Nalbənd Şahin Yusifov

İnsanın ən etibarlı dostuna xidmət ya kişinin atı nallı olar

16261
(Yenilənib 10:15 08.10.2018)
Şahin Yusifov: "Texnika nə qədər inkişaf etsə də, ata ehtiyac həmişə olacaq"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 5 oktyabr — Sputnik. "At igidin dostudur" deyib atalarımız. Bədii ədəbiyyatda, folklorumuzda Azərbaycan atlarının təsvirinə tez-tez rast gəlirik. Şeyx Nizaminin "Xosrov və Şirin" poemasında Şirinin çox sevdiyi "Gülgün", Koroğlunun "Qırat"ı, Qaçaq Nəbinin xanımı Həcərin xilaskarı "Bozat" dillər əzbəri olub. Ta qədimlərdə at ən qiymətli hədiyyə hesab edilib. Keçən əsrin əvvəllərində Şuşa xanı Böyük Britaniya kraliçasına Qarabağ cinsindən olan "Zaman" adlı kəhər bağışlayıb.

İnsanın ən sədaqətli dostu olan atlara dünyanın hər yerində heykəllər qoyulur. Bu, əslində, insanın ata olan məhəbbətinin təzahürüdür. Texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə də ata ehtiyac duyulur.

Nalbənd Şahin Yusifov
© Sputnik / Shahperi Abbasova
Nalbənd Şahin Yusifov

Bu sədaqətli heyvanların isə ən yaxın dostları nalbəndlər hesab edilir. Hazırda unudulmaqda olan bu qədim peşəni qoruyub saxlamağa çalışanlar da var. Onlardan biri Qax rayonunun Əmbərçay kənd sakini Şahin Yusifovdur. İyirmi ildən artıqdır ki, nalbəndlik edən Ş.Yusifov sənətinin çətinlikləri haqqında Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışır.

Həmsöhbətimiz bildirib ki, atın nallanması vacib amillərdən biridir: "Qədimdə yaşlı insanlar deyərdilər ki, "kişinin atı nallı olar". Bu söz ona görə deyilirdi ki, at nallı olanda rahat hərəkət edir. Dağlarda daha rahat gəzir".

O, təkcə nalbəndliklə məşğul olmur, həm də atlar üçün yüyən, palan, noxta və yəhər hazırlayır. Qəhrəmanımız bu sənəti zərurət yarandığına görə öyrəndiyini deyir: "Özüm dabbaqçıyam (yəni heyvan dərisini aşılayıb onu istifadəyə yararlı hala gətirən şəxs – red.). Dabbaqçılığı Şəki sənətkarlarından, nalbəndliyi isə öz-özümə öyrənmişəm".

Usta nalbənd ilk təcrübəsini öz atında tətbiq edib: "Kəndimiz dağ kəndidir. Atlarımız nalsız hərəkət edə bilmirdi. Əvvəllər qonşu Qaşqaçay kəndinə aparırdıq nallatmaq üçün. O kənddə də bir nalbənd var idi. Bəzən gedirdik nalbəndi tapmırdıq, neçə kilometr yolu geri qayıtmalı olurduq. Düşündüm ki, nalbəndliyi mən də bacara bilərəm. Bir neçə nalbəndin işinə baxıb başladım özüm də bu işlə məşğul olmağa. İlk dəfə öz atımı nalladım. Sonra qonşuların, daha sonra isə bütün kəndin atlarını nallamağa başladım".

Atın nallanması
© Sputnik / Shahperi Abbasova
Atın nallanması

Qədim zamanlardan bu günümüzə gəlib çatan nalbəndlik sənətini yaşadanlar barmaqla sayılacaq qədər azdır. Müsahibimiz düşünür ki, bunun əsas səbəblərindən biri texnikanın sürətli inkişafı, kompüter, telefon və sairin həyatımızda ön plana keçməsidir: "Qədim peşələrə maraq azalıb. Çünki kompüter, texnika əsridir. Gəncləri başa düşürəm. Mənim oğlum da gəncdir, bu sahəyə marağı yoxdur. Mən onu məcbur edə bilmərəm ki, nalbənd ol. Amma qonşumuzun oğlu və kəndimizin bəzi cavanları bu sənəti öyrənmək, yaşatmaq istəyirlər. Texnika nə qədər inkişaf etsə də, ata ehtiyac həmişə olacaq".

© Sputnik / Shahperi Abbasova / Leyla Orucova
Ani bir səhv atı zədələyə bilər: Nalbəndlik sənətinin incəlikləri

"Ulu öndərimiz, sağlığında unudulmaqda olan peşələrin dirçəlməsi və inkişafı üçün sərəncam imzalamışdı. Bölgədəki mədəniyyət evlərinə bu peşələrin yenidən fəaliyyət göstərməsi üçün bəzi tapşırıqlar vermişdi. Bu, tariximizdir və unudulamamalıdır" — deyə nalbənd əlavə edir.

