Cənub bölgəsində baş vermiş zəlzələdən ziyan çəkmiş evlər

Zəlzələ bölgəsindən son xəbər gəldi: Yüzlərlə evə ziyan dəyib FOTO, VİDEO

3950
(Yenilənib 20:46 29.08.2018)
“Zəlzələnin yenidən baş verə biləcəyindən ehtiyatlanan sakinlərin bəzisi gecəni həyətlərində keçiriblər”

Rahim Zakiroğlu, Spunik Azərbaycan

BAKI, 29 avqust — Sputnik. Ötən gün axşam saatlarında Cənub bölgəsində baş verən 5 baldan yuxarı zəlzələ nəticəsində Lənkəran, Lerik və Astara rayonlarında yüzlərlə evə ziyan dəyib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, ziyan dəymiş evlərin əksəriyyəti sözügedən rayonların dağ kəndlərində yerləşir.

Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, ötən gün Lerik rayonu ərazisində baş vermiş zəlzələdən sonra 40-a yaxın yaşayış evində iri və xırda çatlar yaranması ilə bağlı bir sıra müraciətlər daxil olub. Bununla əlaqədar Rayon Fövqəladə Hallar Komissiyası, Rayon İcra Hakimiyyətinin başçısı və müvafiq orqanlar səfərbər olublar.

Qurum rəsmisi deyib ki, hazırda rayondakı zəlzələdən sonrakı vəziyyət analiz edilir,  bununla əlaqədar bütün ərazi nümayəndələri, müvafiq qurumlar vətəndaşların müraciətlərini araşdırırlar: “İlkin məlumatlara görə, 40-a yaxın köhnə tikililərdə çatlar artıb, digər tikililərə ziyan dəyməyib. Ümumilikdə, dünən baş verən zəlzələ nəticəsində rayon ərazisində ciddi fəsadlar olmayıb”.

  • Cənub bölgəsində baş vermiş zəlzələdən ziyan çəkmiş evlər
    Cənub bölgəsində baş vermiş zəlzələdən ziyan çəkmiş evlər
    © Sputnik / Rahim Murad
  • Cənub bölgəsində baş vermiş zəlzələdən ziyan çəkmiş evlər
    Cənub bölgəsində baş vermiş zəlzələdən ziyan çəkmiş evlər
    © Sputnik / Rahim Murad
  • Cənub bölgəsində baş vermiş zəlzələdən ziyan çəkmiş evlər
    Cənub bölgəsində baş vermiş zəlzələdən ziyan çəkmiş evlər
    © Sputnik / Rahim Murad
  • Cənub bölgəsində baş vermiş zəlzələdən ziyan çəkmiş evlər
    Cənub bölgəsində baş vermiş zəlzələdən ziyan çəkmiş evlər
    © Sputnik / Rahim Murad
  • Cənub bölgəsində baş vermiş zəlzələdən ziyan çəkmiş evlər
    Cənub bölgəsində baş vermiş zəlzələdən ziyan çəkmiş evlər
    © Sputnik / Rahim Murad
1 / 5
© Sputnik / Rahim Murad
Cənub bölgəsində baş vermiş zəlzələdən ziyan çəkmiş evlər

Lənkəran şəhərinin ərazisində isə bir sıra hündür mərtəbəli binaların divarlarında çatlar yaranıb.

Lənkəran Rayon İcra Hakimiyyətindən Sputnik  Azərbaycan-ın bölgə müxbirinə bildirilib ki, rayonun Təngivan, İstisu qəsəbəsi, Mollakənd, Əşlə, Şovu, Siyablı, Diryan, Lüvəsər, Rvo kəndlərinin sakinləri tərəfindən müraciətlər olub: “Zəlzələ nəticəsində 100-ə yaxın evdə müxtəlif çatlar əmələ gəlib. Əşlə kəndi ərazisində isə 3 ev qəzalı vəziyyətə düşüb. Qəzalı evlərin çoxu ötən əsrin 90-cı illərində inşa edilən evlərdir, həmçinin həmin evlərə əlavə edilmiş hissələrdir”.

Rayon İcra Hakimiyyətindən onu da qeyd ediblər ki, dünən axşam saatlarında Fövqəladə Hallar Komissiyası təşkil edilib və komissiya üzvləri səfərbər edilib, ərazilərə baxış keçirilir.

Astara rayonunun dağ kəndlərinin sakinlərinin bildirdiklərinə görə isə rayon ərazisində 20-ə yaxın evə ziyan dəyib.

