Su-57

Azərbaycan hansı qırıcıları alsın: Su-30-u, yoxsa Su-57-ləri?

1924
(Yenilənib 21:26 06.07.2018)
Rusiyalı hərbi ekspert Azərbaycan üçün əlverişli və sərfəli olan döyüş təyyarələrinin adlarını dedi

BAKI, 6 iyul — Sputnik. Bu günlərdə RF Dövlət Dumasının aviasiya sənayesi üzrə ekspert şurasının üzvü Vladimir Qutenev bəyan edib ki, Rusiyanın 5-ci nəsil qırıcılarından olan 4 ədəd Su-57 təyyarəsi Suriyada keçirilən antiterror əməliyyatları zamanı döyüş təcrübəsi qazanıb. Eyni zamanda, bu günlərdə söhbət getdi ki, Ermənistan yaxın vaxtlarda Rusiyadan Su-30 SM qırıcıları alacaq. Müstəqil hərbi ekspert Aleksey Xlopotov bu təyyarələr və Azərbaycanın öz döyüş təyyarələri parkını bu nəsildən olan maşınlarla zənginləşdirməsinə zərurət olub-olmadığı barədə fikirlərini Sputnik Azərbaycan-la bölüşüb.

Hərbi paradda helikopterlər, arxiv şəkli
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

— Su-30 SM qırıcıları nədir, nə qədər güclüdür və hansı tapşırıqların yerinə yetirilməsində onlardan istifadə edilə bilər?

— Su-30SM — ağır çoxfunksiyalı ikiyerli döyüş təyyarəsidir. Super manevr qabiliyyətinə malikdir, çoxfazalı antenası olan müasir radar, idarə olunan itmə vektoru və ön üfüqi quyruqlu mühərriklərlə təchiz olunub. İstənilən hava şəraitində, hava-hava, hava-yer və yerüstü dəstək missiyalarını həyata keçirmək üçün nəzərdə tutulub. Havada üstünlük qazanmaq, uğurlu döyüş aparmaq qabiliyyətinə malikdir. Ən yaxşı cəhətlərindən biri də uzaq və yaxın məsafələrdə, eləcə də qurudakı və dənizdəki hədəfləri vurmaq qabiliyyətinə malik olmasıdır. Mühüm döyüş radiusuna malikdir, kifayət qədər uzaq məsafələrə uça və dövrə vura bilir.

Təyyarənin ekipajı 2 nəfərdən ibarət olsa da, onlara çox az güc düşür. Bu səbəbdən də pilotlar hərbi şəraitdə daha az yorulur və daha səmərəli döyüşə bilirlər.

Fikrimcə, Su-30SM hazırda öz sinfindən olan təyyarələr arasında ən yaxşısıdır, həm Amerika, həm də Avropa modellərindən üstündür. Amma onun da öz çatışmazlıqları var. Bu da həm özünün, həm də ondan istifadənin kifayət qədər bahalı olmasıdır. Heç də hər ölkə öz hərbi hava qüvvələrində belə təyyarədən istifadəyə üstünlük vermir. Onların tam gücü ilə işləməsi üçün külli miqdarda maliyyə xərclərini tələb olunur.

— Su-57-nin Su-30 üzərində hansı üstünlüyü var? Onların arasında hansısa nəzərəçarpacaq fərq var?

— Su-57 öz təyinatına görə, Su-30-un analoqudur. Onların başlıca fərqi ondadır ki, Su-30SM 4-cü nəsil təyyarə adlanırsa, Su-57 ondan sonrakı mərhələdir — 5-ci nəsildəndir.

Bu döyüş təyyarələrinin hər ikisi elektronika baxımdan yaxındır, lakin müqayisəli uçuş xüsusiyyətlərinə malikdirlər. Əlbəttə, Su-57 bir sıra göstəricilərinə görə, Su-30-dan üstündür. Bu da məntiqidir. Çünki Su-30 1970-80-ci illərdə işlənmiş konstruksiya əsasında modernləşdirilmiş təyyarədir.

