Nəzakət İsmayılovanın həyat yoldaşı Arif Əkbərov

Onların ev problemi yaranıb, başlarına gələcəyini bilmirlər

286
(Yenilənib 10:37 09.07.2018)
"Balaca bir təkan olsa, zəlzələ baş versə, ya erməni bir mərmi atsa, ev uçacaq"

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 8 iyul — Sputnik. Tərtər rayonunun Şıxarx qəsəbəsi cəbhənin bir neçə kilometrliyində yerləşir. Qarşı tərəfdəki dağların qoynu od tutub yanır. Düşmən tərəf otlaqlara od vurub yandırır. Xeyli sahəni əhatə edən alovun tüstüsü ətrafa yayılıb. Şıxarxdan ermənilərin ətraf mühitə, təbiətimizə vurduğu zərbəni aydınca görmək olur.

Məcburi köçkün Nəzakət İsmayılovanın evi
© Sputnik / Musa Muradlı
Məcburi köçkün Nəzakət İsmayılovanın evi

Şıxarx ermənilərin atəş mövqelərinə yaxın olduğundan yaşayış üçün təhlükəli olsa da, Azərbaycan dövlətinə olan güvən sayəsində qəsəbədə son illər geniş abadlıq, quruculuq işləri aparılıb. 1176 nəfər məcburi köçkün ailəsi üçün çoxmərtəbəli yaşayış binaları inşa edilib. Yeni inşa olunan qəsəbədə orta məktəb, musiqi məktəbi, uşaq bağçası, xəstəxana binaları da tikilərək sakinlərin istifadəsinə verilib.

Qəsəbədə tikilən binalarda, demək olar ki, məcburi köçkünlərin məskunlaşdırılması işi başa çatmaq üzrədir. Ancaq söhbətimiz zamanı məlum olur ki, məcburi köçkünlərin bir hissəsi bu yerləşdirmədən narazıdırlar. Onlar iddia edirlər ki, Qaçqınlar və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin Tərtər rayon nümayəndəliyinin keçmiş rəhbəri Nazim Səfərovun evlərin bölüşdürülməsini ədalətli aparmayıb.

Evin divarlarındakı çatlar
© Sputnik / Musa Muradlı
Evin divarlarındakı çatlar

Sputnik Azərbaycan-a danışan köçkünlər deyirlər ki, mənzillər həyat şəraiti ağır olan məcburi köçkünlərə deyil, pul qarşılığında Bakıda və başqa şəhərlərdə evi-eşiyi olanlara verilib. İndi də həmin evlərin qapıları bağlıdır. Müşahidələrimiz zamanı da məlum olur ki, həqiqətən həmin ünvanlarda yaşayan yoxdur.

Uçmaq təhlükəsi ilə üz-üzə, divarları çat-çat olmuş evdə yaşayan məcburi köçkün Nəzakət İsmayılova da bizimlə söhbət zamanı gileylənir: "26 ildir belə bir yerdə yaşayırıq. İnanmıram ki, olduğum yeri dövlət məmurları görsünlər, ancaq laqeyd qala bilsinlər. Çiy kərpicdən tikilmiş köhnə ev çat-çat olub. Evin arxasındakı dəlmə-deşiklər daha böyükdür. Həyət qapısında belə, müharibənin dəhşətləri aydın görünür. Düşmənin atdığı mərmilərdən dəmir darvazada dəliklər əmələ gəlib".

Kəlbəcər rayonunun Bağlıpəyə kəndindən məcburi köçkün düşmüş Nəzakət İsmayılova Tərtər rayonu, Vasif Hüseynov küçəsi ev 12-də məskunlaşıb. Şıxarx kənd tam orta məktəbində müəllim işləyib.

N.İsmayılovanın ailəsi 6 nəfərdən ibarətdir. 4 övladından 2-si tələbədir. Həyat yoldaşı Arif Əkbərov polis sıralarında xidmət edib. Kəlbəcər işğal ediləndə A.Əkbərov girov götürülüb. Görülən təxirəsalınmaz tədbirlər sayəsində ailəsinə qovuşsa da, əsirlikdə aldığı işgəncələr sağlamlığında ciddi fəsadlar yaradıb. İndi əsəb-sinir sistemində yaranmış xəstəlikdən əziyyət çəkir. Psixotrop dərmanlardan asılı vəziyyətdə yaşayır.

Nəzakət xanım iki tələbə oxutduğunu, onların kirayə pulunu, xərcliklərini çətinliklə əldə etdiyini bildirir. Həyat yoldaşı Arif Əkbərova alınan bahalı dərmanlara da az pul xərcləmirlər: "Elə dərman var ki, qiyməti 300-400 manatdır. Ona görə də əlavə pul yığıb mənzil şəraitimizi yaxşılaşdıra bilmirik. Canını, sağlamlığını qurban verdiyi vətəndə dövlətin tikdiyi binada normal şəraitli evi həyat yoldaşıma qıymırlar. Bizə, ancaq qaranlıq, rütubətli, qəzalı daxmada yaşamağı rəva görürlər".

Məcburi köçkün dözülməz həyat şəraitləri barədə hakimiyyət orqanlarının da məlumatlı olduğunu deyir: "Ceyhun Səfərov Tərtər rayon İcra Hakimiyyətinin başçısı olanda mənzil problemimiz barədə xəbərdar idi. Yazdığımız məktuba cavab olaraq bildirmişdilər ki, gələcəkdə məcburi köçkünlər üçün tikiləcək binalarda mənzillə təmin olunacağıq".

Arif Əkbərova məxsus vəsiqələr
© Sputnik / Musa Muradlı
Arif Əkbərova məxsus vəsiqələr

"Ceyhun Səfərovdan sonrakı başçı Müstəqim Məmmədova və "Qaçqınkom"un Tərtər rayon nümayəndəliyinin rəhbəri Nazim Səfərova da vəziyyətimiz barəsində xəbər vermişik. Ancaq onların heç biri problemimizi həll eləmək istiqamətində bir addım belə, atmayıb" – o deyir.

Nəzakət xanım iddia edir ki, mənzilə ehtiyacı olanlara ev vermirlər: "Amma Bakıda, Rusiyada, Tərtərdə villaları, şəxsi evləri olan yerli vətəndaşlar var ki, bizdən fərqli olaraq asanlıqla ev alıblar. Bunların maddi marağı nədir? Belə bir şəraitdə yaşayan zəlil vətəndaşa ev vermirlər".

Həmsöhbətimiz deyir ki, Kəlbəcər rayonundan gələndə ev növbəsi üçün siyahıda 20-ci adam olublar: "Ancaq bilmirəm ki, yeni salınan qəsəbədə evlər verilərkən hansı siyahıdan istifadə olunub. 20-ci olan adama ev verilmədiyi halda, 900 ya 1000-cilər necə açar ala biliblər?"

Tərtər rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş arayış
© Sputnik / Musa Muradlı
Tərtər rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş arayış

Hər an təhlükə ilə üz-üzə qalmış ailə bundan sonrakı aqibətlərinin necə olacağını bilmir: "Başımıza nə gələcək, bilmirik. Balaca bir təkan olsa, zəlzələ baş versə, ya erməni bir mərmi atsa, ev uçacaq. Təbii ki, hansımızsa və ya hamımız həyatımızı itirəcəyik".

Ümid edək ki, Əkbərovlar ailəsinin probleminə Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi və digər əlaqədar təşkilatlar biganə qalmayacaq.

286
Teqlər:
Tərtər rayonu, məcburi köçkün, problem, şikayət, atəş, ev, erməni
Hirkan Milli Parkında ayı

Heyvanları qəfəsdə saxlayan restoran sahibi cəzalanıb

9
(Yenilənib 23:56 07.08.2020)
R.Bağırov onu da qeyd edib ki, aparılan araşdırma zamanı heyvanların vaxtlı-vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

BAKI, 8 avqust — Sputnik. İsmayıllı rayonu "Günəş Park" restoranında heyvanların qəfəsdə saxlanılması ilə bağlı şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə xidmətin rəis müavini Ramal Bağırov danışıb.

O bildirib ki, aparılan araşdırma zamanı sözügedən istirahət mərkəzində qəfəslərdə saxlanılan zebra, dovşan, dəvə, meymun, maral, tovuzquşu, qırqovul və dəvəquşunun xaricdən gətirilməsinə dair rəsmi təsdiqedici sənədlərinin olduğu, lakin saxlanılması üçün müvafiq icazə sənədinin olmadığı məlum olub.

"Faktla bağlı istirahət mərkəzinin rəhbəri Sərxan İsgəndərov barəsində akt, protokol tərtib olunub və o, 2000 manat məbləğində cərimə edilib.

Zooloji kolleksiyanın yaradılması məqsədilə icazə sənədinin alınması üçün restoran sahibinə icrası məcburi olan "məcburi göstəriş" verilib".

R.Bağırov onu da qeyd edib ki, aparılan araşdırma zamanı heyvanların vaxtlı-vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

9
FHN yanğın söndürənləri, arxiv şəkli

İlin birinci yarısında Azərbaycanda baş verən partlayışlarda 4 nəfər ölüb

5
2020-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 43 partlayış hadisəsi baş verib ki, bu da 2019-cu ilin I yarımilliyi ilə müqayisədə 2 hadisə və ya 5% çoxdur.

BAKI, 7 avqust — Sputnik. Bu ilin birinci yarısında Azərbaycanda baş verən partlayışların statistikası açıqlanıb.

Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2020-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 43 partlayış hadisəsi baş verib ki, bu da 2019-cu ilin I yarımilliyi ilə müqayisədə 2 hadisə və ya 5% çoxdur.

Baş verən partlayışlar zamanı 4 nəfər ölüb, 45 nəfər xəsarət alıb.

5