Keşniş

Təbiət onlara qənim kəsilib, gah suyu bol eləyir, gah tamamilə kəsir

16978
(Yenilənib 12:15 15.08.2018)
Əvvəllər 15-20 qəpiyə satılan göy-göyərtinin qiyməti indi 1.20-1.50 qəpik olub

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. Qax rayonunda mətbəxdə gündəlik istifadə olunan göyərtilərdən olan keşniş və şüyüd əldə çıraqla axtarılır. Əvvəllər 15-20 qəpiyə satılan göy-göyərtinin qiyməti indi 1.20-1.50 qəpik olub.

Maraqlıdır, süfrələrimizin, yeməklərimizin olmazsa-olmazlarından olan bu məhsulun qiymətinin bahalaşmasına səbəb nədir? Sputnik Azərbaycan-ın bölgə müxbiri bu suala, elə sakinlərin və satıcıların özləri ilə cavab tapmağa çalışıb.

Satıcı Eldar Həmidov bahalaşmanın səbəbini belə izah edib: "Rayonlarda may və iyun ayının əvvəllərində güclü yağış və leysan oldu. Ardından da anomal istilərin olması bütün bitkiləri yandırdı".

"Mən göyərtini Bərdədən və Yevlaxdan gətirirəm. Bu bölgəyə nisbətən orada leysan xarakterli yağışlar az yağdığında məhsul əldə etmək mümkün olub. Amma o rayonlarda da bu il ötən illərə nisbətən məhsulun keyfiyyəti aşağı olub" — deyə satıcı əlavə edib.

Digər satıcı Rəşadət Həşimov isə qiymətlərin artmasını su çatışmazlığı ilə əlaqələndirib: "Bu il ötən illərə nisbətən çox quraqlıqdır. Su tapmaq müşkül məsələdir. Fermerlər suyu pulla aldıqlarına görə qiyməti artırırlar".

Satıcının sözlərinə görə, qiymət artımı digər məhsullarda da nəzərə çarpacaq dərəcədə özünü göstərir: "Bostan bitkilərinin qiymətində bahalaşma 50-80 qəpik arasında dəyişir. Tərəvəzlərdə də artım var. Alıcılar, xüsusi ilə turistlər şikayət edir. Biz nə edə bilərik? Əvvəllər rayonumuzun kəndlərində kəndlilər öz məhsullarını bazara çıxarırdı. Məhsul bol olduğundan qiymətlər də ucuz idi. Amma bu il vəziyyət dəyişib. Qiymətlər kəllə-çarxa çıxdığından biz də məhsulumuzu sata bilmirik. Alıcı yox, məhsullar da xarab olur, məcburuq ki, ataq".

Rayona turist kimi gələn Həqiqət Həsənova da kənd təsərrüfatı məhsullarının qiymətlərinin baha olmasından gileylənib: "İlk dəfədir bu bölgədə oluram. Qiymətlər olduqca bahadır. Bakıdan gələndə elə bildik ki, rayon yeridir, orada məhsullar ucuz olar. Sən demə, Bakıda qiymətlər buradan daha münasibdir. Həm də burada çeşid çox azdır”.

“Bazarda piştaxta da yoxdur, nəsə almaq istəsən gərək yaxınlaşasan satıcıya. Satıcılar da turist görən kimi qiyməti qaldırırlar" — deyə H.Həsənova bildirib.

Analoji vəziyyət bölgənin ən qədim və böyük bazarlarından sayılan, Zaqatalanın Əliabad qəsəbəsində yerləşən "Əliabad bazarı"nda da hökm sürür. Bölgənin ən ucuz bazarı olmasına baxmayaq, burada da qiymətlər heç də ürəkaçan deyil.

Satıcı Nurəddin Məmmədov da bahalıqdan şikayətlənib: "70 yaşım var. Uzun illərdir satıcı işləyib, ailəmi dolandırmışam. Mən hələ belə bahalıq görməmişəm. Bilirsiniz, bu il sel daşqınları oldu. Zaqatalanın neçə kəndini sel daşqınları bərbad vəziyyətə qoydu. Hansı ki, o kəndlərdən bizə məhsul gəlirdi”.

“Sel gələndə kəndlilərin əlində-ovcunda nə var idisə, yuyub apardı. Sel özü ilə daş, çınqıl gətirir, bu da bitkinin inkişafının qarşını alır. Məhsul qıtlığına görə də qiymətlər "od tutub yanır" — deyə ağsaqqal satıcı bahalığın səbəbini izah etməyə çalışıb.

16978
Teqlər:
göy-göyərti, susuzluq, Qax rayonu, sel, qiymət