Xalça toxunması

Məcburi köçkünlər sehrli ilmələrlə sənət əsərləri yaradacaqlar

10417
(Yenilənib 17:38 08.09.2018)
Bu məqsədlə prezidentin ehtiyat fondundan vəsait də ayrılıb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 8 sentyabr — Sputnik. Məşğulluğun təmin edilməsi və yeni iş yerlərinin yaradılması istiqamətində ölkə başçısı növbəti təqdirəlayiq addım atıb. Tərtər rayonunda xalça emalı müəssisəsinin yaradılmasına göstəriş verərək vəsait ayırıb. Müəssisə üçün tikilən bina artıq başa çatmaq üzrədir.

Bina hazır olana qədər xalçaçıların da hazırlıqlarına başlanıb. Tərtərin qaçqın və məcburi köçkünlər üçün yeni salınmış Şıxarx qəsəbəsində yerləşən orta məktəbin binasında bir otaq ayrılaraq, xalçaçılıq dərslərinə start verilib.

Burada, demək olar ki, işğal altında olan rayonlarımızın hamısının sakinləri var. Laçından, Kəlbəcərdən, Ağdamdan olan xalçaçı toxucular aradan keçən illər ərzində bu sənətin çox xiffətini çəkiblər. Bu gün xalçaçılığın dirçəldilməsi onlar üçün arzularından birinə yetişmək kimidir sanki.

Tərtərin Şıxarx qəsəbəsində yerləşən orta məktəbin binasında xalçaçılıq kursları
© Sputnik / Musa Muradlı
Tərtərin Şıxarx qəsəbəsində yerləşən orta məktəbin binasında xalçaçılıq kursları

Sputnik Azərbaycan-ın bölgə müxbiri sözügedən məkanda olub, xalçaçılığın sirlərini öyrənən xanımlarla həmsöhbət olub.

İlk müsahibimiz Gültəkin Ağayeva uşaq vaxtından bu sənətlə tanış olduğunu, müharibə düşəndən sonra isə qaçqınlıq taleyi yaşadığına görə sevdiyi xalçaçılıq işindən uzaqlaşdığını deyib. Söhbət zamanı məlum olub ki, Gültəkin Ağayeva Kəlbəcər rayonunun Bağlıpəyə kəndindəndir. Məcburi köçkün düşəndən sonra Tərtərə pənah gətiriblər. Şıxarx qəsəbəsində inşa olunan binalardan birində onların da ailəsinə ev verilib.

G.Ağayeva yeni işə başlayacaq xalça emalı müəssisəsində bir xalçaçı kimi işləməyə tam hazırdır: "Doğma kəndimizdə — Bağlıpəyədə olarkən nənələrimiz xalça toxuyub, ilmələr vuranda barmaqlarına diqqətlə baxırdım. Beləcə hafizəmdə xalçaçılıq sənəti barədə təsəvvürlər yaranırdı. İndiki kurslara başlayanda keçilən dərslər sayəsində xalçaçılıq sənətinin sirlərinə yiyələnməkdə isə o qədər də çətinlik çəkmədim".

Digər toxucu Samirə Məmmədova xalçaçılıq üzrə başladıqları hazırlıqları birinci sinfə gedərkən müəllimin şagirdin əlindən tutub yazı yazmağı öyrətməsinə bənzədib: "İlhamə və Güləndam xanım bizə ilmə atmağı məhz bu cür öyrədib. Artıq bu işə tam hazırıq, xalça toxumağı mənimsəmişik".

Tərtərin Şıxarx qəsəbəsində yerləşən orta məktəbin binasında xalçaçılıq kursları
© Sputnik / Musa Muradlı
Tərtərin Şıxarx qəsəbəsində yerləşən orta məktəbin binasında xalçaçılıq kursları

Laçın rayon sakini Aysəba Mehdiyeva isə hələ doğma yurdunda olarkən bu işlə məşğul olduğunu bildirib: "O zaman hələ 4-cü sinifdə oxuyurdum. 26 ildən sonra yenidən bu sənətə qayıtdığıma görə sevincimin həddi-hüdudu yoxdur. Xalçaçılıqla məşğul olmaq ən böyük arzum olub".

Hazırlıq kursunun iki müəllim — Güləndam və İlhamə xanım qızlara dərs keçir. Güləndam xanım bu işdə zəngin təcrübəyə malikdir. Hələ Ağdamın firavan, xoşbəxt günlərində orada fəaliyyət göstərmiş xalça emalı müəssisəsində işləyib.

Kursda diqqətimizi 12 yaşlı oğlan tələbə Yelmar cəlb edir. O, Güləndam müəllimin oğludur, xanımlarla bərabər ilmə vurur, xalça toxuyur. Onun arzusu isə xalça rəssamı olmaqdır. Xalça təsvirlərinə çevirmək üçün çoxlu şəkillər çəkib.

Kursun rəhbəri İlhamə Namazova isə 15 ildir "Azərxalça"da çalışır. "Azərxalça"nın Ağdam filialının təşkilində, xalçaçıların yetişdirilməsində zəhməti çox olub. Bu gün də həmin şərəfli işi Tərtər filialının təşkili üçün davam etdirir: "İki aydır ki Tərtər rayonunda kursdayam. Kursumuzda hazırda 67 nəfər hazırlıqlı xalçaçımız var. Güləndam xanımla birgə onların peşəkarlığı üzərində işləyirik. "Azərxalça"nın Tərtər filialı açılanda xalçaçılarımız yubanmadan işlərinə başlayacaqlar".

İlhamə Namazova onu da bildirib ki, "Azərxalça"nın Tərtər filialı oktyabr ayına qədər işə başlayacaq.

10417
Əlaqədar
Sirli-sehrli Quba xalçalarının toxunduğu məkan
Kazımova: “Xalça Muzeyində məktəblilər üçün təlimlər keçilib”
Azərbaycan tətbiqi sənətinin özünəməxsus nümunəsi: Quba xalçaları
Qarabağ xalçalarını erməni brendinə çevirmək istəyirlər
Bakıda “Xalçaçı günü” peşə bayramı qeyd olunacaq