Qaxın İlisu kəndində turistlər

"Onlar gedəndən sonra rayon zibilliyə dönür" - Gəlmələr şikayətçidir, yerlilər

6885
(Yenilənib 17:13 08.08.2018)
Gəlmələr yerlilərin kobudluğundan, yerlilər gəlmələrin natəmizliyindən narazıdır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Müasir dövrdə turizm sektoru dövlətlərin inkişafında mühüm rol oynayır. Dünyanın ən inkişaf etmiş ölkələri dövlət büdcələrinin böyük bir hissəsini, məhz, turizm xidmətlərinin hesabına formalaşdırır. Əlbəttə, turizm sektorunun inkişaf etdirilməsi və turistlərə yüksək səviyyəli xidmətlərin təklif edilməsi üçün böyük miqdarda maliyyə vəsaiti tələb olunur.

Məsələn, qardaş Türkiyənin bu gün turizmdən milyardlarla gəlir əldə etməsi heç kəsə sirr deyil. Bu gəlir sektorunun qurulması isə qardaş ölkədə ötən əsrin 70-ci illərindən başlanıb. Digər qonşumuz Gürcüstan da, həmçinin il ərzində turizmdən milyonlarla gəlir əldə edir.

Doğrudur, Azərbaycanda bu sahə çox gəncdir. Lakin turizm sektorunun inkişafı üçün addımlar atılır. Əvvəlki illərə nisbətən son illər ölkə vətəndaşları istirahət üçün məhz öz bölgələrimizi seçirlər.

Bəs, görəsən bölgələrimizdə istirahət edənlər qiymətlərdən və göstərilən xidmətlərdən razıdırlar? Sputnik Azərbaycan bu suallara cavab tapmaq üçün istirahət mərkəzlərinə üz tutan insanlar arasında sorğu keçirib. Respondentlərin fikirlərini təqdim edirik.

Ehtiram Əliyev: "Şəki-Zaqatala bölgəsini çox sevirəm. Xüsusilə kəndlərini çox bəyənirəm. Oranın təbiəti məni valeh edir. Meşələri, dağları, çayları… Xarici ölkələrdə çox olmuşam, Azərbaycanın təbiəti heç də xarici ölkələrdən geri qalmır. Hətta bəzilərindən üstündür. Amma insanlar təbiətdən layiqincə yararlanmırlar. Hər şeydən əvvəl təmizliyə fikir versinlər. Bundan əlavə, xoş rəftar da önəmlidir. Yaxşı olar ki, turistləri qəbul edən yerlərdə çalışan insanların üzündə təbəssüm olsun".

Fərqanə Novruzova: "Azərbaycanda turizm sektorunda problemlər var, bu da onun inkişafına ciddi mane olur. Mən kənd mühitini, təbii gözəlliyi olan istirahət məkanları sevirəm. Amma son zamanlar rayonlara gedirəm, baxıram təbiətə müdaxilə edilib. Süni şəlalə, fəvvarə və s. Tanrının yaratdığı gözəlliyə müdaxilə etmək olmaz. Heç lazım da deyil. Azərbaycanın təbiəti o qədər gözəldir ki, əlavə "gözəlliyə" ehtiyac yoxdur. Süni gölü, şəlaləni Bakıda da görürük. Son illər bu sahədə də inhisarlaşma gedir. Belə getsə, bir neçə ildən sonra kasıb camaat o məkanlara addımını ata bilməyəcək".

Orxan Aslanlı: "Azərbaycanın turizm sektoru çox zəifdir. Qiymətlər od tutub yanır. Turizm bölgələri, sözün əsl mənasında, soyğunçuluqla məşğuldur. Xidmət səviyyəsi də aşağıdır. Bu yaxınlarda dostumgil Qəbələdə səhər yeməyi yeyib, onlardan 600 manat pul alıblar. Çox uzağa getməyək, baxaq qonşu Gürcüstana, oranın praktikası bəs edər, baxsınlar, onlar turisti necə qarşılayırlar. Elə etməlidirlər ki, turist bir də gəlsin. Amma bizdə vəziyyət tamamilə başqadır, gedən bir də getmək istəməz. Ölkə rəhbərliyi xarici ölkələrdən Azərbaycana gəliş-gedişin asanlaşması üçün viza məsələsini asanlaşdırıb ki, ölkəyə çoxlu sayda turist gəlsin. Turizm üçün bundan möhtəşəm fürsət ola bilməz. Amma turizm sektorunda çalışanlar qiyməti kəllə-çarxa çatdırırlar. Turistəri ölkədən uzaqlaşdırırlar. Nəinki xarici turist, hətta yerli turistlər belə, burada istirahət etmək istəmirlər".