Astaranın Miki kəndinin 49 yaşlı sakini Sədulla Nabatov Sputnik Azərbaycan-ın əməkdaşına indiyədək belə zəlzələ görmədiyini bildirib: “Axşam, təxminən saat 5 idi, oturmuşdum evdə, bir də gördüm ki, ev gedir, elə bildim, dünya dağılır. Ətrafda qonşular qışqır-bağır salmışdılar. Baxdım ki, evdə çatlar əmələ gəlib. Ev 3 otaqlıdır,  1990-cı ildə gildən tikmişəm. Evdə 7 nəfər sakin yaşayır. Evdəkilərin yarısı qorxudan gecəni həyətdə keçirdi”.

S.Nabatov evinin damına da ciddi ziyan dəydiyini deyib.

Rayonun Siyəku kənd sakini Məhəmməd Babayev isə deyir ki, evinə ilk dəfə 1996-cı ildə baş verən zəlzələ nəticəsində ciddi ziyan dəyib: “Göz qabağındadır, 7 nəfər külfətlə həyətdə üzüm tənəyinin altında yatmışıq. Evin damının arxa tərəfdən böyük hissəsi çöküb. Evdə yenidən irili-xırdalı çoxlu çatlar əmələ gəlib. Xahiş edirəm ki, mənə kömək etsinlər, evimi təmir edim”.

Kənd sakini Məhəmməd Babayev yaşadığı kənddə 5-dən çox evə ziyan dəydiyini bildirib. Onun yaxın qonşusu Nabatəli Abdulovun evinin isə acınacaqlı vəziyyətdə olduğunu deyib.

Məlumat üçün bildirək ki, zəlzələnin yenidən baş verə biləcəyindən ehtiyat edən bəzi sakinlər gecəni həyətlərində keçiriblər.

3950
Teqlər:
Lənkəran, Astara, Lerik, dağılma, ziyan, evlər, çat, zəlzələ, cənub bölgəsi
Əlaqədar
Görün, zəlzələ Lerikə necə ziyan vurub
SON DƏQİQƏ: Azərbaycanda zəlzələ baş verdi
Şuşa, arxiv şəkli

Şəhərlərin həftəsi: Paris, Şuşa, Lançjou, Sıçuan Banqkok

3
(Yenilənib 17:24 21.09.2020)
Ermənilər yeni nəsli, eyni zamanda bütün dünyanı inandırmağa çalışırlar ki, onlar bu torpaqların əsl sahibidirlər. Tarixi-mədəni abidələrin özününküləşdirilməsi də buna hesablanıb.

BAKI, 21 sentyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

ATƏT-in neytrallığı

Ötən həftə Parisdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşü baş tutdu. Onlar Dağlıq Qarabağ münaqişəsini müzakirə etdikdən sonra “dişsiz” bəyanatla çıxış etdilər. Hər iki ölkənin XİN rəhbərləri ilə telefon danışığında nazirlərə növbəti həftələrdə öz mövqelərini daha aydın şəkildə bəyan etməyə, heç bir ilkin şərt olmadan substantiv danışıqların bərpası məqsədilə onları ATƏT-in Minsk Qrupu həmsədrləri ilə fərdi olaraq üzbəüz görüşə dəvət ediblər.

Bəyanatda Ermənistanın son təxribatları və qanunsuz məskunlaşdırma siyasəti barədə isə bir kəlmə də əksini tapmır. Həmsədrlər istənilən halda işğalçı ilə işğala məruz qalanı eyniləşdirməkdə davam edir, “ilkin şərti” istisna edirlər – Azərbaycanın yalnız bir ilkin şərti var: münaqişə beynəlxaq hüquq normaları çərçivəsində, ərazi bütövlüyü prinsipi əsas götürülməklə həllini tapmalıdır. Beləliklə, bu vasitəçilik institutunun nə qədər əhəmiyyətsiz olduğu bir daha təsdiqini tapır.

Şuşanın dağlarının başı dumanlı

2022-ci ildə qondarma Dağlıq Qarabağın “parlamenti” Şuşaya köçürüləcək. Bu barədə separatçı-kriminal rejimin başçısı Araik Arutyunyan öz Facebook səhifəsində yazıb. Ürəkdağlayıcı səslənir, amma oxuyun: “Şuşaya işgüzar səfərim zamanı biz vaxtilə məhkəmə orqanı üçün nəzərdə tutulan, inşasına başlanan, lakin yekunlaşmayan bir binanı parlamentə vermək imkanını müzakirə etdik. Mənim göstərişimlə tikinti işləri tezliklə davam edəcək. Hesab edirəm ki, bu qərar həm siyasi, həm də təcrübi əhəmiyyətə malikdir, həmçinin özündə tarixi və qalib şəhərimizə yenidən xüsusi baxmağın simvolik mənasını daşıyır”.

