Sumaq

Min dərdin dərmanı süfrələrin bəzəyi: Onu necə hazırlayırlar - FOTOLAR

140
(Yenilənib 04:01 05.09.2018)
Böyük zəhmətlə ərsəyə gələn sumağın bir kiloqramı 15 manata, stəkanı isə 2 manata satılır

BAKI, 5 sentyabr — Sputnik. Qutab, lülə-kabab, balıq, qızardılmış ət və digər təamları sumaqla yeməyi xoşlayanların əksəriyyəti bu ədviyyatın necə hazırlanmasından xəbərsizdir. Süfrələrə bəzək, yeməklərə isə xüsusi dad verən sumaq məhz avqust və sentyabr aylarında toplanır.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, hündürlüyü üç metrə çatan sumaq kollarına daha çox dağlıq kəndlərdə rast gəlinir. Quba rayonunun Zərqava inzibati ərazi dairəsinə aid Kələnov kəndinin sakinləri də uzun illərdir yabanı halda yayılan bitkinin meyvəsini toplayaraq gəlir əldə edirlər.

Yeməklərin dadına dad qatan sumaq ağacının meyvələri budaqların uc hissəsindəki zoğlarda salxım şəklində olur. Yetişən xırda meyvələr qırmızı rəngə çalır. Yazlıq və payızlıq növü olan sumağın xüsusi yığılma və emal qaydaları var.

1 / 4
Sumaq kolu

Kələnov kənd sakini Nəsibə Həlimova bildirir ki, bir insan ağaclardan gün ərzində 20 kiloqramadək sumaq meyvəsi yığa bilər. Bundan da cəmi 3-4 kiloqram təmiz ədviyyat alınır.

“Sumaq ağacdan yığıldıqdan sonra bir müddət qurudulur. Sonra həmin xammal döyülür və meyvələr zoğdan ayrılır. Meyvələr ikinci dəfə tam quruyanadək saxlanıldıqdan sonra yenidən emal olunur. Bunun üçün meyvələr xüsusi torbalara doldurularaq toxumlarından ayrılanadək əzilir. Əldə edilən məhsul ələkdən keçirildikdən sonra hazır vəziyyətə gəlir” — deyə Nəsibə Həlimova deyib.

Böyük zəhmətlə ərsəyə gələn sumağın bir kiloqramı 15 manata, stəkanı isə 2 manata satılır.

Sumaq meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyi zamanı içirlər.

Sumağın 250-yə yaxın növü var. Yabanı sumaq bitkisinə Azərbaycanda Quba ilə yanaşı, Lənkəran, Göyçay, Şəki və Zaqatala rayonlarının dağ meşələrində də rast gəlinir.

140
Teqlər:
lülə-kabab, sumaq, qutab, hazırlanma, ehsan süfrəsi, ağac, dərman, qiymət