Məzahir Zeynalov

"Bütün yol boyu bir avtomobil bizi izlədi, sən demə, qızı qaçırmaq istəyirmişlər..."

15527
(Yenilənib 10:02 03.08.2018)
Bu peşənin sahibləri əksəriyyətin bilmədiyi məqamlardan xəbərdar olurlar

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 3 avqust — Sputnik. Son zamanlar taksi sürücülərinin başına gələn cinayət halları haqqında tez-tez xəbərlər eşidirik. Bu dəfə sizə həmin cinayətlərdən danışmaqdan uzağam. Məqsədim taksi sürücülüyünün pərdəarxası məqamlarından bəhs etməkdir. Buna görə budəfəki müsahibimi məhz taksi sürücüləri arasından seçdim.

Həmsöhbətim Məzahir Zeynalov uzun illərdir taksi sürücüsü işləyir. Onunla Bakıdan Gəncəyə gedəndə tanış olduq. Yolboyu xeyli söhbət etdik. Haqqında yazı hazırlamaq istədiyimi bildirsəm də, razılaşmadı. Düşündüm ki, bu peşənin çətinliklərindən agah olmaq üçün yolboyu söhbət etməyimiz də kifayət edər.

Söhbətimiz əsnasında öyrəndim ki, Məzahir dayı ömrünün yarıdan çoxunu Rusiyada yaşayıb. Sonra uşaqlarını da götürərək Gəncəyə köçüb: "Azərbaycana gələndən sonra gördüm ki, burada dolanmaq çətindir. Qərar verdim, başladım taksi fəaliyyəti ilə məşğul olmağa. Şükür olsun, qazancım çıxır".

Məzahir Zeynalov
© Sputnik / Irade JELIL
Məzahir Zeynalov

Onun fikrincə, taksi sürücüsü olmaq həm maraqlıdır, həm də təhlükəli. Çünki bu peşə sahibləri yollarda hər cür insanlarla qarşılaşır, müxtəlif xarakterli adamlarla yol yoldaşı olurlar.

Taksi sürücüsü olmağın çətinliklərindən danışan həmsöhbətim onu da vurğuladı ki, uzun illərdir taksiçilik etsə də, böyük təhlükə ilə qarşılaşmayıb. Hər zaman çalışıb ki, bacardığı qədər, tanımadığı insanlar olsa belə, kömək etsin.

Məzahir dayı başına gələn hadisələrdən də danışdı: "Bir dəfə bir qız oturdu maşınıma. Bakıdan rayona gəlməli idi. Bütün yol boyu bir "Jiquli" bizi izlədi, sürücü çalışırdı ki, məni çaşdırsın və maşını saxlayım. Amma mən də peşəkar sürücüyəm. Qızı gətirdim rayona, yaxınlarına zəng edib təhvil verdim. Sonradan məlum oldu ki, həmin gənclər qızı qaçırmaq istəyirmiş. Qızın bu işə öz razılığı olmayıb. Onlar gənc, mən peşəkar sağ-salamat gəlib çatdıq".

Müsahibimizin dediyinə görə, dəfələrlə pulu olmayan sərnişinlərə yardım edib: "Bir də görürsən, kimsə yaxınlaşır ki, "pulum yoxdur, məni rayona apar". Adamın ürəyi dözmür, razılaşır. Bəlkə də elə buna görə heç vaxt boş qalmıram. Müştərilərim çox olur".

"Rayon yerində inamlı sürücü olmaq böyük qürurdur. İnsanlar ailəsini sənə etibar edir ki, "apar Bakıya". Bunu hər adama etmirlər. Gərək elə insan olasan ki, ətrafındakılar sənə etibar eləsinlər" — o danışır.

M.Zeynalovla son zamanlar taksi sürücülərinə qarşı törədilən cinayətlər barəsində də danışdıq. Dediyinə görə, sərnişin maşına oturanda üzünə baxan kimi necə adam olduğunu bilir: "Xoşuma gələn olmayanda götürmürəm. Həm də mən Bakı-Gəncə-Bakı istiqaməti ilə işlədiyim üçün artıq sərnişinlərimi də, demək olar ki, tanıyıram. Buna görə elə qorxularım yoxdur. Amma həyatdır da, insanın başına hər şey gələ bilər".