Eyni zamanda Su-57 daha müasir texnologiyalar əsasında hazırlanıb. Su-57-nin başlıca fərqli cəhəti radarlarda daha zəif görünməsidir. Məhz radarlarda zəif görünmə beşinci nəsil qırıcıları xarakterizə edən başlıca xüsusiyyətlərdən biridir.

Eyni zamanda, şəxsən mən, ABŞ-da olduğu kimi, radarlarda zəif görünməyi digər xüsusiyyətlərə qurban verməyi doğru saymıram. "Stels" texnologiyanı şişirtmək lazım deyil.

Radarlarda zəif görünən vasitələrin inkişafı uçan aparatların istehsalçılarının səylərini sıfıra endirir. Bunu Rusiyanın aviakonstruktorları da başa düşür və bir sıra daha ağlabatan kompromislər tapırlar.

Su-57-lər Su-30SM-lərin ultra manevrli uçuş qabiliyyətlərini qoruyub saxlayırlar, lakin daha zəif görünmək xüsusiyyətlərini biruzə verə bilirlər. Doğrudur, onlar, məsələn, Amerikanın F-22 və F-35 kimi tərifli deyillər. Hər halda bu mövzu çox qapalıdır və bu barədə kifayət qədər etibarlı məlumat yoxdur. Bütün hökmlər daha çox müəyyən ekspert qiymətləndirmələrinə əsaslanır.

— Azərbaycan Silahlı Qüvvələrində Su-30-lardan var?

— Yox, hazırda Azərbaycanın Hərbi Hava Qüvvələrində Su-30SM kimi təyyarələr yoxdur. MiQ-29 var. O da yaxşı təyyarədir. Hətta mən deyərdim ki, öz ölçü və imkanlarına görə Azərbaycan üçün daha əlverişlidir, amma artıq köhnədir. Onlar Su-27-lərin müasirləridir, hansı ki, ondan sonra Su-30 və Su-30SM meydana gəlib.

MiQ-29 yüngül döyüş təyyarəsidir. Su-27 və Su-30-dan fərqli olaraq daha az uçuş uzaqlığına malikdir, lakin daha kiçik, yüngül və ucuzdur.

Azərbaycan böyük ərazisi olan dövlət deyil və onun HHQ-də böyük uçuş məsafəsi olan qırıcıların olması mütləq deyil. Məsələn, bir vaxtlar Azərbaycan Qazaxıstandan MiQ-25 qırıcıları almışdı. Amma indi onların hamısı saxlama yerində qalıb. Sadəcə ona görə ki, onlar Azərbaycanın ərazisi üzərində öz pilot xüsusiyyətlərini həyata keçirə bilmirlər. Sadə dillə desək, təyyarə sürət yığmamış, ölkənin sərhədi bitir və onlar başqa ölkənin sərhədini pozmamaq üçün əyləci basmaq məcburiyyətində qalırlar.

— Bu il Rusiyanın 5-ci nəsil qırıcılarından olan Su-57 təyyarəsi Suriyada keçirilən antiterror əməliyyatları zamanı döyüş təcrübəsi qazanıb. Gələcəkdə Azərbaycan bu təyyarələrdən ala bilərmi? Onlar hərbi əməliyyatlar zamanı nə verə bilər?

Штурмовик Су-25
Управление пресс-службы и информации министерства обороны РФ

— Su-57-nin Suriya səmasında peyda olması daha çox PR aksiyası idi, nəinki hansısa döyüş təcrübəsi toplamaq cəhdi. Orada onların hansısa böyük məqsədləri yox idi. Hər halda, siz Rusiyanın Suriya səmasında ABŞ, Fransa, yaxud İsrail aviasiyası ilə döyüşməyə hazır olduğunu ciddi-ciddi düşünmürsüz. Etiraf edək ki, bəlkə də bu, qırıcıların əməliyyat xüsusiyyətlərini və etibarlılığını sınaqdan keçirmək üçün ehtiyac duyulan yer idi. Amma burada tamhüquqlu bir hərbi sınaqdan söhbət gedə bilməz.

