Reklam

Hansı qadağalar gözlənilirdi, hansılar gəldi

16217
(Yenilənib 10:45 03.09.2018)
Nələrin reklamı qadağan oluna bilər ki, bunun sevinci bütün məmləkəti ağuşuna alsın?

BAKI, 3 sentyabr — Sputnik. Həftəsonu bir xəbər başlığı diqqətimi çəkdi: "Azərbaycanda daha bir sıra məhsulların reklamı qadağan olundu". Maraqlı gəldi, bir az da sevindirici. O xəbərin içərisində illərdir ürəyimizdən keçənlərin həyata keçdiyini görmək müjdəsi gizlənmiş ola bilərdi.

Bəs, nələrin, hansı məhsulların reklamı qadağan oluna bilər ki, bunun sevinci bütün məmləkəti ağuşuna alsın? Məsələn:

— Gündəlik rasionumuzda istifadə etdiyimiz yerli istehsal ərzaq məhsullarının 2/3 hissəsinin: Xüsusilə tərkibinə nə qatıldığı bəlli olmayan kərə və bitki yağları, kolbasa-sosiskalar, çaylar, spirtli-spirtsiz içkilər. (Sağlam canımıza qəsd etsinlər e, bari bəh-bəhlə reklam etməsinlər)

— Mobil operatorların bir-birinin bəhsinə girərək camaata sırıdığı məhsulların: Adı təzə, özü köhnə kampaniyalar, soyğunçu tarif paketləri, abunəçidən xəbərsiz balansından oğurluq etməklə məşğul olan SMS-bildirişlər. (Oğurlasınlar e, bari bəh-bəhlə reklam etməsinlər)

— Vətəndaşları internetə girişlə təmin etməli və onunla əlaqədar digər zəruri kompleks xidmətlər göstərməli olan təşkilatların — provayderlərin, guya təklif etdiyi (əslində məcburi qəbul etdirdiyi və zor-xoş qəbul etdiyimiz) məhsulların: Tısbağa sürəti, 1 al-3 ödə paketləri, sutka ərzində dəfələrlə ürəyi gedən trafik və s. (Haqqımıza girsinlər e, bari bəh-bəhlə reklam etməsinlər)

— Bankların ilk baxışdan parlaqlığı göz qamaşdıran xidmətlərinin: 26-40 faiz arasında "şellənən" kreditlər, utanmasa, sahibi ilə şərik olacaq plastik kartlar, yatırdıqdan sonra vətəndaşın əli ürəyinin üstündə qalan əmanətlər, məbləğin babat hissəsini qapazlayan pul köçürmələri. (Qapazlasınlar e, bari bəh-bəhlə reklam etməsinlər)

— Efiri zəbt etmiş zay məhsulların: Yüzdə doxsan doqquz bir-birinin təkrarı olan bayağı verilişlər (və onların aparıcıları), biabırçı şoular (və onların qonaqları), cəmiyyətin hisslərinə təcavüz edənlər (və onların alqışçıları). (Mənəviyyatımıza zor tətbiq etsinlər e, bari bəh-bəhlə reklam etməsinlər)

— Eyni maxinasiyaları eyni şövqlə əhalinin gözünə soxmağa çalışan MTK-ların özlərinin və təkliflərinin: 100 kvadrat adı ilə 70 kvadratının pulu alınan mənzillər, real dəyərindən 2-3 dəfə yüksək olan məbləğlər, ən azından yaxın 10 ildə yerinə yetirilməyəcək kommunal vədlər və ən əsası, tam başa çatma ehtimalı 50/50 dəyərləndirilən tikinti prosesi. (Yenə aldatsınlar e, bari bəh-bəhlə reklam etməsinlər)

Uzun sözün qısası, belə arzularımız var. Yəni, belə qadağaların tətbiq olunması, heç olmasa bir təsəlli olar. Ki: "Filankəs məni yağlı vədləri ilə tora sala bilmədi, özüm bilərək düşdüm", "Bəsmənkəs başımı bişirərək məni bu quyuya salmadı ha, özüm könüllü tullandım", ya da "Ağlama, bala, özü yıxılan ağlamaz"…

Və bu təmənna ilə daxil oldum sözügedən xəbərin içərisinə:

"Reklamı qadağan olunan əmtəələrin Siyahısı"nın təsdiq edilməsi barədə" baş nazir qərar imzalayıb. Nəticədə "Reklamı qadağan olunan əmtəələrin Siyahısı"na 16-cı (Ətraf mühit üçün təhlükə potensialı olan əmtəələr) əlavə edilib:

1. İstifadə olunmuş qurğuşun-turşu akkumulyatorlar;

2. İşlənilmiş batareyalar;

3. İstifadə olunmuş şinlər;

4. İşlənilmiş sürtkü və mühərrik yağları.

P.S.

