BAKI, 20 sentyabr — Sputnik. Bakıətrafı qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar sabah gün ərzində Biləcəri, Binəqədi və Masazır qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Sputnik Azərbaycan-a “Azərsu” ASC-dən məlumat verilib.
Yaranacaq narahatlıqla əlaqədar qurum abonentlərdən üzr istəyir.
BAKI, 16 yanvar — Sputnik. “Xaricə səfər zamanı koronavirusa görə test tələbi hələlik mütləqdir. Ancaq peyvənd olunacaq şəxsin xarici ölkələrə səfəri zamanı test tələb olunub-olunmayacağı barədə hələlik qəti fikir söyləyə bilmərəm”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Ş.Mövsümovun sözlərinə görə, hələ ki bu məsələyə baxılmayıb: “Əslinə qalsa, bu proseslərlə bağlı suallara mərhələ-mərhələ cavab veriləcək. Əsas odur ki, vaksinasiyaya başlanılsın”.
BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, yanvarın 19-u axşamdan 21-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yanvarın 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə yanvarın 18-i gündüz qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi arabir 15-18, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.