Kişi və qadın

Xəyanət, həbs, ölüm 4 sahibsiz uşaq - Bakıda ərli qadın hoqqalardan çıxıb

14930
(Yenilənib 16:13 30.08.2018)
Qadın tez-tez əri ilə qalmaqal salır, kişini onu başqalarına qısqanmağa məcbur etməyə çalışırmış

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 30 avqust — Sputnik. Dörd il əvvəl dəhşətli ailə faciəsini yaşamış və bununla bağlı reabilitasiya keçmiş dörd uşaq heç kəsə lazım deyil. Onlar növbəti faciənin qurbanı olublar və indi onları yenidən Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə qaytarmaq lazım gəlib.

Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, uşaqların anası — Masallı rayonunun 31 yaşlı sakini Aynurə Salahova (adı etik səbəblərdən dəyişdirilib) avqustun 28-də dörd günlük komadan sonra xəstəxanada vəfat edib.

2014-cü ildə Salahova Bakıda əri Səfərovu yatdığı yerdə öldürməyə cəhd edib. Qadın ərinin qarın nahiyəsinə bıçaq zərbəsi endirib. Binəqədi Rayon Prokurorluğu AR Cinayət Məcəlləsinin 29, 120-ci (Cinayət etməyə cəhd) maddəsi ilə cinayət içi açıb və Salahova həbs edilib.

Cinayət işinin materiallarına görə, hadisədən əvvəl ər-arvad arasında Salahovanın özünün səbəb olduğu qalmaqal baş verib. Qadın ərini onu müdafiə etməməkdə, ona baxan kişini döyməməkdə günahlandırıb.

Cinayət işinin materiallarından da göründüyü kimi, Salahova tez-tez əri ilə qalmaqal salır, kişini onu başqalarına qısqanmağa məcbur etməyə çalışırmış. Gah deyirmiş ki, biri ona pis baxıb, gah da deyirmiş ki, bir başqası ona söz atıb və s. Bundan başqa, Salahova ərini guya ona qarşı hansısa hərəkət etmiş kişilərlə davaya sövq edirmiş. Əri isə xasiyyətcə sakit və konfliktə geyməyən adam imiş.

Ər-arvad arasında sonuncu qalmaqal da bu zəmində baş verib. Bir qədər sonra işlər yoluna düşüb. Ən azından ər belə düşünürmüş. Lakin Salahova incikliyini unutmayıb. Bir gecə bıçağı yatan ərinin qarnına soxub.

Səfərov xəstəxanaya çatdırılıb. Çoxlu qan itirsə də, xoşbəxtlikdən sağ qalıb. Bununla belə, Səfərov arvadını ələ vermək istəməyib. Baş verənləri gizlətməyə çalışaraq xəstəxanada deyib ki, ailə münaqişəsi zamanı özü-özünü bıçaqla vurub.

Lakin Salahova reanimasiyaya gələrək ərinin qohumlarının üstünə atılıb və qışqıraraq deyib: "Onu mən vurmuşam, düz eləmişəm, lazım gəlsə, sizi də öldürəcəyəm".

Bu etirafdan sonra polis əməkdaşları Salahovanı saxlayıblar və ona ev həbsi veriblər. Sonra qadın dörd övladını evdə tək qoyaraq, ev həbsindən qaçmalı olub. İki gündən sonra o saxlanılıb və həbs edilib. Salahova məhkəmənin qərarı ilə 4 il 3 ay müddətinə həbs cəzasına məhkum edilib.

O zaman dörd uşaq (iki qız və iki oğlan) məsuliyyətsiz böyüklərin əlində oyuncağa çevrilib. Dördüncü ildir ki, onların əzabları davam edir. Lazımsızlıq hissi isə uşaqları daha da bədbəxt edir.

Böyük uşaqları (cinayət törədilən vaxt qızların 8-12 yaşları var idi) Azərbaycan Uşaqlar Birliyinin sığınacağına veriblər. Ata özü ilə yalnız oğlanları götürüb. Səfərov hər şeydən əlavə arvadının ona xəyanət etdiyini də öyrənib. Belə ki, həbsdən sonra Salahovanın mobil telefonunu onun ərinə veriblər. Telefona naməlum kişidən SMS-lər gəlib. Həmin şəxs qadının əlaqəyə çıxmamasından narahat olduğunu yazırmış.

Həmin vaxt Səfərov özünü Salahova kimi təqdim edərək, həmin kişi ilə görüş təyin edib. Görüş zamanı Səfərov kişini döyüb və onu arvadı ilə hansı münasibətlərdə olduğu barədə danışmağa məcbur edib. Kişi deyib ki, aralarında heç bir cinsi münasibət olmayıb. Lakin o, bunun baş verəcəyinə ümid edirmiş.

