Ayı, arxiv şəkli

Pis havalar turistləri şimal rayonlarımızdan qovur: Ümid ayılara qalıb?

7203
(Yenilənib 21:03 19.08.2018)
Ayılar onları təbiətin qoynunda canlı görmək istəyən turistlər üçün daha cəzbedici ola bilər

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 19 avqust — Sputnik. Son günlər havaların kəskin dəyişməsi ilə əlaqədar şimal-qərb bölgəsinə gələn turistlərin sayı azalıb. Ən çox azalma isə Zaqatala rayonunda müşahidə olunub. Həmin bölgədə yerləşən "Turqut" hoteldən Sputnik Azərbaycan-a verilən məlumata görə, havaların kəskin dəyişməsi hotelə əməlli başlı ziyan vurub. Belə ki, istirahətə gedən turistlər həmin bölgəni tərk edir. Hoteldən bildirirlər ki, ötən illərə nisbətən bu il turist axını azalıb.

Bu həm də evlərini turistlərə kirayəyə verən sakinlərə də təsir edib. Xanım Həsənova son günlər havaların kəskin dəyişməsi ilə əlaqədar gələn turistlərin geri döndüyünü deyir: "Ötən illər havalar sentyabrda soyuyurdu. Gələn turistlər də uzun müddət qala bilirdi. Bölgəmizin sakinlərinin əsas gəlir yeri fındıqçılıq və turizm idi. Güclü leysan yağışları nəticəsində hər ikisindən də məhrum olmuşuq. Gələn turistlər geri qayıdır, əvvəldən zəng edib gələcəyini deyən qonaqlar da sonradan imtina edib". 

Qax rayonunun "Səngər qala" hotelindən isə bildiriblər ki, havaların soyuması onlar da müştərilərin azalmasına səbəb olub. Lakin soyuq havanı sevən insanlar həmin məkanda qalmağı və təmiz hava qəbul etməyi üstün tutublar.

Qax rayonun İlisu kəndində uzun illər öz evində kirayənişin saxlayan Solmaz Əfəndiyeva da bu il turist qıtlığının yaşandığını deyib: "Ötən illərdə avqustun sonlarına qədər qonaqlarımız olardı. Bu il isə demək olar ki, yay çox qısa keçdi. İyun ayında da havalar soyuq oldu. Avqustun 9-dan isə havaların kəskin dəyişməsi səbəbindən gələn qonaqlar kəndi tez tərk etdi."

"Bundan başqa, qazın kəsilməsi və elektrik enerjisinin fasilələrlə verilməsi qonaqların getməsinə səbəb oldu. Hələ dünən qazımız gəlib, biz kənd adamı ola-ola qazsız yaşaya bilmirik, şəhər adamı necə dözsün?" — deyə Solmaz xanım əlavə edib.

Şəkidə isə vəziyyət digər rayonlara nisbətən daha ürəkaçandır. Qədim şəhərə turist axını hələ də davam edir. "Sheki Palace Hotel"dən verilən məlumata görə, havaların kəskin dəyişməsinin onlara heç bir təsiri olmayıb. Hoteldən bildiriblər ki, güclü yağışlar və leysanlar digər rayonlara nisbətən Şəkidə daha az olduğundan, gələn qonaqlar rayonu tərk etməyib.

Lakin, rayonun ucqar dağ kəndlərinin sakinləri bu il turizmdən yararlana bilməyiblər. Rayonun ucqar kəndlərindən olan Baş Zəyzid kəndinin sakini Əsgər Orucov deyir ki, bu il onların kəndinə 1 nəfər də olsun turist gəlməyib: "Turizmdən söhbət gedə bilməz. Bu il heç kim gəlmədi. Sel daşqınları, kəndimizə ayıların daxil olması və camaatın heyvanlarını parçalaması ilə bağlı xəbərlərin yayılması turistlərin gəlişinə təsir edib. Kəndimizdə yol problemi də var. Keçən il gəlib bu yolu görən turist bu il gəlməz".

Mövcud problem Azərbaycanın şimal-qərb qapısı sayılan Balakəndə də hökm sürür. Balakənin məşhur hotellərindən olan "Qubek" hoteldə də son 2-3 gündə turistlər azalıb. Əvvəldən yer rezervasiya edənlər də sonradan imtina ediblər. Sözügedən hoteldən qonaqlar əsasən tranzit kimi istifadə edir. Qonşu Gürcüstana səfər edənlər geri qayıdıb həmin hoteldə qalırlar. Digər rayonlardan fərqli olaraq "Qubek" hoteldə ilin bütün fəsillərində qiymətlər sabit qalır. 

Qeyd edək ki, Zaqatala, Qax və Balakən rayonunun mədəniyyət və turizm idarələri hotellərin və yerli sakinlərin verdiyi informasiyanı təsdiqləyiblər. Onlar da bu il yay fəslinin qısa olması, havaların dəyişkən keçməsi, intensiv yağışlar və daşqınlar səbəbindən bölgəyə turist axınının az olduğunu bildiriblər. Bununla belə, həmin rayonlara bu il xeyli sayda əcnəbi turistlərin gəldiyi qeyd olunub.

Şəki regional mədəniyyət və turizm idarəsi isə regional turizmin inkişafından məmnundur. İdarədən əməkdaşımıza bildiriblər ki, bu il Şəkiyə gələn turistlərin sayından şikayətçi deyillər. Ümid edirlər ki, növbəti illərdə bölgəyə turist axını daha çox olacaq. Çünki turizmlə bağlı müvafiq infrastruktur, hotel və digər xidmət sahələri inkişaf etdirilir.

O ki qaldı, ayıların sayının artması ilə əlaqədar dağ kəndlərinə turistlərin getməməsinə, İdarədə bunu ciddi səbəb saymırlar. Hər şeyə yumorla yanaşmağa adət edən şəkililər hesab edirlər ki, ayılar onları təbiətin qoynunda canlı görmək istəyən turistlər üçün daha cəzbedici ola bilər.

7203
Teqlər:
Şəki, Balakən, Zaqatala, yay, yol, hava, şikayət, turizm
Əlaqədar
Nabran bələdiyyəsinin sədri cərimələndi: Turizm bölgəsindəki zibillərə görə
Türkiyənin turizm cənnətində faciə baş verib, 9 nəfər həlak olub
Sel turizm cənnətini cəhənnəmə çevirdi
Prezident Dövlət Turizm Agentliyinə pul ayırdı

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti daha bir ay dayandırıldı

8
(Yenilənib 18:23 28.10.2020)
Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişikliklərə əsasən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

BAKI, 28 oktyabr - Sputnik. Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, bu il oktyabrın 19-dan 2 noyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmışdı.

Azərbaycanın bir sıra şəhər və rayonlarında ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət də noyabr ayının 28-dək uzadılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan daxil olan məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarda aşağıda qeyd olunan tarixlərdə həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır:

31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək;

7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək;

14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək;

21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək;

28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək.

Həmçinin 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.

8
Qədəbək

Sabah hava həlim olacaq

5
(Yenilənib 18:09 28.10.2020)
Oktyabrın 29-da Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

BAKI, 28 oktyabr — Sputnik. Oktyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz 19-21, Bakıda gecə 14-16, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Oktyabrın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 29-da Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

5

Bölmələrimiz şəhər rayonlarımıza atəş açanları məhv edib - VİDEO

19
Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 28 oktyabr - Sputnik. Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın edib.

Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Nəticədə 21 nəfər həlak olub, 70-dən çox şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

19
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə