Тəhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında çıxışı zamanı, 12 sentyabr 2018-ci il

Nazir müavini: “Məktəblərdə rus dili müəllimi çatışmır”

198
(Yenilənib 19:01 12.09.2018)
Onun sözlərinə görə, rus dilini bilənlərlə yanaşı, bu dildə danışa bilməyənlər də məktəblərə müraciət edir və nəticədə sıxlıq yaranır

BAKI, 12 sentyabr — Sputnik. "Son dörd ildə həm rus bölməsi, həm də Azərbaycan bölməsinə müsabiqə yolu ilə qəbul aradan qaldırılıb. Bu da rus bölməsinə marağı artırıb".

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, rus dilini bilənlərlə yanaşı, bu dildə danışa bilməyənlər də məktəblərə müraciət edir və nəticədə sıxlıq yaranır: "Bu da bizi narahat edir. Bununla bağlı Təhsil Nazirliyi qarşısında təkliflərlə çıxış edəcəyik".

M.Vəliyeva bildirib ki, bu gün rus bölməsi üzrə 273 ibtidai sinif müəllimi çatışmır: "Kadr çatışmazlığı ümumi orta və tam orta təhsil səviyyəsində daha çox hiss olunur. Kadr çatışmazlığı həllini tapmasa, əlavə siniflərin açılması mümkün deyil. Rus bölməsi üzrə çıxarılan vakansiyaları tutmaq üçün namizədlər kifayət qədər bal toplaya bilmirlər".

Məhəbbət Vəliyeva onu da qeyd edib ki, son illərin təhlilləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan orta və tam orta təhsil səviyyələri üzrə rus bölmələrində bəzi siniflərin, ümumiyyətlə fəaliyyət göstərmədiyini nümayiş etdirib.

Nazir müavini qeyd edib ki, bəzi siniflərdə şagird sayı azlıq təşkil edir: "Bu sahədə kadr çatışmazlığı da əlavə problemlər yaradır. İlkin təhlillər bəzi məktəblərdə rus bölməsinin bütün siniflər üzrə davamlı olmadığını, sinif sayının 2-3, bəzilərində isə 8-9 olduğunu göstərib. Şagird sayının azlığına baxmayaraq, həmin məktəblərdə buraxılış imtahanlarının nəticələri kifayət qədər yaxşı olmayıb".

Onun sözlərinə görə, bu da təhsilin keyfiyyət göstəricilərinə mənfi təsir edib: "Buna görə də BŞTİ son 3 ildə davamlı şəkildə 9-cu siniflərin tədrisini təmin edə bilməyən məktəblərin siniflərini yaxın ərazilərə köçürülməsinə və təhsilin daha keyfiyyətli təşkil olunmasına şərait yaradıb".

198
Teqlər:
müəllimə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Məhəbbət Vəliyeva, rus bölməsi, konfrans
Əlaqədar
Prezident 102 tələbəyə yüksək təqaüd ayırdı
İbtidai siniflərdə dərs yükü azaldılacaq