Pianoçu Səmra Əmiraslan

Beş ildir Nyu-Yorkda yaşayan azərbaycanlı pianoçudan maraqlı etiraf

451
(Yenilənib 21:06 04.07.2018)
Bu günlərdə prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı, Nyu Yorkda təhsil alan pianoçu Səmra Əmiraslan Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında konsert proqramı ilə çıxış edib. Öz çıxışı və xaricdəki təhsili ilə bağlı gənc pianoçu Sputnik Azərbaycan-a ətraflı danışıb.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. Bu günlərdə prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı, Nyu-Yorkda təhsil alan pianoçu Səmra Əmiraslan Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında konsert proqramı ilə çıxış edib. Öz çıxışı və xaricdəki təhsili ilə bağlı gənc pianoçu Sputnik Azərbaycan-a ətraflı danışıb.

— Səmra, necə oldu ki, siz xaricdə təhsil almaq qərarına gəldiz?

— Leonid və Mstislav Rostropoviçlər adına 21 nömrəli Uşaq Musiqi Məktəbini bitirəndən sonra Bakı Musiqi Akademiyasına daxil oldum. Amma orada cəmi bir il oxudum. Çünki təhsilimi Amerikada davam etdirmək qərarına gəldim və Manhetten konservatoriyasına daxil oldum. Mən orada dörd il təhsil aldım və təhsilimi başa vurandan sonra Nyu York Universitetinin magistraturasına daxil oldum. Artıq oranın birinci kursunu bitirmişəm və ikinci kursa keçmişəm. Həmişə tətil vaxtı vətənə, ailəmin yanına gəlirəm ki, güc toplayım və sentyabrda yeni qüvvə ilə ABŞ-a qayıdım. Bu dəfə mən BMA-da ikinci konsertimi vermək qərarına gəldim. Hər şey yüksək səviyyədə keçdi. Bu, artıq mənim vətəndəki dördüncü solo konsertimdir.

— Azərbaycanla xaricdə təhsil almaq arasında böyük fərq varmı?

— Mənə bu suala cavab vermək çətindir. Çünki Bakıda uzun müddət təhsil almamışam. Mənə sadəcə yerli həmkarlarımın bu barədə fikirləri məlumdur. Baxmayaraq ki, ABŞ-da təhsil alıram, amma başlanğıcda mənim müəllimim rusiyalı pianoçu Arkadi Aronov olub, hazırda isə Eteri Ancaparidzedir. Bu baxımdan, onlar Amerikanın yox, Rusiya məktəbinin təmsilçiləridir. Onlar mənə çox şey öyrədiblər. Etiraf edim ki, Bakıda da yaxşı müəllimim olub — Oqtay Abbasquliyev. Amma ABŞ-da məşğələlər tamam başqa səviyyədə keçirilir. Orada musiqiçilərin inkişafı üçün böyük imkanlar var. Təəssüf ki, bizdə irəli getmək mümkün deyil. Səbəb təkcə şəraitin olmaması deyil. Azərbaycanda musiqini xaricdəki kimi qiymətləndirmirlər.

Pianoçu Səmra Əmiraslan
© Foto S.Əmiraslan tərəfindən təqdim olunub
Pianoçu Səmra Əmiraslan

Onu qeyd etməyə bilmərəm ki, xaricdə təhsil alarkən tək yaşamağı öyrəndim və bir çox məşhur musiqiçilərlə görüşmək imkanı qazandım.

— Amerikada yaşamaq necədir?

— Mən artıq beş ildir ki, Nyu Yorkda yaşayır və oxuyuram. Əvvəlcə bir qədər çətin idi. Öyrəşəndən sonra isə adama elə gəlir ki, başqa yerdə yaşaya bilməzsən. Orada çoxlu imkanlar var ki, onlar bizim ölkədə yoxdur.

— Nyu York Musiqi Universitetində Azərbaycandan tələbələr çoxdur?

