BAKI, 16 iyul — Sputnik. Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq, regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən islahatlar çərçivəsində görülən işlərdən biri kimi tikinti, şəhərsalma və memarlıq sahələrində müvafiq qanunvericilik aktlarının qəbul edilməsi, eləcə də bu istiqamətdə uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi bu sahənin ölkədə prioritet məsələlər sırasına qaldırılmasının bariz nümunəsidir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Baş Prokurorluqla birgə yaydığı məlumatda bildirilir.
Məlumatda həmçinin deyilir ki, bununla belə, bəzi hüquqi və fiziki şəxslər tərəfindən şəffaf prosedurlar əsasında sahibkarlığın inkişafına və biznes mühitinin yaxşılaşdırılmasına göstərilən dövlət dəstəyindən sui-istifadə halları müşahidə olunur ki, onlara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.
Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 4-cü mikrorayon sakinləri tərəfindən 12 iyul 2018-ci il tarixində daxil olmuş müraciətə əsasən Komitənin əməkdaşları tərəfindən şəhərsalma nəzarəti çərçivəsində əraziyə baxış keçirilib, Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında “Fidan” Mənzil-Tikinti Kooperativi tərəfindən tikintiyə icazə sənədi olmadan 16 mərtəbəli binanın tikintisinə hazırlıq işlərinə başlaması müəyyən edilib.
“Fidan” MTK tərəfindən təqdim olunan ərazi planlaşdırılması sənədlərinin şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan tərtib edildiyini nəzərə alaraq və ölkə prezidentinin 24 noyabr 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət Şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nı rəhbər tutaraq, Komitə tərəfindən sözügedən ərazidə 16 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsindən imtina edilməsi ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyətinə icrası məcburi olan “Göstəriş” göndərilib. Eyni zamanda hüquqpozma faktlarının araşdırılması və aidiyyəti şəxslər barəsində qanuni tədbirlərin görülməsi məqsədilə məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar və kütləvi informasiya vasitələrində “Fidan” MTK-nın vəzifəli şəxslərinin çoxmənzilli binanın inşa edilməsi üçün torpaq sahəsini hasara alaraq orada qanunsuz tikinti işləri aparması ilə sakinlərin haqlı narazılığına səbəb olan qanunazidd əməlləri barədə əks etdirilmiş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
İlkin araşdırmalarla müəyyən edilib ki, həmin MTK-nın təsisçisi və sədri Şükürov Əli Şükür oğlu torpaq, şəhərsalma və tikinti sahəsindəki mövcud qanunvericiliyin tələblərini pozaraq 2018-ci ilin 1 iyul tarixindən etibarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanında yerləşən və dövlət mülkiyyətində olan 0,1182 hektar torpaq sahəsində özbaşına 371,3 kvadrat metr qeyri-yaşayış sahəsini söküb 1 girişli 16 mərtəbəli binanın özülü üçün qazıntı işləri aparıb.
Bununla Əli Şükürovun digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək özü və rəhbəri olduğu hüquqi şəxsin qanunsuz üstünlük əldə etməsi məqsədilə dövlətin şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vurmasınaşübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı cinayət işi başlanıb.
Ə.Şükürova Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək, Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına dair xüsusi nişan alınmadan hər hansı tikinti işlərinin aparılması qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ciddi tədbirlər görülməsi təmin ediləcək.
Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 21 yanvar - Sputnik. Gecə saatlarında Goranboyda yol qəzası baş verib. Hadisə Goran-Naftalan yolunun rayonun Bolusulu kəndindən keçən hissəsində qeydə alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, qəfildən nasazlıq yaranan tinglə yüklü “Vaz 21-011”-in sürücüsü maşını yol kənarında dayandırmalı olub. Sürücü və sərnişinlər minik maşınından düşərək nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman yolda hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq nasazlıq yaranan “Vaz”-a çırpılıb. Qəza zamanı 3 nəfər Elçin Qurbanov, Həmid Əsgərzadə və Yadigar Quliyev müxtəlif dərəcəli xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata görə, “Vaz” markalı minik maşının sürücüsü və sərnişinləri Tərtər rayonundan satış üçün müxtəlif meyvə ağaclarının tinglərini daşıyırmış. Goranboy rayonunun Boluslu kəndi ərazisində avtomobil xarab olduğundan yol kənarında dayanmağa məcbur olub. Qəza da qəfildən, onlar maşını düzəldən zaman baş verib.
Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan meyvə ağacları da ətrafa dağılıb. Qeyd edək ki, xəsarət alan şəxslər Tovuz, Tərtər və Kürdəmir rayon sakinləridir. Faktla bağlı araşdırma aparılır.
İlham Mustafayev, Sputnik Azərbaycan
21 yanvar - Sputnik. Şəmkir rayon sakinləri COVID-19-a qarşı peyvəndləməyə cəlb edilib. Rayon mərkəzi xəstəxanasında bunun üçün 4 vaksin otağı yaradılıb.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, “Sinovac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan sakinlərə könüllülük əsasında vurulacaq. Şəmkirdə təlimata uyğun olaraq tibbi müayinədən keçən sakinlər peyvənd edilib. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Peyvəndin əks təsirinin olmadığını bildirmək üçün tibb işçiləri vaksinasiyada ön sıralarda olub.
Tibb işçisi Sevda Məmmədova peyvəndləməyə çox müsbət yanaşdığını söyləyib:
“Mən də bir tibb işçisi olaraq bu günkü vaksinasiyada iştirak etdim və peyvəndi qəbul etdim. Özümü çox yaxşı hiss edirəm. Heç bir narahatçılığım yoxdu”, - deyə bildirib..© Sputnik / Ilham Mustafa
Koronoviruslu xəstələrin müalicəsi üzrə çalışan həkim Coşqun Yusibov isə peyvəndləmədən sonra tezliklə normal həyata qayıtmağın mümkünlüyünü bildirib:
“Dövlətin yaratdığı imkanlardan ilk istifadə edənlərdən biri də mən oldum. Özümü çox rahat hiss edirəm. Çox yaxşıyam, heç bir kənar reaksiya yoxdur”, – deyə həkim C. Yusibov əlavə edib.
Şəmkir rayonunda tibbi işçilərinin sayı 2000-dən çoxdur. İlkin mərhələdə rayona 1115 doza vaksin göndərilib. Günədlik olaraq Rayon mərkəzi Xəstəxanasında 150-200 nəfərin peyvənd olunması planlaşdırılır. Tibb işçiləri ilə yanaşı risk qrupuna daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları əks-epidemik tədbirlərə cəlb olunacaq.
BAKI, 22 yanvar — Sputnik. Dünya şöhrətli fransız aktyoru və rejissoru Alen Delonun xanımı Natali Delon dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, Alen Delon və Natali Delon 1964-ci ildə evləniblər. Natali ilə olan evlilikdən onun Antoni adlı bir oğlu var.
View this post on Instagram
Onu da bildirək ki, Natali Delon 1964-1968-ci illərdə Alen Delonla evli olduğu zamanlarda, ərinin sayəsində kinoya gəlib. Birlikdə çəkdikləri ilk "Samuray" filmi ilə böyük bir uğur qazanıb. Boşandıqdan sonra Natali digər məşhur rejissorlarla işləməyə davam edib. Sonra rejissorluq etməyə və ssenari yazmağa başlayıb.