Qadın silueti, arxiv şəkli

Qızı ilə birgə son ümidini itirən ana: "Yəqin 10-15 ilə ölərəm..."

7781
(Yenilənib 20:48 23.08.2018)
Qızını itirəndən sonra övladına qarşı səhv etdiyini anlayıb, amma peşmançılıq üçün çox gec olub

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 23 avqust — Sputnik. Bəzən kədər içində  boğulsa da, insanın ümidlərini əlini uzadanda tutacaq birinin olmaması yıxır. Baş götürüb qaçmağa yer tapmır, sığınmağa bir çiyin. Ən çox da gecələr hiss edir tənhalığını. Qabarlı əlləri ilə göz yaşlarını silib, tanrısına sığınmağa çalışır.

Göz yaşları yastığını islatdıqca, xatirələri canlanır gözü qarşısında. Yanlışları, doğruları ilə bir həyatı yarım-yarımçıq yaşadığı üçün özünü qınamağa başlayır. Amma nə yazıq ki, keçmiş yaşadıqları bu gününə zərbə vursa da, bu gününü dəyişə biləcək gücü olmur.

Eynən budəfəki qəhrəmanımız kimi… Küçələrdə yaşayır. Hamıya nə vaxtsa doğru-düzgün həyatının olduğunu deyir. Əslində baş verənləri isə heç kimə deyə bilmir…

Çox yaşlı görünür, bizə dediyinə görə isə cəmi 58 yaşı var. 1960-cı ildə Biləsuvar rayonunda, kasıb bir ailədə doğulub Mahirə Əmirəliyeva. 5 bacıdan ən kiçiyi olub. Bəlkə də elə buna görə valideyn diqqətinin, qayğısının, sevgisinin nə olduğunu bilməyib.

"Kasıb ailəmiz vardı. Heç kim heç kimə əl tutmazdı. Çünki heç kimin imkanı yox idi. Atam da rəhmətə getmişdi. Anam çörək bişirməklə baxırdı bizə. Bacılarım böyük idi məndən. Bir gün anam da xəstələndi. Xəstə-xəstə işindən qalmırdı. Ancaq həkimlər ona yataqdan çıxmamağı məsləhət görmüşdü. Səhv etmirəmsə, 1974-cü ildə o da dünyasını dəyişdi. Həmin günü indiki kimi xatırlayıram. Ağır-ağır nəfəs alırdı, qızdırması da var idi. Sonra bədəni soyumağa başladı. Və sonuncu nəfəsini verdi. Bacılarımdan 3-ü ailə qurmuşdu" — deyə öz həyat hekayəsini danışır aramla.

Anasını itirəndən sonra bir müddət bacısı ilə yaşadığını deyir. Bacısı işləyib ona da, özünə də baxırmış. Bacısı da ailə qurandan sonra isə o, tənha qalıb.

Tənhalıqdan bezən Mahirə də ailə qurmağı, övlad sahibi olmağı arzulayır: "Mən də istəyirdim ki, ailəm olsun. Ancaq alınmırdı. Kənd yeri idi. Bir gün başqa kənddən biri ilə qoşulub qaçdım. İnanırdım ki, sevilirəm. Yalan imiş. 6 aylıq hamilə olanda məni tərk etdi. Sonradan öyrəndim ki, mənə hər şeyi yalan danışıb. Bir qızım dünyaya gəlmişdi. Xəyalə qoydum adını".

Özünü qızına həsr edəcəyinə söz versə də, Mahirə ikinci dəfə də aldadılır: "Yenə qarşıma biri çıxdı. Sevdim, bir yerdə yaşamağa başladıq. O mənim qızımı sevmirdi. Qızımı döyür, bacara bilmədiyi işləri tapşırır, incidirdi. Ürəyim dözməsə də, onu sevdiyim üçün göz yumurdum. Qızım böyüdükcə Ramizin ona baxışlarının dəyişdiyini hiss edirdim. Amma yenə susurdum. Bir gün qızım gəlib dedi ki, Ramiz ona söz atıb. Dedim ola bilməz, qızımı günahkar çıxardım".

Qızı 18 yaşına çatana qədər dəfələrlə anasına atalığının davranışlarından şikayətlənib. Mahirə isə qızını dinləmək istəməyib. Günlərin birində də qapısına gələn elçilərdən birinə 18 yaşlı qızını verib. Kiçik toy edərək qızı aparıblar.

Ancaq qızı ilk doğuşu zamanı dünyasını dəyişib. Qızını itirəndən sonra Mahirə övladına qarşı səhv etdiyini anlayıb. Amma peşmançılıq üçün çox gec olub. Elə buna görə də peşmançılıq hissləri ona rahat yaşamağa imkan vermir. Ailəsindən soyuyur.