Xumar Kərimli: "Azərbaycanda turizm məkanlarının ən böyük problemi natəmizlikdir. Burda isə ən böyük günahkar bizlərik. Bu yaxınlarda İspaniyada oldum, insanlar təbiətə o qədər bağlıdırlar ki… Bizimkilər isə təbiətə laqeyd yanaşırlar. Bu rayonlarda da, paytaxtda — dəniz kənarında da belədir. Amma insanlar təbiətə öz evləri kimi yanaşmalıdırlar. Mədəni qulluğa, xoş münasibətə gəldikdə isə, bunlar indivudaldır. Avropanın bir çox ölkələrində olmuşam, bəzən onlarda da kobudluqla, soyuq münasibətlə rastlaşmışam və demişəm ki, elə öz vətənim buradan qat-qat yaxşıdır".

Nigar Hüseynzadə: "Sovet dövründə yay düşərgələri olardı. Valideynlər uşaqları düşərgələrə göndərirdilər. 2 övladım var, səhhətimlə bağlı yoldaşım və mən paytaxtdan çıxa bilmirik. Uşaqlar da bu istidə bizimlə qalmaq məcburiyyətindədirlər. Sovet dövründəki yay düşərgələri təşkil olsa, mənim kimi neçə-neçə valideyn öz uşağını etibar edər. Bu, həm də uşaqların dünyagörüşünün formalaşmasına səbəb olur. Heyf ki, uşaqlarımız bundan məhrumdurlar".

Antalya
© AP Photo / Burhan Özbilici

Ləman Kərimli: "Bölgələrimizdə turizmin inkişafı ölkəmizdən başqa həm də yerli camaat üçün xeyirlidir. Yaxşı olar ki, müvafiq rəsmi qurum bölgələrimizdə olan tarixi abidələrimizə fikir versin. Onların əksəriyyəti bərbad durumdadır. Tarixi abidələrimiz bizim necə bir insan olduğumuzu göstərir. Xaricilər gələndə birinci növbədə bizim tarixi abidələrimizə baş çəkirlər. Şəkidəki Kiş məbədi restavrasiya olunduqdan sonra həmin yerə turist axını artıb. Strabon şimal-qərb bölgəsində olarkən deyib ki, "mən hələ bu qədər abidəni bir məkanda görməmişəm". Düşünün, o abidələr restavrasiya olunsa, nə qədər turist cəlb edə bilərik".

Vüsal Qurbanov: "Hər şey yoldan başlayır. Yol mədəniyyətin başlanğıcıdır. Təəssüflə qeyd edim ki, turizm bölgələrimizin əksəriyyətində yol problemi var. İstədiyin məkana gedib çatmaq müşkül məsələdir. Yaxşı olar ki, yollara diqqət ayrılsın. Başqa bir problem isə internetdir. İndi elə bir dövrdür ki, mütləq informasiya əldə etmək istəyirik. Bölgələrdə bu problem illərdir yaşanır".

Qurban Əhmədov: "Mən illərdir Qax rayonunda öz evində turistləri qarşılayıram. Turistlər çox laqeyd yanaşırlar. Getdikləri yeri zibilləyirlər. Son illər buna görə cərimələr tətbiq olunsa da, qaydalara riayət etmirlər. Təbii ki, turistdən turistə fərq var. Bu, o demək deyil ki, hamısı elədir. Amma turistlər gedəndən sonra rayonumuzun hər tərəfi zibillik olur. Öz həmyerlilərimiz bu barədə həssasdır. Çalışırıq, rayonumuz təmiz olsun. Son illər xarici turistlərin sayı artıb. Əvvəlki illərdə qonaqlarımız, əsasən, keçmiş SSRİ ölkələrindən olurdu. İndi isə demək olar ki, dünyanın hər yerindən gəlirlər. Onlar bizim qonaqpərvərliyi çox bəyənirlər. Gələn turistləri təbiətimizdən başqa, milli mətbəximiz də cəlb edir".

6885
Teqlər:
əcnəbi, Azərbaycan, təbiət, istirahət mərkəzi, inkişaf, turist, turizm sektoru
Əlaqədar
Bakıda "Viaqradan" öldüyü deyilən ərəb turistlə bağlı ilginc təfərrüat
Yüzlərlə turist xilas edildi
Şəlalədən tullanan turist faciəvi şəkildə öldü - VİDEO
Ərəb turistin Bakıdan vətənə meyitini apardılar
Prezident Dövlət Turizm Agentliyinə pul ayırdı