Seymur Mirzəyev

"Zəhramı məndən almayın" köhnə "Lada"da Qarabağ dərdini daşıyan insanın üsyanı

6100
(Yenilənib 19:57 29.09.2018)
Ağır müharibə, döyüş yoldaşlarım, uşaqlarım, itirdiklərim, ailəm, bir sözlə, bütün həyatım canlanır o ağlı-qaralı lentdə, vahimələnirəm...

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 29 sentyabr — Sputnik. "Yaşamaq demək mümkünsə, yaşayıram… Eynən tək ağac kimi. Bu ilim, demək olar ki, dəniz sahilində keçib, orada qalmışam çox vaxt. Təklik kişi üçün çox ağırdır. Sanki divarlar üstümə gəlir. Hər şey, yaşadıqlarım kino lenti kimi keçir gözlərimin qarşısından. Ağır müharibə, döyüş yoldaşlarım, uşaqlarım, itirdiklərim, ailəm, bir sözlə, bütün həyatım canlanır o ağlı-qaralı lentdə. Vahimələnirəm…"

Bu ağrılı, yanğılı sözləri budəfəki qəhrəmanımız Seymur Mirzəyev söyləyib. Həm də ağrıya-ağrıya, ürəyi yana-yana…

Onu ilk dəfə 175 saylı məktəbin yaxınlığında görmüşdüm. Köhnə "Lada"sının üzərinə vurduğu elan diqqətimi çəkmişdi. Qarabağ əlilləri və şəhid ailələrinə taksi sürücüsü kimi pulsuz xidmət göstərdiyini yazmışdı və telefon nömrəsini qeyd etmişdi. Elan diqqətimi necə çəkdisə, ona zəng edib, daha yaxından tanımağa qərar verdim. Öyrəndim ki, elə həmin məktəbdə ocaqçı işləyir.

Seymur Mirzəyevin avtomobilinin ön şüşəsindəki elan
© Sputnik / Irade CELIL
Seymur Mirzəyevin avtomobilinin ön şüşəsindəki elan

Söhbətimiz uzun, amma maraqlı oldu. Seymur Mirzəyev həyatından, yaşadığı çətinliklərdən, müharibə illərindən, yarım qalan ailə həyatından, itirdiyi övladından, tək ümidi olan nəvəsindən danışdı mənə. Mən də sizə danışmaq qərarına gəldim…

İnsanın həyatı hər zaman düz xətt boyunca davam etmir. Enişli-yoxuşlu, dolanbac həyat yolunun ağ üzünü də yaşayırsan, qara üzünü də. Yaşadığın müddətcə həyatın həm sevincini dadırsan, həm kədərini, həm xoşbəxtlik dolu günlərin istisinə qızınırsan, həm də bədbəxtlik sazağı iliklərinə kimi üşüdür. Ağrı-acılar, qəm-kədər nə qədər çox olsa belə, əyilmirsən, sınmırsan. İşıqlı günlərin ətəyindən tutub, qarşılaşdığın labirint dolanbacları dəf etməyə çalışırsan. 

Eynən Seymur Mirzəyev kimi… Yaşadıqlarına rəğmən, bu gün onun üzü yenə də gülür. İtirdiklərinin acısı qəlbini yandırsa da, şükür edir. Ümidləri əlindən tutub onu yaşamağa, xoşbəxt olmağa səsləyir.

Seymur Mirzəyev 1991-ci ildən 1997-ci ilə qədər hərbiçi olub, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Bu gün isə taksi sürücüsü kimi Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə təmənnasız xidmət göstərir. Deyir ki, Qarabağ müharibəsi əlillərini pulsuz gəzdirməsi öz həyatı ilə bağlıdır: "Müharibə yaşamayan adam onun nə olduğunu bilməz. Bu gün əlimdən gələn ancaq, Qarabağ müharibəsində sağlamlığını itirmiş şəxslərə xidmət etməkdir. Yaşadığım ağır, çətin günləri onların da yaşamasını istəmirəm".