O da məlum olub ki, Salahova sadəcə, kişidən istifadə edirmiş. Onunla restoranlarda görüş təyin edərək, qonaqlığa görə hesabı ödədirmiş.

Səfərov bütün bunları öyrənəndən sonra arvadını boşamaq üçün məhkəməyə müraciət edib. Həmin məhkəmə prosesi haqqında Azərbaycan KİV-ləri çox yazıb.

Qeyd edək ki, Salahova 15 yaşında Səfərova qoşulub qaçıb. O, eynilə öz anasının yolunu gedib. Onun anası da uzun illər əvvəl öz ərini bıçaqla öldürüb.

Boşandıqdan sonra Səfərov ikinci dəfə ailə qurub. Onun böyük qızının 15, kiçik oğlunun isə 5 yaşı var. Dəmir barmaqlıqlar arasında Salahova dəfələrlə özünü öldürməyə cəhd edib. Lakin bütün cəhdləri uğursuz olub.

Bu yaxınlarda onu vaxtından əvvəl azadlığa buraxıblar. Bundan sonra qadın böyük qızlarını öz yanına aparıb. Amma beş gün bundan əvvəl — avqustun 25-də onu küçədə onu avtomobil vurub. Qadın avqustun 28-də aldığını zədədən dünyasını dəyişib. Hüquq-mühafizə orqanları qadının bu yolla özünə qəsd etdiyini istisna etmir.

"Ən dəhşətlisi isə odur ki, dörd il əvvəl baş verən insident zamanı Salahova 12 yaşlı böyük qızını atasına qarşı cinayət işlətməyə təhrik edib. O, qızını cinayəti öz boynuna götürməyə məcbur etməyə çalışıb. Düşünüb ki, bu yolla cinayət məsuliyyətindən qaça biləcək, uşağı isə heç kəs məsuliyyətə cəlb etməyəcək. Qadın cinayəti törədəndən sonra qanlı bıçağı qızına verərək onu yuyub gizlətməyi tapşırıb. Uşaqlar öz analarından çox qorxublar" — deyə hüquq müdafiəçisi bildirib.

Reabilitasiya dövründə uşaqlara qarşı digər işgəncə faktları da üzə çıxıb. Hüquq müdafiəçiləri öyrəniblər ki, ana uşaqlarını döyürmüş və onları anasının ərinə başqa kişilərlə xəyanət etdiyi barədə susmağa məcbur edirmiş.

"Ataları ikinci dəfə evlənəndə uşaqlara elə gəlib ki, onlar yenidən öz ailələrinə qovuşublar. Ögey ana uşaqları öz yanına aparıb və onlar bu qadına bağlanıblar. Lakin qadın çox tez ögey uşaqlardan və ərindən yorulub. О, ailəsini buraxaraq gedib" — deyə Ağazadə bildirib.

Hazırda ata dörd uşağın məsuliyyətini boynuna götürmür. Uşaqları gah sığınacaqdan götürürlər, gah da yenidən buraxırlar. Bu, artıq birinci dəfə deyil. Bütün bunların uşaqlar üçün necə travma olduğunu anlatmaq çətindir. İndi onlar yenidən heç kəsə lazım deyillər. Belə xoşagəlməz uşaqlıq çətin ki, onların işıqlı gələcəyinin qarantı olsun.

14930
Teqlər:
bıçaq, arvad, ər, kişi, ailə, cinayət, qadın, uşaq, həbs
Əlaqədar
Lənkəranda qorxunc hadisə baş verdi, 2 kişi birləşib 3 qadını döydü
Kişi işə qadın geyimində getdi - SƏBƏB
Bakıda intiharların qarşısı alındı: Qadın və kişi son anda xilas edildilər
Kişilər ancaq belə qadınlara aşiq olur
Qadınlar kişilərdən daha çox buna üstünlük verir…
Azərbaycanda qadınlarla kişilərin əməkhaqları arasında fərq var - RƏSMİ
İtaliya futbolunun əfsanələri: Paolo Maldini, Andrea Pirlo və Canluici Buffon

Baş məşqçi getdi, yaşasın yenisi! “Yuve” Sarriyə əvəz tapdı

0
(Yenilənib 22:21 08.08.2020)
Bundan öncə bildirilirdi ki, “Yuve” Maurusio Poçettino (eks-“Tottenhem”), Simone İndzagi (“Lasio”) və Pep Qvardiolanın (“Mançester Siti”) namizədliyini gözdən keçirir

BAKI, 8 avqust — Sputnik. Mövsümün nəticələrinə görə bu gün işdən çıxarılan baş məşqçi Maurisio Sarriyə “Yuventus” əvəz tapıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, jurnalistlər Fabrisio Romano, Canluka Di Marsio və digər insayderlər bildiriblər ki, italyan klubuna onun keçmiş yarımmüdafiəçisi Andrea Pirlo rəhbərlik edəcək.