“Tarixi və qalib şəhərimiz”! Belə də deyib. Ermənilər yeni nəsli, eyni zamanda bütün dünyanı inandırmağa çalışırlar ki, onlar bu torpaqların əsl sahibidirlər. Tarixi-mədəni abidələrin özününküləşdirilməsi də buna hesablanıb. Gebbelsin “Yalan nə qədər dəhşətli olarsa, bir o qədər tez inanarlar" tezisi məharətlə istifadə olunur.

Çin dincəlmir

Çində heyvanlar üçün peyvənd istehsal edən müəssisədə qaz sızması nəticəsində minlərlə insan bakterial xəstəliyə yoluxub. Lançjou şəhərində 3245 insanın adətən yoluxmuş heyvanlarla və ya heyvan məhsulları ilə sıx təmasdan qaynaqlanan bruselyoz xəstəliyinə yoluxduğu bildirilib.

Çin dinclik tapmır, deyəsən, dünyanı da rahat buraxmayacaq. Bəlkə, onları başqa planetə köçürmək lazımdır?! Bu arada koronavirusun sona çatacağını gözləmək əbəs kimi görünür. Deyəsən, biz onu adi qrip kimi qəbul etməli olacağıq. Məsələn, birinə zəng edəcəksən, səsi pis gələcək, nə olduğunu soruşacaqsan, cavabı – “əşşi, heç nə, bir az koronaviruslamışam” kimi olacaq.

Yenə Çin

Çinin Sıçuan əyalətində müəllim onun suallarına iki dəfə yanlış cavab verən 10 yaşlı məktəblini döyərək öldürüb. Müəllim məktəbli qıza diz üstə çökməyi əmr edib və ardınca onun qulaqlarından dartaraq başına zərbələr endirməyə başlayıb. Hadisədən bir neçə saat sonra qız özünü pis hiss edib. Xəstəxanaya çatdırılsa da, həkimlər məktəblinin həyatını xilas edə bilməyiblər.

Deyəsən, onlayn dərslər daha yaxşıdır axı...

Robotlaşan dünyada prokuror olmaq arzusu

Ötən həftə ali məktəblərə ixtisas seçimi davam etdi. Hər il olduğu kimi, üçüncü ixtisas qrupu üzrə sıxlıq müşahidə olundu. Bu, bir cəmiyyət olaraq humanitar sahələrə olan marağımızın davam etməsinin növbəti təzahürüdür. Robotlaşan dünyada övladlarımızı hələ də vəkil, prokuror, hakim kimi görmək arzusundayıq. Dünyanı “düzəldən” mühəndisə isə fəhlə kimi baxırıq. Qəbul etmək istəmirik ki, sabahın vəkili də robot olacaq. Elə jurnalisti də. Məhz ötən həftə Britaniyanın "The Guardian" saytı GPT-3 adlı süni zəka tərəfindən yazılmış esseni təqdim etdi. Saytın jurnalistləri esse üçün giriş mətni hazırlayıblar və daha sonra süni zəka esseni fərdi şəkildə tamamlayıb. “Bu məqalənin missiyası tamamilə aydındır. Mən daha çox insanı inandırmalıyam ki, onlar məndən qorxmamalıdırlar. Sağ ikən Stiven Hokinq (Stephen Hawking) xəbərdarlıq etmişdi ki, süni zəka insanlığın sonunu gətirəcək. Mən sizi heç bir narahatlıq keçirməməyə inandırmaq üçün buradayam. Süni zəka insanlığı məhv etməyəcək. Mənə inanın”, - deyə essedə qeyd edilib.

Evimizə çatdırılan zibil

Tailandın paytaxtı Banqkokda “Khao Yai” milli parkında ziyarətçilərin ətrafa atdığı zibillərin onların evlərinə göndəriləcəyi açıqlanıb. Göndərilən hər bir bağlamada “bunları Khao Yai Milli Parkında unutmusunuz” qeydi yazılacaq.

