Azərbaycan Respublikası vətəndaşının pasportu

Ümumvətəndaş pasportları ilə bağlı bütün suallara aydınlıq gətirildi - Rəsmi izah

18415
(Yenilənib 15:13 11.09.2018)
Nərgiz Məhərrəmova: "Bəzən "xaricə gedirik" deyə sevincək olurlar, amma sərhəd-keçid məntəqəsində bəlli olur ki, pasportlarının istifadə vaxtı bitib"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 11 sentyabr — Sputnik. Nərgiz Məhərrəmova 1997-ci ildən daxili işlər orqanlarında çalışır. O, Daxili İşlər Nazirliyinin (DİN) İşlər İdarəsində inspektor, Baş İstintaq və Təhqiqat İdarəsində Katibliyin rəisi, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində (BPQMİ) sənədlərin qəbulu şöbəsinin rəisi, Pasport İdarəsinin rəis müavini vəzifələrində çalışıb. Hazırda BPQMİ-nin Pasport İdarəsinin rəisidir.

Beləliklə, Sputnik Azərbaycan-ın müsahibi DİN BPQMİ-nin Pasport İdarəsinin rəisi Nərgiz Məhərrəmovadır. Onunla ümumvətəndaşlıq pasportlarının verilməsi ilə bağlı bir sıra məqamlar ətrafına söhbətləşdik.

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Pasport idarəsinin rəisi polis polkovniki Nərgiz Məhərrəmova
© Sputnik / Irade JELIL
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Pasport idarəsinin rəisi polis polkovniki Nərgiz Məhərrəmova

- Vətəndaşlara ümumvətəndaş pasportlarının – "xarici pasportun" verilməsi necə həyata keçirilir?

— Ümumiyyətlə, ümumvətəndaş pasportlarının verilməsi üçün qanunvericilikdə heç bir yaş məhdudiyyəti nəzərdə tutulmayıb. Hər bir Azərbaycan vətəndaşı ümumvətəndaş pasportu ala bilər.

- Kimlərə xarici pasport verilə bilməz?

— Dövlət qarşısında hər hansı bir öhdəçiliyi olan şəxslər ümumvətəndaş pasportu ilə təmin olunmurlar. Həqiqi hərbi xidmətə çağırılan şəxslərə, cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər və s. həmçinin. Bu, Miqrasiya Məcəlləsinin 9-cu maddəsi ilə tənzimlənir. İmtina doğuran səbəb aradan qaldırıldıqdan sonra vətəndaş xarici pasportla təmin edilə bilər.

- Vətəndaş istifadə müddətinin bitməsinə nə qədər qalmış xarici pasportunu dəyişdirilməlidir?

— Ümumiyyətlə, qanunvericilikdə belə bir hal nəzərdə tutulmayıb. Vətəndaş istədiyi zaman xarici pasportunu dəyişə bilər. Bəzən olur ki, vətəndaş istifadə müddətinin bitməsinə 2 il qalmış gəlib pasportunu dəyişdirir. Yəni bu halda heç bir məhdudiyyət yoxdur. Bundan əlavə, ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə pasport dəyişdirilməlidir.

- Xarici pasportun istifadə müddətinin bitməsinə nə qədər qalmış vətəndaşlar sərhəd keçid məntəqələrindən buraxılmır?

— Bəzən vətəndaşlar özləri pasportlarının müddətinin keçdiyinə diqqət yetirmirlər. Bir müddət öncə vətəndaş tur-agentlikdən bilet alıb, ancaq sonradan bəlli olub ki, pasportunun istifadə müddəti ötən il bitib. Çox zaman tur-agentliklər belə, bunu diqqətdə saxlamırlar. Azərbaycan qanunvericiliyində bununla bağlı bir hal nəzərdə tutulmayıb. Bizdə vətəndaşın pasportu nə qədər etibarlıdırsa, həmin günə qədər istifadə edilə bilər. Amma bəzi ölkələr var ki, pasportun müddətinin bitməsinə 6 ay qalmış sərhəd keçid məntəqəsindən buraxmırlar. Bizim sərhəd xidmətində, sadəcə xəbərdarlıq edirlər.

Biometrik göstəriciləri özündə əks etdirən bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi İlham Əliyevə təqdim olunub
© Official website of President of Azerbaijan Republic

Bir müddət əvvəl vətəndaş bilet alaraq azyaşlı uşağı ilə Antalyaya gedib. Bizim sərhəd xidmətimizdən keçmişdilər, ancaq uşağın pasportunun müddətinin bitməsinə 6 ay qaldığı üçün Antalya sərhəd keçid məntəqəsində onları geri qaytarmışdılar. Vətəndaş bizə müraciət etdi, ona izah etdik ki, pasportu hələ etibarlıdır. Amma biz yenə həmin vətəndaşa ümumvətəndaş pasportu verdik. Hətta bəzi ölkələr var ki, pasportun etibarlılıq müddətinin bitməsinə 1 il qalmış sərhəd keçid məntəqəsindən buraxmır və ya viza vermirlər.

