Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı fərman imzaladı

1062
BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib

BAKI, 1 avqust — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib.

Müəyyən edilib ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. 

Nazirlər Kabinetinə tikintiyə icazə verilməsi üçün müraciətə baxılarkən yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu yoxlanıldıqdan sonra tikintiyə icazə icraatı çərçivəsində həmin layihənin göstərilən Məcəlləyə uyğun olaraq rəy bildirilməsi üçün tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan aidiyyəti qurumlara, texniki şərtlərin verilməsi üçün müvafiq qurumlara və həmin Məcəllədə nəzərdə tutulmuş hallarda ekspertizadan keçirilməsi üçün ekspertiza müəssisəsinə göndərilməsini, habelə tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olmadığı halların tikintiyə icazə verilməsindən imtina üçün əsas olduğunu müəyyən edən normaların (mümkün sui-istifadə amillərinin aradan qaldırılması zərurəti də nəzərə alınmaqla) həmin Məcəlləyə əlavə edilməsini (layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə – həmin Məcəllənin 75.4-1-ci maddəsində göstərilən müddət çərçivəsində) nəzərdə tutan qanun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.

1062
Əlaqədar
İcra başçısına qarşı sui-qəsd planlaşdırmış terrorçu məhv edilib
Nazirlik Bakı Şəhər İcra Hakimiyyətinin strukturuna "məcburi göstəriş" verdi
Gəncənin icra başçısını güllələyən Yunis Səfərov danışdı – VİDEO
İcra başçısını güllələyən şəxslə bağlı qalmaqallı fotoya rəsmi reaksiya verildi
Yaşayış evinin tikintisi, arxiv şəkli

Tikinti meydançaları ölüm bazasına çevrilib, işçinin həyatı heç kəsi maraqlandırmır

4
(Yenilənib 18:53 25.09.2020)
Ekspertin sözlərinə görə, işçilər dəbilqə, xüsusi geyim forması, iş ayaq geyimi, görəcəyi işlə bağlı təhlükəsizlik kəməri, eynək, əlcəklə təchiz edilməlidir, onların bu vasitələrdən istifadə etməsinə nəzarət mexanizmi olmalıdır, amma kimə deyirsən? 

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Bu günlərdə Xətai rayonunda fəhlə evin damından yıxılaraq, aldığı xəsarətlərdən dünyasını dəyişib. Salyanda da ev tikitintisi zamanı fəhlə hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb, vəziyyəti orta ağırdır. Fəhlə ölümləri paytaxtda çoxmərtəbəli binalar, obyektlər və fərdi evlərin tikintisində müşahidə edilən artıma adekvatdır. Bunun səbəbi isə, əksər inşaat meydançalarında təhlükəsizlik qaydalarına əməl edilməməsidir. İşçilər əsasən dəbilqəsiz, qoruyucu kəmər olmadan işləyir. Bəs niyə tikinti sektorunda işçilərin təhlükəsizliyinə əməl edilmir?

Təhlükəsizlik məsələləri üzrə ekpert Elmar Nurəliyev Sputnik Azərbaycan-a bildirib ki, istehsalatda baş verən qəzalar insan həyatı üçün təhlükəli olmaqla yanaşı, iqtisadiyyata da zərər vurur. Bu kimi halların azalması üçün iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması mütləqdir.

"Qəzalardan 100 faiz sığortalanmaq mümkün olmasa da, görülən təhlükəsizlik tədbirləri nəticəsində istehsalat qəzalarının sayını azaltmaqla insanlara və iqtisadiyyata dəyən zərəri minimuma endirmək olar", - deyən mütəxəssisin fikrincə, istehsalat qəzaları arasında tikinti sektorunda baş verən qəzalar çoxluq təşkil edir. Belə ki, hər il tikinti sahəsində onlarla qəza baş verir. Bu qəzalar nəticəsində işçilər ağır bədən xəsarətləri alır, əmək qabiliyyətini itirir, peşə xəstəliklərinə məruz qalır, bəzən isə ölüm baş verir.

