Plastik tullantılar üçün qab

Onların qapıdan qovduğu böyük təhdid bizim evin içərisindədir SOS

8242
(Yenilənib 16:46 03.10.2018)
Təxminən, 300 ildən sonra torpağa qarışan bu tullantılar həll olunub itənədək ekologiyamız, sağlamlığımız üçün ciddi təhlükə yaradır

Nübar Məmmədova, Sputnik Azərbaycan

BAKI, 3 oktyabr — Sputnik. Günümüzdə bir çox qida məhsulları plastik qablarda alıcıya təklif olunur. Plastik materialdan hazırlanan qabların həyatımız üçün ciddi təhlükə mənbəyinə çevrilməsi isə sirr deyil. Dünyaca məşhur "Forbes" dərgisinin hesabatına görə, istehlakçılar tərəfindən hər dəqiqədə 1 milyondan artıq bu cür qabda satılan içməli su alınır. Təbii ki, həmin qabların əksəri də təbiətə atılır.

Təxminən, 300 ildən sonra torpağa qarışan bu tullantılar həll olunub itənədək ekologiyamız, sağlamlığımız üçün ciddi təhdid yaradır. Təbiətə atılan bu cür tullantılar sırasında plastik su qabları və sellofanlar üstünlük təşkil edir.

Londonda Temza çayının sahilinə atılmış plastik butılkalar. 19 sentyabr 2018-ci il
© AP Photo / Matt Dunham
Londonda Temza çayının sahilinə atılmış plastik butılkalar. 19 sentyabr 2018-ci il

Təbiətin, ekologiyanın zibillənməsinin qarşısını almaq, əhalinin sağlamlığını qorumaq üçün bu gün bir çox ölkələr tərəfindən artıq həyəcan təbili çalınıb. Bəzi ölkələr belə qabların istehsalını qadağan etdiyi halda, digər ölkələr plastik tullantıları təkrar emal edərək ondan yeni qazanclar əldə etməyə və ölkə iqtisadiyyatına müsbət töhfələr verməyə başlayıb.

Ölkələrin büdcəsində əsas xərclərdən biri də yolların çəkilməsinə sərf olunur. Lakin bir çox hallarda çəkilən asfalt örtüyünün keyfiyyətsizliyi ekspertləri daha alternativ yollar axtarmağa, bu haqda düşünməyə vadar edir.

Beləliklə, bu gün bəzi ölkələr plastik tullantıları emal etdikdən sonra əldə edilən qırıntılarla ən keyfiyyətli yolları döşəyib. Artıq bu təcrübə dünyada özünü doğruldub.

Plastik tullantılar
© AP Photo / Matt Dunham
Plastik tullantılar

Bundan başqa, digər ölkələrin, eləcə də Türkiyənin təcrübəsində bu qırıntılardan lif və ipliyin əldə edilməsində də istifadə edilir. Türkiyədə fəaliyyət göstərən belə firmalardan biri xaricdən aldığı plastik su qablarını emal edərək ondan iplik, lif hazırlayır. 35 ölkəyə məhsul ixrac edən firma bu il üçün 25 milyon dollarlıq, 2019-cu il üçün 40 milyon dollarlıq gəlir götürməyi hədəfləyib. 2019-cu il üçün hədəf aylıq 6 min ton ixracatın qarşılığında 40 milyon dollar qazanmaqdır. Belə firmalar aylıq olaraq 500 ton lif əldə etdiyini açıqlayır.

Bundan başqa, qonşu ölkədə istixanaların yaradılmasında da bu qablardan istifadə olunur. 3000 plastik su qabı ilə gözəl istixana qurmaq mümkündür.

Onu da qeyd edək ki, dünya markası olan NİKE yeni formalarını plastik qabların təkrar emal ilə əldə edilən xammaldan istehsal edir. NİKE 2010-cu ildən etibarən məhsullarını istehsal etmək üçün 115 milyon plastik su qabından yararlanıb. Hər forma üçün, təxminən 13 plastik su qabının olması kifayətdir.

