Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev

Saxta yolla sosial yardım alanların qara günləri başlayır

15232
(Yenilənib 16:44 04.08.2018)
Nazir deyib ki, İşçi Qrupu yaradıldıqdan sonrakı dövrdə mövcud vəziyyət araşdırılmaqla nəticəsinə uyğun qısa müddətli və orta müddətli dövr üzrə atılacaq addımlar müəyyən edilib

BAKI, 4 avqust — Sputnik. "Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sosial yardım sistemində aparılan islahatlar bu sistemdə ünvanlılığın, şəffaflığın və sosial ədalətin tam bərqərar olmasına yönəlib. Əsas hədəflər, həmçinin, ünvanlılıq prinsipi pozulmaqla təyin olunmuş yardımların dayandırılması, digər tərəfdən, sosial yardıma ehtiyacı olsa da bu yardımı ala bilməyən ailələrin sosial yardıma əlçatanlığının təmin edilməsi, yardım alan ailələrin potensial imkanları müqabilində özünüməşğulluq proqramına transfer olunmasıdır".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılmış İşçi Qrupun növbəti iclasında bildirib. 

Nazir deyib ki, İşçi Qrupu yaradıldıqdan sonrakı dövrdə mövcud vəziyyət araşdırılmaqla nəticəsinə uyğun qısa müddətli və orta müddətli dövr üzrə atılacaq addımlar müəyyən edilib: "Ünvanlı dövlət sosial yardım mexanizminə neqativ təsir edən hallar aşkar edilərək onların aradan qaldırılması, vətəndaşlarda narazılıq yaradan belə hallara yol vermiş əməkdaşlarla bağlı inzibati tədbirlərin görülməsi, sosial yardımların təyinatında ciddi nöqsanlara yol verdiyi aşkar edilmiş DSMF-nin rayon şöbəsi rəhbərlərinin işdən azad edilməsi, sosial yardım almaq üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin şəffaf şəkildə təşkili, həmin müayinəni həyata keçirən əməkdaşların fəaliyyətinə nəzarətin gücləndirilməsi və s. istiqamətlərdə müvafiq işlər aparılıb. Bu işlər hazırda da davam etdirilir".

Babayev bildirib ki, ünvanlı sosial yardım alan ailələrin təxminən 40 faizinin tərkibində əmək qabiliyyətli insanlar var. Belə ailələrin özünüməşğulluq proqramına geniş şəkildə cəlb olunması üçün təkmil və səmərəli iş mexanizmi hazırlanmaqdadır. Ümumilikdə sosial yardım sisteminin təkmilləşdirilməsi, sosial yardım proqramının sosial cəhətdən daha həssas ailələrə, əlilliyi olan insanlara yönəldilməsi, sosial yardım üçün müraciət prosedurunun sadələşdirilməsi əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə, habelə ünvanlı sosial yardım proqramının özünüməşğulluq və digər aktiv əmək bazarı proqramları ilə əlaqələndirilməsinin təmin edilməsi üçün müvafiq qanunvericilik aktlarında da təkmilləşdirmələr aparılması nəzərdə tutulub.

İclasda İşçi Qrupunun gördüyü işlər, yeni araşdırmaların nəticələri, hazırlanan yeni qanunvericilik layihəsi müzakirə olunub, müvafiq tapşırıqlar verilib. 

15232

Dövlət komitəsi "Uşaqlar üçün kitab" olayına reaksiya verdi - RƏSMİ

1
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi: “Uşaqlar üçün nəzərdə tutulan "kitab" ekspert rəyi olmadan çap edilib”.

BAKI, 12 avqust - Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu gün KİV-də və sosial şəbəkələrdə uşaq ədəbiyyatının spesifik xüsusiyyətlərinə və ona olan tələblərə uyğun gəlməyən, lakin uşaq auditoriyası üçün nəzərdə tutulduğu qeyd edilən “Qaz ilə göyərçinin əhvalatı” adlı kitabla bağlı məlumat yayıb.

Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğu iddia edilən şairə Aygün Bal müəllifi olduğu kitabında uşaqların yaş xüsusiyyətlərini, həmçinin seçdiyi mövzunun didaktik və tərbiyəvi əhəmiyyətini nəzərə almayıb: 

"Şübhəsiz ki, bədii ədəbiyyatın tərkib hissəsi olan uşaq ədəbiyyatı birbaşa təlim-tərbiyə və yeni nəslin ədəbi zövqünün formalaşması vasitələrindən biridir. Məhz bu səbəbdən hər bir ədəbi nümunə gələcəyimiz olan övladlarımızın formalaşması işinə öz müsbət təsirini göstərməklə yanaşı, həm də uşaq psixologiyasına və marağına müvafiq məzmunda və üslubda yazılmalıdır. Adıçəkilən çap məhsulunda istifadə olunan ifadələrin azyaşlı uşaqlara göstərə biləcəyi mənfi təsirləri nəzərə alaraq vəsaitin istifadəsinin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun gəlmədiyini qeyd etmək lazımdır.

Belə ki, ailə institutunu nüfuzdan salan informasiyalar uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiyalar sırasına aid edilib. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən həmin informasiya məhsullarının uşaqlar arasında yayılması qadağandır. Həmçinin, bu qanunun tələblərinə zidd olaraq sözügedən "kitab" ekspert rəyi olmadan çap edilib.

Məlumat üçün bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 388-2.0.2-ci maddəsinə əsasən informasiya məhsulunun “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən həmin Qanunla müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılmasına görə inzibati məsuliyyət nəzərdə tutulub.

Nazirlər Kabinetinin 29 iyul 2020-ci il tarixli 267 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”na əsasən informasiya məhsullarının ekspert rəyi olmadan yayılması inzibati məsuliyyətə səbəb olur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq uşaqların istifadəsi üçün bu kimi informasiya məhsullarının yayılmasını məqsədəuyğun olmadığını vurğulamaqla yanaşı, bu barədə məlumatların yayılmasına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırırıq".

1
Mehdiabad qəsəbəsində antisanitariya

Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi

8
(Yenilənib 23:33 11.08.2020)
Mehdiabad Bələdiyyəsinin əməkdaşı Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

BAKI, 11 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 6-da keçirilən reydlər zamanı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən "Şok Market"in yaxınlığında və Binəqədi rayonu Binəqədi gölü ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Mehdiabad Bələdiyyəsinin əməkdaşı, qəsəbə sakini Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

8