E. Nurəliyev qeyd edib ki, istehsalatda baş verən qəzaların 30 faizi ölümlə nəticələnir:

"Bunun qarşısını almaq üçün istehsalatda, iş yerlərində işçilər üçün sağlam əmək şəraiti yaratmaq lazımdır. Təəssüflər olsun ki, bir çox müəssisələr, iş yerləri buna əməl etmir. Tikinti sahəsinin təhlükəlilik dərəcəsinin nə qədər yüksək olduğunu nəzərə almırlar. Təhlükə potensiallı obyektlərdə təhlükəsizlik tədbirləri görülməli, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına, yanğın təhlükəsizliyinə ciddi riayət olunmalıdır. Xüsusilə hündürlükdə işlər zamanı, qurğu və mexanizmlərin işlək və saz vəziyyətdə olmasına diqqət edilməlidir.  Ümumiyyətlə, əhali və ətraf mühit üçün təhlükə yaradan, yanğın, partlayış törədə bilən, zəhərləyici maddələrin emalı, daşınması, həmçinin sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab olunur".

Ekspert qeyd edir ki, tikinti sahəsində kimyəvi tərkibli, tez alışan, yanma riski yüksək materialların, ağır tonnajlı nəqliyyat vasitələrinin, yükqaldıran kran, uçma və dağılma ehtimallı dəmir-taxta konstruksiyaların olması, qaynaq işi və elektrik mişarlarının işləməsi, çoxmərtəbəli binanın yuxarı mərtəbəsində işlər zamanı material parçalarının aşağı düşməsi, həmçinin işçinin hündürlükdən yıxılma riski tikinti sahəsinin nə qədər təhlükəli olduğunu sübut edir. Bu səbəbdən də tikinti sahəsinin işçiləri əvvəlcə texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə təlimatlandırılmalı, sonra işə başlanılmalıdır:

"İşçilər fərdi mühafizə vasitələri - dəbilqə, xüsusi geyim forması, iş ayaq geyimi, görəcəyi işlə bağlı təhlükəsizlik kəməri, eynək, əlcəklə təchiz edilməlidir. İşçilərin bu vasitələrdən istifadə etməsinə nəzarət mexanizmi olmalıdır. Tikinti sahəsində tez-tez işçilərin təhlükəsizlik kəməri olmadan yüksəklikdə işləməsi, xüsusi ayaq geyimindən istifadə etməməsi, gündəlik təlimatlandırma olmadan işlərə başlaması və qoruyucu sipərlərin çəkilməməsi kimi qayda pozuntularına rast gəlinir. Görürük ki, kranlar yükü qaldırır, ancaq altında digər işçilər işləyir. Bu, yolveilməzdir. Eləcə də ağır tonnajlı nəqliyyat vasitələrinin arxasında durmaq, oradan keçmək olmaz."

Mütəxəssis əlavə edib ki, sığorta və təhlükəsizlik qaydalarına riayət etməklə hadisələrin sayını minumuma endirmək olar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) Sputnik Azərbaycan-a bildirilib ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq subyektlərində aparılan yoxlamalar 01 yanvar 2021-ci il tarixədək dayandırıldığı üçün Xidmət tərəfindən 01 noyabr 2015-ci ilin tarixindən etibarən sahibkarlıq subyektlərində yerində yoxlama həyata keçirilmir.

Vətəndaşlardan daxil olan şikayət ərizələri və müraciətlər "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Xidmət tərəfindən ciddi araşdırılır, müvafiq tədbirlər görülür və qanunauyğun cavablandırılır.

Qeyd edək ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən işəgötürən, istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana (Dövlət Əmək Müfəttişliyi Xidmətinə) məlumat verməyə borcludur. Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığını araşdırır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatını aparmaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilir.

"Xatırladaq ki, ötən il Azərbaycanda istehsalatla əlaqəli sayılan 247 bədbəxt hadisənin təhqiqatı aparılıb, 19-u qrup halında olan bu hadisələr nəticəsində 63 nəfər vəfat edib, 239 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatı nəticəsində 302 nəfər zərərçəkmiş şəxsə "İZ" (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub", - deyə Nazirlikdən bildirilib.

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin apardığı təhqiqatlar nəticəsində məlum olub ki, istehsalatda ən çox tikinti, emal, mədənçıxarma sahəsində qəzalar baş verir.