Norveç təcrübəsi

Norveç təcrübəsi isə tam detallı və əhatəli hesab edilir. Plastik qabların yenidən istehsala qaytarılmasına görə Norveç təcrübəsi dünyada seçilir. Norveçdə yaradılan sistem sayəsində 1 ildə atılan plastik qabların 97 faizini yenidən istehsala geri qaytarmaq mümkün olub. Təkcə 2016-cı ildə 600 milyon plastik su qabı (97 faiz) yenidən istehsala qaytarılıb.

Maraqlıdır, Norveç bu göstəriciyə necə nail ola bilib? Bu ölkədə plastik qablar zibilliyə atılmasın deyə içməli su alarkən mütləq qablaşmaya görə də ayrıca ödəniş etməli olursunuz. Yəni, məhsulu alarkən su üçün ayrıca, onun qablaşması üçün ayrıca ödəniş edirsiniz. Qabın üzərinə vurulan nişanda isə qeyd olunur ki, plastik qabı geri qaytardıqda onun üçün ayrılıqda ödədiyi vəsaiti geri almış olur.

Norveçin Fetsund şəhərində yerləşən Infinitum adlı plastik qabların təkrar emalı zavodu
Norveçin Fetsund şəhərində yerləşən "Infinitum" adlı plastik qabların təkrar emalı zavodu

Belə olan halda istehlakçı pulunu çölə, zibilliyə atmaqdansa, onu mağazaya geri qaytararaq ödədiyi məbləği yenidən cibinə qoymağa üstünlük verir. Norveç təcrübəsinə görə bu məbləğ elə istehsalçı firmalar tərəfindən geri qaytarılır. Buna görə isə dövlət həmin şirkətləri verginin bir hissəsindən azad edir.

Norveçdən fərqli olaraq digər ölkələrdə vəziyyət o qədər də qənaətbəxş deyil. BMT tərəfindən açıqlanan hesabatlarda qeyd olunur ki, bu cür qabların yalnız bir hissəsi təkrar emala verilir. ABŞ-da hər il satılan 50 milyard plastik qablaşmanın, təxminən 40 faizi, yəni hər 5 qabdan 3-ü yenidən istehsala qayıdır.

Bir çox ölkələr artıq cəza tədbirləri görməyə başlayıb. Məsələn, Keniyada qəbul olunan qərara görə plastik su və digər qabları, torbaları istehsal edən, alan və satan şəxsləri 38 min dollar məbləğində cərimə və ya 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Təbliğat

Hər işdə olduğu kimi, burada da təbliğat mühüm rol oynayır. Avstraliyada bu missiyanı həyata keçirən "take3.org" saytı "Suyun dərinliyinə vardıqda ən azı 3 plastik tullantı çıxarın" aksiyasına start verib. "Bunu etməsək, 2050-ci ilədək okeanlarda balıqlardan daha çox plastik tullantılar olacaq" şüarı isə onlar üçün əsas deviz seçilib.

ABŞ-ın Nyu Cersi ştatında yerləşən Point Pleasant çimərliyində tullantılar. 12 aprel 2018-ci il
© AP Photo / Wayne Parry
ABŞ-ın Nyu Cersi ştatında yerləşən Point Pleasant çimərliyində tullantılar. 12 aprel 2018-ci il

2009-cu ildə əsası qoyulan "Take3.org" təşkilatı qeyri-kommersiya məqsədlidir. 129 ölkədə nümayəndəsi olan bu təşkilat göstərdiyi xidmətə görə 50 min dollarlıq mükafata da layiq görülüb.

Azərbaycan

Dünyada ilk dəfə 1947-ci ildə kommersiya məqsədi ilə içməli sular üçün istehsal edilən kiçik ölçülü bu qablar bugünkü reallıqda Azərbaycan üçün ekoloji bəlaya çevrilib. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən (DSK) Sputnik Azərbaycan-a verilən məlumata görə, təkcə ötən ildə Azərbaycanda 4.310.9 ton plastik material istehsal olub ki, onun da 199.1 tonunu mətbəx və yemək qabları olub.