Yol uzandıqca söhbətimiz daha maraqlı məcraya yönəlirdi. Həmsöhbətim, yadına düşdükcə, başına gələn hadisələrdən, Rusiyada yaşadığı illərdən, erməni qızlarından, Bakıya gəlişindən həyəcanla danışırdı. Arada gülümsəyərək vətənə qayıtdığına görə şükür edirdi.

Xüsusi vurğuladı ki, Rusiyada yaxşı imkanları olmasına baxmayaraq, ömrünün qalan hissəsini doğma vətənində keçirmək üçün geri qayıdıb. Buna görə isə əsla peşman deyil…

15527
Teqlər:
Məzahir Zeynalov, müştəri, taksi, yol, Gəncə, rayon, Bakı, sürücü, təhlükə
Əlaqədar
Xüsusi müştərilər üçün döyüşçülərin idarə etdiyi və cangüdənlərin qoruduğu taksi xidməti
Qadınlar taksidə öpüşdü, qalmaqal qopdu
Taksi sürücüsü Bakıda İsrail vətəndaşı olan turisti soyub
"Uçan su taksiləri" gəlir!
Taksi sürücüsü qadın müştərini ayağından tutaraq sürüyüb
Lənkəranda qeyri-adi qətl: Taksi sürücüsü qonşu rayonun sakinini evinə çatdırmadı
Smartfonda sosial şəbəkə tətbiqlərinin loqosu, arxiv şəkli

"İnstagram" parolu "Whatsapp" mesajına aldanmayın - Bu təxribat ola bilər

2
(Yenilənib 12:37 15.07.2020)
İT üzrə ekspert Osman Gündüz deyir ki, belə həssas dövrlərdə internet istifadəçiləri elementar təhlükəsizlik qaydalarına əməl etməlidirlər. Sosial mediadan, email-lərdən şirnikləndirici, diqqətçəkici mesajlar gələ bilər ki, onları qətiyyən açmaq olmaz.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. Ötən gündən etibarən mobil telefon nömrələrinə "Instagram"la bağlı mesajlar gəlir. Bu mesajlarda "Istagram" parolunuzu daxil edin yazılır. Bundan başqa, Türkiyə kodu ilə başlayan +90 nömrəsi ilə "Whatsapp"dan açıq nömrələrdən mesajlar gəlir. Bu mesajlar vasitəsilə Azərbaycandakı vəziyyəti öyrənməyə çalışırlar.

Ekspertlər isə bunun təxribat ola biləcəyini iddia edirlər.

İnformasiya və Kommunikasiya Məsələləri üzrə eskpert Osman Gündüz Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb. O bildirib ki, son dövrlər Azərbaycanın informasiya məkanında kiber təhdidlər artıb. Ekspertin sözlərinə görə, yaranmış bu vəziyyət Azərbaycan Ermənistan sərhəddində Tovuzda gedən müharibə ilə əlaqədardır: "Düşünürəm ki, ermənilər hər zaman informasiya müharibəsinə ciddi önəm verir və çalışırlar ki, ictimai rəyə təsir etsinlər, internet resurslarını sıradan çıxartsınlar".

Bəs, istifadəçilər şəxsi təhlükəsizliklərini necə təmin etməlidirlər? Osman Gündüz bu suala cavabında bildirib ki, hər bir istifadəçi özü şəxsi təhlükəsizliyi haqda düşünməlidir: "İstifadəçilər elementar təhlükəsizlik qaydalarına da əməl etməlidirlər. Sosial mediadan, e-maillərdən də şirnikləndirici, diqqətçəkici müxtəlif mesajlar gələ bilər. Etibarlı olmayan mənbədən gələn mesajları açmaq olmaz. Çünki hazırlanan müxtəlif proqramlar həmin mesajlar açıldıqda aktivləşir. Beləcə, istifadəçinin fərdi məlumatları da oğurlanır. Bundan başqa, istifadəçi digər yerlərdə də hesabına daxil olarkən ehtiyatlı olmalıdır. Antivirus proqramlarından daha effektiv istifadə etməlidir".

"Dövlət və qeyri-dövlət qurumlarında da təhlükəsizliyə cavabdeh olanlar var. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti var. Vətəndaşlar hansısa təhdidlə üzləşərsə, bu quruma da müraciət etməlidirlər. Amma düşünürəm ki, belə bir vəziyyətdə, yəni, müraciətlərin olub-olmasından asılı olmayaraq ETX-i özü fəallaşmalıdır. Amma təəssüflər olsun ki, mən heç onların hansısa bir açıqlamalarına da rast gəlmədim. Bu qurum media vasitəsi ilə vətəndaşlara, ictimai sektora mesajlar verməli, təhlükələrdən xəbərdar etməli, atılması vacib addımlardan danışmalı, çıxış yolları göstərməlidir", - deyə O.Gündüz əlavə edib.