— Mən digər ali məktəbdə oxuyanda orada bizim ölkədən 3 pianoçu var idi. Ola bilsin, hazırda oxuduğum universitetdə də var. Sadəcə o, çox böyük universitetdir, 60 min tələbəsi var. Ola bilsin ki, onların arasında azərbaycanlılar da var. Sadəcə mən hələ onlarla rastlaşmamışam.

Səmra Əmiraslanın çıxışı
© Foto S.Əmiraslan tərəfindən təqdim olunub
Səmra Əmiraslanın çıxışı

— Təhsilinizi başa vurandan sonra Bakıya qayıtmaq niyyətiniz var?

— Hər şey mənim orada iş tapa bilib-bilməyəcəyimdən, bir də təhsilimi davam etdirib-etdirməyəcəyimdən asılıdır. Digər variantlar yoxdur.

— Nyu Yorkda rəqabət böyükdür. Həmkarlarınızın arasında fərqlənməniz mümkündürmü?

— Düşünürəm ki, musiqidə kiminsə güclü, yaxud zəif olduğunu demək düzgün deyil. Çünki hər bir adam özünəməxsusdur. Amerikada çox sayda pianoçu və digər musiqiçilər var. Buna görə də, əgər sən dahi olmuş olsan belə, fərqlənmək çətindir. Çünki orada rəqabət böyükdür.

— Xaricdə konsert vermisiz?

— Bəli, mən hər il solo konsertlə çıxış edirəm.

— Bəs müsabiqələrdə necə, iştirak etmisiz?

— ABŞ-a gedənə qədər Azərbaycanda, İtaliyada, Malayziyada müsabiqələrdə iştirak edərək birinci yeri tutmuşam. Amerikada isə ikinci yer və diplomla kifayətlənməli olmuşam.

Səmra Əmiraslanın çıxışı
© Foto S.Əmiraslan tərəfindən təqdim olunub
Səmra Əmiraslanın çıxışı

— Kimin yaradıcılığı sizə yaxındır? Tez-tez nə ifa edirsiz?

— Mənə elə gəlir ki, musiqiçilər üçün profilaktika və vitamin Baxın yaradıcılığıdır. Bir çoxları onun əsərlərini ifa etmirlər. Çünki Baxın musiqisini ifa etmək musiqiçilər üçün çətindir, onu dinləmək isə dinləyicilər üçün.

Mənim sevimli bəstəkarlarım çoxdur. Mən öz konsetlərimdə xarici müəlliflərlə yanaşı azərbaycanlı bəstəkarların da əsərlərini repertuarıma daxil etməyə çalışıram. Bir dəfə Qara Qarayevin yaradcılığına müraciət etmişəm və tamaşaçıların çox xoşuna gəlib. Onlar üçün bu, qeyri-adi idi.

— Sizin Nyu Yorkda iş tapmaq şansınız nə qədərdir?

— Düşünürəm ki, şans həmişə var. Sadəcə düzgün zamanı seçmək lazımdır. Mənim bir neçə variantım var. Konsetlərdə ifa edə bilərəm, digər musiqiçilərlə əməkdaşlıq edə bilərəm və yaxud da dərs deyə bilərəm.

451
Teqlər:
konsert, Nyu-York, pianoçu, Bakı Musiqi Akademiyası
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Füzulidə minaya düşən şəxslərin meyitləri ailələrinə təhvil verilib

65
(Yenilənib 21:42 28.11.2020)
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

BAKI, 28 noyabr - Sputnik. 2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib, aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının meyitləri ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

"Agentlik tərəfindən bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilər mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməmiş həmin ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır", - ANAMA bildirib. 