Plastik qablar
© Photo : Nübar Məmmədova
Plastik qablar

Digər qruplara daxil olmayan plastik məhsullar 411.1 tondur. Bu ilin ilk 7 ayında isə 997.9 ton plastik məhsul istehsal olub ki, onların da 128,1 tonu mətbəx və yemək qabları olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf mühit siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsinin sektor müdiri Mehman Nəbiyev Sputnik Azərbaycan-a açıqlamasında plastik tullantıların yenidən emalı prosesində əhalinin yaxından iştirakının təmin ediməsinin vacibliyini vurğulayıb: "Məqsədimiz budur ki, həmin tullantılar təbiətdə atılıb qalmasın, ətraf mühitə, biomüxtəlifliyə ziyan vurmasın və təkrar emal müəssisələrinə yönləndirilsin".

M.Nəbiyevin sözlərinə görə, bu plastiklər emal olunduqdan sonra yenidən plastik su qabları kimi istifadə olunmur: "Nazirliyin təşəbbüsündə hələ ki, yalnız "AzeEkol" MMC iştirak edir. Lakin bu sahədə ixtisaslaşmış digər təkrar emal müəssisələri ilə də əməkdaşlıq etməyə hazırıq".

Sektor müdiri konteynerlərin sayı haqda da məlumat verib: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində ümumilikdə 21 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 41 konteyner yerləşdirilib".

Başıaşağı piramida

IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin icraçı direktoru Surxay Şükürovun isə Sputnik Azərbaycan-a dediyinə görə, təbiətə atılan plastiklər zamanla qidamızı, suyumuzu çirkləndirdiyi üçün onların istifadəsinin azaldılması müzakirə predmeti olmalıdır: "Artıq bir müddətdir ki, plastik "truboçka"lardan imtina etmək trendi yayılıb. İlk növbədə istifadəni azaltmaq, ikinci növbədə isə təkrar istehsalı həyata keçirmək lazımdır".

Plastik borucuq — truboçka
© Sputnik / Anar Mustafayev
Plastik borucuq — "truboçka"

S.Şükürov bildirib ki, hazırda Azərbaycanda bu piramida başıaşağıdır: "İstifadəni azaltma ehtimalı sıfıra bərabərdir. Bəzən görürsən ki, kimsə axan sudan içmir ki, mikrob olar, əvəzində plastik qablarda saxlanılan sulardan alır. Əslində isə su belə qablarda qaldıqca tərkibində mikrob yaranır".

Topla, qazan

Sputnik Azərbaycan-ın həmsöhbəti Bəylər Məmmədbəyli irihəcmli su qablarını istehlakçılardan toplayaraq qarşılığında 3-5 manat ödədiyini deyir. Daha sonra isə həmin qabları mineral sularla doldurub 9 manata satır.

"9 manata satdığımız 20 litrlik bu qabları geri topladıqda itkimiz olur. Ay ərzində satılan 400 qabdan yalnız 150-200 ədədini geri qaytara bilirik. Yığılan qabları dezinfeksiya etdikdən sonra yenidən müştərilərə satırıq. Dezinfeksiya olunmaq üçün həmin qablar osmas aparatından keçirilir, filterizasiya olunur, kömür və yağ filtirindən keçirilir, daha sonra minerallaşdırılaraq evlərə paylanılır" – Məmmədbəyli danışır.

Bu qabları zibillikdən yığaraq pul qazananlar da var. Həmsöhbətimiz Elman Ağayev kimsəsizdir. 1997-ci il təvəllüdlü Elman Ağayev artıq 15 ildir ki, plastik qab tullantılarını yığmaqla məşğuldur. Ata-anası onu atdığı üçün ağlı kəsəndən — 6 yaşından Bakıya gələrək bu yolla pul qazanmağa başlayıb.