Azərbaycanın HHQ-nə gəlincə, quru qoşunları və hava hücumundan müdafiə qüvvələri olmadan, respublikanın aviasiyası bir qədər solğun görünərdi. Bu, hətta bu yaxınlarda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı keçirilən hərbi paradda da açıq-aydın görünürdü. Yeri gəlmişkən, bu, Azərbaycanın donanmasına da aiddir.

Amma Azərbaycan və Ermənistanın HHQ və onların avadanlıqlarından bəhs etsək, demək olar ki, onların MiG-29 döyüş və Su-25 hücum təyyarələri praktiki olaraq bərabərdir. Lakin erməni tərəfi daha bir neçə ağır Su-27 döyüş təyyarəsinə malikdir və hal-hazırda Su-30SM-ni gözləyir.

Bu təyyarələrin Azərbaycan və Ermənistan üçün lazımlı olub-olmadığı mübahisəlidir. Bu, ermənilərin hədə məqsədi daşıyan gərəksiz addımlarıdır. Bu məsələdə Azərbaycanın erməniləri təqlid etməsinə və Su-30Sm-i, Su-35-i, yaxud Su-57-ni əldə etməsinə nə ehtiyac var?!

Su-57 təyyarələrindən danışsaq, Rusiya bu maşınları hətta seriyalar üzrə buraxmır. Onun təcrübə sınaqları aparılır. Onun ixrac versiyası da yoxdur. Onu Hindistan da əldə etmək istəyirdi. Deyirdi ki, onu təkmilləşdirərək birgə istehsal edək. Lakin bu il onlar bu plandan bir neçə qəribə bəhanələr gətirərək imtina etdilər. Hindistanlıların fikrincə, Su-57-nin radarlar vasitəsilə görünmə zəifliyi qənaətbəxş deyil.

Digərlərinə gəldikdə isə hesab edirəm ki, Su-27 və Su-30SM təhdidləri Azərbaycan Ordusunun kifayət qədər inkişaf etmiş, tərkibində S-300 PMU2 "Favorit" kimi universal mobil zenit raket kompleksi olan hava hücumundan müdafiə sisteminin mövcudluğu fonunda o qədər də ciddi əhəmiyyət daşımır. Azərbaycana daha çox müasir tipli çoxfunksiyalı qırıcılar lazımdır ki, bu da məncə MiQ-35-lərdir.

Döyüş aviasiya vasitələri həyəcan siqnalı ilə qaldırılıb
© Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti

Qeyd etmək lazımdır ki, Azərbaycan vaxtilə çox uğurla Ukraynadan MiQ-29-ları almışdı. Hazırda onları yaxşıca modernləşdirmək və MiQ-35-lərin səviyyəsinə qaldırmaq olar. Əlavə olaraq da elə MiQ-lərin sayını 30-40-a çatdırmaq lazımdır.

Əgər beynəlxalq bazara nəzər yetirməli olsaq, mən İsveçin "Saab" JAS 39E/F "Qripen"inə baxmağı məsləhət görərdim. Lakin bu, heç də ucuz başa gəlməyəcək.

Eyni zamanda Su-25 hücum təyyarələrini də modernləşdirmək və onların sayını 30-50 ədəd artırmaq mümkündür. Əgər Azərbaycanın iştirak edəcəyi mümkün hərbi əməliyyatların xarakterini nəzərə alsaq, hesab edirəm ki, yüngül hücum təyyarələrinin hesabına hərbi aviasiyanı gücləndirmək lazımdır. Burada ən əlverişlisi Braziliyanın Embraer EMB 314 Super Tucano təyyarələri ola bilər. Onlar çox effektiv, eyni zamanda iqtisadi baxımdan sərfəlidir. Onlardan yüzlərlə olsa, pis olmazdı.

Lakin Su-30SM-ləri əldə etməyinə dəymir. Əlbəttə əgər artıq pulunuz varsa, onda imic xətrinə onu ala bilərsiz.

1924
Teqlər:
silahlanma, Azərbaycan, Ermənistan, Su-57 qırıcı təyyarəsi, SU-30, təyyarə, ekspert, Vladimir Qutenev