Bəs istehsalat qəzaları keçirmiş, yaxud istehsalatda iş zamanı dünyasını dəyişmiş şəxslərə konpensasiyalar necə ödənilir?

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə, və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə, himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı var.

Qərara görə, istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir: "Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir".

Hüquqşünas əlavə edib ki, istehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə, himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir.

4
Teqlər:
Dövlət Əmək Müfəttişliyi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, bina tikintisi, tikinti sektoru, tikinti sahəsi, tikinti
Əlaqədar
Qubada fəhlə iş zamanı qəfil zərbədən öldü
Fəhlə yeddinci mərtəbədən yıxılaraq öldü
İstilik Elektrik Stansiyasında fəhlə öldü
Elektrik cərəyanın vurduğu fəhlə ilə bağlı cinayət işi açıldı
Bakıda faciə: Əlli yaşlı fəhlə damdan yıxılıb ölüb
Notebook, arxiv şəkli

"SputnikPro" media resursun təşviqi haqqında: "Çərçivədən kənara çıxmaqdan qorxma!"

3
(Yenilənib 19:58 25.09.2020)
Maarifləndirmə layihəsinin növbəti vebinarında jurnalistlərlə yanaşı, mətbuat katibləri, PR şöbələrin əməkdaşları və rəhbərləri iştirak ediblər

BAKI, 25 sentyabr — Sputnik. Biz hər kəsin internetdən və sosial şəbəkələrdən istifadə etdiyi bir dünyada yaşayırıq. Ona görə də bu gün hər hansı bir media resursu irəli aparmaq istəyirsinizsə, press-relizlərin xeyri olmayacaq. Onlayn təşviqata xüsusi diqqət yetirilməlidir. Bu barədə "SputnikPro" maarifləndirmə layihəsi çərçivəsində növbəti vebinarda bildirilib.

Sentyabrın 25-də "Medianı necə irəli aparmaq olar" mövzusunda baş tutmuş vebinarda "Rossiya Seqodnya" media qrupunun mətbuat xidmətinin rəhbəri Anna Starkova çıxış edib.

© Sputnik /
"Rossiya Seqodnya" media qrupunun mətbuat xidmətinin rəhbəri Anna Starkova

Digər işlərlə yanaşı, Anna agentliyin korporativ kommunikasiyalarını, həmçinin "Telegram"da "Zubovski, 4" kanalını idarə edir. 

Anna bundan əvvəl "Valday Klubu"nun direktorunun müşaviri və "Strateji Təşəbbüslər Agentliyi" şirkətində beynəlxalq layihələrin rəhbəri olub.

Vebinar zamanı Anna Starkova press-relizlər yazmağın niyə lazım olmadığı və sosial şəbəkələrdə irəliləməyin niyə vacib olduğuna dair suallara cavab verib.

"Relizlər işə yaramır. Onları sadəcə oxumaq maraqlı deyil. Bu gün heç kəs üç misradan artıq material oxumur. İndiki şəraitdə medianın irəliləməsi üçün sosial şəbəkələrdə daha fəal olmaq lazımdır. Məsələn, əvvəlcə "Telegram" kanalımızın müvəffəqiyyətinə heç kim inanmırdı. Bizim ilk abunəçilərimiz elə öz əməkdaşlarımız idi. Buna baxmayaraq, biz yazmağa davam edirdik, nailiyyətlərimiz, uğurlarımız və ətrafda baş verənlər haqqında yazırdıq. Tədricən abunəçilərin sayı artmağa başladı və bu gün bu, bizim əsas inkişaf alətimizdir", – o vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, press-relizlər yazmağı və loqotipləri yapışdırmağı dayandırmaq lazımdır: "Çərçivədən kənara çıxmaq, dinamik və maraqlı yazmaq, maraqlı aksiyalar yaratmaq lazımdır. Məsələn, koronavirus pandemiyasının başlanğıcında hər yerdə karantin tətbiq olunmağa başlayanda, biz köynəklərin üzərində "Evdə Qalın" yazısını çap etdik və onları sadəcə redaksiyamızın dostlarına göndərdik. Biz onların heç birindən heç nə istəmədik, lakin onlar köynəklərlə şəkil çəkdirməyə və sosial şəbəkədə bu şəkilləri yerləşdirməyə başladılar".

