Məktəb ləvazimatları

Şpris, tapança, bıçaq, bomba xəbərdarlığı - Övladlarınızı qoruyun

11372
(Yenilənib 16:12 19.09.2018)
Mağazalarda təhlükəli məktəbli ləvazimatları "peyda olub"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Məktəbli ləvazimatları şagird üçün əyləncə vəsaiti deyil. O, şagirdin əqli və fiziki inkişafında böyük rol oynayır. Onun psixologiyasının formalaşmasında, ətraf aləmə və insanlara, həmçinin özünə münasibətdə ciddi təsirə malikdir.

Təhsilinin ilk ilində qələmlər, karandaşlar, dəftər və albomlar, xətkeşlər uşağın davranışı, müşahidəsi, dinləməsi və əl hərəkətlərinin inkişafına kömək edir. Qələm və karandaşlar həm də rəngləri fərqləndirməyi, əşyaların formasını və materialını müəyyən etməyi, şagirdin nitqinin formalaşmasına kömək edir.

Bir sözlə, gələcəyimiz təhsildən, təhsilimiz isə bir çox vacib amillərlə yanaşı, həm də şagirdlərin istifadəsinə verilən avadanlıqların keyfiyyətindən və yaş xüsusiyyətinə, psixologiyasına uyğunluğundan asılıdır. Məhz buna görə də məktəbli ləvazimatlarını seçərkən mütləq uşağın inkişaf səviyyəsini və yaşını nəzərə almaq lazımdır.

Maraqlıdır, bugünkü valideynlər, həmçinin məktəbli ləvazimatlarının satışını həyata keçirən şəxslər bu xüsusiyyətləri nəzərə alırlarmı?

Etiraf edək ki, bu gün ölkəmizdə özəl sektor üçün geniş imkanlar yaradılıb. Hazırda mövsümü olduğu üçün məktəbli ləvazimatlarının satış məntəqələri çoxalıb. Təəssüflər olsun ki, bəzi mağazalarda uşaqların psixologiyasına ciddi zərər vura biləcək, milli dəyərlərimizə xələl gətirən məktəbli ləvazimatları da satılır.

Məsələn, şpris, avtomat, bıçaq, bomba formalı qələmlər, pozanlar, su qabları. Ancaq mənfəət, gəlir əldə etməyi düşünən həmin şəxslərin fəaliyyətinə və ümumiyyətlə məktəbli ləvazimatları satılan məntəqələrə isə nəzarət olunmur.

Mövcud reallığı Sputnik Azərbaycan-a şərh edən təhsil eksperti Kamran Əsədov deyir ki, ibtidai sinfə gedən şagirdə fərqli dizaynda qələmlər, dəftərlər, albomlar alınır: "Lakin bunların heç biri onun üçün faydalı ola bilmir, əksinə uşaqlara əngəl yaradır. Çünki şagirdlər fərqli formada olan qələmlərlə rahat yaza bilmirlər".

"Apardığım monitorinqlər göstərdi ki, məktəb ləvazimatları mağazalarında həddindən çox dizayn, forma və çeşiddə qələmlər, dəftərlər, xətkeşlər var. Müxtəlif formalı məktəb ləvazimatlarından şagirdlər dərs prosesində rahat istifadə edə bilmirlər. Həmin ləvazimatların çoxu evdə əlavə yer tutmaqdan başqa bir işə yaramır" — həmsöhbətimiz bildirir.

Ekspert hesab edir ki, şagird üçün alınmış hər bir ləvazimat individualdır və ona psixoloji və fizioloji fəsad yaratmamalıdır: "Məktəbli ləvazimatları məqsədli alınmalı, məktəblini əyləndirməli, dərsin gedişində ona mane olmamalı, dərslərində kömək etməlidir. Uşağı psixoloji yükləyən, mənəvi cəhətdən incidən ləvazimatlardan isə uzaq durmaq lazımdır".

Əsədovun fikrincə, məktəb direktorları dərs başlayandan sonra siniflərdə monitorinqlər aparmalı, şüura təsir göstərən dizaynda olan məktəb ləvazimatları yığışdırılmalıdır: "Azyaşlı məktəblilər üçün nəzərdə tutulmuş zərərli ləvazimatların satışını həyata keçirənlər cəmiyyətə qarşı ağır cinayət törədirlər. Əvvəlcə bu cinayətin qarşısını aidiyyatı qurumlar, sonra valideynlər və direktorlar almalıdırlar".

"Azyaşlı uşaqlar və məktəblilər üçün ləvazimatların satış məntəqələri müvafiq qurumlar tərəfindən yoxlanılmalı, mütəmadi olaraq monitorinqlər aparılmalıdır. Bu biabırçılığa yol verənlər cəzalandırılmalıdır" — K.Əsədov vurğulayır.

Psixoloq Fərqanə Mehmanqızı da qeyd edir ki, uşaqların ətrafında olan hər şey onların psixikasına, xarakterinə, davranışına, həyat tərzinə təsir göstərir: "Uşaqlar hər bir əşyadan, oyuncaqdan nəsə qavrayırlar. Məsələn, şpris formasında olan qələm uşağa nəyi aşılaya bilər? Uşaq bu əşyanı niyə sevməlidir?"

"Bir müddət əvvəl siqaret formasında konfetlər vardı. İndi gənclər deyir ki, "o vaxtlar siqaret konfetləri çox sevərdik, indi siqareti sevdiyimiz kimi". Hesab edirəm ki, şpris formasında olan qələmlər də uşaqlara narkomaniyanı sevdirə bilər" — deyir Mehmanqızı.

Psixoloqun fikrincə, silah, şpris və s. formada olan məktəb ləvazimatları həmin təhlükəli alətlərin uşaqlar üçün adiləşməsi ilə nəticələnir: "Bunun qarşısı alınmazsa, kütləviləşsə, uşaqlarımızın gələcəyi sual altında qalacaq".

Problemlə əlaqədar müraciət etdiyimiz Təhsil Nazirliyinin mətbuat xidmətindən isə bildirildi ki, bu cür məsələlər dərs zamanı müəllimələr tərəfindən diqqətlə izlənilir: "Əgər ləvazimatların formaları qaydalara uyğun deyilsə və hər hansı bir əlavə nəqativ çağırışlara səbəb olursa, bunlardan istifadə edilməməsi ilə bağlı müəllimlər tərəfindən valideynlərə bildiriş göndərilir. Həmin ləvazimatların digərləri ilə əvəzlənməsi haqqında müraciət pıunur və valideynlər buna əməl edilməsinə çağırılır".

11372
Teqlər:
məktəbli ləvazimatları, valideyn, psixologiya, şagird, təhsil, uşaq
Əlaqədar
Ucqar kəndlərdə yaşayan şagirdlərə məktəb ləvazimatları hədiyyə edilib
Dərsə gedən bir uşaq... - Məktəbə getmək istəməyən uşaqla necə rəftar etməli?
Məktəblərdə telefon: Valideynlərin rahatlığı, yoxsa şagirdlər üçün böyük bəla?
Nazir Bakı məktəblərindəki şagird sıxlığı məsələsinə aydınlıq gətirdi