Smartfon

Vətəndaşların mobil operatorlardan yeni narazılığı meydana çıxıb

10955
(Yenilənib 15:23 09.10.2018)
"ASAN İmza" üçün nəzərdə tutulan nömrələr müştərilərə problem yaradır

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 9 oktyabr — Sputnik. Mobil operatorlar bir müddətdir ki, bəzi fərdi sahibkarlar üçün xoşagəlməz vəziyyət yaradır. Belə ki, onlar "Asan İmza" üçün mobil operatorlardan nömrə alır və məhz "ASAN İmza" kimi işlətmək məqsədi ilə illik balans vururlar. İl ərzində əziyyət çəkmədən istifadə etsinlər deyə.

Amma bir neçə aydan sonra həmin şəxs "ASAN İmza"dan istifadə zamanı çətinliklə üzləşir. Nəticədə nömrənin bağlı olduğunu öyrənir. Səbəb kimi isə nömrənin aktiv vaxtının bitməsi göstərilir. Yəni balansda 20 manat olduğu halda nömrə bağlanır və istifadəçidən balansı ən azı 1 manat məbləğində artırması tələb olunur.

Sputnik Azərbaycan-a yaranmış bu problemlə üzləşmiş bir neçə şəxs tərəfindən şikayətlər daxil olub. Onlar soruşurlar ki, "ASAN İmza" üçün lazım olan miqdarda pul yüklədikləri halda nəyə görə balanslarına əlavə pul vurmalıdırlar?

Şikayətçilərin bu iradı ilə bağlı "Azercell Telekom"-dan Sputnik Azərbaycan-ın sorğusuna belə cavab verilib: "Təsvir etdiyiniz halda məsələ ümumi nömrələrin istifadə qaydaları ilə bağlıdır. İstənilən nömrə ("ASAN İmza" xidməti olmasa belə) balansa müəyyən məbləğ yüklədikdə, xəttin müəyyən müddət aktiv qalmasını təmin edir. Xidmətdən asılı olaraq, nömrə istifadə edilmədikdən konkret müddət sonra nömrə deaktiv olunur. Bütün bu məqamlar abunəçi müqaviləsində öz əksini tapır".

Sorğumuzu "Baksell" şirkəti də cavablandırıb. Şirkətdən bildirilib ki, nömrələrin aktiv qalma müddəti yüklənilən vəsaitin məbləğindən asılı olaraq tənzimlənir: "Balansa yüklənmiş məbləğin istifadə müddəti bitdikdən sonra istifadəçilər nömrəni aktivləşdirmək üçün balansa istənilən məbləği yükləməlidir. 1 manata 5 gün, 20 manat və ondan yuxarı kontur yükləyəndə isə 150 gün nömrə aktiv olur".

İKT mütəxəssisi Vahid Qasımov məsələyə dair Sputnik Azərbaycan-a şərhində qeyd edib ki, istifadə etdiyimiz mobil operatorların hamısı kommersiya təşkilatlarıdır, buna görə də istədiklərini edə bilərlər: "Öncədən qaydalar müəyyən edilir və müqavilə bağlanır. Əgər müqavilədə bu hal qeyd edilibsə, onlar istədikləri kimi fəaliyyət göstərə bilərlər. Yox, əgər müqavilədə bu, yoxdursa, o zaman qanunsuzdur".

Ekspertin dediyinə görə, zaman çərçivəsində şərtlərin dəyişməsi anormal haldır: "Məsələn, qiymətlərin birdən bahalaşması. Digər şərtlər isə, məsələn, kartın bağlanması, ləğv edilməsini operator özü təyin edir. Bu, normal hal olmasa da, onların fəaliyyətinə möhtac qaldığımıza görə qoyduqları şərtlərə də riayət etməliyik".

"Əks halda, dövlət "ASAN İmza"nı reallaşdıracaq bir operator yaratmalı və onları nizamlamalıdır ki, belə xoşagəlməz hallar baş verməsin. İndiki halda istifadəçilər bu cür xoşagəlməz hadisələrlə üzləşməmək üçün aylıq və ya rüblük balanslarını yükləsələr, daha yaxşı olar" — deyə V.Qasımov vurğulayıb.