Ş.Yusifov payızda daha çox müştərisi olduğunu deyir: "Bölgəmizin əhalisinin əsas gəlir mənbəyi fındıq olduğundan həmin dövrdə mənim də müştərilərim bol olur. Bir də çobanların dağa çıxdığı vaxt müraciət edirlər. Qalan aylarda isə müştəri qıtlığı yaranır".

Həmsöhbətimiz nalbəndlik sənətinin çətinliklərindən də söz açır: "Nalı atın ayağına vurmaq yüksək ustalıq tələb edir. Mıxlama zamanı ani bir səhv atın ayağını zədələyə bilər və at yerimə qabiliyyətini itirər. Əgər mıx dırnağın mayasına dəyərsə, at uzun müddət axsayar".

O, ata nal vurarkən bəzi məqamlara diqqət etməyin vacib olduğunu vurğulayır: "Dədə-babadan deyirdilər ki, "Atı 3-ündə min, 4-ündə burax, 5-ində ya at, ya da sat. Yaxşı at olarsa, saxlayarsan, yaramazsa, satarsan". Atı tez, yəni 1-2 yaşında minəndə atın ayaqlarında alınma olur. Dağdan enəndə problem yaranır. Yaxşı olar ki, at 5 yaşına qədər minilməsin. 5 yaşından sonra nallamaq və minmək olar".

"Atı nallamaq, təqribən, yarım saat, 45 dəqiqə çəkə bilir. Bir nalın ömrü 2-3 ay davam edir. Yay aylarında atın dırnaqları uzanır. İndi vurduğumuz nalın yaza qədər ömrü var. Yay aylarında isə tez düşür. Çünki, üzərinə milçək qonanda at ayağını yerə vurur və nal xarab olur. Əsasən, səhər saatlarında nal vururuq. Çünki səhər saatlarında milçək az olur, atı nallamaq daha rahat olur" — müsahibimiz danışır.

Ustanın sözlərinə görə, dişi atlara nisbətən, erkək atlara nal vurmaq daha çətindir: "Minilməyən erkək "bay" atlara nal vurmaq çox çətindir. Onlara nal vurmaq həddən artıq zəhmət tələb edir. Onun nallanması çətin olduğundan sahibinə deyirik ki, atı əvvəldən çapsın, nallanmağa gələndə at yorğun olsun".

Şahin Yusifov hər il Novruz bayramı ərəfəsində kəndlərində at yarışları da təşkil edir. Bu da kişilik rəmzi sayılan atın unudulmamasına rəvac verir.

16261
Teqlər:
nalbənd, nal, Əmbərçay kəndi, Şahin Yusifov, at, Qax rayonu, sənətkar, peşə, usta
Əlaqədar
Bərdədə at kişini vurub ölümcül vəziyyətə saldı
At təpik atdı, kişini ölümcül vəziyyətə saldı
Şabranda at yarışında Yarışov qalib oldu
Kəsilmiş at başları aşkarlandı
Bakı metrosunda maska rejimi

Vəziyyət pisləşsə, tədbirlər sərtləşdiriləcək - Baş infeksionist

2
(Yenilənib 15:04 31.10.2020)
"Operativ Qərərgah tərəfindən epidemioloji situasiya nəzarətə götürülərək təhlil olunur və yoluxma dinamikasının daha da pisləşməsi baş verərsə, bu və ya digər adekvat qərarların qəbul olunması istisna olunmur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik.  "Hazırda fəaliyyətinə icazə verilmiş qeyri-ərzaq təyinatlı ticarət mərkəzlərinin bağlanması məsələsi də karantin dövründə sərtləşdirmə tədbirlərindən biridir".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov bildirib. O qeyd edib ki, onlayn satışın həcminin artması koronavirus pandemiyası dövründə təqdirəlayiq hal hesab olunmalıdır:

"Bu tip ticarət həmin müəssisələrdə əhali sıxlığının və təmasların azalmasına, dolayısı yolla yoluxmaların dinamikasına təsir göstərir. Hazırkı epidemioloji durumda Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən dövlət müəssisələrində ofislərdə çalışan işçilərin sayına məhdudiyyət qoyulub, bu özəl müəssisələr üçün də tövsiyə olunub, distant şəkildə işləməyə üstünlük verilir. Hazırda fəaliyyətinə icazə verilmiş qeyri-ərzaq təyinatlı ticarət mərkəzlərinin bağlanması məsələsi də karantin dövründə sərtləşdirmə tədbirlərindən biridir".

