Qaz sayğacı

"Azəriqaz" vətəndaşların üzərinə elə bir məsuliyyət qoyub ki, gəl "altından çıx"

17354
(Yenilənib 16:27 11.10.2018)
Və ya qaz sayğaclarının "başında dolaşan bəla"ya görə məsuliyyəti kim daşıyır?

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 11 oktyabr — Sputnik. Hər kəsə məlumdur ki, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən qaz sayğacları mənzillərdən, evlərdən kənarda, bloklarda və həyətlərdə quraşdırılır. Bu, həm vətəndaşların sayğaclara müdaxilə etməsinin qarşını almaq, həm də təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Həmçinin, "Azəriqaz" İstehsalat Birliyinin işçilərinin işini asanlaşdırır. "Azəriqaz"-ın işçiləri abunəçiləri narahat etmədən onların sayğaclarına nəzarət edə bilirlər.

Təəssüflər olsun ki, qaz sayğaclarının blokda və ya həyətdə yerləşdirilməsi çox vaxt vətəndaşa baha başa gəlir. Qaz sayğaclarına vətəndaşların müdaxiləsi olmadan zərər dəyir, cəriməsini isə abunəçi özü ödəməyə məcbur qalır.

Son zamanlar isə qaz sayğaclarının "başında" daha bir "bəla" dolaşır. Belə ki, sayğacların quraşdırıldığı qutular gecə saatlarında naməlum şəxslər tərəfindən oğurlanır. Zərbəsi isə yenə də abunəçiyə dəyir. Vətəndaş xəbəri olmadan oğurlanan sayğac qutusunun əvəzinə pul ödəyib, yenisini almağa məcbur edilir.

Sputnik Azərbaycan-a müraciət edən şikayətçilər də elə bu məsələyə etiraz edirlər. Onlar küçədə quraşdırılan sayğaca nəzarət edə bilmədiklərini, buna görə məsuliyyət daşımağın düzgün olmadığını bildirirlər.

Maraqlıdır, belə hadisə baş verdikdə, məsuliyyəti kim daşıyır? Həm abunəçiləri, həm də bizi maraqlandıran bu suala aidiyyatı şəxslərdən cavab almağa çalışdıq.

"Azəriqaz" İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayev bildirdi ki, idarə tərəfindən vətəndaşlara sayğac və qutusu pulsuz verilir: "Amma o sayğacların qorunması vətəndaşlara həvalə olunur. Abonent müdaxiləsi nəticəsində sayğacda hər hansı nasazlıq baş verəndə, sayğac vətəndaşın hesabına yenisi ilə əvəz olunur".

İB-nin sözçüsü qeyd edib ki, oğurlanmış sayğac qutularına görə isə, vətəndaş polisə müraciət etməlidir: "Abunəçi aidiyyatı rayon üzrə "Azəriqaz"ın idarəsinə müraciət edir, rüsumu ödəyir və həmin sayğaca yeni qutu quraşdırılır".

"Onu da qeyd edim ki, qaz sayğaclarına əlavə müdaxilə etmək olmaz və başqa qutu ilə əvəz etmək qəti qadağandır. Çünki qaz təhlükəlidir və standartdan kənar müdaxilələr yolverilməzdir. Əks halda vətəndaş cərimələnə bilər" — deyə "Azəriqaz" İB-nin sözçüsü əlavə edib.

Hüquqşünas Elyar Həsənovun fikrincə, sağlam məntiq və normal təfəkkürə əsaslanaraq demək olar ki, vətəndaşın evində və həyətində olmayan bir cihaza görə cavabdeh olmamalıdır: "Axı adam gecə saatlarında baş verən hər hansı hadisəyə necə cavabdeh olsun? Amma qurum müqavilədə istədiyini yazır və müştərini bu müqaviləyə qol çəkməyə məcbur edir".

"Müştərinin imza atmamaq kimi şansı yoxdur. İmza atmasa, qazsız qalacaq. Ona görə də qurum öz məsuliyyətini müştərinin üzərinə atmaq üçün əlində olan bütün fürsətlərdən istifadə edir" — hüquqşünas deyib.

E.Həsənov məsələnin qanuni tərəfini də izah edib: "Qanuni cəhətdən bu, doğru deyil, vətəndaş küçədə quraşdırılan cihaza görə cavabdehlik daşımamalıdır. Oğurluq və ya hansısa hal baş verəndə vətəndaş cihaza dəyən ziyanı ödəməməlidir".

17354
Teqlər:
"Azəriqaz" İstehsalat Birliyi, abunəçi, sayğac, vətəndaş, qaz
Əlaqədar
"Azərişıq" və "Azəriqaz" sakinlərə "sürpriz" yaşadıb
Vətəndaşlarla "Azəriqaz" arasında çəkişmə gedir
“Azəriqaz” “limit”lə bağlı açıqlama verdi
Qaz sayğacınızı "Azəriqaz"dan qoruyun, yoxsa məhkəməlik ola bilərsiz
"Azəriqaz" qaz kəsilmələrinə aydınlıq gətirdi

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

9
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

9