Eyyub kişi

Stalinə görə bığlarını uzadan azərbaycanlı dünyadan köçdü

288
(Yenilənib 22:51 01.08.2018)
Həmkəndliləri onu "Bığ Eyyub" deyə çağırardılar

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 avqust — Sputnik. İosif Stalinə görə bığlarını uzadan azərbaycanlı 90 yaşında vəfat edib. Mərhum vaxtilə Sputnik Azərbaycan-a müsahibə vermişdi. Müsahibəsində sağlam və qıvraq qalmağın sirlərindən tutmuş diktator Stalinlə olan tanışlığına qədər çox şeydən danışmışdı. Onun bu müsahibəsi türk mediasının da diqqətini cəlb etmişdi.

Həmkəndliləri onu "Bığ Eyyub" deyə çağırardılar. O, ömrünün sonuna qədər Qax rayonunun Qaratala kəndində yaşadı. Kəndin ən yaşlı sakini qıvraqlığı, zəhmətsevərliyi, yorulmadan işləməsi ilə hər kəsi təəccübləndirirdi. O, öz şuxluğunu sona qədər qoruyub saxladı. Ömrünün sonuna qədər at belində gəzdi. 

Yaşlı kənd sakini İsmayıl Abdullayev deyir ki, kəndlilər həmişə Eyyub kişiyə borclu olacaq: "O olmasaydı, bəlkə də kəndimiz bu cür abad olmazdı. Uşaq vaxtı qardaşları ilə birlikdə aclıqdan əziyyət çəkdiklərindən, doğulduqları dağ kəndi olan Armudludan çıxıb bizim kəndimizə gəliblər. Onun gəncliyini xatırlayıram. Çox çevik, güclü insan idi. O vaxtlar bu kənddə cəmi 5-6 ailə vardı. Kənd kiçik talalardan və fermadan ibarət idi. Rəhmətlik kəndi kol-kosdan təmizlədi, abadlaşdırdı."

Eyyub baba (kəndin bütün cavanları onu belə çağırırdı) təkcə əməksevərliyi ilə seçilmirdi. O, həm də xarici görünüşü ilə diqqəti cəlb edirdi. Mərhumu kənddə nahaq yerə "Bığ Eyyub" adlandırmırdılar. Çünki o, heç vaxt bığını qırxmamışdı.

"Bığımı qırxsam, elə bilərəm ki, qolumu, qıçımı itirmişəm. Uşaqlara vəsiyyət eləmişəm ki, öləndə də məni torpağa bığımla birlikdə basdırarsınız" deyirdi.

Eyyub baba bu dünyadan köçsə də, həmişə həmkəndlilərinin və onu tanıyanların yaddaşında yaxşı adam kimi qalacaq.

288
Əlaqədar
Burada hər kəsin ağ bığı var
Stalinin qarşısında bığını qırxmayan azərbaycanlı
"Bilirsiniz, mən bığsız Budyonnı olmaqdan qorxuram"