Ekspert vətəndaşları da diqqətli olmağa səsləyib.

Artıq bu gün yaranmış vəziyyətlə əlaqədar olaraq adıçəkilən qurum özünün rəsmi informasiya portalından bu haqda məlumat paylaşıb.

Bildirilir ki, Elektron Təhlükəsizlik Xidmətinə daxil olan məlumata əsasən ölkəmizin sosial şəbəkə istifadəçilərinin hesablarına kütləvi kiberhücumlar baş verir. Hücum metodlarından birində kibercinayətkarlar "Şifrəmi unutmuşam" bildirişindən istifadə edərək istifadəçilərin mobil nömrələrinə parolu bərpa et linkləri göndərir və onların hərəkətlərini izləyir. İstifadəçilər bu keçidləri sosial mediada paylaşdıqları zaman həmin keçidlərdən istifadə olunmaqla parol dəyişilir və hesab ələ keçirilir.

Elektron Təhlükəsizlik Xidməti bu həssas dövrdə vətəndaşlarımızı xüsusilə diqqətli olmağa, sosial şəbəkə hesablarının təhlükəsizliyinə ciddi yanaşmağa və hesablarını qorumaq üçün vaxt itirmədən aşağıdakı ümumi qaydalara əməl etməyə çağırır:

Şübhəli linklərə keçid etməyin!

Sosial şəbəkə hesablarının ələ keçirilməsinin ən çox yayılan səbəblərindən biri istifadəçilərin kiberdələduzların "tələsinə" düşməsidir ("fişinq").

Kiberdələduzlar login məlumatlarını ələ keçirmək üçün müxtəlif sosial mühəndislik üsullarından istifadə etməklə istifadəçilərə cəlbedici vədlər verərək onları zərərli keçidlərə klikləməyə sövq edir. Keçidə klikləyən istifadəçi Facebook, İnstagram, Twitter və digər sosial şəbəkələrin saxta login səhifələrinə yönəldilir, istifadəçi adı və parolunu daxil edir.

Xaker, arxiv şəkli
© Sputnik / Natalya Seliverstova

Bu cür mesajlar sosial mediada qarşınıza çıxa, e-poçtunuza göndərilə və hətta dostlarınızdan belə gələ bilər. Bu səbəbdən hər bir mesajın həqiqiliyinə şübhə ilə yanaşın.

Hesablarınıza daxil olmaq üçün brauzerdə açılan yeni səhifədə internet ünvanını əllə daxil edin.

Unutmayın, heç bir sosial şəbəkə provayderi istifadəçilərə e-poçt və ya bildiriş göndərməklə parolunu təqdim etməyi və ya hər hansı üçüncü tərəf tətbiqi yükləməyi tələb etmir.

Güclü və unikal parollardan istifadə edin!

Zəif parollar sosial şəbəkə hesablarının ələ keçirilməsinin digər ən çox yayılan səbəblərindəndir.

Sosial şəbəkə hesablarınızın hər biri üçün unikal parol seçin, onu başqa yerdə istifadə etməyin və digər şəxslərlə paylaşmayın.

Kiçik və böyük hərflərin, rəqəm və işarələrin kombinasiyasından istifadə etməklə 10-12 simvol uzunluğunda güclü parol yaradın.

Parol yaradarkən adınız, doğum tarixiniz və s. kimi fərdi məlumatlarınızdan, "parol" və s. kimi ümumi sözlərdən istifadə etməyin. Eləcə də, "12345" kimi ardıcıl rəqəmlərdən və ya "qwerty" kimi ardıcıl klaviatura düymələrindən istifadə etməyin.

Mobil nömrənizə, e-poçtunuza sosial şəbəkə hesabınızla bağlı gələn bildirişləri paylaşmayın!

Hesabınızla bağlı sizə göndərilən e-poçtları, keçidləri, bildirişləri digər şəxslərə yönləndirməyin və ya başqa yerdə paylaşmayın. Həmin bildirişlərdə hesabınızla bağlı həssas məlumatlar yer alır və hesablarınızın asanlıqla ələ keçirilməsinə imkan yaradır.

İki mərhələli autentifikasiyadan istifadə edin!