Pirlo iyulun sonunda Turin klubunun 23 yaşlılardan ibarət komandasına baş məşqçi təyin olunmuşdu.

Məşqçi karyerasında bir ilk yaşayacaq Andre Pirlonu “Yuventus”un prezidenti Andrea Anyelli özü seçib.

Bundan öncə bildirilirdi ki, “Yuve” Maurusio Poçettino (eks-“Tottenhem”), Simone İndzagi (“Lasio”) və Pep Qvardiolanın (“Mançester Siti”) namizədliyini gözdən keçirir.

Andrea Pirlo İtaliya millisinin tərkibində 2006-cı ildə dünya çempionu olub. “İnter”, “Milan” və “Yuventus” klublarındakı oyunlarıyla məşhurlaşıb. Futbolçu karyerasını 2017-ci ilin noyabrında “Nyu-York Siti”də başa vurub.

Bildirək ki, dünən Çempionlar Liqasının 1/8 finalında “Yuventus” “Lion”a iki oyunun nəticələrinə görə (0:1, 2:1) uduzaraq yarışı tərk edib. Bu mövsüm İtaliya çempionu olmasına rəğmən klubun baş məşqçisi Maurisio Sarri bu gün vəzifəsindən azad edilib. O, “Yuve”yə 2019-cu ildə Massimilano Alleqrinin əvəzinə gəlmişdi.

0
Əlaqədar
Əfsanə futboldan getdi
Hamısı italyan olacaq - Millimizin məşqçisi qərarını verdi
“Real”ın keşmiş ulduzu Azərbaycana gəlməkdən imtina edib
Daha bir futbol fırıldağı? FİFA prezidentinə qarşı cinayət işi başlanıb
Bir də futboldan görək: Millimizin baş məşqçisindən daha bir jest
Film çəkilişi, arxiv şəkli

"Onlara pul lazım deyil, bacarıqlı rejissor filmi üçün maliyyə tapacaq"

5
(Yenilənib 21:45 08.08.2020)
Əgər dövlətin maliyyəsinin bundan sonra da xərclənməsində ədalət, şəffaflıq olmayacaqsa, kinoya böyük pullar ayırmağın mənası yoxdur.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. "Ay camaat, bu kino ki, var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib". Personajlarının hər kəlməsi xalq dilində zərb-məsələ çevrilmiş "Bəyin oğurlanması" filmindən kolxoz sədri Hidayət müəllimin fikridir. Kino, doğrudan da qəliz və vacib məsələdir. Ölkənin dünya arenasında tanınmasında kino əvəzsiz vasitədir.

Venesiya beynəlxalq film festivalının keçirildiyi məkanın yanında qızıl şir heykəli, arxiv şəkli
© Sputnik / Екатерина Чеснокова

Tənqidçi və kinoşünas Sevda Sultanova Sputnik Azərbaycan-la söhbətində son illər Azərbaycan kinosunda yaranan boşluqlardan danışıb.

- Ötən əsrin 60-70-ci illəri və qismən də 80-ci illər Azərbaycan kinosunun intibah dövrü olub. Lakin sonralar, məlum səbəblərdən, digər sahələr kimi, kino sahəsi də tənəzzülə uğradı. Sonralar digər sahələr inkişaf etsə də kino sahəsi yerində sayır, sizcə, bunun səbəbləri nədir?

- Azərbaycan kinosunda bir neçə dəfə qırılma nöqtəsi baş verib. Birinci qırılma nöqtəsi 1930-cu illərin repressiyaları ilə bağlıdır. Yəni senzura gücləndi, kino sektoruna nəzarət gücləndi, həbslər başladı, qeyri-millətdən olan kadrlara üstünlük verildi. Ümumiyyətlə, kino sənəti ölkəmizə gəldiyi ilk illərdə ən yaxşı filmləri azərbaycanlılar çəkiblər, nəinki ruslar və ya ermənilər. Digər millətlərin çəkdikləri filmlərdə xeyli təhrif vardı ki, bu barədə Cəfər Cabbarlı "Hara gedir Azərkino" məqaləsində yazıb. Yerli rejissorlarımız isə mühiti, coğrafiyanı, mentallığı, yerli mədəniyyəti, əhvalatları bilirdilər, üstəlik, istedadlı çəkirdilər.