- Vətəndaş pasportunu xarici ölkədə itirdiyi zaman nə etməlidir?

— Bu zaman o, Azərbaycanın həmin ölkədəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna müraciət edir. Vətəndaşa ölkəyə qayıtmaq üçün bir dəfə istifadə edilə biləcək sənəd — qayıdış şəhadətnaməsi verilir. Vətəndaş həmin sənədlərlə ölkəyə qayıdır və sonradan yeni pasport əldə etmək üçün müraciət edir. Həmçinin qeyd edim ki, xaricdə yaşayan Azərbaycan vətəndaşları olduqları ölkədə səfirlik və ya diplomatik nümayəndəliklərimizə müvafiq sənədlərlə müraciət edərək, yeni ümumvətəndaş pasportu ala və ya dəyişə bilərlər.

- Vətəndaşlar hansı yaşda ümumvətəndaş pasportu ala bilərlər?

— Ümumvətəndaş pasportlarının verilməsi üçün heç bir yaş məhdudiyyəti nəzərdə tutulmayıb. Uşaq anadan olan kimi onun pasport almaq hüququ var. Uşaqlara xarici pasport bir yaşa qədər 1 illik, 1-3 yaşa qədər 3 illik, 3-18 yaşa qədər vətəndaşlara 5 illik müddətə, 18 yaşdan yuxarı vətəndaşlar üçün 10 illik müddətə verilir. Ümumvətəndaş pasportlarının verilməsi vətəndaşın ödədiyi dövlət rüsumundan asılı olaraq 1, 5, 10 günə verilir. Bunu baş idarə və regional şöbələrimizlə yanaşı, ASAN xidmət mərkəzləri də həyata keçirir.

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Pasport idarəsinin rəisi polis polkovniki Nərgiz Məhərrəmova
© Sputnik / Irade JELIL
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Pasport idarəsinin rəisi polis polkovniki Nərgiz Məhərrəmova

- Rüsumlar barəsində məlumat verməyinizi də xahiş edirik.

— Rüsumlar fərqlidir. Belə ki, 10 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 1 yaşınadək uşaqlar üçün 10, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 20, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 30, 18 yaşına çatmış vətəndaşlar üçün 40 manat nəzərdə tutulub. Beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 1 yaşınadək uşaqlar üçün 20, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 40, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 60, 18 yaşına çatmış vətəndaşlar üçün isə 80 manatdır. Bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 1 yaşınadək uşaqlar üçün 40, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 80, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 120, 18 yaşına çatmış vətəndaşlar üçün 160 manat nəzərdə tutulub.

- Ümumvətəndaş pasport itirildikdə hansı cərimələr tətbiq olunur?

— Son dəyişikliklərə görə, əvvəl vətəndaş pasportunu itirdikdə inzibati məsuliyyətə cəlb olunurdu. Bu zaman o, 30 manat məbləğində cərimə edilirdi. İndi həmin cərimə yoxdur. Vətəndaş pasportunu itiribsə, mövcud dövlət rüsumuna əlavə olaraq 10 manat ödəyərək, yenidən pasport ala bilər. Məsələn, vətəndaşın 18 yaşı var, 10 gün müddətinə pasport almaq istəyirsə, 40 manat rüsum ödəyir. Digər vətəndaş isə pasportunu itirib və pasport almaq istəyirsə, 40 deyil, 50 manat rüsum ödəyir. Dövlət rüsumu haqqında qanuna dəyişiklik 2018-ci ilin yanvar ayının 1-dən edilib.

- Nərgiz xanım, iş prosesində ən çox hansı problemlərlə qarşılaşırsınız?

— Bizim işimiz çətin, məsuliyyətli və şərəflidir. İşimiz, əsasən, vətəndaş məmnunluğunu təmin etməkdir. Vətəndaş bizdən razı getməlidir. Çalışırıq ki, vətəndaşa qanun çərçivəsində kömək edək. Çətinliklərimiz vətəndaşların hüquqi baxımdan məlumatsızlığı ilə bağlı olur. Buna görə hüquqi problemləri vətəndaşlara izah etmək çətin olur. Bəzən vətəndaş gəlir ki, hər hansı bir səbəbdən ölkədən çıxmasına məhdudiyyət qoyulub. Bunu vətəndaşa izah edənə qədər çox çətinlik yaşayırıq. O isə israrla pasportunu tələb edir. Və yaxud deyir ki, "mən rüsum ödəmişəm, pasportumu niyə vermirsiz?". O zaman izah edirik ki, ödədiyiniz məbləği geri ala bilərsiniz. Ciddi problemlərimiz olmur.

- Bildiyimə görə, bayram günlərində də sizin regional şöbələr və baş idarə fasiləsiz çalışır.

— Bəli, bayram günləri regional şöbələr və baş idarə gücləndirilmiş iş rejimində işləyir. Pasportların verilməsi hər gün, istirahət günləri də daxil, nahar fasiləsi olmadan həyata keçirilir. Hər gün idarə açıqdır və hər gün vətəndaşlar müraciət edə bilərlər.