Bu, üstün təhlükəsizlik tədbiri hesab olunur və demək olar ki, bir çox sosial media platformasında tətbiq edilir. Bu funksiya aktiv edildikdə, yeni cihazdan hesabınıza giriş edildikdə, hesabla əlaqəli telefon nömrəsinə və ya e-poçta təsdiqləmə kodu göndərilir. İstifadəçi adınız və parolunuzu ələ keçirsə belə, kibercinayətkar bu kodu bilmədən hesabınıza daxil ola bilmir.

Üçüncü tərəf tətbiqlərə və saytlara hesabınıza giriş imkanı verərkən diqqətli davranın!

Çox vaxt yeni hesab yaradarkən prosesi asanlaşdırmaq məqsədilə "Facebook ilə daxil ol", "Google ilə daxil ol" kimi seçimlər qarşımıza çıxır. Unutmayın ki, etibarlı və ya təhlükəsiz sayt və tətbiqlər bununla yanaşı, başqa əsas qeydiyyat vasitəsi (məsələn, e-poçtdan istifadə) də tətbiq edir. İlk öncə tətbiqin və ya saytın etibarlılığını araşdırın.

Həmçinin icazə verdiyiniz üçüncü tərəf tətbiqlər üçün sosial hesabınızda hansı məlumatların əlçatan olduğunu yoxlayın. İstifadə etmədiyiniz tətbiqləri silin.

Yeniləməni unutmayın!

Brauzerinizi və əməliyyat sisteminizi mütəmadi olaraq yeniləyin. Antivirüs proqramlarından istifadə edin.

Hesabınızla əlaqəli istifadə etdiyiniz e-poçt əlçatan, mobil nömrə isə işlək olmalıdır!

Təcrübədə görünür ki, çox zaman istifadəçilər qeydiyyatdan keçərkən istifadə etdikləri e-poçtun parolunu unudur və ya işlək olmayan mobil nömrələr qeyd edirlər. Unutmayın ki, hesabınız ələ keçirildikdə onun bərpa olunması üçün bu e-poçtdan istifadə olunur.

İctimai və ya ortaq istifadə edilən cihazlarda hesabınızdan çıxış etməyi unutmayın!

Bu zaman "Şifrəni yadda saxla" funksiyasından istifadə etməyin.

İctimai və ya başqasına məxsus wi-fi-dan istifadə edərək sosial şəbəkə hesablarınıza daxil olmayın.

Tanımadığınız şəxslərdən dostluq təkliflərini qəbul etməyin!

Kiberdələduzlar haqqınızda daha çox məlumat öyrənmək məqsədilə saxta hesablar yaradaraq sizə dostluq sorğuları və zərərli mesajlar göndərə bilər.

Hesabınızla bağlı şübhəli fəaliyyət aşkarladığınızda, dərhal parolunuzu yeniləyin!

Son olaraq, hesabınıza daxil ola bilmirsinizsə, təşvişə qapılmayın. Hesabınızı bərpa etmək üçün sosial şəbəkə provayderinin təlimatlarınızı izləyin və parolunuzu dəyişin.

Bu kimi hallarla qarşılaşdığınız zaman metodiki dəstək üçün www.cert.az rəsmi saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etməyiniz xahiş olunur.

Qeyd edək ki, artıq ötən gündən bir neçə şəxsin "Facebook" profili ələ keçirilib.

2

Şəhid olmuş mayorumuz Masallıda son mənzilə yola salınıb

9
(Yenilənib 11:55 15.07.2020)
Ötən gün axşam saatlarında Azərbaycan Ordusunun şəhid olan mayoru Anar Gülverdi oğlu Novruzov doğulduğu Masallı rayonu Ərkivan qəsəbəsində dəfn olunub.

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində şiddətli döyüşlər baş tutub.

Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin mayoru 1976-ci il təvəllüdlü Anar  Gülverdi oğlu  Novruzov qəhrəmancasına şəhid olub. Şəhid Anar Novruzovun  cənazəsi  doğulduğu Masallı rayonu Ərkivan qəsəbəsinə gətirilib. Şəhidin cənazəsini qarşılamaq üçün rayon sakinləri küçələrə axışaraq ehtiramlarını bildiriblər.

Şəhidin tabutuna bükülən Azərbaycanın üç rəngli bayrağı övladına təhvil verilib. Şəhid Anar Novruzov iki övlad atası idi.

9