Qeyd etdiyiniz 60-70-ci illərdə də intibahı milli rejissorlarımız yaratdılar. Mənə görə, Azərbaycan kinosu ikinci intibah dövrünü məhz sovetlərin dağılması ərəfəsində yaşadı. Bu, 1980-ci illərin sonundan 1990-cı illərin ortalarınadək davam etdi. "Azərbaycan postsovet dövrü kinosunun müxtəsər tarixi" adlı araşdırmamda bu haqda ətraflı yazmışam. Sonrakı illərdə kinoya ayrılan büdcənin monopoliyaya alınması, keyfiyyətsiz idarəetmə sistemi bu sahədə növbəti qırılma nöqtəsinə səbəb oldu. Daha bir məqamı deyim: əslində bunun özü böyük araşdırma mövzusudur. Yaradıcılığının ilk illərində yüksək peşəkarlıq göstərən rejissorların sonrakı işlərində zəif nəticələr göstərməsi maraqlıdır. Misalçün, Hüseyn Seyidzadənin "Yenilməz batalyon" filmində əldə etdiyi nəticə digər filmlərində nəzərə çarpmadı. Səbəbləri çox ola bilər. Məsələn, Seyidzadə çox sıxışdırılırdı, bu da onun yaradıcı potensialına təsir etməyə bilməzdi. Dediyim kimi, araşdırılmalı mövzudur.

- Ümumiyyətlə, necə düşünürsünüz, kinomuzun bu duruma düşməsinin günahkarı kimlərdir?

- Bayaq dediyim kimi, başlıca problem doğru olmayan idarəçilik sistemindədir. Amma italyan neorealizmi çətin şərtlərdə yaranmışdı. Görünür, burada yaradıcı adamların entuziazmı da böyük rol oynayır.

- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədris olunan dərslərin əksəriyyəti qeyri-ixtisas fənləridir. Universitetə böyük şövqlə qəbul olunan tələbənin qol-qanadı həmin illərdə sınır. Sizcə, milli kinomuzun bu duruma düşməsinin səbəbi həm də bu ola bilərmi?

- İncəsənət Universitetində tədrisin hansı prinsiplərə əsaslanması, keyfiyyəti haqda ətraflı məlumatım yoxdur. Amma orada təhsil alan tələbələrdən, məzunlardan eşitdiklərimə görə, dərslər keyfiyyətli, məhsuldar keçirilmir, müəllimlərin bir qisminin sahələri üzrə yetərli bilgiləri yoxdur, peşəkarlığı qənaətbəxş deyil. Aydın Dadaşov bir dəfə məni kinoşünaslıq kafedrasına dəvət etmişdi. İstəyirdi ki, mən və Aygün Aslanlı müəllim kimi burada fəaliyyət göstərək. Yeri gəlmişkən, mən İncəsənət Universitetini bitirmədiyimdən, orada dərs deməyim üçün ya kino ilə bağlı kitabım olmalıydı, ya da heç olmasa, Universitetdə qiyabi təhsil almalıydım. Aydın müəllim dedi ki, sənin üçün şərait yaradacağıq. Nə kitab yazmağa, nə ikinci təhsilə həvəsim olmadığımdan alınmadı. Həm də kitab üçün təklif olunan mövzu ürəyimcə deyildi. Həmin kafedrada bir neçə müəllimlə söhbət edəndə onların kino bilgilərinə dırnaqarası heyran oldum.

Bu il milli kino ilə bağlı iki mühüm araşdırma etmişəm, "Ekranlaşdırılmış ədəbi əsərlər" kitabım çıxıb. Xeyli resenziyam var, yaxınlarda "Azlogos"da dünya kinosunda homoseksual mövzunu araşdıran yazım yayımlandı, üstəlik, mükafat alan yeni Qərb filmləri ilə bağlı təhlillərim var. Mənim üçün maraqlıdır ki, İncəsənətdə dərs deyən kinoşünasların və ya kino tənqidçilərinin hansı məhsulu var? Bu, mənim üçün, doğrudan, maraqlıdır. Və onların yetişdirdiyi yeni nəsil kino tənqidçiləri haradadır?