Nəhayət bir gün Ramiz də evi tərk edir: "Ramiz Bakı-Biləsuvar istiqamətində taksi sürücüsü idi. Demək olar ki, hər gün Bakıya gedirdi. Məni tərk edəndən sonra öyrəndim ki, Bakıda kiminləsə tanış olub, onun evində yaşamağa başlayıb. İstəyirdim ki, gözümlə görüm onu. Gəldim Bakıya, tapdım onu, öyrəndim ki, bu qadından iki uşağı da varmış. Yoldaşı dedi ki, 10 ildir bir yerə yaşayırlar. 10 il əvvəli düşünəndə qızım gəlir gözlərim önünə, ağlamağı, mənə yalvarmağı… Çox peşmanam, amma əlimdən heç nə gəlmir".

Mahirə danışdıqca göz yaşlarına boğulur, bir müddət ağladıqdan sonra göz yaşlarını silib, sözünə davam edir. Deyir ki, indi Qara Qarayev metro stansiyası yaxınlığındakı kafelərin birində xadimə işləyir.

"Gecələri düşür qızım yadıma. Bilirəm ki, tənhalığımın səbəbkarı özüməm. Əlimdən tutanım yoxdur. Bir qədər yaşlanandan sonra sağ qalsam, qocalar evinə gedəcəyəm. Yəqin 10-15 ilə ölərəm. Amma bilirəm ki, ölsəm də məni qızıma qarşı etdiyim haqsızlıq rahat buraxmayacaq" — deyən qadın çantasını əlinə alıb ayağa qalxır.

"Heç bilmirəm bunları sənə niyə danışıram" — deyərək uzaqlaşır…

7781
Teqlər:
bədbəxt, ailə, övlad, qız, ana, həyat hekayəsi
BMT iclası

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağa görə toplandı

36
(Yenilənib 02:52 30.09.2020)
Üzvlər güc tətbiq edilməsini kəskin şəkildə qınayaraq, mülki şəxslər də daxil olmaqla, insan tələfatından təəssüfləndiklərni bəyan ediblər

BAKI, 30 sentyabr — Sputnik. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı fövqəladə iclası keçirilib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bağlı qapılar arxasında keçən iclasda Şuranın 15  daimi və qeyri-daimi üzvü iştirak edib.

Təhlükəsizlik Şurasının üzvləri Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlarla bağlı xəbərlərdən narahatlıqlarını ifadə ediblər. Üzvlər güc tətbiq edilməsini kəskin şəkildə qınayaraq, mülki şəxslər də daxil olmaqla, insan tələfatından təəssüfləndiklərni bəyan ediblər.

Təhlükəsizlik Şurası üzvləri, BMT Baş Katibinin tərəflərin döyüşü dərhal dayandırmaq, gərginliyi azaltmaq və gecikmədən substantiv danışıqlara qayıtmaq çağırışını dəstəklədiklərini bəyan ediblər. 

Təhlükəsizlik Şurasının üzvləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin mərkəzi rolunu tam dəstəklədiklərini bildiriblər və tərəfləri ilkin şərtlər olmadan dialoqun təcili bərpası üçün Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırıblar.

36
Teqlər:
açıqlama, fövqəladə iclas, BMT Təhlükəsizlik Şurası, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Hikmət Hacıyev: "Ermənistan radarlara baxsın"
Ermənistan ordusunun son günlərdə öldürdüyü azərbaycanlıların sayı açıqlandı
İlham Əliyev: "Azərbaycan öz xalqını, öz insanlarını, öz torpağını müdafiə edir" – VİDEO
MN: "Ermənistan tərəfi köhnə videoları yeni görüntülər kimi təqdim edir”
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib

Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edilib - VİDEO

219
(Yenilənib 01:19 30.09.2020)
Erməni işğalçılarının sentyabrın 27-də başladığı təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusu bütün cəbhə boyu hücuma keçib

BAKI, 30 sentyabr - Sputnik. Bu gün cəbhənin Cəbrayıl rayonunu istiqamətində düşmənin döyüş texnikaları bölmələrimiz tərəfindən məhv edilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Erməni işğalçılarının sentyabrın 27-də başladığı təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusu bütün cəbhə boyu hücuma keçib. Sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin azad olunması uğrunda ordumuzun hücumu davam edir. Səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib. Hazırda döyüşlər davam edir. 

Bu gün Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli kəndi istiqamətindən üzbəüz mövqelərimizə basqın etməyə cəhd göstərən Ermənistan ordusunun hərəkətinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb və düşmən geri çəkilməyə məcbur edilib. Geri çəkilərkən məhv edilmiş erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb.

Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan ordusunun 1-ci alayının, 3-cü taborunun komanda-müşahidə məntəqəsi dəqiq atəşlə darmadağın edilib. 

Eçmiədzin rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan, Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan da bu gün məhv ediliblər. Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri polkovnik Artyom Poqosyan isə ağır yaralanıb.

219
Teqlər:
Azərbaycan Ordusu, döyüş texnikası, tank, Cəbrayıl, döyüş, cəbhə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Həsənqaya yaxınlığında Ermənistan ordusunun mövqeləri darmadağın edilib
Müdafiə Nazirliyi: Ermənistan ordusunun alay komandiri ağır yaralanıb
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib
Hadrut istiqamətində Ermənistanın komanda müşahidə məntəqəsi darmadağın edilib
Müdafiə Nazirliyi: Ermənistan ordusunun polkovniki Karen Babayan məhv edilib