Паспорт

Azərbaycanda 15 yaşdan yuxarı hər kəsin barmaq izləri götürüləcək

15635
(Yenilənib 16:07 31.08.2018)
Ümumvətəndaşlıq pasportı alan vətəndaşlar məcburi dövlət daktiloskopik qeydiyyatından keçiriləcək

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 31 avqust — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" qanunu imzalayıb. Bu qanun dövlət daktiloskopik və genom qeydiyyatının məqsədini, prinsiplərini və növlərini müəyyən edir, habelə bu sahədə yaranan ictimai münasibətləri tənzimləyir.

Vəkil Elyar Həsənov
© Foto : E.Həsənovun şəxsi arxivindən
Vəkil Elyar Həsənov

Yeni qanunu hüquqşünas Elyar Həsənov Sputnik Azərbaycan-a şərh edib. Hüquqşünas deyib ki, istər daktiloskopik, istər genom qeydiyyatı insan şəxsiyyətinin eyniləşdirilməsi üçün lazım olan məlumatların məcmusudur: "Daktiloskopik qeydiyyatında söhbət barmaq izlərindən gedir. Bu, hüquq sahəsində, nisbətən daha uzunmüddətli tarixə malikdir. Genom qeydiyyatı isə genetik məlumatların məcmusudur. Bu, tərdə, tükdə, dırnaqda, saçda, tüpürcəkdə və s. olan DNT (insanın şəxsiyyətini müəyyən etməyə imkan verən dezoksiribonuklein turşusu — red.) analizinin informasiyalarıdır. Burada bunların qeydiyyatından söhbət gedir".

Onun sözlərinə görə, daktiloskopik qeydiyyatı daha sadədir: "Genom qeydiyyatı isə, nisbətən mürəkkəbdir. Genom qeydiyyatı ilə bağlı daha yüksək elmi-texniki informasiya və vasitələrin tətbiqi tələb olunur. Bu qeydiyyatlar müxtəlif məqsədlər üçün istifadə olunur. Bundan cinayət hadisəsinin qarşısının alınmasında, cinayətkarın, itkin düşmüş şəxsin, tapılmış naməlum meyitin müəyyən edilməsində, cinayət işlərinin araşdırılmasında və s. istifadə edilir".

"Daktiloskopik qeydiyyatı daha çox hallarda məcburi qaydada aparılır. Məsələn, ümumvətəndaşlıq pasportunun alınmasında, əcnəbilər Azərbaycanda müəyyən müddət yaşamaq üçün icazə istəyəndə, təqsirləndirilən və şübhəli şəxsləri istintaqa cəlb edəndə bundan istifadə edilir" — deyə hüquqşünas qeyd edib.

E.Həsənov bildirib ki, 15 yaşı tamam olan şəxslər ümumvətəndaşlıq pasportu alanda onların barmaq izləri götürülür: "Bu, daktiloskopik qeydiyyatıdır və bunlar Daxili İşlər Nazirliyində (DİN) vahid bazada toplanılır. Eləcə də müəyyən dövlət orqanlarının həmin informasiyanı əldə etmək imkanı olur. Məhkəmələr, prokurorluq orqanları, ibtidai istintaq, təhqiqat orqanları, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar, miqrasiya orqanları daktiloskopik və genetik məlumatlardan istifadə etmək hüququna malikdirlər".

"Amma bunun uçotunu DİN aparır. Məsələn, Miqrasiya Xidməti yaşamaq icazəsi istəyən əcnəbinin qeydiyyatını aparanda barmaq izini götürür və DİN-in vahid bazasına göndərir. Vahid bazada həmin informasiya toplanır" — müsahibimiz vurğulayıb.

Əlavə edib ki, qanunvericilikdə genom qeydiyyatı, xüsusilə yenidir: "Məsələn, itkin düşən şəxslərin müəyyən müddət sonra meyitləri tapılır və onların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün genom qeydiyyatındakı informasiyalardan istifadə olunur".

Bu qanuna müvafiq olaraq, məcburi və ya könüllü dövlət genom qeydiyyatının aparılmasına gəlincə, hüquqşünas bildirib ki, adi hallarda genom qeydiyyatının aparılması məcburi deyil: "Yalnız qanunda göstərilən hallarda məcburi genom qeydiyyatı aparılır. Ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslər, şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqda məlumat vermək qabiliyyətinə malik olmayan şəxslər, həmçinin xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumları, naməlum meyitlər məcburi dövlət genom qeydiyyatından keçirilir".

Hüquqşünas könüllü dövlət genom qeydiyyatı haqqında da danışıb: "Şəxslərin könüllü genom qeydiyyatı onların yazılı ərizələrinə əsasən aparılır. Şəxs könüllü olaraq istəyir ki, dövlətdə onun genetik məlumatları olsun. Düşünür ki, başına bir iş gələ bilər, itkin düşər və s. O zaman bu məlumatlardan şəxsin xeyrinə istifadə oluna bilər. Və yaxud, bu məlumatlar şəxsin özünə lazımdır. Məsələn, qohumluq əlaqələrinin müəyyən edilməsi və s.".

Həmsöhbətimiz deyib ki, daktiloskopik qeydiyyatı da məcburi və ya könüllü aparılır: "Məsələn, ümumvətəndaş, xidməti və ya diplomatik pasport alan Azərbaycan vətəndaşları (15 yaşı tamam olmamış vətəndaşlar istisna olmaqla), müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan vətəndaşları, müvəqqəti və ya daimi yaşamaq icazəsinin alınması üçün müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (15 yaşı tamam olmamış uşaqlar istisna olmaqla) məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilir".

E.Həsənovun sözlərinə görə, "Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" qanun çoxdan var idi: "Amma bu qanun kifayət qədər təkmil deyildi. İkincisi burda genom qeydiyyatı məsələsi yox idi. Artıq yeni qanunda bunlar sistemləşdirilib və bir yerdə qanunvericiliyə daxil edilib. Çünki bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Yeni qanun təkmildir və müasir elmi-texniki nailiyyətlərə uyğun qəbul edilib".

Qeyd edək ki, yeni qanun 2018-ci il sentyabrın 1-dən qüvvəyə minir. Bu qanun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" qanun ləğv ediləcək.

15635
Teqlər:
genom, daktiloskopik, DNT, hüquqşünas, şəxsiyyət, qeydiyyat, Elyar Həsənov, prezident İlham Əliyev, Azərbaycan, qanun
Əlaqədar
Prezident İlham Əliyevə yeni şəxsiyyət vəsiqəsi təqdim olunub
Ekspert yeni şəxsiyyət vəsiqələrinin maraqlı xüsusiyyətlərini açıqladı
Gələn həftədən vətəndaşlara yeni şəxsiyyət vəsiqələri veriləcək
Dünyanın ən dəyərli pasportu müəyyənləşib, Azərbaycan siyahıda ...
Türkiyədə atlara və eşşəklərə pasport veriləcək
Pasport və şəxsiyyət vəsiqənizi itirməyin: Rüsumlar artdı...