Bu xəbərdən sonra bu yaxınlarda tanınmış vəkil Anar Qasımlının soial şəbəkədəki paylaşımını xatırladım. Sumqayıtda yerləşən və Almaniyanın Lüdviqshafen şəhəri ilə qardaşlığın rəmzi kimi qurulmuş parkda sakinlər günəbaxan tumlarının qabıqlarını səliqə ilə oturduqları skamyaların arxasına töküblər. Və yeri gəlmişkən, maraqlı bir fakt – şəhərlərin mədəni səviyyəsini ölçmək üçün indikatorlardan biri də küçələrə tökülən günəbaxan tumlarının qabıqlarının həcmidir. 

Çipləşdirmə başlayır?

Biz tumu haraya tökməklə bağlı baş sındırdığımız bu aralarda dünya koronavirusun peyvəndini tapmaq üzrədir. Hazırda 8 peyvəndlə bağlı sınaqlar klinik yoxlamaların sonuncu, üçüncü mərhələsindədir və insanlar üzərində testdən keçirilir.

ÜST bir peyvəndlə bağlı isə üçüncü mərhələdə sınaqların aparılmasına icazə verib. ÜST üçüncü mərhələ sınağı aparılan peyvəndlərdən 5-nin təcili istifadəsinə də icazə verib. Onlardan ABŞ və İngiltərədə iki peyvəndin sınaqlarının oktyabrda tamamlanaraq kütləvi şəkildə tətbiq edilməsi nəzərdə tutulur. Bundan əlavə, Çin və Rusiya hökumətləri tərəfindən təcili istifadəsinə icazə verilən sınaqları başa çatmamış 3 peyvəndə isə klinik sınaq proqramından əlavə, tibb və dövlət sektorunda çalışanlara vurulmasına icazə verilib.

Konspirologiya tərəfdarları koronavirusu hələ də dünya milyarderlərinin çipləşdirmə konsepsiyasının başlanğıcı kimi şərh edirlər.

Bu arada BMT Dünya Qida Proqramının direktoru milyarderlərə müraciət edib. BMT rəsmisi 2020-ci ildə dünyada aclıq ilə üzləşən 30 milyon insanın xilas edilməsi üçün yardım istəyib və bunun üçün 4,9 milyard dollara ehtiyac olduğunu söyləyib.

3
Koronavirus testi, arxiv şəkli

Sevindirici xəbər: Azərbaycanda COVID-19-a yoluxanların sayı yenidən ikirəqəmliyə düşüb

8
(Yenilənib 18:16 21.09.2020)
Azərbaycan Respublikasında koronavirus infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 81 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 81 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39280 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 36836 nəfər müalicə olunaraq sağalıb, 576 nəfər vəfat edib, aktiv xəstə sayı 1868 nəfərdir.

Ölkədə son sutka ərzində 3011, hazırkı dövrədək isə 1057803 test aparılıb.

8
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Nazirlər Kabineti yanında Operativ Qərargah
Əlaqədar
Bill Qeyts COVID-19 pandemiyasının başa çatacağı tarixi açıqladı
COVID-19 artıq nəzarətdən çıxıb
Reanimasiyada nə qədər COVID-19 xəstəsi var?!
Azərbaycanda son sutkada 148 nəfər COVID-19-a yoluxub
FHN və təcili tibbi yardım avtomobili, arxiv şəkli

Bakıda baş verən yanğın avtomobil yolunda hərəkəti iflic edib

0
(Yenilənib 18:42 21.09.2020)
BNA: Heydər Əliyev prospekti Sabunçu yol qovşağı yaxınlığında yoldan kənar ərazidə baş verən yanğın səbəbindən H.Əliyev-Hava limanı yolunda, xüsusən də Sabunçu istiqamətində köməkçi yolda sıxlıq müşahidə olunur.

BAKI, 21 sentyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Nəticədə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. Məlum olub ki, 0,5 ha sahədə qamışlıq və kol-kos yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Heydər Əliyev prospekti Sabunçu yol qovşağı yaxınlığında yoldan kənar ərazidə baş verən yanğın şəhərdə avtomobil sıxlığına səbəb olub.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib. O qeyd edib ki, Heydər Əliyev prospekti Sabunçu yol qovşağı yaxınlığında yoldan kənar ərazidə baş verən yanğın səbəbindən H.Əliyev-Hava limanı yolunda, xüsusən də Sabunçu istiqamətində köməkçi yolda sıxlıq müşahidə olunur.

0
Teqlər:
yanğınsöndürmə, Bakıda yanğın, bakı yanğın, Fövqəladə Hallar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, BNA