Bu yaxınlarda gənc kinotənqidçilər axtarırdım, əməkdaşlıq üçün. Araşdırdım, tapa bilmədim. Məlum oldu ki, teatrşünaslıqda, teatr tənqidində yeni, maraqlı imzalar var, amma kinoda yoxdur. Mən, Aygün Aslanlı kino tənqidi ilə məşğul olmaq istəyən gənclərlə biliklərimizi təmənnasız paylaşmağa, fikir mübadiləsi etməyə hazırıq. İstəyənlər sizinlə əlaqə saxlayıb, əlaqə nömrələrimi sizdən götürə bilərlər. "Debüt" studiyası və "Artlogos" saytı ilə birgə kino verilişi planlaşdırırıq. Aygünlə mən müəllifik. İlk mövzumuz "Resenziya necə yazılmalıdır?" olacaq. Qısa zaman içərisində gərəkli bilgiləri verməyə çalışacağıq.

- "Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar" adlı yazınızda xaricdə uğur qazanan gənc rejissorlarımızı qeyd etmisiniz. O rejissorlar ki, əcnəbi rejissorlarla rəqabətə girə biləcək qədər güclüdürlər.

- Azərbaycanda istedadlı rejssorlar həmişə olub. Xüsusən, indi gənc nəsil kinematoqrafçılar gəlirlər ki, onlar tədricən "Yeni dalğa"ya zəmin yaradırlar. Kino sahəsində idarəçiliyin qüsurluluğu, uyğun iqtisadi şərtlərin olmaması, "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın yerinə yetirilməməsi prosesi xeyli ləngitdi. Teymur Hacıyevin Kann festivalında, Hilal Baydarovun Venesiya festivalının əsas müsabiqəsinə düşməsi onların təkbaşına, müstəqil fəaliyyətlərinin nəticəsidir. Yəni, burada dövlətin rolu olmayıb.

Həmişə bu fikirdə olmuşam ki, tammetrajlı bədii filmlərə dövlət maliyyəsi ayrılmasın. Uşaq, cizgi, müəyyən mövzularda – məsələn, Qarabağ kimi mühüm mövzularda çəkilən filmlər istisna olmaqla.

İstedadlı, bacarıqlı rejissor filmi üçün maliyyə tapacaq, həm də yaşadığımız texnogen dünyada imkanların bolluğu buna şərait yaradır. Demək istədiyim odur ki, əgər dövlətin maliyyəsinin bundan sonra da xərclənməsində ədalət, şəffaflıq olmayacaqsa, kinoya böyük pullar ayırmağın mənası yoxdur.

- Son illər ölkəmizdə film sahəsində, xüsusən də komediya filmləri monopoliyadadır. Çəkilən əksər komediya filmlərində eyni simaları görürük. Sizcə, bu, komediyanı çəkən rejissorun özünü sığortalaması ola bilərmi? Çünki həmin filmlərə sponsorluq edən təşkilatlar populyar simaya daha çox etibar edir.

- Mən gözləyirdim ki, komediya janrından tədricən dram, triller, melodram və digər janrlara keçiləcək. Yəni qanunauyğunluq bunu tələb edir. Amma hələ ki, komediya janrı dominantdır. Ən pisi isə odur ki, komediya janrının özündə belə çox az istisnanı nəzərə almasaq, keyfiyyət dəyişikliyi baş vermir. Çünki yeganə məqsəd pul qazanmaqdır. Onların pul qazanmaq istəyinə normal baxıram. Ancaq pul qazanmaq üçün yaxşı məhsul təklif etmək lazımdır axı. Ona görə eyni adamlar komediya çəkir ki, azad iqtisadi bazar yoxdur, normal reklam bazarı yoxdur, ifadə sərhədləri məhduddur və dediyim səbəblərdən ciddi rəqabət yoxdur. 1990-cı illərin əvvəllərindən iş adamları kinoya investisiya qoyurdular. Dövlətdən asılı olmayan, alternativ maliyyə ilə çəkilən müstəqil kino yavaş-yavaş inkişaf edirdi. Onların arasında festival üçün nəzərdə tutulan, ciddi filmlər üstünlük təşkil edirdi. Sonralar bu ənənə müxtəlif səbəblərdən yox oldu.

5
Əlaqədar
Həyatını riskə ataraq: Rejissor azərbaycanlı həkimlərin fədakarlığını seriala çəkəcək
Kinorejissor: “Filmimizin beynəlxalq festivalda iştirakı böyük qələbədir”
Azərbaycanlı cütlüyün ağlına qeyri-adi ideya gəlib
Azərbaycanlı dramaturqun pyesi Rusiya festivalının şort-listinə daxil edilib
“Çocuklar duymasın”ın Haluku: “Azərbaycan üçün könüllü əsgərliyə gedərdim