Plastik su bidonları
© Sputnik / Anar Mustafayev
Plastik su bidonları

"Günə 30 manat qazanıram ki, onun da 5 manatını internet klubda gecələməyə verirəm. Digər plastik tullantılardan fərqli olaraq içməli su qablarında pul yoxdur. Əsasən digər plastmaslar və sellofanlardan pul qazanıram" – o deyir.

Elman yığdığı bu tullantıları konkret zavodlara təhvil verərək qarşılığında pulunu alır: "Elə olur ki, gecədən səhərədək addım-addım gəzib bu tullantıları yığıram. Bizim üçün səhər, axşam fərq etmir. 24 saat da işləyə bilərəm. Sənət, oxuma-yazma bilməyən insan üçün bu iş sərfəlidir. Gördüyünüz plastik materiallı bu "şnur"lardan (elektrik naqillərini göstərir – müəll.) da pul qazanıram".

Orada boş su qablarına niyə rast gəlinmir?

Bəs Avropanın bəzi ölkələrində küçələrdə niyə boş su qablarına rast gəlmək mümkün deyil? Bu sual yəqin ki, sizi də düşündürür.

Evlərin içi sadə, çölü gül-çiçəkli, xoş qoxulu olan Almaniyada Azərbaycandan fərqli olaraq zibil qutularının ağzı bağlıdır. Bu ölkədə bələdiyyə tərəfindən ərazilərə pulsuz olaraq poliqonlar yerləşdirilir və onların tapşırığı ilə zibillərin çeşidlənməsi üçün sakinlər zibil qutularının qapaq rənglərini fərqləndirirlər.

Almaniyanın Königsvinter şəhərində yaşayan həmkarımız Fərahim İlqaroğlu Sputnik Azərbaycan-a yaşadığı ölkənin təcrübəsindən danışır: "Zibillərin çeşidi poliqonların qapaq rənginə görə fərqlənir. Plastik tullantılar sarı qapaqlı poliqonlara atılır. Almaniyada bütün içkilərin üzərinə vurulan nişanda qeyd olunur ki, "siz bu qablaşmanı qaytarsanız, 15-25 sent geri ala biləcəksiniz".

Almaniyada Alba məişət tullantılarının təkrar emalı zavodunun həyətində plastik bağlamalar
© AFP 2018 / JOHANNES EISELE
Almaniyada "Alba" məişət tullantılarının təkrar emalı zavodunun həyətində plastik bağlamalar

Onun sözlərinə görə, Almaniyada zibillərin çeşidlənməsi təkrar emal müəssisələrinin işini asanlaşdırmaqla bir çox şəxslərin rahat pul qazanmasına səbəb olur: "Azərbaycanda olduğu kimi, iylənmiş meyvə-tərəvəz və digər tullantıları ələk-vələk edərək, iyrənc qoxu udaraq plastik qab axtarmağa ehtiyac qalmır".

Xammalı xaricə satan Almaniyada məhsulun təkrar emala verilməsi qiymətlərin aşağı düşməsinə səbəb olur. Bu haqda danışan F.İlqaroğlu bildirir ki, bütün bu amillər Almaniyada yerli məhsulların istehsalına və qiymətinə müsbət təsir edir: "Bu səbəbdən Almaniyada içkilər çox ucuzdur. Şirkət plastik qab sifariş verməkdənsə, özü onu istehlakdan sonra təkrar əldə edir. Beləcə məhsul sahibkara 2 deyil, 1 avroya başa gəlmiş olur".

Plastikdən tam imtina mümkün deyil, amma…

Dünya təcrübəsinə söykənsək, hansı yolun Azərbaycan üçün daha münasib olduğunu deyə bilərik: plastik qablardan tamamilə imtina etmək, yoxsa bu tullantıları təkrar emal etmək?

Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında Norveç praktikasının tətbiqinin daha məqsədəuyğun olduğunu deyir: "Norveç təcrübəsini tətbiq etmək daha məqsədəuyğundur. Əldə olunan xammaldan başqa sahələrdə istifadə etmək olar. Bunun üçün stimullaşma olmalıdır. Lakin bu cür qabların satışına tamamilə qadağa qoymaq düzgün deyil".

