Arıçı Asif Kərimov

Azərbaycanın dünyaya bəxş etdiyi yenilik: Mümkün olmayanlar da reallığa çevrilir

1375
(Yenilənib 22:09 07.07.2018)
O, ilk dəfə bir yeşikdə üç arı ailəsi saxlamağı tətbiq edib

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 7 iyul — Sputnik. Arıçılıq dünyanın ən qədim fəaliyyət sahələrindəndir. Bu sənət qədimliyinə baxmayaraq, heç vaxt unudulmayıb, əksinə, daha da inkişaf etdirilib. Lakin, inkişafına rəğmən arıçılıqda min illər ərzində barmaqla sayılası qədər inqilabi dəyişikliklər edilib. Bunların əksəriyyəti isə arını saxlama və məhsuldarlığını nisbətən artırmaq istiqamətində olub.

Bu sahədə daha bir inqilabi dəyişikliyə 200 ildir babalarının məşğul olduğu sahəni davam etdirən qocaman arıçı Asif Kərimov imza atıb. O, atası, arıçı-alim Kərim Kərimovun 57 il öncə tətbiq etdiyi üsulu daha da təkmilləşdirərək məhsuldarlığı 3-4 dəfə artırmağı düşünür.

Üç ana arılı yeşik
© Sputnik / Ilham Mustafa
Üç ana arılı yeşik

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan arıçı deyir ki, istəyinə bir yeşikdə ana arıların sayını 3-ə çatdırmaqla nail olmaq fikrindədir.

A.Kərimovun sözlərinə görə, bu, elə bir prosesdir ki, onu ancaq arıçılar başa düşə bilər: "Məlumdur ki, hər yeşikdə 1 ana, minlərlə işçi arı olur. Əgər hansısa yeşikdə iki ana arı olarsa, onlar qarşılaşdıqda mütləq biri digərini öldürməlidir. Buna görə də analar qarşılaşmasın deyə, beçə verən (arı ailəsinin bölünərək artması – red.) arını da üst yeşiyə yerləşdiririk. Arasına xüsusi hazırlanmış anakeçməz adlanan tor qoyuruq".

Ana arı
© Sputnik / Ilham Mustafa
Ana arı

"Hər yeşiyin özünəməxsus qoxusu olduğundan, işçi arılar bir biri ilə dalaşmır, eyni zamanda ana arılar da görüşmürlər deyə bir birilərini öldürmürlər. İki analı arı ailələrini ilk dəfə atam təkmilləşdirdiyi yerli Qabaqtəpə arı növündə tətbiq edib. Ondan sonra dünyanın bir çox yerlərində iki analı ailələrə keçid edənlər olub. Üç analı arı ailəsi yetişdirməyi isə hələ heç kim etməyib" — deyə Asif Kərimov izah edir.

Bu cür tətbiqin səmərəliliyi haqında danışan arıçı belə üsulla məhsuldarlığı 3-4 dəfə artırmağın mümkünlüyünü vurğulayır: "Ailədə işçi arının sayı nə qədər çox olarsa, məhsuldarlıq da bir o qədər artıq olar. Belə üsulla arı ailələrində işçi arıların sayını 100-150 minə qaldırmaq mümkündür ki, bu da məhsuldarlığın artımına ciddi təsir edir. Məsələn, hər yeşik üçün arıçılıqda ortalama 10 kq bal nəzərdə tutulursa, 3 analı arı yeşiklərində 30-40, hətta 50 kq-dək bal almağı planlaşdırıram".

Anakeçməz toru
© Sputnik / Ilham Mustafa
"Anakeçməz" toru

Bunun digər bir xeyirli tərəfini danışan arıçı, vurğulayıb ki, bu üsulun daha bir faydası odur ki, payızda ana arı öldüyü zaman yeşiyi məhv olmur. Həmin ana arılardan həm də digər yeşiklərə qoymaq üçün ehtiyat məqsədilə istifadə etmək mümkün olur.

Goranboy Arıçılar İttifaqının sədri olan Asif Kərimov gələcəkdə 3 analı arı ailəsinin yetişdirilməsini digər arıçıların da tətbiq etməsinə kömək edəcəyini də qeyd edir.

1375
Teqlər:
pətək, bal, arı, arıçılıq, yenilik

Dövlət komitəsi "Uşaqlar üçün kitab" olayına reaksiya verdi - RƏSMİ

1
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi: “Uşaqlar üçün nəzərdə tutulan "kitab" ekspert rəyi olmadan çap edilib”.

BAKI, 12 avqust - Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu gün KİV-də və sosial şəbəkələrdə uşaq ədəbiyyatının spesifik xüsusiyyətlərinə və ona olan tələblərə uyğun gəlməyən, lakin uşaq auditoriyası üçün nəzərdə tutulduğu qeyd edilən “Qaz ilə göyərçinin əhvalatı” adlı kitabla bağlı məlumat yayıb.

Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğu iddia edilən şairə Aygün Bal müəllifi olduğu kitabında uşaqların yaş xüsusiyyətlərini, həmçinin seçdiyi mövzunun didaktik və tərbiyəvi əhəmiyyətini nəzərə almayıb: 

"Şübhəsiz ki, bədii ədəbiyyatın tərkib hissəsi olan uşaq ədəbiyyatı birbaşa təlim-tərbiyə və yeni nəslin ədəbi zövqünün formalaşması vasitələrindən biridir. Məhz bu səbəbdən hər bir ədəbi nümunə gələcəyimiz olan övladlarımızın formalaşması işinə öz müsbət təsirini göstərməklə yanaşı, həm də uşaq psixologiyasına və marağına müvafiq məzmunda və üslubda yazılmalıdır. Adıçəkilən çap məhsulunda istifadə olunan ifadələrin azyaşlı uşaqlara göstərə biləcəyi mənfi təsirləri nəzərə alaraq vəsaitin istifadəsinin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun gəlmədiyini qeyd etmək lazımdır.

Belə ki, ailə institutunu nüfuzdan salan informasiyalar uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiyalar sırasına aid edilib. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən həmin informasiya məhsullarının uşaqlar arasında yayılması qadağandır. Həmçinin, bu qanunun tələblərinə zidd olaraq sözügedən "kitab" ekspert rəyi olmadan çap edilib.

Məlumat üçün bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 388-2.0.2-ci maddəsinə əsasən informasiya məhsulunun “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən həmin Qanunla müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılmasına görə inzibati məsuliyyət nəzərdə tutulub.

Nazirlər Kabinetinin 29 iyul 2020-ci il tarixli 267 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”na əsasən informasiya məhsullarının ekspert rəyi olmadan yayılması inzibati məsuliyyətə səbəb olur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq uşaqların istifadəsi üçün bu kimi informasiya məhsullarının yayılmasını məqsədəuyğun olmadığını vurğulamaqla yanaşı, bu barədə məlumatların yayılmasına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırırıq".

1
Mehdiabad qəsəbəsində antisanitariya

Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi

8
(Yenilənib 23:33 11.08.2020)
Mehdiabad Bələdiyyəsinin əməkdaşı Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

BAKI, 11 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 6-da keçirilən reydlər zamanı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən "Şok Market"in yaxınlığında və Binəqədi rayonu Binəqədi gölü ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Mehdiabad Bələdiyyəsinin əməkdaşı, qəsəbə sakini Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

8