Ekspert həmçinin insanlara yönəlməyi məsləhət görür.

"Əgər brendin bağlı olduğu şəxs varsa, o, həmin brendi təşviq edə bilər. Tədbirlərə gedə, haradasa çıxış edə bilər", – o qeyd edib.

Bununla yanaşı, Anna digər KİV-lərlə münasibətlərin qurulmasının zəruriliyini vurğulayıb.

"Dostlaşmaq çox vacibdir", – Starkova yekunda deyib.

"SputnikPro" jurnalistlər, ali təhsil müəssisələrinin tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media qurumlarının mütəxəssisləri üçün Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu tərəfindən hazırlanmış layihədir və xarici həmkarlarla təcrübə mübadiləsi, media kommunikasiyalarının və peşəkar əlaqələrin inkişafı məqsədini daşıyır. Layihədə 80-dən çox ölkənin nümayəndələri müxtəlif formatlarda iştirak edib.

"SputnikPro"un əyani dərsləri Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə, Estoniya kimi ölkələrdə keçirilib. Pandemiyanın başlaması ilə layihənin Moskva komandası bütün ölkələrdən iştirakçılar üçün eyni zamanda açıq olan "SputnikPro"nun online mövsümünü başlayıb. Mütəxəssislər vebinar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur və bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

Layihə ilə bağlı ətraflı "Facebook" səhifəsində öyrənə bilərsiniz. 

3
Teqlər:
təşviqat, sosial media, multimedia, media, məqalə, SputnikPro təlim proqramı
Əlaqədar
Xəbər saytlarının axtarış trafikini necə artırmaq olar
"Rossiya seqodnya"nın mətbəxində nə baş verir?
Viruslu videonu necə düzəltməli?
Kommersiya kontentini auditoriya üçün necə maraqlı etmək olar
"Radioda ola biləcək ən canlı şey" – SputnikPro-nun növbəti vebinarı keçirildi
Mİnskdə etirazlar, arxiv şəkli

Qərb Belarusa qarşı həqiqi qarşıdurmadan niyə çəkinir?

0
(Yenilənib 19:13 25.09.2020)
Belarusa qarşı sanksiyalar – həqiqətən də həssas sanksiyalar – tətbiq edilmir. Aİ-nin özündə isə bu mövzu ətrafında yeni mübahisələr meydana gəlib.

BAKI, 25 sentyabr — Sputnik, İrina Alksnis. Qərbin Belarus prezidentinin son inauqurasiyasına reaksiyası proqnozlaşdırılan kimi mənfi olub.

Əvvəlcə Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ Aleksandr Lukaşenkonu ölkənin qanuni seçilmiş lideri hesab etmir, çünki "elan olunmuş nəticələr saxta olub və legitimliyi əks etdirməyib".

Bundan sonra Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin bəyanatı nəşr olunub ki, orada Aleksandr Lukaşenkonun mandatı "hər hansı demokratik legitimlikdən məhrum olunmuş" kimi qeyd olunub. Həmçinin bildirilib ki, andiçmə (sənəddə bu söz dırnaqlar içərisində yazılıb) mərasimi respublika əhalisinin "böyük hissəsinin iradəsinə ziddir", bu isə "çoxsaylı misli görünməmiş və dinc etirazlarda" ifadə olunur.

Borrelin bu bəyanatı, əlbəttə ki, istehza doğurur. Məsələn, əvvəlcədən əminliklə demək olar ki, ABŞ-da keçiriləcək prezident seçkisinin nəticəsi – necə olacağından asılı olmayaraq – amerikalıların, demək olar ki, yarısının iradəsinə zidd olacaq. Elə artıq neçə aydır ki, ABŞ-da da etirazların bolluğu müşahidə olunur. Odur ki, Borrelin təqdim etdiyi sənədi artıq indidən okeanın o tayındakı reallıqlara da aid etmək olar.

Öz növbəsində, "demokratik legitimlik" ifadəsi göstərir ki, Brüsselin fikrincə, legitimliyin digər növləri də var — və onlara əsasən, Aleksandr Lukaşenko tam legitimdir.

