və genişlənir. Ona görə də, hazırda həmin evlərin qazlaşdırılması vətəndaşların öz hesabına və xüsusi lizinq şirkətləri tərəfindən həyata keçirilir".

İ.Kərbəlayev qeyd edib ki, əhali "Azəriqaz" İstehsalat Birliyi tərəfindən qaz sayğacı ilə təmin edilir: "Buna görə də vətəndaşlar "ASAN kommunal"a ərizə ilə müraciət etməlidirlər, razılaşma protokolu ilə tanış olmalıdırlar. Daha sonra podratçı şirkət ilə müqavilə bağlayıb, vətəndaşların hesabına qaz çəkilə bilər. Əks halda, onlar gözləməlidirlər".

"Nə zaman dövlət proqramına uyğun olaraq vəsait ayrılsa, o zaman əraziyə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən qaz çəkiləcək. Sakinlər ya gözləməli, ya da öz vəsaitləri hesabına bunu çəkməlidirlər" — qurum səlahiyyətlisi əlavə edib.

6219
Teqlər:
İbrahim Kərbalayev, odun, qaz balonu, soba, qış, "Azəriqaz" İB, şikayət, soyuq, qaz, payız
Distant təhsil, arxiv şəkli

Onlayn dərslərdən yayınan müəllimlərə xəbərdarlıq

9
Yanvarın 11-dən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

BAKI, 15 yanvar — Sputnik. Onlayn dərslərə qoşula bilməyən müəllimlərin qeydiyyatı aparılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Pandemiya şəraitində tədrisin və imtahanların təşkili" mövzusunda vebinarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanov deyib.

O bildirib ki, həmin müəllimlərin müqavilələrinin uzadılması zamanı bu məsələ nəzərə alınacaq: "Biz bu faktlar üzrə qeydiyyat aparırıq. Seçkilər və qeydiyyatlar zamanı bu amil nəzərə alınacaq. Bəzi tələbələr də yaranmış vəziyyətdən sui-istifadə edirlər. Amma bu, ən çox onların kadr kimi yetişməsində özləri üçün problem yaradacaq".

Xatırladaq ki, yanvarın 11-dən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. İmtahan sessiyası 4 həftə davam edəcək.

9
Aida Mahmudovanın PASTPRESENTFUTURE sərgisi

Azərbaycanlı rəssamın ABŞ-da ikinci fərdi sərgisi açılıb

3
(Yenilənib 21:11 15.01.2021)
Fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

BAKI, 15 yanvar — Sputnik. Tanınmış azərbaycanlı rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

"Sapar Contemporary" inkubatoru varlığın fraqmentar təbiətini zamanla və landşaftda təhrif olunmuş xatirələr vasitəsilə tədqiq edən yeni "Aida Mahmudova: PASTPRESENTFUTURE" seriyasını təqdim edib. Qalereyanın Mərkəzi Asiya və Qafqazda fəaliyyət göstərən nüfuzlu qadın rəssamlara dəstək istiqamətində fasiləsiz səyləri çərçivəsində təşkil edilən "PASTPRESENTFUTURE" rəssamın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisidir.

Rəssam yeni əsərində yaradıcılıq prosesinin sırf emosional və instinktiv tərəfini önə çəkmək üçün xarici məhdudiyyətlərdən (ideoloji, siyasi və ya dini) kənarda mövcud olan əsərlər yaratmaq məqsədilə keçmişi, bu günü və gələcəyi vəhdət halında birləşdirir. Nəticədə birbaşa olaraq rəssamla rəsm texnikası arasındakı əlaqədən ilhamlanan və məfhumları çılpaq şəkildə göstərən güclü əsərlər yaradılır.

Ot və quru bitkilərdən istifadə edilərək və rəssamın impressionist toxunuşları nəticəsində ərsəyə gələn "Roots" (2020) kimi əsərlər rəssamın vətəni Azərbaycanda rast gəlinən landşaftın canlandırıcı detallarını üzə çıxarır. Yer kürəsinin səthi ilə bağlı reallıqlara baş vuran Aida Mahmudovanın təsvir etdiyi bu proses təbiəti xatirələri oyadan nostalji hissi ilə doldurur. Təbəqələrin yaradılması və ya onların bir-birindən ayrılması, habelə quru bitkilər, keramika, mis də daxil olmaqla müxtəlif materialların qarışdırılması prosesi rəssam üçün fiziki olaraq böyümə və emosional şəfa tapma məqsədilə edilən məşğələyə çevrilir.

Azərbaycanın paytaxtı Bakıda yaşayıb fəaliyyət göstərən Aida Mahmudovanın rəsm əsərləri onun seçdiyi materialların fiziki təbiəti və üstünlük verdiyi dünyəvi palitrası ilə ahəngdar şəkildə uzlaşır. Onun olduqca intuitiv xarakter daşıyan axtarışları xarici sədlərdən yan keçən sevgi, itki, yaddaş və istək kimi universal insan hisslərinin bütün spektri üzrə inkişaf etməyə davam edir. Rəssamın sözlərinə görə, "cəmiyyətin bir hissəsi olaraq, biz varlığın təbiətini, başqaları ilə qarşılıqlı münasibətlərimizi müəyyən dərəcədə məhdudlaşdırırıq və bununla da ibtidai ünsiyyət kanallarını itiririk. Mənim üçün incəsənətin heç bir sərhədi yoxdur - o, ünsiyyətin istənilən forması üçün açıqdır, yaradıcılıq prosesi isə insan tərəfindən yaradılmış və buna görə də olduqca kövrək olan fundamental prinsipləri bu və ya digər dərəcədə məhv edir".

3
Prezident İlham Əliyev Şuşada

İlham Əliyev: "Gəlin alın, görüm necə alırsınız?"

0
(Yenilənib 21:49 15.01.2021)
"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq?

BAKI, 15 yanvar — Sputnik. "Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Molla Pənah Vaqifin büstünün və məqbərəsi ziyarət edərkən bildirib.

"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik", - deyə İlham Əliyev qeyd edib.

0