65
Teqlər:
mina, Füzuli rayonu, Füzuli, ANAMA
Aktyor Taleh Yüzbəyov, arxiv şəkli

"Əri döymüş gəlini, bir yandan da it qapdı" - Yüzbəyovdan yeni film

27
(Yenilənib 20:51 28.11.2020)
Yüzbəyovun çəkdiyi "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Taleh Yüzbəyov yeni filmini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, aktyor senaristi və rejissoru olduğu filmi "Youtube" hesabında paylaşıb. Film ailə-məişət mövzusundadır. "Karantin balladası" adlanan film karantin dövründə insanların yaşadığı maddi və mənəvi çətinliklərdən bəhs edir. Yüzbəyov film barədə özünün "Facebook" hesabında bunları deyib:

"Bu videonun senarisini mayda yazıb, karantinə görə ancaq avqustda çəkə bildik. Sentyabrın 28-i paylaşmaq istəyirdik ki, müharibə başladı. İkinci korona dalğasında gecikmiş video olsa da paylaşmaq istədik".

Qeyd edək ki, "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

27
İslam Əməkdaşlıq Təşkilatının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Diwali təşkilatı tərəfindən nüfuzlu beynəlxalq Power of One Award mükafatına layiq görülüb.

İƏT-in 57 üzvü Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı qətnamələr qəbul etdi

0
(Yenilənib 22:50 28.11.2020)
İƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən qətnamələr qəbul edilib.

BAKI, 28 noyabr - Sputnik. Niger Respublikasının paytaxtı Niamey şəhərində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən qətnamələr qəbul edilib. Qeyd edək ki, İƏT tərəfindən ənənəvi olaraq hər il qəbul olunan bu qətnamələrə bölgədəki son vəziyyət nəzərə alınmaqla yeni müddəalar daxil edilib.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamədə bu ilin 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzü, təcavüz çərçivəsində mülki şəxslərə və mülki infrastruktura böyük zərərin vurulması, o cümlədən Azərbaycanın cəbhə zonasından kənarda yerləşən Gəncə, Bərdə, Tərtər şəhərlərinin sıx yaşayış məskənlərinin ağır artilleriya, ballistik və kaset raketlərinin hücumuna məruz qalmasını qətiyyətlə pislənilib. Ermənistan qüvvələri tərəfindən Azərbaycan mülki əhalisinə qarşı törədilən aktlar müharibə cinayəti və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilib.

Sənəddə Azərbaycanın cavab əməliyyatları nəticəsində işğal olunmuş ərazilərinin əhəmiyyətli hissəsini azad etməsi və hərbi əməliyyatların dayandırılması üzrə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı üzv ölkələr tərəfindən alqışlanıb.

“Azərbaycan Respublikasına iqtisadi yardım” adlı qətnamədə Azərbaycan ərazilərinin işğaldan azad olunmasının Azərbaycan Respublikasının ərazisindəki bir milyondan çox məcburi köçkünün öz evlərinə təhlükəsiz və şərəfli qayıdışına və beləliklə də ciddi humanitar problemlərin aradan qaldırılmasına imkan verəcəyi qeyd olunur. Bu xüsusda üzv ölkələrə, İslam İnkişaf Bankı və digər İslam institutlarına işğaldan azad olunmuş torpaqlara məcburi köçkünlərin geri dönüşünü təmin etmək üçün bu ərazilərin yenidən qurulması, bərpasında Azərbaycan hökumətinə və xalqına yardım etməyə çağırış öz əksini tapır. Burada, habelə bütün beynəlxalq institutlar Azərbaycanın iqtisadi və sosial inkişaf fəaliyyətini dəstəkləməyə çağırılır.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəni ziyarətgahlarının dağıdılması və təhqir edilməsi” adlı qətnamədə Azərbaycanın işğal olunmuş ərazilərindəki İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının dağıdılması, talan edilməsi, oğurlanması, qanunsuz yerdəyişməsi və ya mənimsənilməsi, eləcə də bu obyektlərə qarşı vandallıq aktlarının törədilməsi qətiyyətlə pislənilir, yenicə azad olunmuş ərazilərdə yerləşən Məscidlərin Ermənistan tərəfindən təhqir olunması şiddətlə qınanılır. Qətnamədə Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək haqqı, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti təsdiq olunur.

Qeyd edək ki, qətnamələr İƏT-in 57 üzv ölkəsi tərəfindən qəbul edilib.

0