Kerval çeşidləmə mərkəzində çeşidlənmiş plastik tullantılar. Plufraqan bələdiyyəsi, Fransa. 21 avqust 2018-ci il
© AFP 2018 / LOIC VENANCE
"Kerval" çeşidləmə mərkəzində çeşidlənmiş plastik tullantılar. Plufraqan bələdiyyəsi, Fransa. 21 avqust 2018-ci il

İqtisadçı Natiq Cəfərli isə bildirir ki, bu cür şirkətlərin aylıq dövriyyəsi ümumilikdə 500 min dollar olur: "Bu cür şirkətlərin 20 litrlik suların plastik qablarda satışından aylıq dövriyyələri 30-35 min dollardan artıq olur. 2 litr yarımadək olan plastik su qabları ilə birgə dövriyyə isə yarım milyon dolları keçir".

İqtisadçının sözlərinə görə, güzəştlər tətbiq olunsa, təkrar istehsaldan kifayət qədər qazanc götürmək mümkün olar: "Təkrar emal birinci istehsaldan daha ucuz başa gəlir. Bunun üçün Azərbaycanda imkanlar da var. Düşünürəm ki, həm xarici, həm də yerli şirkətlər bu işdə maraqlı ola bilər".

Və nəticə

Avstraliyanın "take3.org" saytının Müştəri Xidmətləri koordinatoru Madelen Bell Sputnik Azərbaycan-ın sorğuya cavab olaraq, illik plastik tullantıların yığılması ilə bağlı konkret statistikanın olmadığı bildirib. Bununla belə, qeyd edib ki, hazırda dünyada 1 dəqiqədə, təxminən 1 milyon ədədddən artıq belə su qabı alınır.

Proqnozlara görə, 2021-ci ilədək plastik su qablarının istehlakının sayı yarım trilyon ədəddən artıq olacaq. "Euromonitor International" (Beynəlxalq Avropa Monitorinq) təşkilatının hesabatına görə isə, 2021-ci ilədək illik olaraq satılacaq plastik su qablarının sayı 583 milyard ədəd olacaq.

"Ellen MacArthur" Fondu tərəfindən aparılan araşdırmaya görə, hər il dəniz və okeanlara ümumilikdə 5-13 milyon ton plastik tullantı atılır. Hesabatlara görə, insanlar hər saniyədə 20 min ədəd plastik su qabı istehlak edirlər.

Plastik su qabı
© AFP 2018 / JOEL SAGET
Plastik su qabı

Nəticə olaraq onu qeyd edək ki, hələlik ölkəmizdə təşviq proqramı kimi "Fandamat"lar quraşdırılıb. Bəzi ölkələrdə həmin aparata plastik qab atmaqla gediş haqqı, yaxud da hansısa məbləğ əldə etmək mümkün olur. Artıq "Fandomat"lar Azərbaycana gətirilib. Azərbaycanda bu aparatlara boş plastik qab atmaqla mobil operator tərəfindən danışıq dəqiqəsi almaq mümkündür.

Müasir elm isə, ümumiyyətlə plastik qablaşmaların qidalar üçün ziyanlı olduğunu sübut edir. Ən təəssüfləndirici məqam isə, bu gün Çin və digər ölkələrdən gətirilən plastik məmulatların, əşyaların insanlar tərəfindən həvəslə alınmasıdır. Bu, gələcəyimiz üçün ciddi həyəcan siqnalı deməkdir…

8242
Teqlər:
təkrar emal, təkrar istehsal, təcrübə, plastik qablar, Norveç, istehlak, Sputnik Azərbaycan, material, dünya, su, təhdid, Avropa, Türkiyə, Azərbaycan, Almaniya, məhsul, təhlükə
Əlaqədar
Plastik qablar qadağan ediləcək
Dünyada ilk plastik pəncərə Azərbaycanda olub: sübut
Dünya plastik qablardan imtina edir, Azərbaycan isə bunda problem görmür