Dediyinə görə, xidmət göstərdiyi şəxsin həqiqətən də Qarabağ veteranı olmasını dəqiqləşdirməkdə çətinlik çəkmir: "Vəsiqəsini tələb edib baxıram, sonra xidmət etdiyi hərbi hissəni, komandirini, döyüşlərdə olduğu əraziləri soruşuram. Söhbət edirəm, həm onları tanıyıram, həm də bu da bir təsəlli olur ki, o günləri görən, ağrısını yaşayan tək mən olmamışam".

Təəssüflər olsun ki, sağlamlığından Vətən uğrunda keçmiş həmvətənlərimizə təmənnasız xidmət göstərən taksi sürücüsünü aldatmaq istəyənlər də olur: "Aldatmaq istəyən də, sərxoş halda olan da minir avtomobilimə. Eləsi olub ki, vəsiqəsini göstərib, tək olduğunu bildirib, ancaq minəndə 4 nəfər olduqları məlum olub. Onları Xəzər yaşayış məntəqəsindən Lökbatana aparmışam. Yanındakılar mübahisə etmək istəyiblər, Qarabağ əlilinin əli əsalı olduğuna görə dinməmişəm".

Seymur Mirzəyev Şamaxıda dünyaya gəlsə də, bütün həyatı Bakıda keçib. Hazırda keçmiş "Sovetski" deyilən ərazidə yaşayır.

Dediyinə görə, həyat yoldaşı uzun müddətdir onu tərk edib, böyük oğlu ilə yaşayır. Tək təsəllisi isə nəvəsi — kiçik oğlunun qızı Zəhradır: "İndi də Zəhramı əlimdən almaq istəyirlər. Oğlum Vidadi dünyasını dəyişəndən 6 ay sonra gəlin atası evinə qayıtdı. Tez-tez gedib nəvəmi görürdüm, onunçün bazarlıq edirdim. İndi gəlinim Türkiyə vətəndaşı ilə ailə qurmağa hazırlaşır, istəyir ki, nəvəmi də özüylə aparsın. Amma mən buna razı deyiləm, Zəhra olmasa, yaşaya bilmərəm".

Seymur Mirzəyev
© Sputnik / Irade CELIL
Seymur Mirzəyev

Bir köhnə avtomobili, üstünə gələn 4 divarı, itirdiyi övladının yadigarı və bir də bir qucaq ümidi var müsahibimin. Deyir ki, bir tək nəvəsi üçün yaşayır. Nəvəsinin 4 yaşı olsa da, onun üçün bütün məktəb ləvazimatlarını belə, alıb. Elə bütün qazancını da balasının qoxusunu aldığı nəvəsinə xərcləyir.

Danışdıqca onun gözləri dolur, qəhər boğazında düyünlənir, ancaq yenə də özünü ələ alıb dərdini bizimlə bölüşür: "Elə vaxt olub ki, cibimdə qəpiyim də olmayıb, maşında yanacaq qurtarıb. Avtomobilin texniki pasportunu girov qoyub yanacaq almışam. Sonra işləyib, pul düzəldib gedib sənədimi götürmüşəm. Həm qaynaqçılığı, həm də kafel-metlax döşəməyi bacarıram".

Dünya təkcə pis insanlardan ibarət deyil, yaxşıları da çoxdur. Nə xoş ki, Seymur Mirzəyev də tez-tez yaxşı insanlarla qarşılaşır: "Bəzən polislərimiz mənə kömək edirlər. Bir neçə dəfə qayda pozmuşam, əlil qardaşımızı İmişliyə, Sabirabada, Şamaxıya, Ağsuya pulsuz aparanda. Sağ olsunlar, polislərimiz mənə yol göstəriblər, incitməyiblər".