… Bunlar da çox aktual, faydalı və arzuolunan qadağalardır. Xüsusilə, 3-cü bənddəki…

16217
Teqlər:
camaat, vətəndaş, qadağa, reklam, xidmət, məhsul
Əlaqədar
Azərbaycanda bəzi məhsulların reklamı qadağan edildi
Reklam olunan cihazlar həqiqətən də arıqladır, yoxsa biznes tələsidir?
Dövlət qurumu dərman reklamları məsələsinə aydınlıq gətirdi
Bu da baş verdi: Cümə xütbəsində reklam fasiləsi
Obyekt sahiblərinə müjdə: Daha hər reklama görə pul ödməyəcəksiniz
Sosial şəbəkələrdəki reklamlar nə dərəcədə effektivdir?
Bəzi xidmətlərin reklamı qadağan olundu
Bayılda sürüşmə zonası

Təbiətlə məmurlar sanki Bayıl sakinlərinin qəsdinə durublar - FOTOLAR

6
(Yenilənib 22:32 04.12.2020)
"Bizə bildirdilər ki, burada yaşamaq həyatımız üçün təhlükəlidir. Amma bizim buradan başqa yerdə evimiz yoxdur. Ona görə də məcburuq burada yaşayaq".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Bakının Bibiheybət qəsəbəsində yenidən torpaq uçqunu olub. Sputnik Azərbaycan bu barədə xəbər tutan kimi hadisə yerinə yollanıb. Bibiheybət məscidindən bir qədər aşağıda, yamacda baş verən torpaq uçqunu ərazidə olan evlərdə yaşayanlar üçün təhlükə yaradıb. Ərazidə yaşayan sakinlər Sputnik Azərbaycan-a bildiriblər ki, torpaq uçqunu gecə saatlarında baş verib. Bu səbəbdən də dövlət qurumları burada yaşayan insanlara evlərini tərk etməyi tövsiyyə edib.

  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
1 / 6
© Sputnik / Irade JELIL
Bayılda sürüşmə zonası

Nazilə Məmmədova adlı sakin bildirib ki, bu ərazidə yerləşən evlərdə kirayə qalan sakinlər evlərdən köçüb: "Dövlət qurumlarının nümayəndələri gəlib əraziyə baxış keçirdilər. Bizə bildirdilər ki, burada yaşamaq həyatımız üçün təhlükəlidir. Amma bizim buradan başqa yerdə evimiz yoxdur. Ona görə də məcburuq burada yaşayaq" - deyə sakin bildirib.

Sakinlərlə söhbət əsnasında öyrəndik ki, ərazidəki evlərin heç birinin kupçası yoxdur. Odur ki, sakinlər əgər köçsələr, evlər sökülərsə onlara kompensasiya verilib-verilməyəcəyini bilmək istəyirlər: "Buradakı evlərin heç birinin sənədi yoxdur. Amma burada ev alsan, torpaq alsan bir kvadratmetri 2000 manatdır. Belə məlumatlar var ki, sökülərsə evlərə görə sakinlərə hər kvadrat metrə iki min manat ödəniləcək. Amma rəsmi qurumlar bizə bu barədə heç bir söz deməyiblər".

Sakinlər bildirir ki, yamacda yağıntılar çox olanda torpaq uçqunları baş verir. Amma onlar buna adətkərdə olublar: "Biz də istəyərik ki, bu təhlükəli yerdən köçək. Amma buna görə gərək bizə kompensasiya ödənilsin. Çünki, bizim başqa yerdə evimiz yoxdur. Nə də imkanımız yoxdur ki, köçüb başqa yerdə kirayə yaşayaq".

Sakinlər dövlət qurumlarının gələcəyi nəticəni gözlədiklərini söyləyiblər.

Məsələyə Səbail Rayon İcra Hakimiyyətindən münasibət bildirən olmadı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığımız sorğunun da cavabını gözləyirik.

6
Teqlər:
Səbail rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bayıl, sürüşmə, torpaq uçqunu
Sputnik Beynəlxalq İnformasiya Agentliyinin loqosu, arxiv şəkli