10955
Teqlər:
"Asan İmza" xidməti, balans, Sputnik Azərbaycan, nömrə, mobil operator, şikayət, pul, manat
Əlaqədar
Qiyməti kimin və niyə qaldırdığı bəlli deyil: Bu, artıq ASAN olmadı ki...
Mobil operatorların qiymət artırmasına cavab: "ASAN imza ləğv edilsin"
Bürokratik süründürməçiliyə son qoyulur - Yeni növ "ASAN xidmət"
 Prezident İlham Əliyev, arxiv şəkli

Prezident: Biz informasiya məkanında qələbə qazandıq

1
İlham Əliyev: "Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu".

BAKI, 25 noyabr — Sputnik. "Mən Prezident kimi bu illər ərzində əlimdən gələni edirdim ki, Dağlıq Qarabağ məsələsi daim gündəlikdə olsun, özü də daim gündəliyin mərkəzində olsun".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

"Həm ölkə daxilində vətənpərvərlik, milli qürur, həmrəylik hissləri daha da yüksək səviyyəyə qalxsın. Həm beynəlxalq müstəvidə daim bu məsələ gündəlikdə olsun. Hər kəs bilsin, həqiqət nədən ibarətdir, hər kəs bilsin, təcavüzkar kimdir, zərərçəkmiş tərəf kimdir və biz buna nail olduq. İndi dünyada hər kəs bunu bilir. Əgər Vətən müharibəsi dövründə xarici mətbuata diqqət yetirsək, görərik ki, əlbəttə, qərəzli, islamofob, anti-Azərbaycan, ermənipərəst məqalələr və reportajlar üstünlük təşkil edir. Ancaq, eyni zamanda, əvvəlki dövrdən fərqli olaraq bir çox obyektiv, həqiqəti əks etdirən reportajlar, məqalələr də dərc edildi. Deyə bilərəm ki, biz informasiya müharibəsində qələbə qazandıq. Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu", - deyə Prezident bildirib.

O qeyd edib ki, ilk günlərdən Qarabağ probleminin hərbi və siyasi yollarla həll edilməli olduğunu deyib:

"Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an dayandıra bilərik və buna hazırıq. Bir şərtlə, Paşinyan şəxsən özü deməlidir ki, nə vaxt o, bizim torpaqlarımızdan çıxır. Öhdəlik götürməlidir, tarix verməlidir. Deməlidir ki, nə vaxt bizim torpaqlarımızdan çıxır. Bu olan kimi, mən bizim hücum əməliyyatlarımızı dayandırıram".

"Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı. Hələ ki, bilmirəm harada. Bunu gizlədirlər. Yəqin ki, nə vaxtsa bizə deyəcəklər. Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını? Ancaq məcbur olub bizim şərtlərimizi qəbul edib. Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!", - deyə İlham Əliyev əlavə edib.

1
Bakıda parkomat, arxiv şəkli

Parklama probleminin həlli üçün Bakıya beynəlxalq şirkət dəvət edilib

3
BNA nümayəndəsi: Azərbaycana beynəlxalq məsləhətçi şirkət dəvət olunub və o, parklanma məsələlərini təhlil edir.

BAKI, 25 noyabr — Sputnik. Bakı şəhərində avtomobillərin parklanması ilə bağlı baş plan və tarif siyasəti hazırlanacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, bu plan ilk növbədə ictimaiyyətə təqdim olunacaq və daha sonra onun tətbiqinə başlanacaq:

"Hazırda bu istiqamətdə görülən işlər çərçivəsində beynəlxalq məsləhətçi şirkət dəvət olunub, hansı ki, parklanma məsələlərini təhlil edir. Təbii ki, parkanmanın idarə edilməsi ümumiyyətlə şəhər nəqliyyat infrastrukturunun ən vacib amilidir. Çünki bu, həm sahibkarların fəaliyyətinə təsir göstərir, həm də tıxaca təsir edir. Bu gün demək olar ki, Bakı şəhərində parklanma pulsuzdur və ona görə də tıxac problemi mövcuddur".

3
Teqlər:
pullu parklama, parklama, Bakı Nəliyyat Agentliyi, BNA