Ana və övladı

Onların adını eşidən valideyn "daş atıb başını tutur", amma məmnun olanlar da var

7561
(Yenilənib 17:55 06.09.2018)
Bəs siz necə, bir yaşlı övladınızı bağçaya etibar edəcəksiniz?

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 6 sentyabr — Sputnik. Milli Məclisin iyul ayında keçirilən növbədənkənar plenar iclasında "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş uşaqların məktəbəqədər təhsil müəssisələrinə 3 yaşından verilməsi ilə bağlı müddəa dəyişdirilib. Dəyişikliyə əsasən, təlim-tərbiyə müəssisələrinə uşaqlar, artıq, 1 yaşından uşaq qəbul ediləcəklər.

Əvvəllər bəzi uşaq bağçaları körpələri, ən yaxşı halda 1 yaş 6 aylıqdan qəbul edirdi. Yeni təhsil ilindən başlayaraq isə bağçalara uşaq qəbulu 1 yaşından aparılır. Təbii ki, 1 yaşlı uşaqların əksəriyyəti yaxşı gəzə, danışa bilmir, həmçinin xüsusi qidalanır. Deməli, onların hər birinə xüsusi qayğı göstərmək lazım olacaq.

Maraqlıdır, valideynlər 1 yaşlı körpələrini bağçalara əmanət edəcəkmi? Sputnik Azərbaycan bu suala cavab tapmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Sorğumuzda iştirak edən valideynlərin əksəriyyəti körpələrin bir yaşında uşaq bağçalarına verilməsini doğru hal hesab etmir. Ancaq bunun əksini düşünənlər də var. Aldığımız cavabları olduğu kimi təqdim edirik:

İlkin Mustafayev: "Bu, sadəcə mənasız bir layihədir. Bəlkə də hansısa inkişaf etmiş, bu sahəyə ciddi nəzarət edilən ölkələrdə bu layihə keçərli ola bilər, amma bizdə əsla. Birincisi, bir yaşlı uşaq adi ayaqyolu ehtiyacını qarşılaya, nəyəsə ehtiyacı olduğunu çatdıra bilmir. Bizim bağçalarda da onun altını dəyişəcək, müntəzəm yemək verəcək dayələr yox səviyyəsindədir. Çünki ölkədə bağça işçiləri aldıqları maaşa uyğun işləyirlər. İşçilər üçün nisbətən böyük uşaqlara qulluq göstərmək daha asandır. İkincisi, ölkə bağçalarının əksəriyyətinin yemək qablarından tutmuş, yataqlara qədər şəraiti bərbaddır. Uşaqların da mikroba daha həssas olduğunu nəzərə alsaq, 1 yaşlı uşağın bağçaya göndərilməsini doğru hal hesab eləmirəm. Eyni zamanda, valideynlərin əksəriyyəti bu yaşda uşağı heç özləri də bağçaya göndərməzlər. Çünki 1 yaşlı uşaq ona qarşı edilən pis rəftarı ailəsinə başa sala bilməyəcəyi üçün düşünürəm ki, çox ailələr körpəsini bu yaşda körpələrini bağçaya göndərməzlər".

Namidə Kərimova: "Mən də uşağımı məcburən 1 yaş 3 ayından bağçaya qoydum. İşə çıxdığıma görə baxanım yox idi. Evə dayə gətirmək isə daha baha başa gəlirdi. Ona görə özəl bağçaya qoydum. Düzdür, uşaq üçün çox maraqlı oldu, fərqli mühitə düşmüşdü. Uşaq ana ilə təmasda olsa, daha yaxşıdır. Məcburiyyət yoxdursa, uşağın 1 yaşında bağçaya qoyulmasına ehtiyac görmürəm".

Həbibə Abdulla: "Mən qızlarımın heç birini bağçaya qoymamışam, nə körpəliyində, nə nisbətən böyüyəndə. Səbəb isə odur ki, bağçalara etibar etmirəm. Bacım uşaqları 3 ay bağçaya getdilər, 30 dəfə qripə, mikroba yoluxdular, o müddətdə zəifləyən immunitetlərini 3 ilə ancaq bərpa etdilər. Ümumiyyətlə, tanışlar arasında çoxdur övladını bağçaya qoyanlar və onların övladları da tez-tez xəstələnir. Özəl bağçalar çox bahadır, dövlət bağçaları isə bərbad gündədir. Amma təbii ki, istisnalar da olmamış deyil".

Xəyal Məmmədxanlı: "Biz 1 yaşı yeni tamam olan uşağımızı bağçaya qoymağı planlaşdırırıq".

Elyar İslam: "Övladım tam danışandan sonra bağçaya qoya bilərəm. Heç olmasa, ona qarşı şiddət olsa, gəlib evdə deyə bilsin. Körpələrə şiddət videolarına baxandan sonra daha bağçalara güvənmirəm".

Könül İbrahim: "Qızım 1 yaş 4 aylıqdır. Çox ünsiyyətcildir, uşaq görən kimi oyun qurur onunla. Tam bağça uşağıdır. Anam baxır. Pediatrı dedi ki, "bağçaya qoymaq tezdir". Bəzi özəl bağçalar 1 yaşından götürür. Dövlət bağçasına etibar etmirəm. Qoysam, gələcəkdə 2 yaş yarımında özəl bağçaya qoyacam. Onun da gərək kamerası olsun, hər dəqiqə izləyim. Bağça məni narahat edən məsələdir".

Xəyalə Məmmədova: "Mən uşaqlarımı 1 yaşından dövlət bağçasına qoymuşam və çox razıyam. Uşaqlarıma əvvəlcə yeriməyi öyrətdilər, sonra da pampersdən çıxartdılar. İndi də şeir, nağıl öyrədirlər. Mənim vaxtım olmadığı üçün uşaqlarla məşğul ola bilmirəm. Yaxşı ki, bağça var".

Emil Maqalov: "Əlbəttə ki, dövlət bağçalarının təmirsiz və tərbiyyəçi petsonalı çox pis vəziyyətdə olduğundan çalışırıq ki, özümüz və ya hər hansı qohumumuz uşaqlarımıza baxsın. Özəl bağçalar isə mənim üçün çox baha olduğundan, çıxılmaz vəziyyətdə qalıram və uşaqlarım 4-5 yaşında çatanda 300-500 manat "haqq" verməklə məcburən evimizə yaxın bağçalara qoyuram".

7561
Teqlər:
özəl, bağça, yaş, valideyn, dövlət, körpə, uşaq
Əlaqədar
Uşaq bağçadan çıxaraq itib: İtmə anının VİDEO-su
Uşaq bağçalarına ayrılan vəsaitin necə xərcləndiyi yoxlanılıb
Gəncədəki bağça olayı böyüdü: İşdən çıxarılanlar var
Valideynlərin əli ürəyinin üstündə qalıb: Bundan sonra övladımı bağçaya aparım, ya yox?
Uşaq bağçasında yaşanan qalmaqal parlamentə daşındı
Uşaq bağçalarına qəbul qaydaları dəyişdirilir