"Bu, "Sputnik Latviya"ya qarşı ilk qərəz deyil" - Azərbaycanlı media eksperti

8
(Yenilənib 22:03 04.12.2020)
"Azadlıq radiosunun yayımının bloklanması pislənir, amma "Russia Today"-in yayımına məhdudiyyətə heç bir reaksiya verilmir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Latviya Dövlət Təhlükəsizlik xidməti dekabrın 3-də Riqadakı "Sputnik" bürosunun əməkdaşlarına, eləcə də "Baltnews" portalının jurnalistlərinə və digər rusdilli media nümayəndələrinə Latviya Cinayət Məcəlləsinin 84-cü maddəsi ilə – Avropa Şurasının sanksiya rejimini pozma – ittiham irəli sürüb. Jurnalistlər saxlanılıb, dindirilib, axtarışa məruz qalıb və onlar haqqında cinayət işi qaldırılıb. Sputnik Azərbaycan ölkənin tanınmış media ekspertlərinin bu məsələyə münasibət bildirib.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu hadisələr  jurnalistika prinsipi baxımından həqiqətən də yolverilməzdir: "Bu "Sputnik Latviya"ya qarşı olan ilk hadisə deyil. Çox uzun müddət dünyada belə kampaniyalar aparılırdı ki, Azadlıq radiosunun və digər beynəlxalq KİV-lərin fəaliyyəti bloklanır. Amma məsələ ondadır ki, Avropa ölkələrində, hətta ABŞ-ın özündə bu prinsiplər çox pozulur. Bunlardan qabaq, "Russia Today"-in yayımı bloklanmadı. Pribaltika ölkələrində onların yayımına məhdudiyyət qoyulub. Hələ o vaxt bu məsələ qalxanda bildirilirdi ki, Azadlıq radiosunun yayımının bloklanması pislənir, amma "Russia Today" yayımına məhdudiyyətə heç bir reaksiya verilmir. Çox təəssüf ki, söz azadlığı prinsipləri çox vaxt elə onu yaradan ölkələr tərəfindən pozulur. Müasir mediada baş verən ifadə azadlığı pozuntularının çoxu elə qərb dövlətlərinin özündən gəlir. O cümlədən, Avropa və ATƏT məkanından. Əvvəllər biz danışırdıq ki, bu ikili standartlar əsasən Azərbaycana qarşıdır. Amma son dövrlər görürük ki, bunların özlərinin ifadə azadlığına qarşı münasibətlərində çox ciddi dəyişikliklər var. Məsələn, elə bir neçə gün öncə Fransada baş verən toqquşmalarda media azadlığını götürək. Qlobal təhlükəsizlik haqqında qəbul olunan qanunun bir nömrəli hədəfi medianın azadlığının məhdudlaşdırılmasıdır. Beynəlxalq təşkilatlar tərəfindən belə bir ifadə işlədildi ki, artıq ATƏT-in, Avropa Şurasının ən aparıcı dövlətlərindən olan Fransa kimi ölkə söz azadlığının durumuna görə Somali və Sudanın vəziyyətinə düşüb. Söz və ifadə azadlığına ikili yanaşma var. Bu cür yanaşmalar Qərb dəyərləri haqqında danışanların özünü şübhə altına salır. Media azadlığının qanunvericilik nöqteyi nəzərindən məhdudlaşdırılması, ikili yanaşma jurnalistlərin təhdid olunması ilə bağlı ciddi faktlar ortaya çıxır. "Sputnik Latviya"ya qarşı baş verən hadisələr də kəskin şəkildə qınanılmalı, media, ifadə azadlığına qarşı addım kimi dəyərləndirilməlidir. Mən xarici KİV-lərin, onların əməkdaşlarının fəaliyyətinə baltikyanı dövlətlərdə yaradılmış bu maneəni və təhdidi kəskin qınayıram".

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Latviya hakimiyyət orqanlarının "Baltnews" portalı və "Sputnik Latviya"nın rusdilli jurnalistlərinə qarşı hərəkətlərini sərt şəkildə qınayıb. Bildirilib ki, "Latviya Dövlət Təhlükəsizlik Xidmətinin dekabrın 3-də Riqadakı "Sputnik" bürosunun əməkdaşlarına və rusdilli jurnalistlərə qarşı həyata keçirdiyi aqressiv hərəkətləri demokratik cəmiyyətin təməl prinsiplərinin – media və ifadə azadlıqlarının pozulmasının bariz nümunəsi kimi qiymətləndiririlir: "Bu məhdudiyyətlər şəxsi xarakter daşıyır və şəxsən "Rossia Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyovla əlaqəlidir, media holdinqin bütün əməkdaşlarına şamil edilə bilməz. Bütün bu uydurma ittihamların, heç şübhəsiz, rusofobiyanın təsiri ilə həyata keçirilən cəzalandırma tədbiri olduğu aydındır. Məsələ ATƏT Nazirlər Şurasında qaldırılacaq", – deyə məlumatda bildirilir. Nazirlik ümid etdiyini bildirir ki, ATƏT-in yeni Media Azadlığı Nümayəndəsi baş verənləri görməzdən gəlməyəcək və Latviyaya qarşı "bu cür hücumların qəbuledilməzliyi", "söz azadlığını təmin edilməsi üçün beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin zəruriliyi" əsasında təzyiq göstərəcək. "Avropa Şurasından da adekvat reaksiya gözləyirik", – deyə məlumatda bildirilir.

Xatırladaq ki, keçən il Estoniyada da analoji hadisə müşahidə olunmuşdu.

8
Teqlər:
Həbs, jurnalistlər, Sputnik Latviya