Azərenerji ASC-nin binası

Dövlət Komissiyası rəyini açıqladı: “Azərenerji”nin işində ciddi nöqsanlar olub

132
(Yenilənib 17:23 04.09.2018)
Hərtərəfli və geniş rəy hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib

BAKI, 4 sentyabr — Sputnik. 2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Qəza nəticəsində Azərbaycanın enerji sistemində ciddi problemlər yaşanıb, Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.

Sputnik Azərbaycan-ın AZƏRTAC-a istinadla məlumatına görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olan məlumatda deyilir ki, baş vermiş qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə elə həmin gün Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Baş nazirinin birinci müavininin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Azərbaycan Prezidenti tərəfindən Dövlət Komissiyasına təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə hadisənin baş vermə səbəblərini araşdıraraq obyektiv rəy hazırlanması və gələcəkdə belə halların təkrarlanmaması üçün təkliflərin verilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsinə dair çox ciddi tapşırıqlar verilib.

Ötən müddət ərzində Dövlət Komissiyası tərəfindən yerli və xarici ekspertlər, aidiyyəti dövlət orqanlarının və qurumlarının nümayəndələri də cəlb edilməklə qəzanın baş vermə səbəbləri ciddi araşdırılıb, mövcud çatışmazlıqlar və problemlər, habelə qəzanı doğuran hallar da əks olunmaqla, hərtərəfli və geniş rəy hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib.

Hazırlanmış rəydə baş vermiş qəzanın əsas səbəblərindən biri kimi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti Dövlət Komissiyasının yekun rəyi ilə tanış olub və işdə yol verdiyi nöqsanlara görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib.

132
Teqlər:
Etibar Pirverdiyev, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti, Mingəçevir, nöqsan
Əlaqədar
Prezident əhalinin narazılığına səbəb olan yüksək çinli məmuru işdən çıxardı
“Azərenerji”: Elektrik verilişində 27 faiz məhdudiyyət var
"Azərenerji" son durumu açıqladı
"Azərenerji": Bakının enerji təminatı bərpa olundu
"Azərenerji" rəsmisi: "Proses bir neçə gün davam edəcək"
 Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

Bölgələrdəki məktəblərlə bağlı hansı qərar veriləcək? Nazirlik açıqladı

6
(Yenilənib 16:32 13.04.2021)
"Hazırda hansısa bölgədə yerləşən məktəblərdə yoluxma faizinin daha yüksək olduğunu söyləmək mümkün deyil".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Son günlər bölgələrdə yerləşən təhsil ocaqlarında koronavirusa yoluxma hallarının qeydə alınması rayonlarda da təhsilin distant formaya keçəcəyinə dair məlumatların yayılmasına səbəb olub. Xəbərlərə görə, Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəkidən sonra koronavirusa yoluxma qeydə alınan məktəblərin yerləşdiyi rayonlarda da təhsilin distant formaya keçəcəyi bildirilir.

Qeyd edək ki, bir neçə gün öncə koronavirusa yoluxmaya görə bir sıra bölgələrdə əyani tədris dayandırılıb.

Ağdamda 7 məktəb koronavirusa görə distant tədrisə keçib. Ağdam rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəhman Məmmədov deyib ki, rayonun Birinci Yüzbaşılı, Alıbəyli, Əfətli, Mahrızlı, Baharlı-2, Dörd yol-2 və 150 saylı orta məktəblərdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb. Həmin məktəblərdə müəllim və şagirdlərdən bəzilərinin COVID-19 testi pozitiv çıxıb. Eyni zamanda Əhmədağalı kənd tam orta məktəbində 2 sinif, Qaradağlı tam orta məktəbində 1 sinif, 87 saylı tam orta məktəbdə 1 sinif, 97 saylı tam orta məktəbdə 1 sinif fəaliyyətini dayandırıb. Tovuz, Qazax, Mingəçevir, Şəmkir rayonlarında da koronavirusa yoluxmaya görə ənənəvi tədrisi dayandırılan məktəblər var.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda şagird sıxlığı yüksək olan məktəblərdə əyani tədris dayandırılıb. Yoluxma qeydə alınan digər bölgələrdə isə şagird sıxlığı çox deyil:

"Bakıda 440 min şagird var. 1,6 milyon şagirdin yarısı bağlanan məktəblərdə yerləşir. Digər rayonlarda şagird sayı çox aşağıdır. Sıxlıq, demək olar ki, o qədər də çox deyil. Bundan əlavə, bölgələrdə intensivlik aşağıdır. Odur ki, virusa yoluxma qeydə alınan rayonlarda təhsili tam dayandırmağa ehtiyac yoxdur. Məktəblərdə tədrisin dayandırılması lokal xarakter daşımalıdır".

K.Əsədov bildirir ki, koronavirusa yoluxma qeydə alınan məktəblərdə ənənəvi təhsilin tam dayandırılması bölgələrdə təhsildən yayınmaya yol açır: "Əgər bölgələrdə bir neçə məktəbdə yoluxmaya görə rayon üzrə təhsil dayandırılsa, şagirdlər üçün problemlər yaranacaq. Çünki rayonların çoxunda alternativ təhsil almaq imkanı çox aşağıdır. Dərslər distanta keçərsə, bölgələrdə dərsə qoşulanların sayı azalır. Ona görə də bölgələrdə tədrisin dayandırılmasına ehtiyac yoxdur".

Ekspert deyir ki, hazırda virusa yoluxma Ağdam, Tovuz, Kürdəmir və Ucar rayonlarındakı təhsil müəssisələrində rast gəlinir: "Elə rayonlar var ki, oradakı ümumtəhsil müəssisələrində ümumiyyətlə virusa yoluxma yoxdur".

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bölgələrdəki məktəblərdə koronavirusa yoluxma barədə rayon gigiyena və epidemiologiya mərkəzləri tərəfindən mütəmadi məlumat verilir. C.Valehov bölgələrdəki koronavirusa yoluxma qeydə alınan məktəblərdə tədrisin lokal dayandırıldığını söyləyib:

"Koronavirusa yoluxma qeydə alınan məktəblərdə tədris həmin bölgə üzrə yox, yoluxma olan məktəblər üzrə distant formaya keçir".

C.Valehov deyib ki, hazırda hansısa bölgədə yerləşən məktəblərdə yoluxma faizinin daha yüksək olduğunu söyləmək mümkün deyil. Bütün bölgələr üzrə ümumtəhsil ocaqlarında virusa yoluxma qeydə alınır. Əgər yoluxma halları çoxdursa, məktəb müvəqqəti distant formaya keçir.

6
Teqlər:
Təhsil Nazirliyi, yoluxma, bölgələr, təhsil, distant, məktəb
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Ağlayan qız

Dövlət məişət zorakılığının səbəblərini araşdırmağa başlayıb

4
(Yenilənib 16:42 13.04.2021)
Sorğuda iştirak edənlərin, cins, yaş kateqoriyası, təhsil səviyyəsi öyrənilməklə məişətdə zorakılığa məruz qalıb-qalmadıqları, zorakılıq şahidi olub-olmadıqları öyrənilir

BAKI, 13 aprel — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığının səbəblərini araşdırmaq üçün onlayn sorğuya start verib. Bu barədə komitədən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Sorğuda iştirak edənlərin, cins, yaş kateqoriyası, təhsil səviyyəsi öyrənilməklə məişətdə zorakılığa məruz qalıb-qalmadıqları, zorakılıq şahidi olub-olmadıqları öyrənilir. Eyni zamanda zorakılığa məruz qalarkən hansı quruma üz tutduqları, bu kimi arzuolunmaz halların aradan qaldırılması üçün təkliflər öyrənilir.

Məişət zoraklığı ilə bağlı xəbərlərin KİV-də işıqlanmasına ehtiyac olub-olmadığı da öyrənilir.

Qeyd edək ki, sorğuda iştirak edərək şərh vermək istəyənlər bu linkə keçid edə bilərlər: https://tr.surveymonkey.com/r/CT57RNB

4