S.Mirzəyevin avtomobilinin, düz 30 yaşı var: "Vaz 2109"-dur avtomobilim. Mühərrik həcmi 1,300-dür. Bu maşın məni dağa belə, çıxarıb. Yollarda bəzən digər sürücülər sovet maşınıdır deyə, sıxışdırırlar məni. Onlar da, adətən, bahalı maşın sürənlər olur. Avtomobilimə şəkil vurduğum üçün, yazı yazdığım üçün digər sürücülərin tənqidinə də tuş gəlirəm".

Qəhrəmanımız 1991-ci ilin noyabr ayında ön cəbhəyə göndərilib. O vaxt uşaqları da balaca imiş. 1997-ci ilin mart ayında Heydər Əliyevin fərmanına əsasən, yaşı çox olduğu üçün hərbidən geri çağırılıb: "Mən cəbhədə olanda ailəmin çox çətin günləri olub. Hətta əmək haqqımı belə, yoldaşıma vermirdilər. Çiynimdə silahla gəlib əmək haqqımı alıb vermişəm yoldaşıma. Həmin dövrlərdə Hacıbala Abutalıbov Suraxanı rayonunda icra başçısı idi. O, mənə, təxminən, min manat pul vermişdi ki, ailəm ac qalmasın".

Mirzəyevin avtomobilinin bu il 30 yaşı tamam olub
© Sputnik / Irade CELIL
Mirzəyevin avtomobilinin bu il 30 "yaşı" tamam olub

Müsahibimizin ağrılı-acılı günləri müharibədən qayıtdıqdan sonra da davam edib. Həyat heç vaxt üzünə gülməyib, ancaq yaşadıqlarına rəğmən, mətin olub: "2013-cü ildə kiçik oğlum Vidadi sevdiyi qızı qaçırdı, biz də toy etdik onlara. Bir il sonra bir qızı dünyaya gəldi. Uşaq doğum evində olanda oğlum mənə zəng etdi ki, "ata, muştuluğumu ver, baba olmusan". Çox sevinirdim, ancaq sevincim uzun çəkmədi. Elə həmin gün axşam oğlum avtomobil qəzasında dünyasını dəyişdi…"

"Xəstəxanada şüşədən qızını görüb, ordan gedib dostları ilə qızının dünyaya gəlişini qeyd ediblər. Evə qayıdanda taksi sürücüsü maşını yüksək sürətlə sürüb, Şəfa stadionun qarşısında qəza törədib. Oğlumun ciyəri dağılmışdı. Qızını, demək olar ki, heç görmədi…" – deyə, göz yaşlarına boğulan qəhrəmanımız danışır.

Ürəyində oğul dağı gəzdirən Seymur Mirzəyev deyir ki, bəzən sərnişinlərdən, həmçinin digər taksi sürücülərindən Qarabağ əlillərinə, şəhid ailələrinə qarşı gördüyü laqeydlik də onu məhv edir: "Eləsi var, deyir ki, "ölən ölüb, biz neyləyək, bizim üçün ölməyib ki". Deyirəm axı siz o ağır günləri yaşamamısız, görməmisiz, ona görə onların qədrini anlamazsız. Elələriylə qarşılaşanda əsəbləşirəm, sakitləşmək üçün dərman içirəm".

Təəssüf ki, Seymur Mirzəyevlə daha ətraflı danışa bilmədim. Maşınına əlindəki əsaya söykənərək çətinliklə addımlayan orta yaşlı bir kişi yaxınlaşdığına görə Seymur dayı mənimlə sağollaşıb işinin başına keçir.

Avtomobili gözdən itdikdən sonra isə bayaqdan bizi kənardan izləyən bir qadın iti addımlarla mənə sarı gəlir. Özünü təqdim edib, Sara Musayeva olduğunu və 175 saylı məktəbdə təsərrüfat işləri müdiri işlədiyini deyir. Bildirir ki, şəhid ailəsi olduğu üçün Seymur Mirzəyev daima onun da təmənnasız qulluğunda durur.

6100
Teqlər:
"Lada", dərd, şəhid ailələri, Qarabağ müharibəsi veteranı, oğul, taksi