Belarusa qarşı sanksiyalar – həqiqətən də həssas sanksiyalar – tətbiq edilmir. Daha pisi: Aİ-nin özündə bu mövzu ətrafında yeni mübahisələr meydana gəlib, çünki Kipr eyni zamanda Türkiyəyə qarşı məhdudiyyətlərin qoyulmasını tələb edir və bu əsasda prosesi bloklayır.

Qərbin səfirləri Belarusdan geri çağırılmayıblar. Nəinki geri çağırılmayıblar: amerikalılar uzun illərin soyuqluğundan sonra respublika ilə diplomatik əlaqələri tam sürətlə bərpa edirlər. Bir neçə gün əvvəl ABŞ Senatının beynəlxalq məsələlər üzrə komitəsi yeni səfirin namizədliyini təsdiq edib. Amma 2008-ci ildə Vaşinqtonun Belarus şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsi ilə səfirlərin qarşılıqlı olaraq geri çağırılmasından sonra 12 il hər iki dövlətdə səfirliklərə müvəqqəti səlahiyyətli səfirlər rəhbərlik ediblər.

Bütün bunların fonunda hətta ən sərt ritorika belə zəifliyin təzahürü və baş verənlərə təsir edə bilməməyin etirafı kimi görünür – hərçənd bu, reallığa uyğundur. Burada, bəlkə də öz imkanlarının hüdudlarını dərk etməyə və qəbul etməyə başlamış Qərbə haqq qazandırmaq olar.

Şübhəsiz ki, Belarusdakı seçkilərə bu cür reaksiya çox ağrılı Venesuela dərsinin də nəticəsi olub. Əllidən çox ölkənin – əsasən Qərb ölkələrinin – Xuan Quaydonu Venesuelanın qanuni prezidenti kimi tanımasından bir il yarımdan çox vaxt keçir, lakin bu qərar reallığa heç bir təsir göstərmir – Nikolas Maduro indiyədək ölkənin rəhbəridir.

Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli
© BelTA Pool Photo via AP

Birləşmiş Ştatlar və Avropa bu kiçik Latın Amerikası ölkəsini görməzliyə vurmağı və xüsusi heç nə baş verməmiş kimi davranmağı özlərinə rəva bilsələr də, Avropanın mərkəzindəki dövlətə münasibətdə oxşar bir yanaşma, çətin ki, baş tutsun. Belarusun mühüm beynəlxalq proseslərə cəlb olunduğunu da nəzərə alsaq, qərarları və onların nəticələrini daha diqqətlə hesablayaraq hərəkət etmək lazım gəlir.

Minskə qarşı addımlarla bağlı Qərbin şövqünü açıq-aşkar söndürən daha bir vacib məqam isə ondan ibarətdir ki, orada baş verənlərə Polşanın müəyyən təsiri var. Varşava Belarus müxalifətinin liderlərini siyasi və media dəstəyi ilə təmin edir.

Polşa bu işə girişib, amma vəziyyətdə dönüş etmək üçün gücü çatmır. Bu arada Minsk də Polşaya cavab verməyə başlayıb – mətbuat xüsusilə Polşa mallarının Belarusa idxalı ilə bağlı problemlər barədə məlumat verir.

Qərb Minskə qarşı təyin olunmuş sərt ritorika yolunu davam etdirəcək, lakin həqiqi qarşıdurmadan çəkinməyə davam edəcək. Çünki onun açıq şəkildə uğursuzluğa məhkum olmuş daha bir geosiyasi prosesə qarışmaq istəyi yoxdur.

0
Teqlər:
Avropa ittifaqı, Avropa, Aleksandr Lukaşenko, qarşıdurma, Qərb, Belarus
Əlaqədar
Aleksandr Lukaşenkonun legitimliyini tanımırıq - Aİ-nin Ali Nümayəndəsi
Belarusda vəziyyət pisləşir – Aİ-nin Ali komissarı
Almaniya Rusiyadan Minskə təsir göstərməyini istəyir
Avropa Komissiyasında sanksiyalar üzrə səsvermə sistemi dəyişdirilə bilər
Müxalifət şir ürəyi yeyib: dörd milyard dollarlıq kredit istəyir