Baş infeksionist onu da əlavə edib ki, Operativ Qərərgah tərəfindən epidemioloji situasiya nəzarətə götürülərək təhlil olunur və yoluxma dinamikasının daha da pisləşməsi baş verərsə, bu və ya digər adekvat qərarların qəbul olunması istisna olunmur.

2
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
On rayon və şəhər sərt karantin rejimi zonasından çıxarılır
Qubada koronavirus xəstəsi yerlilərini təşvişə saldı
Vasif Əliyev: “Yenidən sərt karantin rejiminə keçilə bilər”
Koronavirus sağalır, fəsadları qalır
Azərbaycanda koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi
 Bıçaq əlində kişi, arxiv şəkil

Azyaşlı oğlunun gözü qarşısında arvadını qətlə yetirdi

10
Digah qəsəbə sakini 1985-ci il təvəllüdlü Əyyubova Sanara Möhübbət qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub

BAKI, 31 oktyabr — Sputnik. Oktyabrın 30-da saat 12 radələrində Abşeron rayonu, Digah qəsəbə sakini 1985-ci il təvəllüdlü Əyyubova Sanara Möhübbət qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1978-ci il təvəllüdlü Hüseynov Rafiq İman oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı azyaşlı oğlunun gözü qarşısında bıçaqla xəsarətlər yetirməklə Sanara Əyyubovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Rafiq Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

10
Teqlər:
bıçaq zərbəsi, bıçaqlanma, bıçaq, qətl hadisəsi, qətl, prokurorluq, Bakı
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncə şəhərində qəza baş vermiş əraziyə gəlib

Ermənistanın mülki əhalimizə qarşı terror aktları barədə hər kəs məlumatlandırılıb - FHN

0
Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror xarakterli təxribatları barədə tərəfdaş ölkələrin uyğun qurumları və beynəlxalq təşkilatları məlumatlandırıb.

BAKI, 31 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror xarakterli təxribatları barədə tərəfdaş ölkələrin uyğun qurumları və beynəlxalq təşkilatları məlumatlandırıb.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, 30-a yaxın ölkənin fövqəladə hallarla mübarizə üzrə məsul dövlət qurumları və 20-yə yaxın nüfuzlu beynəlxalq təşkilata, o cümlədən Birləşmiş Millətlər Təşkilatının uyğun qurumları (UN OCHA, UN DRR), Beynəlxalq Mülki Müdafiə Təşkilatı, NATO EADRCC (Avro Atlantik Fəlakətə Cavabın Əlaqələndirilməsi Mərkəzi), Avropa İttifaqının Avropa Mülki Müdafiəsi və Humanitar Yardım Əməliyyatları Baş İdarəsi, Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişi, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər aidiyyəti beynəlxalq strukturlara ünvanlanmış məktublarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər diqqətə çatdırılıb.

Məktublarda Ermənistan silahlı qüvvələri tərəfindən tarixi Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın işğal altında saxlanılması, işğal olunmuş bölgədən bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın işğaldan dərhal və qeyd-şərtsiz azad edilməsi tələbi barədə 4 qətnaməsinin hələ də kağız üzərində qalması qeyd olunub.

Ermənistanın terrorçu xislətli hərbi-siyasi rəhbərliyinin qərarı ilə Ermənistan silahlı qüvvələrinin bu ilin 27 sentyabr tarixində Azərbaycanın mülki əhalisini və hərbi obyektləri hədəf alaraq hərbi təxribata əl atması və buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən əks-həmlə əməliyyatına başlanılması, bu əməliyyatın yalnız Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən birmənalı tanınmış torpaqlarında aparılması diqqətə çatdırılıb.

Bildirilib ki, Ermənistan dövlətinin ənənəvi terrorçu davranışlarına uyğun olaraq, Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, çoxsaylı sakinlərin həlak olmasına səbəb olur. Bu çərçivədə, xüsusilə razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini kobudcasına pozaraq döyüş bölgəsindən kənarda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Ağcabədi və digər şəhər və kəndlərinin mütəmadi olaraq ağır artilleriya və raket atəşlərinə məruz qalması, nəticədə çoxsaylı mülki şəxslərin ölümü və ciddi dağıntıların baş verməsi qəti şəkildə pislənilir, bu terrorçu addımlara dərhal son verilməsi üçün dünya birliyinin Ermənistanın hərbi-siyasi rəhbərliyinə ciddi təzyiqlər göstərməsinin vacibliyi vurğulanır.

Qeyd edək ki, məktublara Ermənistan dövlətinin terrorçu xislətini sübut edən foto və videomateriallar, habelə ingilis dilində broşür əlavə olunub.

0