İçərişəhər

Bakı xanlarının yaşadığı məkan bərpa olunur

334
(Yenilənib 22:25 01.08.2018)
Bakı xanlarının evinin bərpasına başlanılıb

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 1 avqust — Sputnik. Bakı xanlarının evinin bərpasına başlanılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi XVII-XVIII əsrlərə aid bu tarixi abidənin bərpası ilə bağlı tender elan edib.

Qeyd edək ki, bu saray kompleksi, İçərişəhərin Şamaxı darvazasına yaxın, sağ tərəfdəki binaların yerində olub və dövrümüzə qədər qalmayıb. Axırıncı Bakı xanı Hüseynqulu xanın sarayından, Əbdürrəlim bəy və Mehdiqulu bəyin evlərindən ibarət olan bu kompleks yeddi qapalı həyətin ətrafında düzülmüş yüzdən çox otaqdan ibarət idi. Kompleksin əsasını təşkil edən Xan sarayının böyük həyətində meyvə bağı və bağın ortasında hovuz olub. 

Saray və bəylərin evi əsasən ikimərtəbəli olub, memarlıq xüsusiyyətinə görə bir çox Azərbaycan evlərinin xüsusiyyətlərini əks etdirib. Eyvanlar, şəbəkəli pəncərələr, balaxana kimi memarlıq elementləri bu qəbildəndir. Eyni zamanada yaşayış otaqlarının plandakı qarşılıqlı vəziyyəti Şirvanşahlar sarayının planını xatırladır. Kompleksin inşaat tarixi haqqında əlimizdə qalan plan və fasadlarda məlumat yoxdur. Xan sarayının XVII əsrin sonu, XVIII əsrin əvvəllərində tikildiyi güman edilir.

Bu günümüzə qədər həmin əzəmətli saraydan sadəcə giriş portalı və bərpa olunmuş kiçik məscid salamat qalıb. Xan sarayının ərazisində qala divarlarının dibində yeraltı hamam da olub. Bu adsız hamamın təqribən XIV əsrin sonları XV əsrin əvvəlləri Şirvanşahlar dövlətinin dinclik və əmin-amanlıq dövründə inşa olunduğu bildirilir. Mütəxəssislər o hamamın hələ də torpaq altında qaldığını bildirir.

20-ci əsrin sonlarında ilk bərpa işləri zamanı kompleksin bir hissəsi əsaslı şəkildə dağıdılıb.

Adından da göründüyü kimi, Bakı xanları bu sarayda yaşayıblar. Bakı xanlığı 1747-ci ildən 1806-cı ilədək müstəqil xanlıq kimi mövcud olub. Ərazidə aparılan arxeoloji ekspedisiya qrupunun rəhbəri, professor Kamil İbrahimovun sözlərinə görə, bu sarayda I Mirzə Məhəmməd xan, Məlik Məhəmməd xan, II Mirzə Məhəmməd xan, Məhəmməd Qulu xan, Hüseynqulu xan yaşayıblar. Sonuncu Bakı xanı Hüseynqulu xanın tariximizdə xüsusilə əhəmiyyətli yeri olub. O, I Mirzə Məhəmməd xanın nəvəsidir. 

 Hüseynqulu xan 1792-ci ildə əmisi Məhəmmədqulu xanın vəfatından sonra taxta cıxıb. Yeznəsi Qasım bəy Mansurxan bəy oğlunun və digər yaxın bəylərin köməyi ilə hakimiyyətə gəlib, 14 il, 1806-cı ildə ruslar Bakını alanadək burada hakimlik edib.

1806-cı ildə xan sarayında Rusiya hərbi qarnizonu yerləşib. Daha sonra isə ora hərbi komendantlıq olub.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bəzi detalları gizlətməklə yanaşı bərpa işləri haqqında məlumat verməkdən də imtina edib.

Yeri gəlmişkən, son bir neçə ildə qala divarları arasında tarixi abidələrin bərpası üzrə irimiqyaslı işlər aparılmayıb.

334