Parkda gəzişən insanlar

Böyük həyəcana səbəb olmuş hadisənin izi ilə: Cəmiyyət kimi günahkar hesab edir?

11074
(Yenilənib 10:52 26.07.2018)
"Uşağın itməsi hotel əməkdaşlarının günahı ucbatından baş verməyibsə, hotel buna görə heç bir məsuliyyət daşımır”

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 25 iyul — Sputnik. İyulun 22-də Nabranda "Mayak" istirahət mərkəzində itən 3 yaşlı İsmayıl Novruzov bir gün sonra yerli sakinlər tərəfindən tapılaraq ailəsinə təhvil verildi. İsmayıl Novzurovun itməsi hər kəsi narahat edirdi.

Uşağın hansı şəraitdə itməsi məlum olmasa da, hər kəs hoteldə müşahidə kameralarının, mühafizə xidmətinin olmamasını dilə gətirərək, dolayısı ilə hotel sahibini günahlandırırdı. Təbii ki, 3 yaşlı uşağın nəzarətsiz buraxılmasının valideyn məsuliyyətsizliyi olduğunu deyərək, İsmayılın ata-anasını qınayanlar da az deyildi.

Nəzərə alaq ki, bu, baş vermiş ilk belə hadisə deyil. Ötən il də başqa bir rayonun ərazisində bu hadisənin oxşarı yaşanmışdı, xoşbəxtlikdən həmin uşaq da bir gün sonra sağ-salamat tapılmışdı.

Maraqlıdır, valideynlər diqqətsizlik və ya məsuliyyətsizlik edərək övladını meşədə qoyub gəlir, nəzarətsiz buraxır. Sonra da hansısa qurumları günahlandırır. Bəs yaxşı, bu kimi hadisələrdə kimdir günahkar, cəmiyyətimiz bu barədə necə düşünür? Sputnik Azərbaycan bu suala cavab tapmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Ən maraqlı cavabları sizə təqdim edirik:

İntiqam İbrahimoğlu: "Xarici ölkələrdə belə hallar tez-tez olur. Valideyn övladına sahib çıxmayanda dövlət onu valideynə qaytarmır, öz himayəsinə alır və sahib çıxır. Bu hadisənin isə necə, hansı şəraitdə baş verdiyini bilmirəm. Ailənin uşağı qaldıqları hoteldə və ya hoteldən kənarda itkin düşübsə, buna, təbii ki, hotel sahibi bunu hüquq-mühafizə orqanlarına bildirməli, daha sonra hoteldə cavabdehlik daşıyan hər hansı nəfərlə bir yerdə axtarış aparmalıdır”.

Həsən Bəy Zərdabi ata yurdunda nə qədər tanınır?
© Sputnik / Leyla Abdullayeva / Kamilla Əliyeva

Elnur Fərzəliyev: "İlk növbədə günah valideyndədir. Uşağı nəzarətsiz buraxaraq səhlənkarlıq ediblər. Hotelin problemi isə ondan ibarətdir ki, bağlı ərazisi, giriş-çıxış qapısında nəzarətçisi və kamera nəzarəti olmalıdır. Kamera nəzarəti olsaydı, uşağın hansı istiqamətə getdiyini bilmək olardı”.

Lətafət Əsgərova: "Hotel insanların istirahət etdiyi, əyləndiyi məkandır. Hotel sahibi diqqətini ona ayırır ki, müştəriləri istirahət edə bilsin. Hotel sahibi və ya işçiləri uşaqlara baxmalı olsaydı, gedib bağçada işləyərdilər”.

Rövşən Rəhimov: "Təklif edərdim ki, bundan sonra bütün hotellərdə hotel nümayəndələri tərəfindən valideynin iştirakı ilə, balaca uşaqlara “çipset” yerləşdirilsin. Ya qolbaqlarında, ya da geyimlərində. Bu halda uşağı tapmaq daha tez olar".

Qızxanım Məsim qızı: "Hər şey valideyn səhlənkarlığından baş verir. Əllərinə alırlar telefonu, uşaq da yaddan çıxır".

Ceyhun Əhmədoğlu: "Uşağın itməsində günahkar valideynlərdir, ancaq hotel rəhbərliyi də məsuliyyət daşıyır. Hər valideyn diqqətli olmur, ona görə hotelin də nəzarət kameraları olmalıdır. Kameralara diqqət edib, uşağı tez tapmaq olardı. Əgər hotel körpə uşaqla müştərini qəbul edirsə, deməli, onların bütün təhlükəsizliyini təmin etməyə borcludur”.