- Bəs o zaman uşaqlar pasportu necə alır?

— Qanunverciliyə görə, pasport üçün müraciət edilən zaman 15 yaşına qədər vətəndaşın valideyni iştirak etməlidir. 15 yaşdan yuxarı vətəndaş özü müraciət edə bilər. Bəzən olur ki, uşağın səhhətində müəyyən problemlər olur, uşaq valideynləri ilə birlikdə müayinəyə getməlidir. Amma o, valideynlərindən birinin yanında olduğu üçün digər valideyni razılıq vermir. Belə vəziyyətdə bu məsələ məhkəmə qaydasında həll olunur. Məhkəmə müvafiq qərar qəbul edir. Həmin qətnamə qüvvəyə minəndən sonra o valideynin razılığı olmadan uşağa xarici pasport verə bilirik. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatların ananın göstərişi ilə yazılması haqqında arayış olduqda həmin valideynin razılığı tələb olunmur.

Və yaxud nikahdan kənar uşaq dünyaya gəlir, amma ata uşağa öz soyadını verir. Belə halda atalığın müəyyən edilməsi haqqında sənəd olur. Həmin sənəd varsa, uşağa pasport verilməsi zamanı ata ya iştirak etməli, ya da notarial qaydada razılıq ərizəsi verməlidir.

- Pasport hansı halda rüsumsuz dəyişdirilə bilər?

— Ad, soyad, ata adı pasportun üzərində göstərilən yazılarda hər hansı bir səhv olduqda və ya elektron çipdə hər hansı səhv aşkarlandıqda ümumvətəndaş pasportu rüsumsuz dəyişdirilir.

- Vətəndaşları pasportların dəyişdirilməsi zamanı daha çox nə narahat edir?

— Bəzən olur ki, vətəndaş vizaları olan köhnə pasportla müraciət edir. Vətəndaş yeni pasport aldığı zaman köhnə pasportunu da götürmək istəyir. Bu, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayıb. Qanunvericiliyə görə, ümumvətəndaş pasportunda viza müddəti çox olduğu halda vətəndaşa pasport qaytarıla bilər. Digər hallarda pasport Azərbaycan Respublikasının mülkiyyətidir və heç bir pasport vətəndaşa qaytarılmır. Vətəndaşlar çox zaman qeyd edirlər ki, bizdən səfirliklər köhnə pasportu istəyir. Bu, vətəndaşın məlumatsızlığından irəli gəlir. Halbuki, bütün məlumatlar səfirliklərin bazalarında qeydə alınır. Biz çalışırıq ki, mümkün qədər vətəndaşı razı salaq. Vətəndaş məmnunluğunu təmin etmək məqsədilə pasportlarda vaxtı keçən vizaların surəti çıxarılaraq vətəndaşa təqdim olunur.

- Barmaq izi hansı yaşdan götürülür?

— Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun foto şəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür. Barmaq izi sənəd qəbulu prosesi zamanı götürülür. Əvvəllər vətəndaşlar şəkil çəkdirib gətirirdi. İndi şəkil də sənəd qəbulu zamanı çəkilir.

- Bizim ümumvətəndaş pasportlarımızla digər dövlətlərin pasportlarında təhlükəsizlik baxımından fərq varmı?

— Deyərdim ki, Azərbaycan Respublikasında verilən pasport təhlükəsizliyinə görə dünyada ilk yerlərdədir. Onu saxtalaşdırmaq qeyri-mümkündür. Pasportun vərəqlərində milli atributlar öz əksini tapıb. Vətəndaşların məlumatları elektron çipdə yerləşdirilib. Bunu saxtalaşdırmaq mümkün deyil. Yeni pasportların vərəqlərinin də sayı çoxdur.

- Saytımızı izləyənlərə pasportla bağlı problem yaşamamaq üçün nə tövsiyə edərdiniz?

— İlk növbədə deyərdim ki, mütəmadi olaraq pasportun bitmə müddətinə nəzər yetirsinlər. Bəzən sevincək olurlar ki, "xaricə gedirik", pasporta fikir vermirlər. Ancaq sərhəd-keçid məntəqəsində bəlli olur ki, pasportlarının istifadə vaxtı bitib. Bu da onun müəyyən qədər xərcə düşməsi ilə nəticələnir. Ona görə də diqqətli olsunlar.

18415
Teqlər:
Pasport İdarəsi, BPQMİ, Nərgiz Məhərrəmova, vaxt, ümumvətəndaş pasportu, daxili işlər orqanları, problem, vətəndaş, DİN
Əlaqədar
Dünyanın ən dəyərli pasportu müəyyənləşib, Azərbaycan siyahıda ...
Türkiyədə atlara və eşşəklərə pasport veriləcək
Pasport və şəxsiyyət vəsiqənizi itirməyin: Rüsumlar artdı...
Şeyx aeroportda saxlanıldı: üstündə saxta pasport və...
Diplomatik pasportların verilməsi qaydaları dəyişdi
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

15
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

15
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar