Автобусы в Баку, фото из архива

Azərbaycanda metro marşrut avtobuslarında gediş haqqı artırıldı

1352
(Yenilənib 21:51 30.07.2018)
Qərarlarla saytın “Şuranın qərarları” bölməsində tanış olmaq olar

BAKI, 30 iyul — Sputnik. Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Tarif (qiymət) Şurasının Katibliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

“Məlum olduğu kimi, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilib.

Ötən müddət ərzində ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması və s. amillər nəzərə alınaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə “BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər tərəfindən sərnişindaşıma tariflərinə yenidən baxılması üçün Tarif (qiymət) Şurasına müraciətlər olunub. Qaldırılan məsələlər Tarif (qiymət) Şurasının Katibliyində kompleks şəkildə araşdırılaraq Şuranın iclasının gündəliyinə daxil edilib. 

Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcəkdir.

Bakı şəhərində ictimai nəqliyyatdan ödəniş vasitəsi kimi plastik və ya kağız kartdan istifadə edən sərnişinlərin nəzərinə çatdırılır ki, kartların balansından gediş haqqı üçün ödəniş 2018-ci ilin 31 iyul tarixinə qədər (31 iyul tarixi də daxil olmaqla) mövcud tariflə, 1 avqust tarixindən etibarən isə yeni tariflə tutulacaqdır.

İclasda iştirak edən Bakı Nəqliyyat Agentliyinin nümayəndələri tərəfindən sərnişinlərin məlumatlandırılması məqsədilə bildirilib ki, ictimai nəqliyyatdan məhdud istifadə üçün nəzərdə tutulan kağız kart sahibləri 1 avqust tarixindən əvvəl alınmış kağız kartın balansında qalan və istifadə oluna bilməyən məbləğə görə 1 avqust tarixindən etibarən “20 yanvar”, “28 may”, “Nəriman Nərimanov” və “Neftçilər” metro stansiyalarında fəaliyyət göstərən “Kart analiz mərkəzləri”nə yaxınlaşaraq qalıqdan istifadə etmək məqsədilə həmin məbləği artıra bilərlər. 

Eyni zamanda məlumat üçün bildirilir ki, tarif dəyişikliyindən sonra da ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaqdır. Belə ki, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.

Tarif (qiymət) Şurasının iclasında həmçinin, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, dövlət qeydiyyatından yeni keçmiş 100-dən artıq dərman vasitəsinin qiyməti təsdiq edilib. Qeyd edək ki, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 11094 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib”, — deyə məlumatda deyilir.

Qərarlarla saytın “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

1352
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

6
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

6
Su təhcizatı işləri, arxiv şəkli

Həm Azərbaycanın, həm İranın arzusu reallaşır - "Xudafərin" hidroqovşağından şad xəbər

25
(Yenilənib 23:50 20.10.2020)
Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir.

BAKI, 20 oktyabr — Sputnik. "Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

O vurğulayıb ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses davam edir: "Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Eyni zamanda, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş"dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir.

"Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. "Xudafərin" hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavat gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır".

O bildirib ki, bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir:

"Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat/saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi".

"Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi. Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir", - deyə nazir bildirib.

25
Əlaqədar
İranla Azərbaycan arasında tarixi "Xudafərin Sazişi" imzalandı
İlham Əliyev: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı
Nazirlikdən sərhədlərimizi qoruyanlara Xudafərin naminə zirehli hədiyyə - FOTO
Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO
Ermənistan Xudafərin istiqamətində əməliyyat keçirməyə qadir deyil - MN