Ruslan Qəhrəmanov: "Hotel sahibi valideynləri məhkəməyə verməlidir. Çünki onlar mənəvi əziyyət çəkiblər”.

Məmməd Eminov: "Bu məsələdə valideyn məsuliyyətsizliyi böyükdür. Amma bu, o demək deyil ki, hotel sahibi günahsızdır. Bildiyimə görə, hotel sahibi müştərinin təhlükəsizliyinə cavabdehdir. Hotelin daxili təhlükəsizlik sistemi güclü olmalıdır. Hotelə hər niyyətli insan daxil ola bilər. Uşaq qaçırıla da bilərdi”.

Yadigar Orucov: "İndi bəzi valideynlər öz uşaqlarına ögey münasibət bəsləyirlər. Əvvəllər ata-ana uşağı gözündən qoymazdı. İndi isə bəziləri gözünə yaxın yerdə saxlamır. Burada günah həm atada, həm də anadadır. Gündə xəstəxanalara maşın vurma faktı ilə nə qədər uşaq gətirilir. Anaya sual verəndə isə cavabı belə olur ki: “əlimdən özü çıxdı, qaçdı, bizdə günah yoxdur, sürücü sürətli sürürdü". Ay qadın, yol keçirsənsə, uşağı əlini necə buraxa bilərsən? Sürücü sürətlə gəlirsə, səni vursun da, uşağı niyə vurur? Hər şeyə səbəb isə mobil telefonlardır. Çox şahidi olmuşam ki, ana başını soxub telefona, uşaq isə avtomobillərin arasında ora-bura qaçır. Valideynlər məsuliyyətsizdir!".

Ayşən Səfərova: "Günah valideyndədir. Hotel sahibi uşaqları güdmür ki, kim harada neyləyir. Ana uşağına nəzarət etməlidir".

Fəridə Bağırova: "Uşağın itməsində məsuliyyəti valideynin daşıdığını deyir. Valideyn diqqətsizlik edibsə, buna hotel sahibi neyləsin? Hər uşağın dalınca düşməlidir?"

Adilə Xəlilova qeyd edir ki, valideyn hər bir halda uşağına nəzarət etməlidir: "Tutaq ki, hotel deyil, ticarət mərkəzidir, restorandır, küçədir və s. Valideyn uşağına nəzarət etməməlidir ki? Başqa ölkədə olsaydı, uşağın oğurlanması da ola bilərdi. Valideyn hər zaman uşağına nəzarət etməlidir".

Fərqanə Allahverdiqızı: "Bütün ərazidə kameralar və mühafizə olmalıdır. Məsələ başqa cürdür. Hotel sahibi xidmət etdiyi müştərilərin təhlükəsizliyinə cavabdehdir. Bu, bütün dünyada belədir. Əgər 1 nəfər gəlib istirahət məkanına partladıcı maddə atıb qaçsa, o zaman kim günahkar olacaq?"

Nigar Məhərrəmova: "Belə hadisə anidən də baş verə bilər. Bir neçə saniyənin ərzində də ola bilər. Hər birimiz dəqiqələrlə övladımızı güdə bilmirik. Bir saniyədə üz çevirməklə də nə isə baş verə bilər. Həyatdır. Valideyni qınaya da bilmirəm. Amma kamera mütləq olmalı idi".

Fuad Məmmədov: "Uşağın itdiyi ərazi hotel deyil. Ora hotel deyil. Sovet vaxtlarından qalan sınıq-sökük, 2 mərtəbəli, arxa hissəsi hasarsız və tam olaraq meşəyə açılır. Mühafizə xidməti də yoxdur. Təbii, valideynlərin də məsuliyyətsizliyi var. Ora gedənləri, əsasən, müəssisələrdə həmkarlar tərəfindən göndərilir".

Hüquqşünas Tağı Hüseynov: "Qanunvericilikdə təhlükəsizlik kameraları ilə bağlı hansısa məcburiyyət nəzərdə tutmur. Uşağın itməsi hotelin əməkdaşlarının günahı ucbatından baş verməyibsə, əlbəttə ki, hotel buna görə heç bir məsuliyyət daşımır".

11074
Teqlər:
Nabran, Xaçmaz, itkin düşən, sorğu, itkin, uşaq
Əlaqədar
Bu gün tapılan uşaq barədə ilginc iddia
Dəhşətli hadisə baş verdi, 4 yaşlı uşaq atəş açdı və...
Salyanda 3 uşaq atası özünü asdı
Altı yaşlı uşaq su əvəzinə həlledici məhlul içib
Ağır qəza yenə can aldı, xəsarət alanların arasında uşaq da var
Qadın onu ələ salan qohumları zəhərlədi, 4 uşaq öldü